AZE | RUS | ENG |


Gənclərin turistlərə münasibəti necədir? - Polemika

Gənclərin turistlərə münasibəti necədir? - Polemika

Müasir və qloballaşan dünyada turizm hər bir ölkə üçün ən dinamik inkişaf edən sahələrdən biri sayılır. Azərbaycanda da turizm sahəsi yeni mərhələyə qədəm qoyub. Son dövrlər ölkəmizdə keçirilən beynəlxalq səviyyəli oyunlar turist axınında əhəmiyyətli rol oynayır. Avropa, Asiya və Afrika ölkələrindən yüzlərlə turist gəlir. Gələn turistlərin hər biri ayrı-ayrı mədəniyyətin daşıyıcısıdır. Bəs görəsən onlar bizim ölkəmizdə özlərini necə aparırlar, hansı davranış şəklini nümayiş etdirirlər, gənclər sürətlə inkişaf edən turist axını haqqında nə düşünürlər?
 
Həddən artıq səs-küylüdürlər   
Səidə Məmmədova -  sosial media meneceri

 
Səidə deyir ki, ölkəmizə bu qədər turist axının olması yaxşı haldır. Bu,  ölkəmizin tanınması və inkişafının göstəricisidir. Lakin başqa ölkələrdən gələn insanların davranışları bəzi məqamlarda onu narahat edir: "Həddən artıq səs-küylüdürlər. Məkanın fərqi yoxdur, istər küçədə, istər ticarət mərkəzlərində olsun, kollektiv şəkildə gəzdikləri üçün qıraqdan dərhal diqqəti cəlb edirlər və harada olduqlarına fikir vermədən, ucadan danışır və gülürlər. Hazırda ölkəmizə həm Avropa, həm də Asiya ölkələrindən turistlər gəlir. Demək olar, şəhərdə  hər addımbaşı bir turistlə qarşılaşıram. Bunun nəticəsində kafe və restoranlarda, mağazalarda, kassaların önündə sıxlıq olur. Paytaxtdan başqa digər şəhərlərdəki istirahət mərkəzlərində də turistlərə çox rast gəlirəm. İstər danışıqları, istərsə də hərəkətlərindən hiss edirəm ki, başqa insanları da narahat edirlər. Şəhərdə İrandan və ərəb ölkələrindən gələn turistləri bu il daha çox görürəm. Ərəbləri deyə bilmərəm, amma iranlılar çox pintidirlər. Dəfələrlə ticarət mərkəzinin ortasında nəyisə yerə atdıqlarını görmüşəm”.
Səidə düşünür ki, turistlərin artması ilə əlaqədar vətəndaşların da davranışlarında müəyyən fərqliliklər yaranıb: "Gələn turistləri razı salmaq məqsədi ilə müxtəlif xidmət sektorları öz idarəetmələrində müəyyən dəyişikliklər edib. Məsələn, bir sıra kafe və restoranlarda ərəb və iranlı turistlərin diqqətini cəlb etmək üçün gün boyu yalnız ərəb və ya şərq musiqiləri səslənir. Bəzi kafelərdə isə menyular ərəb dilində yazılır. Müxtəlif geyim və ərzaq mağazalarında divardakı yazılar, posterlər ərəb dilində hazırlanmağa başlanıb. Bundan başqa, hamıya məlumdur ki, geyim mağazalarına müxtəlif qidalarla girmək qadağandır. Lakin turistlərin dəfələrlə həmin mağazalara əllərində içki və ya yeməklə girdiklərinin şahidi olmuşam. Bütün bunları həmin markaların marketinq strategiyası ilə əlaqələndirib, haqq qazandırmaq mümkün olsa da, düşünürəm ki, bəzi markalar turistlərlə yerli sakinlər arasında ayrı-seçkilik edir. Eyni hadisəni metroya da aid etmək olar. Anonsda eskalatorun üzərində oturmağın qadağan olduğu deyildiyi halda, turistlər üçün belə bir qadağa tətbiq edilmir. Düşünürəm ki, əgər qanun-qayda varsa, hamı üçün keçərli olmalıdır.”
 
 
Aktiv və sərbəst olurlar
Rüstəm Əliyev -  tərcüməçi, müxbir

Rüstəm bildirir ki, milli dəyərlərə və etnik xüsusiyyətlərinə görə ölkəmizə gələn  turistlər fərqlənirlər: "Avropadan gələn turistlərlə, Afrika və Asiya bölgəsindən gələn turistləri özlərini aparmalarına, davranış qaydalarına və mədəniyyətlərinə görə fərqləndirmək olar. Avropalılar hər kəsin bildiyi kimi, səliqəli, nəzakətli insanlar olurlar və ölkələrində özlərini necə aparırlarsa, burada da elə hərəkət edirlər. Çox zaman biz ticarət mərkəzində avropalı turisti hərəkət və davranışlarından seçə bilmirik ki, bu azərbaycanlıdır, yoxsa xarici, sadəcə, geyimlərindən turist olduqlarını seçmək olur. Hər turist dəyərlərinə uyğun geyinir. Bu məsələdə avropalılar daha sərbəstdirlər. Onların arasında hər cür geyim tərzinə malik insan görmək olar. Amma ərəb ölkələrindən və İrandan gələn turistlər qapalı geyinirlər və buna da münasibətim normaldır. Kimə necə rahatdırsa, o tərzdə geyinsin. Müxtəlif tərzə malik insanların ölkəmizə gəlməsi onu daha da rəngarəng edir”. 
Rüstəm hesab edir ki, ərəb ölkələrindən gələn turistlər daha aktiv və sərbəst olurlar: "Onlar şəhərdə uca səslə danışır və bərkdən gülürlər. Bu turistlər jestləri, bir-biri ilə danışıqları ilə diqqəti cəlb edirlər. Tutaq ki, ticarət mərkəzinə iki ərəb gəlsə, onlar daha tez seçilərlər nəinki, bir ingilis və ya fransız. Bu gün qismən də olsa, Azərbaycan avropalaşmış bir ölkədir. İstər mədəniyyət, istər cəmiyyət baxımından müəyyən dərəcədə Avropaya inteqrasiya etmiş sayılırıq. Buna görə də, Avropadan gələn turistlərlə aramızda elə də ciddi bir fərq olmur ”. 
Onun sözlərinə görə, son zamanlar turist axınının çoxalmasının bir neçə səbəbi var. "Azərbaycan turizminin son on ildəki inkişafı, həmçinin ölkəmizdə keçirilən beynəlxalq səviyyəli oyunlar, bir də son dövrlər Azərbaycanın dünyaya turist ölkəsi kimi tanıdılması, güclü  təbliğatın aparılması turist axınına böyük təsir göstərir. Bu da Azərbaycana xarici valyuta axını yaradır, iqtisadiyyat və turizm sektorunun güclənib inkişaf etməsinə gətirib çıxarır”.
 
"Ölkəsinə, bizdən nəsə öyrənib getsin”
Coşqun Qarayev, tələbə

Coşqun ölkəmizdə keçirilən beynəlxalq səviyyəli oyunların könüllülük proqramında iştirak etdiyi üçün turistlərlə daha yaxından əlaqədə olan gənclərimizdəndir. Onun sözlərinə görə, son bir neçə ildə Azərbaycana turist axını artıb. Xüsusilə də, ərəb ölkələrindən gələn turistlər üstünlük təşkil edir. Müsahibimiz bildirir ki, bəzən qeyri-etik davranış sərgiləyən turistlərlə qarşılaşır: "Əsasən, ictimai nəqliyyatda, ticarət mərkəzlərində, kafe və restoranlarda çirkləndirmə halları ilə rastlaşmışam. Məncə, bunu elə də böyütmək lazım deyil. Yəni bizim üçün normal olmayan, qeyri-etik sayılan bir hərəkət bəlkə də, onların ölkəsində normal sayılır. Çünki turistlər nə qədər müxtəlifdirsə, mədəniyyətlər də bir o qədər müxtəlifdir. Onlarda nəsə xoşagəlməz bir hərəkət gördükdə, onlar kimi davranmamalıyıq. Əksinə, onlara nümunə olacaq hərəkət etməliyik. Çünki sabah ölkəsinə, bizdən nəsə öyrənib getsin”. 
Coşqun turistlərin Azərbaycana gəlməsinin səbəblərindən də danışdı. Həmsöhbətimiz düşünür ki, Azərbaycan həm bazarlıq, həm də gəzmək  üçün ideal məkanlardan biridir: "Bizim mağazalardakı qiymətlər ərəb və Avropanın bəzi ölkələrinə baxanda daha ucuzdur. Ölkəmizdə həm müasir, yeni formalı binaların olması, həm də qədim arxitekturanın qorunub saxlanması turistlərdə maraq oyadır. Ən əsası isə turistlərin Azərbaycana axını ölkə iqtisadiyyatının inkişafına əhəmiyyətli təsir edir ”.
Günel Azadə
 
 
 
 
 
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6970
GBP 1 İngilis funt sterlinqi 2.1809
TRY 1 Türk lirəsi 0.4756
KWD 1 Küveyt dinarı 5.6042
SEK 1 İsveç kronu 0.1949
EUR 1 Avro 1.8939
CHF 1 İsveçrə frankı 1.7388
USD 1 ABŞ dolları 1.7020