Gənclərin iştirakı ilə elektron mediada milli-mənəvi dəyərlərin qorunması
Avqustun 15-də Beynəlxalq
Mətbuat Mərkəzində Humanitar Araşdırmalar İctimai Birliyi Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
maliyyə dəstəyi ilə "Mətbuatda və sosial mediada milli-mənəvi dəyərlərin
qorunması” adlı layihə çərçivəsində "Elektron mediada gənclərin iştirakı: əsas istiqamətlər
və maraq dairələri” mövzusunda dəyirmi masa
keçirilib. Tədbirdəmillət vəkilləri, alimlər, jurnalistlər və gənclər
iştirak ediblər.
Dəyirmi masanı ictimai
birliyin sədri Nurlanə Mustafayeva açıb. O qeyd ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə
aparılan və milli-mənəvi dəyərlərə dayanan islahatların başlıca məqsədi müasir
dünya çağırışlarına cavab verən güclü, rəqabətə davamlı, vətəndaşın daha yaxşı
yaşadığı dövlətin qurulmasıdır: "Bu vəzifələri yerinə yetirmək üçün xalqımızın
özünün milli-mənəvi dəyərlərinə, tarixinə sahib çıxması vacibdir. Heç əbəs deyildir ki, cənab Prezident İlham
Əliyev demişdir: "Mən hesab edirəm ki, biz Azərbaycanda elə bir model yarada
bildik ki, həm iqtisadi islahatlar, həm siyasi islahatlar paralel şəkildə
aparılır və ölkəmizin hərtərəfli inkişafını təmin edir. Azərbaycanın böyük və zəngin
tarixi vardır. Milli-mənəvi dəyərlərimiz bizim üçün əsasdır”. Cənab Prezidentin
bu fikirləri əslində müasir Azərbaycan dövlətinin mahiyyətini və yürüdülən
siyasətin məqsədlərini ortaya qoyur. Azərbaycan dövləti öz daxili və xarici
siyasətini yeni tarixi şəraitə və müasir tələblərə uyğun olaraq, xalqımızın
tarixi və mədəni ənənələrinə, dilinə, dininə, milli-mənəvi dəyərlərinə
arxalanaraq həyata keçirir. Lakin müasir dünyada gedən qloballaşma proseslərinin
və xarici təsirlərin altında bəzi gənclərdə kosmopolit baxışlar artır və
milli-mənəvi dəyərlər arxa plana keçir. Belə bir şəraitdə əsas vəzifələrimizdən
biri millətimizin minilliklərdən keçib-gələn milli-mənəvi dəyərlərinə sahib çıxılması,
qorunub saxlanılması və inkişaf etdirilməsidir. Bu işdə Azərbaycan gəncliyinin
üzərinə böyük vəzifələr düşür. Ən böyük milli-mənəvi dəyərlərimizdən biri millətimizi
tək millət, tək bayraq, tək dövlət, tək ölkə ətrafında bərabər şəkildə birləşdirən
ümumi ideologiyamız olan Azərbaycançılıqdır. Bu ideologiya etnik mənsubiyyətindən,
dinindən, dilindən, irqindən və sosial mənşəyindən asılı olmayaraq bütün ölkə vətəndaşlarını
ümumi vətən naminə birləşdirir. Lakin bəzən sosial şəbəkələrdə xalqımızın
milli-mənəvi dəyərlərinə yad olan məsələlərin yayılmasına rast gəlinir. Ölkəmizdə
kütləvi informasiya vasitələri üzərində senzuranın və qadağaların olmadığı bir
şəraitdə bu vəziyyətin davam etməsi
milli-mənəvi dəyərlərdə aşınmaya gətirib çıxara bilər. Ona görə də maarifçilik
işlərinin aparılmasına ehtiyac vardır. Xüsusən, gənclərə milli-mənəvi dəyərlərimiz,
milli ideologiyamız, dinimiz, milli adət-ənənələrimiz, bu sahələrdə müstəsna
xidmətləri olan dövlət xadimlərimiz haqqında mühazirələrin oxunması, dəyirmi
masaların, müzakirələrin keçirilməsi və xalqımızın milli-mənəvi dəyərləri
haqqında araşdırmalara cəlb olunmaları vacibdir. Təqdim edilən layihənin
başlıca istiqaməti məhz bundan ibarətdir”.
Dəyirmi masada Azərbaycan Respublikasının Mətbuat
Şurasının üzvü, Demokratik Jurnalistlər Birliyinin sədri, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi Mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli də mövzuyla bağlı çıxış edib. O bildirib ki,
müzakirəyə çıxarılan bu mövzu prioritet mövzulardan biridir: "Bu bizim üçün çox
önəmli məsələlərdəndir. Milli-mənəvi dəyərlər çox böyük məna yükünə malik olan
dəyərlər. Şəhidlərimiz, milli atributlarımız bizim milli-mənəvi dəyərlərimiz
hesab olunur. Bugünə qədər qoruyub saxladığımız milli-mənəvi dəyərlər gənclərə
necə aşılanır, mətbuatda necə işıqlandırılır bu nüanslara xüsusi fikir verməliyik.
İndiki dövrdə artıq sosial şəbəkələr bütün media orqanlarını üstələyib. Bu
vaxta qədər xəbər ən tez televiziya və radio vasitəsilə yayılırdısa, indi
sosial media da bu daha tez baş verir. Ona görə də, milli-mənəvi dəyərlər məsələsi
daim nəzarətdə saxlanılmalı və qorunmalıdır”.
Layihənin eksperti, millət vəkili Musa Qasımlı çıxış edərək milli mənəvi dəyərlərin qorunmasında həm
elektron, həm də çap mediasının böyük rolu olduğunu deyib.
Sonda İctimai Birliyin sədri Nurlanə Mustafayeva
layihəyə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, "Şərq” qəzetinin baş
redaktoru Akif Aşırlıya, "Geostrategiya” jurnalının baş redaktoru İbrahim
Əliyevə, "Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuza, Azərbaycan Respublikası
Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Daxili Siyasətin təhlili
şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanova, Bakı Dövlət Universitetinin
dosenti Əlimusa İbrahimova, "Modern.az”
saytının baş redaktoru Elşad Eyvazlıya, Azərbaycan Respublikasının Mətbuat
Şurasının üzvü Yadigar Məmmədliyə, layihənin eksperti millət vəkili Musa
Qasımlıya, mətbuatda və mediada layihənin işıqlandırılmasına görə "Kaspi” qəzetinə
və "Xəzər” televiziyasına xüsusi təşəkkür edib.
Sonda mövzu iləbağlı maraqlı müzakirələr keçirildi.
Günel Azadə