“Gender bərabərliyi fundamental insan hüquqlarından biridir” - Fotolar
Avropa Şurasının "Azərbaycanda
gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində "Gender bərabərliyi
və media” mövzusunda növbəti dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə Avropa Şurasının Bakı Ofisinin rəhbəri
Zoltan Hernyes açaraq, layihə barədə qısa məlumat verib. Bildirib ki,
layihə çərçivəsində cari ilin mart ayında da "Gender bərabərliyi və media”
mövzusunda dəyirmi masa keçirilib.O, müasir
cəmiyyətin qurulmasında kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin
oynadığı rola diqqət çəkərək, burada gender bərabərliyi, xüsusən də qadınların
mediada təqdim olunması ilə əlaqədar bəzi məsələlərin narahatlıq doğurduğunu
vurğulayıb.
Z.Hernyes bildirib ki, "Azərbaycanda gender bərabərliyi və media
azadlığı” layihəsi çərçivəsində "Gender bərabərliyi və ayrı-seçkiliyə yol
verilməməsi prinsipinin müdafiəsi” adlı 4-cü prinsip hazırlanıb və media
ictimaiyyətinin müzakirəsinə təqdim edilib. Müzakirələrdən sonra həmin prinsip
1 noyabr 2018-ci ildə Azərbaycan Mətbuat Şurası tərəfindən təsdiqlənib və
"Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”na əlavə edilib. Səfirin
sözlərinə görə, əlavədən sonra gender bərabərliyi perspektivindən yenilənmiş
versiya Avropa Şurasının layihəsi çərçivəsində nəşr edilib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin
məsul əməkdaşı Vüqar Səlimov Avropa Şurasının "Azərbaycanda gender
bərabərliyi və media azadlığı” layihəsinin sadəcə paytaxtı deyil, regionları da
əhatə etdiyini, bu mövzuda silsilə tədbirlər keçirildiyini söyləyib. Onun
sözlərinə görə, ümumilikdə layihə Azərbaycanda gender bərabərliyi və media
sahəsində maarifləndirmə tədbirlərinə yeni bir təkan verib, jurnalistlərin bu
istiqamətdə peşəkarlığının daha da artırılmasına xidmət edib. Administrasiya
rəsmisi deyib ki, vətəndaş cəmiyyəti, media təmsilçiləri də qeyd olunan
layihənin həyata keçirilməsində iştirakçı olub, müvafiq tövsiyə və təkliflər
irəli sürülüb. O, layihə çərçivəsində "Gender bərabərliyi və ayrı-seçkiliyə yol
verilməməsi prinsipinin müdafiəsi” prinsipinin hazırlanmasını və "Azərbaycan
jurnalistlərinin peşə davranışı qaydaları”na əlavə edilməsini müsbət hal kimi
qiymətləndirib.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli bildirib
ki, təmsil etdiyi qurum "Azərbaycanda gender bərabərliyi və media azadlığı”
layihəsini ilk gündən dəstəkləyib. Onun sözlərinə görə, bu layihə Azərbaycan
mediasının peşəkarlaşması və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır: "Bu
layihə çoxşaxəli olub. Layihədə jurnalistlərin etik kodeksində yeniliklərin
edilməsi, jurnalistika təhsili üzrə yeni proqramların hazırlanması, Azərbaycan
jurnalistləri, xüsusən də regionlarda fəaliyyət göstərən media mənsubları üçün
təlimlərin, konfransların keçirilməsi nəzərdə tutulub və həyata keçirilib. Bütün
bunları nəzərə alsaq, layihə çoxşaxəli olmaqla, bütün regionlarımızı əhatə
edib. Regionlarda keçirilən tədbirlərdə Mətbuat Şurasının təmsilçiləri də
yaxından iştirak edib, yerli media təmsilçiləri ilə görüşüblər. Layihə
çərçivəsində "Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”na 4-cü prinsip
də əlavə olunub. İndiyə qədər dünyanın əksər ölkələrinin, o cümlədən beynəlxalq
təşkilatların hazırladıqları etik kodekslərdə gender məsələsi ilə bağlı yalnız
kiçik bir qeyd nəzərdə tutulub. Bütün etik kodekslərdə göstərilir ki, jurnalist
insanları irqinə, cinsinə və sairə görə ayırmamalı, ayrı-seçkiliyə məruz
qoymamalıdır. Lakin ilk dəfə Azərbaycanda cinsi ayrı-seçkilik ilə əlaqədar
prinsip jurnalistlərin peşə davranışı qaydalarına əlavə edilib. Hesab edirik
ki, Azərbaycanda bu istiqamətdə atılan addım gələcəkdə digər ölkələrdə də
tətbiq olunacaq”.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlısöyləyib ki, Avropa Şurası son illər Azərbaycan dövləti ilə əməkdaşlıq
çərçivəsində insan haqları ilə əlaqədar bir sıra layihələr həyata keçirir. Onun
sözlərinə görə, bütün bu layihələrdə iki mühüm sahə - gender bərabərliyi və
media azadlığı məsələləri xüsusilə diqqət çəkir. A.Səfixanlı "Azərbaycanda
gender bərabərliyi və media azadlığı” layihəsinin də bu kontekstdə mühüm
əhəmiyyət kəsb etdiyini, uğurla həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki,
layihə çərçivəsində görülən işlər, o cümlədən jurnalistlərin etik kodeksinə
edilən əlavə gələcəkdə bu istiqamətdə yeni addımların atılmasını zəruri edir.
Aparat rəhbəri təklif edib ki, Avropa Şurası ölkəmizlə bağlı gələcək
layihələrində regionları daha geniş miqyasda nəzərə alsın, etik kodeksə edilən
əlavə ilə əlaqədar jurnalistlərin maarifləndirilməsi təşkil edilsin.
Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Xuraman İsmayılovaqeyd edib ki, gender bərabərliyi fundamental insan hüquqlarından biri olmaqla
hələ 1945-ci ildə qəbul edilmiş BMT Nizamnaməsində yer alıb. Onun sözlərinə
görə, ümumiyyətlə cinsi əsaslı ayrı-seçkiliyin qadağan olunması insan hüquqları
sahəsində qəbul edilmiş bütün beynəlxalq sənədlərdə əksini tapıb və bu
məsələnin əhəmiyyəti heç kəsdə şübhə doğurmur. XİN nümayəndəsi deyib ki, cinsi
ayrı-seçkiliyə yol verilmədən bütün vətəndaşların hüquqlarının təmin edilməsi,
gender bərabərliyinə nail olunması Azərbaycan hökumətinin də daim diqqət
mərkəzində olub. X.İsmayılova bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi öz
səlahiyyətləri çərçivəsində bu siyasətə dəstək olmağa çalışır.
Tədbirdə "Jurnalistlərin
peşə davranışı qaydalarının gender bərabərliyi perspektivindən yenilənməsi və
onun icrası üçün növbəti addımlar” mövzusunda AŞ-nin Şurasının eksperti Leyla
Dervişagik və "Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsinin
rəhbəri Pərvanə Bayramova təqdimatlarla çıxış ediblər. Ardınca "Azərbaycan
mediasında gender bərabərliyi və digər etik standartlar: problemlər və
perspektivlər” mövzusunda çıxışlar olub.
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq
jurnalistika kafedrasının müəllimi Vəfa İsgəndərova, Jurnalistlərin Həmkarlar
İttifaqının sədri Müşfiq Ələsgərli, media eksperti, hüquqşünas Ələsgər Məmmədli
çıxış edərək fikirlərini bildiriblər.
"Jurnalistika fakültələri üçün "gender
bərabərliyi və media azadlığı” kursu üzrə proqramın ilkin versiyası”
istiqamətində media eksperti Aynur Bəşirovanın və Vyana Universitetinin media
eksperti Krisztina Rozgonyinin fikirləri dinlənilib.
Tədbir
müzakirələrlə davam etdirilib.
Rufik İSMAYILOV