“Gənclərin məşğulluğu, ömürboyu təhsil və gənclərin əmək bazarına çıxışı”
Azərbaycan Hökuməti ilə Beynəlxalq
Əmək Təşkilatı (BƏT) arasında imzalanmış "2016-2020-ci illər üçün Layiqli Əmək
üzrə Ölkə Proqramı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları üçün "Dövlət Məşğulluq
Xidmətinin potensialının gücləndirilməsi” layihəsi çərçivəsində VI təlim
kursuna başlanılıb.
Nazirlikdən bildirilib ki, bu dəfəki
təlim "Gənclərin məşğulluğu, ömürboyu təhsil və gənclərin əmək bazarına çıxışı”
mövzusuna həsr olunub.
Təlim
kursunun açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu
sosial-iqtisadi siyasətinin nailiyyətlərindən biri kimi, ölkədə məşğulluq
imkanlarının artrılmasına, eyni zamanda, gənclərin səmərəli məşğulluğunun təminatına
yönələn proqramların ildən-ilə genişləndiyini vurğulayıb. O, nazirliyin məşğulluq
orqanlarının həyata keçirdiyi aktiv məşğulluq tədbirlərinin əhatə etdiyi vətəndaşların
mühüm bir hissəsini gənclər təşkil etdiyini deyib.
Nazir
müavini qeyd edib ki, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı
ilə təsdiq edilmiş "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq
Strategiyası”nda gənclərin peşə təhsilindən əmək bazarına inteqrasiyasını gücləndirmək
məqsədilə karyera (peşə) - məsləhət və karyera,
planlaşdırma xidmətlərinin təkmilləşdirilməsi nəzərdə tutulur. O cümlədən, rəqəmsal
texnologiyalardan geniş istifadəyə keçidin təmin edilməsi və mərkəzləşdirilmiş
karyera portalının yaradılması hədəflər sırasındadır.
Bu il BƏT-in
100 illik yubileyinin qeyd edildiyini bildirən A.Əliyev vurğulayıb ki, bu mötəbər
beynəlxalq təşkilatla Azərbaycan arasında geniş əməkdaşlıq gündəliyi mövcuddur.
"2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” da birgə layihələrin
miqyasını xeyli genişləndirib. Proqram çərçivəsində təşkil olunan bu növbəti təlim
kursu gənclərin əmək bazarına çıxışının, məşğulluğunun dəstəklənməsi sahəsində
Dövlət Məşğulluq Xidmətinin əməkdaşlarının bilik və peşəkarlıq səviyyələrinin
artırılmasına, onların bu sahədə dünyada olan qabaqcıl təcrübələri öyrənmələrinə
dəyərli bir töhfədir.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, Azərbaycan
Sahibkarlar Konfederasiyasının Baş katibinin müavini Fuad Hümbətov, BƏT-in
"MDB-də Gənclərin Məşğulluğu üçün Tərəfdaşlıq” layihəsinin rəhbəri Ramiro
Pizarro çıxış edərək, hazırkı təlim kursunun əhəmiyyətini vurğulayıblar.
Dörd gün davam edəcək təlim
kursunun gündəliyinə "BƏT-in Qlobal komissiyasının əməyin gələcəyi üzrə
hesabatına ümumi baxış: "Parlaq gələcək üçün əmək” (R.Pizarro), "Məşğulluq Xidməti
orqanlarının nailiyyətləri və boşluqlara ümumi baxış. Azərbaycan təcrübəsi” (Dövlət
Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov), "Peşəyönümü” (BƏT-in eksperti
Yuri Qertsiy), "Stabil iş yerinə keçid:
Gənclərin işə qəbulu və əmək haqqı subsudiyaları üçün təşviq” (BƏT-in eksperti
Yens Sibbersen), "Təhlükəsiz və sağlam iş təcrübələrinə keçid-gənclərin
qarşılaşdığı məşğulluq riskləri” (BƏT-in eksperti Benqt Lyngbek), "Məktəbdən işə
keçid: işə əsaslanan öyrənmə imkanlarının artırılması” (BƏT-in ekspertləri Raul
Komin və Yuriy Qertsiy) və digər mövzularda təqdimatların keçirilməsi nəzərdə
tutulub.