• cümə axşamı, 25 aprel, 14:24
  • Baku Bakı 23°C

Gənclərin rəhbər işlərdə irəli çəkilməsi böyük əhəmiyyət kəsb edir

29.03.14 09:42 1516
Gənclərin rəhbər işlərdə irəli çəkilməsi böyük əhəmiyyət kəsb edir
Dövlət idarəetmə sistemində son dövrlər həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsi bu islahatların özü qədər diqqətçəkici məqamdır. Bu, dövlət rəhbərliyinin ölkədə müxtəlif sferaların inkişafında gənclərə böyük etimad göstərməsinin təzahürüdür.
Müşahidələr göstərir ki, kadr seçimində bu yanaşma təbii seçmə üsulu ilə aparılmaqla, düşünülmüş və dövrün çağırışlarından irəli gəlir və əlbəttə ki, perspektiv planları özündə əks etdirir.
Əslində gənclərin indiki mərhələdə rəhbər vəzifələrə irəli çəkilməsi üçün uzun illərdir ki, baza formalaşdırılıb, uğurlu siyasət həyata keçirilib. Məlum olduğu kimi, ölkəmizdə hələ ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının ilk illərində gənclər siyasəti prioritetlərdən elan olunmuşdu. Həmin dövrdə yaradılmış ilk dövlət qurumu da məhz Gənclər və İdman Nazirliyi olmuşdu.
Ümummilli lider hakimiyyətə qayıtdığı ilk illərdə gəncliyin potensialından səmərəli şəkildə istifadə etməklə ölkənin qarşısında duran vacib problemlərin həll edilməsinə nail olmuşdu. Həmin dövrdə xüsusilə dövlətçiliyin möhkəmləndirilməsi işində gənclik, gənc kadrlar mühüm rol oynamışdı. Müqayisə üçün qeyd edək ki, 1992-93-cü illərdə də bir sıra rəhbər vəzifələrə gənclər təyin edilmişdi. Lakin təsadüfi seçim nəticəsində irəli çəkilmiş gənclərin ölkəni qısa müddətdə hansı duruma saldığı hələ də yaddaşlardan silinməyib.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, artıq ölkədə bütün sahələrdə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb. Və bu gün dövlət idarəetməsinin müxtəlif sferalarında bu potensialdan səmərəli istifadə etmək imkanları yaranıb.
Ölkədə müasir dövrdə gənc kadrlar korpusunun formalaşmasında gəncliyin təhsili sahəsində də zamanında atılmış addımlar öz sözünü deməkdədir. Diqqət yetirsək görərik ki, rəhbər vəzifələrə irəli çəkilən gənclərin böyük bir hissəsi dünyanın ən öndə gedən təhsil ocaqlarının məzunlarıdır. Deməli, gəncliyin beynəlxalq standartlara cavab verən yüksək səviyyəli təhsilə yiyələnməsi istiqamətində qarşıya qoyulmuş məqsədlər bu gün öz bəhrəsini verir. İrəli çəkilən gənclərin əsasən xaricdə təhsil almış olması və ya xaricdə təcrübə keçməsinə böyük önəm verilməsi idarəçilik sistemində beynəlxalq təcrübədən istifadə və innovativliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, xaricdə təhsil almış və ya təcrübə keçmiş həmin gənc kadrlar əldə etdikləri müasir bilikləri tətbiq etməklə təmsil olunduqları sahənin inkişafına töhfə vermiş olurlar. Bundan başqa, onların mükəmməl xarici dil biliklərinə yiyələnməsi də təmsil etdikləri sahələr üzrə müasir yenilikləri əyani şəkildə izləmək imkanı verir. Hər şeydən öncə isə idarəetmə sistemində müasir yanaşmaların tətbiqi baxımından qabaqcıl ölkələrdə təhsil almış və təcrübə keçmiş gənclərdən istifadə edilməsi öz müsbət nəticəsini qısa müddət ərzində verəcəkdir.
Ümumilikdə gənclərin rəhbər işlərdə irəli çəkilməsi bir sıra digər aspektlərdən də təqdirəlayiq hesab oluna bilər. İlk növbədə o qeyd edilməlidir ki, gəncliyin potensialı daha çoxdur və o, özünü reallaşdırmağa meyillidir. Gənclər mütəmadi olaraq yeniliklərə can atır, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərir. Bu isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Digər tərəfdən, yeni nəsil yaşlı nəsillə müqayisədə müasir dövrün tələblərinə daha tez uyğunlaşır, elmi-texniki tərəqqinin nailiyyətlərini daha tez mənimsəyir, onun tətbiqinə üstünlük verir. Bu baxımdan yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birlikdə tətbiqi idarəçilik sistemində daha çox səmərə verə bilər. Məhz bu baxımdan gənc kadrlara dövlət rəhbərliyinin göstərdiyi etimad mühüm əhəmiyyət kəsb edir.
Hazırda gənc kadrların rəhbərlik etdiyi və ya rəhbərliyində təmsil olunduğu qurumların fəaliyyətində nəzərə çarpan innovativlik və məhsuldarlıq da aparılan siyasətin uğurunu göstərir.
Gənc kadrlara etimadın artması ölkə gəncliyinin stimullaşdırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Belə ki, gənc kadrların irəli çəkilməsini müşahidə edən gənclərdə bilik və təcrübəsini artırmağa həvəslənməklə yanaşı, öz potensiallarının dövlət tərəfindən dəyərləndiriləcəyinə də inam artır. Məhz bu amil gəncliyin radikal müxalif qüvvələrin, xarici xüsusi xidmət orqanlarının, missioner təşkilatların, dini ekstremistlərin təsiri altına düşməsinin qarşısını alan amillərdəndir.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, məhz aparılan uğurlu siyasətin nəticəsidir ki, hazırda radikal müxalif qüvvələrin təsiri altında olan gənclərin sayı kifayət qədər azdır. Gənclik perspektivini radikal müxalifətin ətalətli sıralarında deyil, hazırkı iqtidarın apardığı dinamik siyasətin reallaşdırılmasında olduğunu yaxşı dərk edir. Müxalifət düşərgəsində olan azsaylı gənclər də öz gələcəklərini düzgün müəyyənləşdirmək baxımından düşdükləri radikal yoldan əl çəkərək dövlətin verdiyi imkanlardan yararlanmalıdırlar.
Hazırda gəncliyin öz potensialını ortaya qoyması üçün ölkədə kifayət qədər şərait və imkanlar vardır. İstənilən aktiv gənc həm dövlət idarəetməsi sahəsində, həm də ictimai sektorda öz yerini asanlıqla tuta bilir. Ölkə boyu gəncələrin öz vaxtlarını səmərəli keçirilməsi istiqamətində də uğurlu işlər görülməkdədir. Bu istiqamətdə gənclər mərkəzlərinin fəaliyyətini xüsusilə qeyd etmək vacibdir. Bu qurumlar gənclərin öz vaxtlarını səmərəli keçirməsi ilə yanaşı, onlar arasından daha istedadlılarının fərqlənməsinə də şərait yaradır.
Lakin gəncliyə dövlət qayğısının yüksək səviyyədə olduğu bir vaxtda, gəncliyin sıralarında neqativ ünsürlərin olması halları da təəssüf ki, yox deyildir. Bunlardan gənclərin yuxarıda qeyd etdiyimiz kimi, bir sıra hallarda radikal dini cərəyanların sıralarına qoşulmasını, missioner təşkilatlarla işbirliyini xüsusilə qeyd etmək lazımdır.
Açıq söyləmək lazımdır ki, həmin gənclər cəmiyyətin, dövlətçiliyin gələcəyi üçün potensial təhlükə mənbəyidirlər. Məhz gənclərlə iş üzrə qurumların qarşısında duran mühüm vəzifələrdən biri də belə gənclərlə işləri gücləndirməkdən ibarət olmalıdır. Ümumiyyətlə, gənclərlə iş üzrə qurumlar gənclərlə bağlı siyasət həyata keçirərkən müasir dövrün müsbət və mənfi çağırışlarını mütləq şəkildə nəzərə almalıdırlar. Bu işlərdə QHT-lərin imkanlarından yararlanmaq da yerinə düşərdi. Öz növbələrində QHT-lər də son dövrlər xüsusilə aktuallaşan konkret olaraq gənclər arasında radikal ekstremizmlə mübarizədə dövlətin gənclər siyasətinə dəstəyin mümkün variantlarını müəyyənləşdirməlidirlər.
Bununla yanaşı, mənfi təzahürlərdən biri kimi, bəzi gənclər tərəfindən ölkədə gənclərə göstərilən yüksək etimaddan sui-istifadə halları da diqqətdən yayınmır. Belə ki, təsadüfi hallarda da olsa, yüksək səviyyədə etimad göstərilmiş bəzi gəncərdə «müvəffəqiyyətdən baş gicəllənməsi» baş verir. Məhz belə gənclərin vaxtında aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində də dövlətin, onun müvafiq qurumlarının fəaliyyəti təqdirəlayiqdir. Lakin həmin gənclər ümumilikdə ölkə gəncliyinə, onun sağlam fəaliyyətinə kölgə sala bilməz.
Azərbaycan gəncliyi bu gün daha məsuliyyətli olmalı, milli maraqları daim hər şeydən üstün bilməlidir. Məhz bu yolla ona göstərilmiş yüksək etimadı doğrulda bilər.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər