• cümə, 29 Mart, 19:49
  • Baku Bakı 14°C

Gənclərin qürur günü - Reportaj

14.07.14 08:42 2082
Gənclərin qürur günü - Reportaj
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsindən reportaj
Artıq məqam yetişdi. Valideynlər əzab-əziyyətlə böyütdükləri övladlarını fəxarət hissi ilə vətən torpağını qorumağa, vətənə olan borclarını ödəməyə göndərirlər. Qürur, fəxr və özləm hissi bir-birini əvəzləyir. Biz də gənclərin hərbi xidmətə yollandıqları anı müşahidə etmək və övladlarının yola salan valideynlərlə söhbətləşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinə yollanırıq.
Darvazadan içəri daxil olduqda idarənin həyətində dayanan valideynlər diqqətimizdən yayınmır. Kimisi övladını yola salmağa tək gəldiyi halda, kimisi qohumları ilə birlikdə idarənin həyətində özlərinə bir kölgəlik tapıb yolasalma məqamını gözləyirlər. Valideynlər övladlarını ordu sıralarına göndərməyin qürurunu yaşayarkən, bəziləri sevinc göz yaşlarını gizlədə bilmirlər.
Torpaqlarımızı onlar xilas edəcək
Belə valideynlərdən biri də Kamal Bəkirovdur. O, deyir ki, bu gün onun üçün əlamətdar gündür. Çünki oğlu vətənə olan borcunu ödəməyə gedir: “Mən bu gün oğlum Rauf Bəkirovu müddətli həqiqi hərbi xidmətə yola salmağa gəlmişəm. Sevincimin həddi-hüdudu yoxdur. Arzum budur ki, sağ-salamat gedib-gəlsin. Bizim ala bilmədiyimiz torpaqları inşallah bu nəsil qaytaracaq”.
Həyətdə valideynlərlə söhbətləşərkən kənarda skamyada əyləşən yaşlı kişi diqqətimizi çəkir. Əlikram baba bizimlə danışarkən göz yaşlarını gizlədə bilmir: “Mən bura nəvəmi yola salmağa gəlmişəm, qızım. Nəvəmin adı Kənandır. Hərbi xidmətə 5 oğul yola salmışam, sağ-salamat gedib, qayıdıblar. İlk nəvəmi də hərbi geyimdə görmək mənə qismət oldu. Sevincimin həddi-hüdudu yoxdur. İnşallah, bütün əsgərlər sağ-salamat gedib qayıdar. Düzdür, baba kimi bir az darıxıram, kövrəlirəm. Amma bir yandan da sevinirəm”.
Əsgər olmaq istəyən uşaqlar
Valideynlərlə söhbətləşdikdən sonra idarəyə daxil oluruq. Otaqlardan birində çağırışçı gənclər bir yerə toplaşıb, onlara veriləcək göstərişləri gözləyirlər.
Əvvəlcə fikirlərini öyrənmək üçün bizi qonaqpərvərliklə qarşılayan rəisin otağına yollanırıq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi mayor Novruz Rəhimov bizimlə söhbətində bildirdi ki, müstəqilliyin ilk illəri ilə müqayisədə indi gənclər ordu sıralarına daha həvəslə qatılırlar. Onun sözlərinə görə, hətta yaşı çatmayanlar belə hərbi xidmətə yollanmaq üçün müraciət edirlər: “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də onlarla vətənpərvərlik mövzusunda işlərin aparılması ilk növbədə məktəb illərindən başlanır. Təbii ki, həmin yükün ağırlığı da bizim üzərimizdədir. Biz çalışırıq ki, məktəblərdə gənclərlə “Şahin” hərbi idman oyunlarının, “Cəsurlar” idman yarışlarının, eləcə də hərbi ixtisas üzrə məktəblərdə hərbi təlimlərin keçirilməsi işini davam etdirək. Bunun nəticəsidir ki, bu gün rayon üzrə çağırışçılar böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola salınır”.
“Şəhid olacağım günü gözləyirəm”
Çağırışçılara nəzər saldıqda simalarındakı sevinc hissini görməmək mümkün deyil. Onlar valideynlərlə müqayisədə çox möhkəm və qürurla yola salınacaqları saatı gözləyirlər. Bizimlə söhbət edərkən vətənə sədaqətlə xidmət edəcəklərini dilə gətirdilər.
21 yaşlı Rauf Bəkirov deyir ki, torpağının üstündə gəzdiyi, suyunu içdiyi vətənə olan borcunu ödəmək üçün yola düşür: “Bu gün bizim üçün çox fəxarətli gündür ki, əsrlərin sınağından çıxan ordumuzun bir hissəsi olmağa gedirik. Dəyərli zabitlərimizin də bizə keçdikləri təlim sayəsində bütöv yetişmiş fərd olaraq geri qayıdacağıq. Biz əlimizdən gələni edəcəyik ki, torpaqlarımızı düşməndən geri alaq”.
18 yaşlı Məhəmməd Məmmədov isə şəhidlik zirvəsinə ucalmaq istəyir: “Mən 18 ildir ki, bu günü gözləyirəm. Hərbi xidmətə yollanmaq mənim ən böyük arzum olub. Daxilimdə hiss etdiyim qürurun nə dərəcədə böyük olduğunu sizə izah edə bilmərəm. Əsasən son dövrlərdə Azərbaycan qəhrəmanlarının göstərdiyi nümunələr bizi hərbiyə can atmağa vadar edir. Mübariz İbrahimov, Fərid bizə ən böyük örnəkdir. İnşallah, Allah mənə də şəhid olmağı nəsib edər. Vətən torpağında ölmək böyük qürurdur. Azərbaycanım üçün canımdan keçməyə hazıram”.
“Balamın balası vətəni qoruyacaq”
Azərbaycan əsgəri olduğu üçün fəxr edən çağırışçılardan biri də 21 yaşlı Kamran Həsənovdur. Kamran deyir ki, vətən torpağını qorumaq üçün canından keçməyə hazırdır: “Mən Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində əlimdən gələn hər bir şeyi etməyə hazıram. İnşallah mənimlə bərabər bütün əsgər yoldaşlarım da sağ-salamat qayıdarlar”.
Məlumat üçün bildirək ki, Xidmətin hər bir rayonu idarə, şöbə və bölməsi rahat avtobuslarla təmin olunub və çağırışçıların daşınması üçün bütün şərait yaradılıb. Artıq çağırışçıların hərbi xidmətə yola salınmasında problem olmayacaq.
Çağırışçılarla söhbətləşdikdən sonra idarənin həyətinə çıxırıq. Saatlar keçdikcə daha çox valideyn, qohum-qardaş gəlməyə başlayır.
Nəvəsinin həyəcanla getməsini gözləyən valideynlərdən biri də Zariyyə nənədir. Zariyyə nənə deyir ki, müharibənin odlu-alovlu vaxtında hərbi xidmətə oğul yola salıb: “Bu gün nəvəm əsgər edir. Allah bütün əsgərlərimizlə yanaşı, mənim nəvəmi də qorusun. Onun atası 92-ci ildən 97-ci ilə qədər hərbi xidmətdə olub. Şükür Allaha ki, balam sağ-salamat yanıma gəldi. Balamın balası da sağ-salamat bu yolu davam etdirəcək. O, vətən keşiyində öz atası kimi duracaq, torpaqlarımızı qoruyacaq”.
Xatırladaq ki, iyulun 1-dən etibarən müddətli həqiqi hərbi xidmətə yaşı çatan gənclər ordu sıralarına çağırılırlar.
Ümid edirik ki, ordu həyatına yenicə qədəm qoyan gənclərimiz şərəfli yolu inamla, uğurla keçəcək və xalqımızın, millətimizin hörmət və etibarını qazanacaq.
Biz də hərbi xidmətə yola düşən bütün gənclərimizə Vətənə borcunu sağ-salamat yerinə yetirib evlərinə dönmələrini arzu edirik.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər