• çərşənbə, 24 Aprel, 17:55
  • Baku Bakı 27°C

Gəncləşən Cocuq Mərcanlı - Fotolar

15.09.17 09:00 5863
Gəncləşən Cocuq Mərcanlı - Fotolar
Təhsil Naziri Mikayıl Cabbarovun ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında əmrinə əsasən, sentyabrın 15-i Bilik Günü ilk dərs məşğələsi "Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq.Burada əsas məqsəd gələcəyimiz olan məktəblilərə Azərbaycan Ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verməkdir. Çünki, Cocuq Mərcanlı kəndinin bərpası ilə cəmiyyətdə yaranan ruh yüksəkliyi uşaq və gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, Bilik günündə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin şəhid Novruz Aslanov adına orta məktəbi də 23 illik fasilədən sonra qapılarını yenidən müəllim və şagirdlərin üzünə açacaq, bu təhsil müəssisəsində də ilk dərs saatı sözügedən yaşayış məntəqəsinə həsr olunacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə bir neçə gün öncə Cocuq Mərcanlıya təşkil olunan səfər zamanı öyrəndik ki, şəhid Novruz Aslanov adına tam orta məktəbdə "Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusunda ilk dərsi yaşlı və orta nəslin nümayəndəsi olan müəllimlər deyil, direktor Zamin Həziyevin rəhbərliyi altında gənc pedaqoqlardan formalaşdırılmış kollektiv deyəcək. Bu məlumat diqqətimizi çəkdiyindən, kənd məktəbinin bir neçə gənc müəllimi ilə görüşüb söhbətləşməyi özümüzə borc bildik. Öncə məktəb direktoru Zamin Həziyevlə həmsöhbət olduq. Öyrəndik ki, o, Cocuq Mərcanlı kəndində anadan olub, hazırda direktor olduğu məktəbdə birinci sinfə gedib. Lakin kənd işğal olunduqdan sonra məcburi köçkünə çevrilib, təhsilini Sabirabad rayonunun Qaralar kənd orta məktəbində başa vurmaq məcburiyyətində qalıb. 2008-ci ildə Odlar Yurdu Universitetinin nəzdindəki orta ixtisas ingilis dili kollecini bitirib. 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda Psixologiya ixtisası üzrə ali təhsil alıb. 2008-ci ildən başlayaraq pedaqoji fəaliyyətlə məşğul olub. Z.Həziyev doğma kəndində yaşamaqdan, buradakı təhsil müəssisəsində çalışmaqdan böyük qürur hissi keçirdiyini dilə gətirdi. Pedaqoji kollektivə, xüsusilə gənc kadrlara rəhbərlik etməyin olduqca məsuliyyətli bir iş olduğunu xatırladan Z.Həziyev məktəbin əvvəlki şan-şöhrətini özünə qaytarmaq, şagirdlərə nümunəvi təhsil vermək üçün müəllimlərin öz bilik və bacarıqlarını əsirgəməyəcəyini söylədi.

Riyaziyyat müəlliməsi Leyla Maqsudova və onun həyat yoldaşı, məktəb direktorununtəsərrüfat işləri üzrə müavini Baxşəli Bədəlovla da söhbətləşdik. Onların hər ikisinin valideyni vaxtilə Cocuq Mərcanlı kənd orta məktəbində bir sinifdə oxuyublar. B.Bədəlov doğulduğu Cocuq Mərcanlı kəndi işğal olunan zaman valideynləri ilə birlikdə Biləsuvar rayonunda məskunlaşıb, orada da orta təhsil alıb. L.Maqsudova isə hələ altı aylıq uşaq olarkən məcburi köçkün həyatı yaşamağa məhkum olub, doğma kəndindən didərgin düşüb. Orta təhsilini başa vurduqdan sonra 2014-cü ildə Sumqayıt Dövlət Universitetində riyaziyyat ixtisası üzrə ali təhsil alıb. Hazırda bu gənc ailəyə Cocuq Mərcanlı kəndində yeni mənzil verilib, hər ikisi orta məktəbdə işlə təmin olunub.

Esmira Orucova da vaxtilə Cocuq Mərcanlı kəndində doğulub, sonradan məcburi köçkün həyatı yaşayıb. İndi isə doğma kəndinə qayıdan E.Orucova Bakı Slavyan Universitetinin məzunudur. O, rus dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil alıb. Pedaqoji fəaliyyətlə yanaşı, Milli Olimpiya Komitəsinin "Olimpiya dünyası”, Binəqədi İcra Hakimiyyətinin "Binəqədi” qəzetlərində jurnalistlik fəaliyyəti ilə də məşğul olub. Yeni dərs ilindən doğma kəndindəki məktəbdə ixtisası üzrə pedaqoji fəaliyyətə başlayacaq. O, bizimlə söhbət zamanı öz kəndində yaşamaqdan, vaxtilə dərs aldığı məktəbdə şagirdlərə dərs deməkdən, işləməkdən böyük sevinc hissi keçirdiyini söylədi. E.Orucova övladlarının Cocuq Mərcanlı kənd orta məktəbində təhsil alacaqlarını, həyat yoldaşının isə təsərrüfatla məşğul olacağını da qeyd etdi.

Məktəbin riyaziyyat və informatika müəllimi İlkin Zeynalov da Cocuq Mərcanlı kəndində yeni mənzillə təmin olunub. 1990-cı ildə bu kənddə anadan olan İ.Zeynalov 3 yaşında məcburi köçkünə çevrilib. 2007-ci ildə Oğuz rayonunun Böyük Söyüdlü kəndindəki Kamil İlyasov adına orta məktəbi bitirib. 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat və informatika ixtisası üzrə ali təhsil alıb. Pedaqoji fəaliyyətə öz doğma kəndində başlamaqdan məmnun olduğunu dilə gətirən İ.Zeynalov yaradılan bu şəraitə görə dövlət rəhbərliyinə, həmçinin düşmənə canlı sipər olub insanlarımızın təhlükəsizliyini təmin edən Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə minnətdarlığını çatdırdı. Yaradılan şəraitdən maksimum yararlanıb Vətənə, dövlətə, vətəndaşlara fayda verməyə çalışacağını söylədi. Qeyd etdi ki, övladlarından ikisi bu il Cocuq Mərcanlıdakı məktəbə, kiçiyi isə oktyabrda istifadəyə veriləcək bağçaya gedəcək.

100 şagird yerlik Cocuq Mərcanlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi Gülarə Seyidəliyeva Cəbrayıl rayonunun Xudafərin kəndində anadan olub. Məcburi köçkün həyatı yaşayarkən orta təhsilini başa vurub, 2009-cu ildə Astara Pedaqoji Texnikumunu bitirib. G.Seyidəliyeva və onun hərbçi həyat yoldaşı Cocuq Mərcanlıya ilk qayıdan sakinlərdən sayılırlar. Dövlət tərəfindən onlara müasir tələblərə cavab verən, yaşamaq üçün maksimum şəraitli ev verilib. G.Seyidəliyevanın sözlərinə görə, həyat yoldaşının doğulduğu bu kənd onun üçün də doğmadır. O, işğal altındakı digər rayonlarımızın da azad ediləcəyi günün uzaqda olmadığına əminliyini ifadə etdi. Arzu etdi ki, bütün qaçqın və məcburi köçkünlərimiz öz el-obasına qayıtsın, bütün məktəblərimizdə Bilik Günü, Qələbə bayramı sevinci yaşansın.


Cocuq Mərcanlıdakı Novruz Aslanov adına tam orta məktəb kollektivinin bir neçə gənc üzvü ilə söhbətimiz gələcəyimiz olan şagirdlərin, gənclərin təlim-tərbiyəsinin etibarlı əllərdə olması barədə bizdə rəy formalaşdırdı. Əmin olduq ki, vətənpərvər ruhlu, ölkəsinə, xalqına, dövlətinə və dövlətçiliyinə qəlbən bağlı olan müəllimlər sabahın kamil vətəndaşlarının yetişdirilməsi üçün bacardıqlarını əsirgəməyəcəklər.
Rufik İSMAYILOV
Bakı-Cəbrayıl-Cocuq Mərcanlı-Bakı

banner

Oxşar Xəbərlər