• cümə, 19 Aprel, 09:48
  • Baku Bakı 13°C

“Gənclərin sərgilərdən əldə edəcəyi faydalar olduqca çoxdur” - Gənclərə məsləhət

05.05.18 13:30 1329
“Gənclərin sərgilərdən əldə edəcəyi faydalar olduqca çoxdur” - Gənclərə məsləhət
İnşaat, turizm, təhsil, qida, kənd təsərrüfatı, kitab, sənaye, İKT və s. istiqamətli bir çox sərgilər var. Yerli və beynəlxalq səviyyədə keçirilən bu sərgilərin keçirilməsində təbii ki, təşkilatçıların müəyyən məqsədləri var. Amma bu cür tədbirlər həm də gənclər üçün bir imkandır. Bəs onlar bu imkandan necə yararlana bilərlər? Sərgilərdə iştirak gənclərə nə verir?
Bu mövzuda həmsöhbətimiz ADA Universitetinin Karyera Mərkəzinin direktoru Gülnur İsmayıldır. Müsahibimiz bildirdi ki, hazırda gənclərin ən çox maraq göstərdiyi sərgilər təhsil və karyera yönümlü olanlardır: "Sərgilər müxtəlif formada və mövzuda keçirilir. Hətta demək olar ki, bu gün hər sahəyə xas olan formatda keçirilən böyük miqyaslı beynəlxalq sərgilər çoxdur. Gəncləri isə təbii ki, ilk növbədə təhsil və karyera sərgiləri cəlb edir. Belə sərgilərin hər iki tərəf üçün əhəmiyyəti var. Gənclərin bu cür sərgilərdən əldə edəcəyi faydalar olduqca çoxdur”.

G.İsmayıl burada bir neçə aspektin önəmli olduğunu vurğuladı: "Sərgilərin miqyası önəmlidir: "Bir neçə şirkəti və təşkilatı eyni zamanda əhatə edib, onlarla görüş imkanı yaradır. Bir-bir veb-saytlar və internet vasitəsi ilə məlumat toplamağımız həm çox vaxt tələb edir, eyni zamanda əldə etdiyimiz məlumat tam doğru olmaya bilər. Düşünürəm ki, məlumatı rəsmi işçilərən və nümayəndələrdən birbaşa öyrənmək daha doğru və düzgün olur. Bundan başqa, siz sərgidə yalnız təşkilat haqqında deyil, həmçinin, həmin sahənin xüsusiyyətləri və tələbləri haqqında geniş bilgi əldə etmiş olursunuz. Bu gün peşəkar səviyyədə qurulan iş əlaqələri gənclərin gələcək karyerasında çox vacib məqamlardan biridir. Sərgilər həmin o şəbəkəni qurmaq üçün şərait yaradır. Əgər gənclərimiz bu şəraitdən istifadə edə bilsələr, kifayət qədər geniş əlaqələr qurmuş olarlar. Hansı ki, gələcəkdə bu əlaqələr böyük imkanlar yarada bilər. Və ən önəmli məsələlərdən biri də, gənclərin bu cür sərgilərdə maksimum dərəcədə özləri haqqında müsbət fikir yaratmalarıdır. Adətən, sərgilərdə iştirak edən təşkilatlar iqtisadiyyatın ən qabaqcıl və aktiv işə götürənləri olurlar. Onlar gənc kadrlara önəm verib, öz təşkilatlarına cəlb etmək istəyirlər. Hətta deyə bilərəm ki, təcrübə və ilk iş imkanlarını bir çox gənclər məhz sərgi vasitəsilə tapa bilir. Diqqət etməli olduğumuz məsələlərdən biri də rəqabətdir. Karyera sərgilərində çox maraqlı bir fakt, rəqabəti gənclərin öz gözləri ilə görməsidir. Gənclər onlarla bərabər, hansı bilik və bacarığa nail olmuş namizədləri görür, rəqabətin nə dərəcədə böyüklüyündən xəbərdar olurlar”.
Müsahibimiz gənclərin sərgilərin onlara verdiyi imkanlardan necə istifadə etməsi haqqında da danışdı. Bildirdi ki, sərgilərə gənclərin çox marağı var: "Gənclər karyera yarmarkalarında iştirak etməyə maraqlıdırlar. Lakin sərginin mütləq dəqiq fokusu olmalıdır. Elə hallar olur ki, adını təhsil və karyera sərgisi qoyurlar, lakin iş imkanları və işə götürənlər həmin sərgidə az sayda təmsil olunur. Bu halda təbii ki, uğurlu iş imkanı perspektivindən danışmaq mümkün deyil. Bu, gənclər üçün elə də maraqlı olmaz. Təşkilatı işlərdən çox şey asılıdır. Fikrimcə, auditoriyanın istəkləri və gözləntiləri nəzərə alınmalıdır. Bu zaman hər tərəf - həm təşkilatçı, həm də iştirakçılar uğur qazanmış və böyük fayda almış olar”.
Günel Azadə

banner

Oxşar Xəbərlər