“Gəncliyin nə olduğunu hiss etməmişəm” - Keçmişdəki mən
Gənclik
illərini asan keçirməyib. Kinoya, teatra, gəzməyə getməyə nə imkanı olub, nə də həvəsi.
Oxuyub, əsas vaxtını təhsilə sərf edib. Amma bunun üçün peşman deyil. Çünki o zəhmətini
bəhrəsini sonralar görüb və bu gün də hiss edir. Müsahibimiz AMEA-nınRiyaziyyat və Mexanika İnstitutunundirektoru, sabiq təhsil
naziri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovdur.
"Ciddi
yoxsulluq problemimiz yoxuydu”
Uşaqlığı
II Dünya müharibəsindən sonrakı çətin illərə düşüb. Lakin deyir ki, valideynlərinin
müəyyən qədər imkanı olduğu üçün yoxsulluq şəraitində böyüməyib: "1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevanrayonununGöyərçinkəndində anadan olmuşam. O
zaman atam kənd
sovetinin sədri, anam isə kənd sovetinin katibi idi. Ailənin ilk uşağı olmuşam.
Uşaqlığım ikinci dünya müharibəsindən sonrakı illərin uşaqlarının vəziyyəti
kimi keçib. Amma bizim ailəmizdə bəzi ailələrin yaşadığı ciddi yoxsulluq
problemi yoxuydu. Valideynlərimin minimal da olsa, uşaqlarının böyüməsi, təhsil
alması üçün şərait yaratmağa imkanı olub”.
"Bizim kənddə məktəb binası yoxuydu”
Orta məktəbə
bir il gec gedib. Amma onların kəndində təhsil almaq üçün məktəb belə olmayıb:
"1953-cü ildə 7 yaşım ərəfəsində biz Salah kəndinə köçməli olmuşuq. Səbəb isə o
olub ki, o dövrün texniki imkanları daxilində Göyərçin kəndinə yaxşı yol çəkmək
mümkün olmayıb. O zaman artıq atam kolxozun sədri vəzifəsində işləyirdi. Onun təklifi
ilə Göyərçin kəndi bir neçə il ərzində Salah kəndinə köçürülüb. Məktəb illərim
Salah kəndində başlayıb. Köçmə məsələsi vaxt apardığı üçün orta məktəbə bir il
gec getmişəm. O vaxt bizim kənddə məktəb binası yoxuydu. Bilqeyis adlı qadının
evində bir neçə parta qoyulmuşdu. Orada 1-3-cü siniflər bir yerdə məşğul
olurdu, 2-4-cü siniflər isə bir yerdə. Səhv etmirəmsə, ibtidai sinfi elə həmin
xanımın evində bitirmişik. Bir-iki müəllimimiz varıydı. Yazmağı-oxumağı mənə
Mustafayeva Gülxanım müəllimə öyrədib. İlk müəllimlərim Qarayev Dursun və Alıyev
Alı olub. 4-7-ci sinifləri isə Seyid kişinin evinin zirzəmisində ayrılan iki
otaqda oxuduq. Həmin illərdə bizə dərs deyən Mirzə, Novruz, Konsul, İbrahim, Kərim
adlı müəllimlərimi yaxşı xatırlayıram. Biz 7-ci sinfi bitirəndə artıq kənddə 7
illik təhsil üçün məktəb tikilmişdi. 7-ni bitirəndən sonra yuxarı sinfilərdə
oxumaq üçün bizim kənddən 4 kilometr məsafədə yerləşən Polad kəndinə getmək məcburiyyətində
qalmışdıq. Hava isti olanda piyada gedib-gəlirdik, amma qışda şagird
yoldaşlarımla bir yerdə o kənddə kirayədə qalıb dərsə gedirdik. 10-cu sinfi
1964-cü ilin martına qədər Polad kənd məktəbində oxumuşam. Məktəbə bir il gec
getmişdim, üstəlik 10-cu sinifdə oxuyanda hökumət məktəblərdə orta təhsilin 10
yox, 11 illik olacağı ilə bağlı qərar verdi. 11 illiyi qurtarmalı olsaydım,
yaşıdlarımdan iki ildən də çox geri düşürdüm. O zaman məlum oldu ki, Bakıda
eksternat yolu ilə orta məktəbi bir il tez bitirmək olar. Və mən Polad kəndindəki
sinif yoldaşlarımdan ayrılıb Bakıya gəldim. On görə orta məktəb "vinetka”m yoxdur”.
"Nəinki müəllimlərimi, onların övladlarını da
unutmuram”
Müsahibə
prosesində Misir Mərdanov ona dərs keçən müəllimlərini böyük həvəslə bir-bir
xatırladı. Deyir ki, heç birini illər keçsə də unutmayıb: "Polad kəndində məktəbdəki
müəllimlərimin adını qeyd etmək istəyirəm. Riyaziyyat müəllimim Mürsəl Budaqov
idi. Riyaziyyatı sevməyimdə, bu elmə gəlməyimdə onun böyük rolu olub. Məktəbimizin
direktorları Kərim Qarayev və Mehdi
Hüseynov olub. Mənə dərs demiş müəllimlərim Həsən Əhmədov,
Alı müəllim, Firudin Nəbiyev, Zeynalabdı Qocayev, Şəki Mərdanov, Sayad
Hüseynov, İsmayıl İsmayılovu yaxşı xatırlayıram. Nəinki müəllimlərimi, onların
övladlarını, nəvələrini də unutmuram. Bu gün də onları harada görsəm, doğmam
kimi görüşürəm”.
"Bütün fənlərdən qiymətim əla olub”
Attestatını
alandan sonra kəndə qayıdır. Ali təhsil seçimi ilə bağlı əsas qərarı atası verməliydi.
Valideynləri onu həkim kimi görmək istəsələr də, övladlarının seçiminə hörmətlə
yanaşırlar. Beləliklə, o, Bakı Dövlət Universitetinin mexanika və riyaziyyat
fakültəsinə qəbul olur, fakültənin riyaziyyat bölməsində təhsil almağa
başlayır, bu müddətdə sinif nümayəndəsi olur. M.Mərdanov tələbə vaxtı ona dərs
deyən müəllimlərini də böyük ehtiramla yad etdi: "Əşrəf Hüseynov, Maksud
Cavadov, Qoşqar Əhmədov, Yəhya Məmmədov, Məmməd Mustafayev, Soltan Zeynalov, Şəmməd
İbrahimov, Rüstəm Sultanov, Maarif Əkbərov, Adil Sultanov, Yusif Yusifov, İsak
Məmmədov, Yəhya Əliyev, Kazım Həsənov,
Karlen Xudaverdiyev, Maya Hacıyeva, Tofik Bektaşi, Arif İsmayılov, Zahid
Seyidov, Məmməd Yaqubov kimi yaxşı müəllimlərim olub. Onların hər birini yaxşı
xatırlayıram. Universitetdə mənə dərs demiş müəllimlərdən yalnız Zahid Seyidov
və Məmməd Yaqubov indi fəaliyyətlərini davam etdirirlər. Təhsilimi bitirəndən
sonra uzun müddət mənə dərs demiş müəllimlərlə birgə universitetdə çalışdım,
onlarla yaxın təmasda oldum. Eyni zamanda, bütün ömrüm boyu riyaziyyatla
yanaşı, təhsil tarixi ilə də məşğul olmuşam. Ona görə bu adamlarla həm də uzun
illər əlaqədə olmuşam”.
Həm məktəb,
həm də universitet dövründə yaxşı oxuyub: "Orta məktəb vaxtı bütün fənlərdən
qiymətim əla olub. Universitetdə isə cəmi bircə dəfə 4 almışam. Universiteti fərqlənmə
diplomu ilə bitirmişəm”.
"Paxlava və kartof qızartması ilə iki ili başa vurdum”
Tələbəliyinin
ilk iki ilini universitetin yataqxanasında qalır, bu müddətdə yemək, geyim, ev
işlərini otaq yoldaşları ilə bölüşürlər. Bəs tələbəlik vaxtı əsas hansı yeməkləri
bişirə bilirmiş? Bu sualımıza digər tələbə oğlanlar kimi ondan da "kartof
qızartması” cavabı aldıq: "Kartof qızartmasından başqa heç nə bişirə bilmirdik.
Uşaq vaxtı şirniyyatı çox sevirdim. Dərsdən çıxanda universitetin yanındakı
mağazadan paxlava alıb yeyirdim. Paxlava və kartof qızartması ilə iki ili başa
vurdum. Bu, sonralar mədə-bağırsaqda öz təsirini göstərdi. İkinci kursu bitirəndə
məndən kiçik bacım universitetə qəbul olub Bakıya gəldi. Sonra atam bizim üçün
Yasamalda ev kirayələdi. Bundan sonra yemək, geyim məsələm həll olundu. Amma
bacıma kömək edirdim. 1970-ci ildə aspiranturaya qəbul olanda atam bizə Bakıda
ev şəraiti düzəltdi. Sonra digər bacım, qardaşım gəldi, elə bir yerdə o evdə
qaldıq”.
"Məcbur olub repetitorluqla məşğul oldum”
İlk iş
yeri Gəncə Dövlət Pedaqoji İnstitutunda baş laborant olur, lakin orda 3 ay
çalışdıqdan sonra aspirantura təhsili üçün Bakıya gəlir. 1972-ci ildə
universitetdə müəllim təyin olunur. Beləliklə, artıq davamlı olaraq iş həyatı
başlayır. Deyir ki, heç vaxt işsiz qalmayıb: "71-ci ildə ailə həyatı qurmuşdum.
72-ci ildə aspiranturanı bitirəndə öz fakültəmizin həndəsə kafedrasına müəllim
götürdülər. Ailə qurmuşdum, uşaqlar dünyaya gəldi, qayğılarım artdı. 1973-cü
ildə namizədlik dissertasiyası müdafiə etdim. Müəllimlikdə maaş o qədər yüksək
deyildi. Məcbur olub repetitorluqla məşğul oldum. Sonra dosent oldum, 78-ci ildə
mexanika və riyaziyyat fakültəsinə dekan müavini təyin etdilər. Artıq o zamanın
tələblərinə uyğun yaxşı əməkhaqqı alırdım və ailəmi dolandırırdım, ev də aldım.
1989-cu ilin iyun ayına qədər dekan müavini işləmişəm. İyunda Kiyevdə doktorluq
dissertasiyası müdafiə edib, universitetə qayıtdım. 1989-cu ilin yazında Təhsili
Nazirliyində ali təhsil şöbəsinin müdiri vəzifəsi təklif etdilər və orda işlədim.
92-ci ildə nazir müavini, 93-cü ilin sonunda Bakı Dövlət Universitetinə tədris
işləri üzrə prorektor təyin olundum. 96-cı ilin payızına qədər orda işlədim,
sonra rektor əvəzi işlədim. 1997-ci ilin fevral ayının 16-da ulu öndər Heydər
Əliyev məni qəbul etdi və universitetə rektor vəzifəsinə təyin etdi. 98-ci ilin
mart ayının 25-ə qədər həmin vəzifədə çalışdım. Çox gərgin və uğurlu illər idi.
Sonra isə Prezident Heydər Əliyevin sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin
olundum. 15 ildən bir az çox həmin vəzifədə çalışdım. Sonra isə indiki vəzifəmə
- Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna direktor
vəzifəsinə təyin olundum”.
"Azərbaycan cəmiyyətində uğurlu insanam”
Ailə həyatını
atasının tövsiyəsi ilə qurduğunu deyir: "Buna peşman deyiləm. 50 ilə yaxındır
ailəliyəm. Bir oğlum, iki qızım var. Hesab edirəm ki, Azərbaycan cəmiyyətində
uğurlu insanam. Bu müvəffəqiyyətlərin qazanılmasında valideynlərimdən sonra vəfalı
həyat yoldaşımın da böyük rolu olub. İki-üç gün bundan əvvəl bir məclisdə
oturmuşduq. Dostlar dedilər ki, sənin uğurunun 50 faizi həyat yoldaşınla
bağlıdır, dedim yox, 80 faizi... Çünki onun xoş münasibətini, ailəyə, valideynlərimə,
qardaşlarıma və bacılarıma, övladlarıma, nəvələrimə qayğısı olmasa idi, bəlkə də
bu qədər uğur qazana bilməzdim”.
Gənclik
dövrünə nəzər salanda o illəri istədiyi kimi keçirmədiyini deyir: "Gəncliyin nə
olduğunu hiss etməmişəm və bilməmişəm. Gənclik deyəndə tələbəlik illərini
götürsək, o 5 il ərzində kinoya, teatra, gəzməyə getməyə nə imkanım, nə də
marağım olub. Dərsdən çıxıb evə gedirdim, dəmir çarpayıda oturub, kitabı
dizimin üstünə qoyub, gün ərzində dərslərimi oxuyur, imtahanlara hazırlaşırdım.
Gənclik illərim çox gərgin keçib, amma çəkdiyim əziyyətin faydasını bu gün də
hiss edirəm. Siz deyən və mən fikirləşən kimi gəncliyi keçirə bilməmişəm”.
"Oxumaq lazımdır, özü də çox”
Hər gün
səhər və axşam piyada gəzir, bu müddətdə ötənləri də göz önündən keçirməyə
vaxtı olur: "30 ilə yaxındır ki, mənim həyatımda gün səhər tezdən başlayır. Son
dövrlər səhər saat beşdə dururam, altıya qədər yazı-pozu işləriylə məşğul
oluram. Bağda yaşayıram, saat altıda çıxıb həyətdə saat yarım yeriyirəm, müəyyən
gimnastika hərəkətləri edirəm. Sonra hazırlaşıb işə gəlirəm. Axşam evə
qayıdandan sonra da bir saat gəzirəm. Gün ərzində 10-12 kilometr piyada yeriyirəm.
Bu müddətdə tək oluram, gördüyüm, görəcəyim işlər, keçmişdə olanlar hamısı gözmün
önümdən keçir”.
Gənclərə
məsləhəti isə çoxdur, əsas isə zəhmətkeş olmağı tövsiyə edir: "Övladlarıma və nəvələrimə
etdiyim məsləhəti hamıya demək istəyirəm. Zəhmət çəkməyən gələcəkdə heç bir müvəffəqiyyət
qazana bilməz. Oxumaq lazımdır, özü də çox. Yalnız ixtisas fənlərini deyil,
eyni zamanda digər məsələləri də diqqət mərkəzində saxlamaq lazımdır ki,
dünyada gedən proseslərdən xəbərləri olsun. Öz ixtisasına dərindən yiyələnmək
çox vacibdir. Valideynin köməyinə arxayın olmaq olmaz. Bunları da yalnız zəhmətlə
əldə etmək mümkündür. Əvvəllər yazmağı-oxumağı bacarana "savadlı adam” deyirdilər,
bu gün isə oxumaqdan, yazmaqdan əlavə, dünyada gedən prosesləri izləməyi
bacaran, İKT sahəsində bilikləri olan, ilkin tibbi yardımı bilən, müasir
texnikanın yeniliklərini işində tətbiq edənlərə... Bir şeyi bilirsən,
bacarırsan da, həyatda tətbiq edə bilmirsənsə, bilməyinin mənası yoxdur. Buna
görə, səriştəli olmaq lazımdır”.
Aygün
Asimqızı