• şənbə, 20 Aprel, 05:58
  • Baku Bakı 15°C

Gənclərin ümid yeri

20.12.14 09:41 1261
Gənclərin ümid yeri
Azərbaycanda gənclər siyasətinin birbaşa prezidentin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, ölkə başçısı zaman-zaman bu sahə ilə əlaqədar sərəncamlar verir, fərmanlar imzalayır. Bunlardan biri də 3 il öncə, daha dəqiq, 2011-ci il dekabrın 19-da Gənclər Fondunun yaradılması ilə bağlı imzalanan fərmandır. Rəsmi fəaliyyətə 2012-ci il iyunun 8-dən başlayan fondun əsas məqsədi isə gənclərə yönəlik layihələrin, elm, təhsil, mədəniyyət və digər sosial məqsədli təşəbbüslərin, ideyaların qrant şəklində maliyyələşdirilməsinin həyata keçirilməsidir. Sözügedən fond təkcə yerli və regional layihələrə deyil, bir çox beynəlxalq layihələrə də maliyyə dəstəyi verib. Buna misal olaraq, İstanbulda keçirilmiş "Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu" mövzusunda forum, Vyanada keçirilmiş "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" mövzusunda forum, Bakıda keçirilmiş "Sərhədsiz gənclər əməkdaşlığı" adlı beynəlxalq forum və bu kimi digər böyük miqyaslı beynəlxalq tədbirləri xatırlaya bilərik. Fondun icraçı direktoru Fərhad Hacıyev qeyd edib ki, fəaliyyətləri layihələri maliyyələşdirməklə yekunlaşmır və əsas missiya vətənpərvər, sağlam düşüncəli yeni nəslin formalaşmasına, gənclərin ictimai fəallığının artırılmasına töhfə verməkdir: “Dövlətin bu yöndə həyata keçirdiyi siyasət çox uğurludur və artıq bu, gənclərin həyat və fəaliyyətində açıq-aşkar nəzərə çarpmaqdadır. Bu da səbəbsiz deyil. Belə ki, Azərbaycan hakimiyyəti gənclərin bilik və bacarıqlarının hərtərəfli formalaşmasını, ölkədə səriştəli kadr və mütəxəssis ordusunun yetişməsini, bir sözlə, neft kapitalının insan kapitalına çevrilməsini ən əsas prioritetlərdən biri olaraq elan edib. Uğurla aparılan gənclər siyasətinin müsbət nəticələri göz önündədir. Hakimiyyətin diqqət və qayğısı ilə əhatə olunmuş ölkə gəncliyi bu gün çox dinamik inkişaf mərhələsindədir. Gənclərin bu inkişafı özünü sosial-ictimai, mədəni, siyasi və digər sahələrdə qabarıq göstərir”.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov da qəzetimizə açıqlaması zamanı fondun ölkə gəncliyinin inkişafında xüsusi xidmətlərinin olduğunu vurğuladı: “Fondun 3 ilinin tamam olması münasibətilə əziyyəti keçən hər kəsi təbrik edirəm. İnanıram ki, bundan sonra daha böyük uğurlara imza atacaqlar. Bilirsiniz ki, Gənclər Fondu prezidentin təşəbbüsü ilə yaradılıb və birbaşa gənclər təşkilatlarına, gənclərə yönəlik işlərə imza atırlar. Bu fondun fəaliyyəti gənclər tərəfindən çox böyük sevinclə qarşılanır və qürurverici məqam kimi qiymətləndirilir. Düşünürəm ki, Gənclər Fondunun həyata keçirdiyi layihələr yetərincə effektli olub və başqa dövlətlər üçün nümunəyə çevrilib. Sevindirici haldır ki, yalnız gənclər təşkilatları deyil, gənclər özləri də mütəmadi şəkildə fiziki şəxs kimi birbaşa fonda müraciət etmək imkanına malikdirlər. Bu, fondun unikallığından xəbər verir. Gənclər Fondunu Avropa Gənclər Fondu ilə müqayisə edə bilərik. Bizim fondda gənclərə demək olar ki, onların 27 ölkə gəncinə ayırdığı maliyyə vəsaiti qədər pul ayrılır ki, bu da birbaşa cənab prezidentin nəzarəti ilə həyata keçirilir və dövlətin gənclər siyasətinə göstərdiyi diqqət və qayğını bir daha təsdiqləyir”.
M.Seyidovun fikrincə, Gənclər Fondu gənclərin beynəlxalq tədbirlərdə iştirakına, Azərbaycan gəncliyini təmsil etməsinə də imkan yaradır: “Ölkəmizdə beynəlxalq rəqabətə davamlı gənclər yetişdirilir, gənclər təşkilatları yaradılır. Bu istiqamətdə dayanmadan stimullaşdırıcı layihələr həyata keçirilir. Hesab edirəm ki, Gənclər Fondu cəmi 3 ildir yaranmasına baxmayaraq, yetərincə işlər görülüb. Fondun müxtəlif kateqoriyalar, sahələr, mövzular əsnasında gənclər təşkilatları və gənclərin ideyalarının, təşəbbüslərinin reallaşdırılmasında böyük rolu olub. Bu o deməkdir ki, fond bugünkü məqamda Azərbaycan gənclərinin inkişafına böyük töhfə verir. Düşünürəm ki, Gənclər Fondu bundan sonra da bu kimi layihələri dəstkləməyi davam etdirəcək. Bilirsiniz ki, “İrəli” İctimai Birliyi də bu fondla əməkdaşlıq quran təşkilatlardandır. Əminik ki, onlar bundan sonrakı fəaliyyətlərində gənclər təşkilatları ilə daha sıx əməkdaşlıq edəcəklər”.
Gənclər Fondunun layihəsini gerçəkləşdirdiyi gənclərdən biri, fotoqraf Məhəd Musaoğlu bizimlə söhbətində dedi ki, fondun yaradılması gənclər tərəfindən böyük sevinclə qarşılanıb: “Azərbaycan gənci ifadəsi işlədildiyi zaman hər kəsə məlum olur ki, söhbət dünya ölkələri arasında özünü doğrultmuş bir toplumun övladlarından gedir. Bəhs edilən gənclər ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində dünyəvi dövlətdə böyüyüblər və yaxşı ki bu siyasət onun irsinin layiqli davamçısı cənab prezident İlham Əliyevin vasitəsilə davam etdirilir. Gənclər Fondunu, onun göstərdiyi qayğını Azərbaycan gəncliyi üçün doğan bir işığa bənzətmək olar”.
Müsahibimizin fikrincə, onun fondla birgə həyata keçirdiyi layihə çox yaddaqalan olub: “Onlar mənim iki layihəmi reallaşdırıblar. "Kiçik obyektiv - Böyük kəşf (iphonesia)" və daha sonra Litvanın paytaxtı Vilnüsdə keçirilən "Old and new Baku" adlı sərgim olub. Hər ikisi çox maraqla qarşılanmışdı. Düşünürəm ki, ölkəmizdə yetərincə savadlı, dünyagörüşlü gənclər var ki, onlar da öz layihələri ilə fonda müraciət edə bilərlər. Onu da qeyd edim ki, biz gənclərə göstərilən qayğı qarşılıqlı şəkildə dövlətin özünə qaytarılır. Çünki gənclərin maariflənməsi, onların aktivliyi dövlətin inkişafına xidmət edir”.
Digər layihə rəhbəri Cavad Salmanlı da foto layihələrdə iştirak etdiyini xatırlatdı: “Onların fəaliyyətlərini yüksək qiymətləndirirəm. Gənclərə dəstək verirlər və onlarda özgüvəni artırırlar. Mənim Xocalı ilə bağlı layihəm xüsusi əhəmiyyətli idi və Xocalıda yaşananların təbliği, daha geniş kütləyə təqdim olunması məqsədi daşıyırdı. Xocalı hadisələri haqda həqiqətləri köhnə şəkillərlə deyil, fotoqrafların gözü, kreativlikləri ilə yaydıq. Bu layihədə yetərincə peşəkar və qeyri-peşəkar fotoqraflar iştirak etdilər. Onların arasında beş ən yaxşısı seçilərək mükafatlandırıldı. Layihəyə həm yerli, həm də xarici qonaqlar kifayət qədər maraq göstərdilər. Gənclər Fondu bizə maliyyə dəstəyi ayırmasaydı, layihəmiz gerçəkləşməzdi. Təbii ki, belə məqamlar bizi çox məmnun edir”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər