• cümə axşamı, 25 aprel, 00:02
  • Baku Bakı 19°C

Gənclərin heç bir təşəbbüsü diqqətdən kənarda qalmayacaq

02.12.13 17:40 1464
Gənclərin heç bir təşəbbüsü diqqətdən kənarda qalmayacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti və növbəti qrant müsabiqəsi ilə bağlı müzakirələrin aparılması məqsədilə dünən “Hyatt Regency” Hotelində gənclər təşkilatları rəhbərlərinin və fərdi şəxslərin iştirakı ilə toplantı keçirildi. Toplantıda Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iştirak edib.
630 layihə maliyyələşdirilib

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Gənclər Fondunun müşahidə Şurasının sədri Tahir Süleymanov tədbiri açaraq bildirdi ki, Fonda maliyyələşdirilmək üçün 973 layihə təqdim olunub, onlardan 630-u maliyyələşdirilib: “Maliyyələşdirilən layihələr üçün 5 milyon 531 min manat vəsait sərf edilib. Növbəti mərhələdə Fonda maliyyələşdirilmək üçün 660 layihə təqdim olunub. Bu müsabiqənin nəticələri dekabrın 13-dən sonra müəyyənləşdiriləcək”.
Tahir Süleymanov bildirdi ki, əsas məqsəd fəal, istedadlı gənclərə dəstək verməkdir. Daha sonra fondun elan etdiyi müsabiqələrdə qrantlar alan gənclər təşkilatlarının, tələbə-gənclər birliklərinin sədrləri, eyni zamanda fərdi qrantlar alan gənclər çıxış edərək öz təkliflərini səsləndirdilər. Tahir Süleymanov bildirdi ki, növbəti qrant müsabiqəsi elan ediləndə gənclərin təklifləri nəzərə alınacaq.
Hər bir dövlət gəncliyə görə narahatdır

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirdi ki, hər bir dövlət sabahı üçün yetişdirdiyi gəncliyə, tərbiyə etdiyi nəsillərə görə narahatdır və ona görə məsuliyyət daşıyır: “Hər bir fəaliyyətin səmərəliliyi həm də onun təkrar gələcəyini planlamasında və gələcəyini təmin etməsində özünü göstərir. İnkişaf da, iqtisadiyyat da, sosial həyat da, nəsillər də belədir. Bir millət bu dövləti, milləti bugünkü nəsildən daha irəli aparacaq gəncliyi, öz gələcəyini yetişdirirsə, sabah üçün arxayın olmaq olar. Azərbaycan müstəqil dövlətinin 20 yaşı var. 20 illik inkişaf bizə bir neçə sahə üzrə gələcəyin təminatını verib”.
Gələcək nəsilləri ilə məşğul olmayan dövlətin gələcəyi ola bilməz

Ə.Həsənov bu gün biz o resurslara söykənərək dövlətimizi, gəncliyimizi, təhsilimizi inkişaf etdirdiyimizi qeyd etdi. Bildirdi ki, bu gün dünyanın ən qabaqcıl universitetlərində Azərbaycan gəncliyinin təhsil almasını maliyyələşdirə bilirik: “Dövlətimiz artıq həm dünyaya açılıb, həm də dünyanın beynəlxalq investisiyaya açıq olan həyatında iştirak edir, xarici ölkələrdə sərmayələr qoyur və s. Bu, faktiki olaraq dövlətimizin gələcək inkişafının iqtisadi qarantıdır”.
PA rəsmisi bildirdi ki, görülən işlərdən biri də dövlət siyasətində gəncliyin yerinin müəyyən olunması və gənclər siyasətinin ayrıca bir istiqamət kimi prioritet vəzifələr sırasına çıxarılması və ona uyğun fəaliyyətin təşkilidir: “Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra yaratdığı ilk mərkəzi hakimiyyət orqanı 1994-cü ildə Gənclər və İdman Nazirliyi oldu. Ümummilli lider bilirdi ki, gəncliyi, sabahı, gələcək nəsilləri ilə məşğul olmayan dövlətin gələcəyi ola bilməz. Gəncliyi ilə məşğul olmayan dövlətin gəncliyi ilə kənar qüvvələr, dövlətlər, o gəncliyi öz dövlətinə qarşı yönəltmək istəyən regional, beynəlxalq güclər məşğul olacaq. Buna görə də müstəqillik illərində bizim əldə etdiyimiz əsas nailiyyətlərdən biri də məhz bu gün sizin bəhrələrindən istifadə etdiyiniz gənclər siyasətini və bu siyasətə söykənərək gənclərin idarə olunması fəaliyyətinin qurulması, tənzimlənməsi idi. 20 ildə bizim məşğul olduğumuz əsas sahələrdən biri Azərbaycan gəncliyidir. Çünki Azərbaycan gəncliyi bizim gələcəyimizdir, Azərbaycan ordusu, mədəniyyəti, təhsili və dünya ilə Azərbaycan əlaqələrinin gələcəyidir”.
Milli-mənəvi dəyərlərimizi qorumalıyıq

Azərbaycan özü gənc olduğu kimi, onun əhalisinin də böyük əksəriyyətinin gənclərdən ibarət olduğunu deyə Ə.Həsənov qeyd etdi ki, ölkə əhalisinin təxminən 65 faizə yaxını 35 yaşa qədər olan gənclərdir: “Bu gəncliyə söykənməklə dünyada millətimizə, dövlətimizə lazım olan və beynəlxalq aləmin normaları çərçivəsində istədiyimiz fəaliyyəti həyata keçirə bilərik. Ümummilli liderimiz arzulayırdı ki, gənclik bir tərəfdən Azərbaycan xalqına, dövlətinə layiqli olsun, milli mənəviyyatını, dəyərlərini, adət-ənənələrini bilsin, onlardan istifadə etsin və qorusun. Eyni zamanda, gənclərimiz dünya ölkələrinin mövcud dəyərlərinə yiyələnməli, xarici dil, yeni texnologiyaları bilməli, dünya ölkələrində kəşf olunan fundamental, o cümlədən ayrı-ayrı sahələr üzrə elmlərin nailiyyətlərinə yiyələnməli və onu öz ölkəsinə tətbiq etməlidir. Azərbaycan gəncliyi dünyada ən yaxşı azərbaycançılıq nümunəsini ortaya qoya bilər. Azərbaycançılıq bizim əsas vəzifələrimizdən biridir”.
Bugünkü gənc sabah dünyada bayrağımızı qaldıracaq

PA rəsmisinin sözlərinə görə, 20 ildə formalaşdırılan və ümummilli liderin əsas vəsiyyətlərindən biri ondan ibarətdir ki, Azərbaycan gəncliyi yetişdirilməli, bu gəncliklə davamlı məşğul olunmalıdır: “Prezident İlham Əliyev 10 illik prezidentliyi dövründə gəncliklə bağlı ümummilli lider tərəfindən əsası qoyulan siyasəti davam etdirib. Gənclər və İdman Nazirliyinin, daha sonra Gənclər Fondunun yaradılması, gənclərin inkişafı ilə bağlı dövlət proqramlarının qəbul olunması, dövlətin digər proqramlarında, qanunlarında gəncliklə bağlı sahələrin ayrıca bir xətlə qeyd edilməsi ona yönəlib ki, Azərbaycan gəncliyini hazırlayaq, yetişdirək və bu gənclik sabahımızı təmin etsin. Bugünkü fərdi, fəal, dövlət tərəfindən yardım olunan, bu və ya digər təşəbbüsü maliyyələşdirilən gənc sabahın lideridir. Sabah o, dövlətin inkişafında iştirak edəcək, dövlətin ən mühüm sahələrinə rəhbərlik edəcək, Azərbaycanı daxildə və xaricdə təmsil edəcək. Bu gün bizim yetişdirdiyimiz, formalaşdırdığımız gənc sabah dünya liderləri sırasında Azərbaycanın bayrağını qaldıracaq”.
Ən yaxşıları seçmək lazımdır

Ə.Həsənovun fikrincə, bir milləti tanıtmaq üçün millətin nümayəndələrinin hamısını bəlli sahəyə yönəltmək lazım deyil: “Onların içərisindən ən yaxşılarını, ən yaxşı liderlik keyfiyyətinə malik olanları seçmək və inkişafına ayrıca qayğı, dəstək verilməlidir. Onlar formalaşdırılıb daha rəqabətə davamlı vəziyyətə gətirilməli və onların vasitəsi ilə dünyada layiq olduğumuz yeri tutmalıyıq”.
Azərbaycanın dünyanın ən firavan ölkələrindən birinə çevrildiyini deyən natiq bildirdi ki, ölkəmiz mənəvi dəyərləri, intellekti, ənənələri, inkişaf perspektivləri ilə dünyada cəlbedici əmsala çevrilib: “Bizim bütün bu mənəvi, maddi, iqtisadi, sosial, enerji və digər resurslarımız təkcə Azərbaycan xalqının firavanlığına deyil, eləcə də bölgənin və dünya ölkələrinin firavanlığına xidmət edir. Gənclər fondu da özünün iki illik fəaliyyətində bu sahələr üzrə dövlət siyasətini gənclər içərisində dəstəkləməyə ünvanlanıb. Fondun yaranmasında əsas qayəsi ondan ibarətdir ki, Gənclər və İdman Nazirliyi bir nazirlik olaraq özünün məhdud saylı kontingenti ilə işçiləri ilə gənclərin bütün təşəbbüslərini dəstəkləyə, gənclərin içərisində onların düşündüyü tərzdə fəaliyyət qura bilməz. Ona görə də fond yarananda məqsəd ondan ibarət idi ki, Gənclər İdman Nazirliyi ilə birgə dövlət siyasəti gənclər arasında həyata keçirilsin, gənclərin ən yaxşı nümunələri tapılsın, onların təşəbbüsləri müəyyən edilsin, ictimai mahiyyət kəsb edən ümumiləşmiş və bütün gəncliyə aid olan layihələr tapılsın, dəyərləndirsin, maliyyələşdirsin və bunun vasitəsilə Azərbaycan gəncliyinin potensialı bir tərəfdən yüksəlsin və bu potensialdan dövlətin, millətin inkişafında istifadə edilsin. Bugünkü müxtəlif istiqamətlər üzrə, müxtəlif kateqoriyalı gənclərlə görüşün də mahiyyəti ondan ibarətdir ki, heç bir təşəbbüs yarımçıq, diqqətsiz qalmasın və fondun vasitəsilə bu gənclərin təşəbbüslərini dəstəkləyək”.
Pul ayırmaq problem deyil

Gənclər üçün vəsait ayırmağın bu gün Azərbaycan üçün heç bir problem olmadığını deyən Ə.Həsənov bildirdi ki, Gənclər Fonduna 10 milyon manat pul ayrılıb. Amma bu, hədd deyil. Əgər bu gün Gənclər Fondu, Gənclər İdman Nazirliyi müəyyən etsə ki, fonda ayrılan pul artırılsın, cənab Prezident dəfələrlə bəyan edib ki, vəsait ayırmağa hazırıq. Əsas odur ki, bu vəsaitlər səmərəli istifadə olunsun, fərdi və ictimai qruplar formasında gənclər aşkarlansın, onların liderlik keyfiyyətləri ümumiləşdirilsin, inkişaflarına dəstək verilsin və bu gənclər vasitəsilə biz özümüzün gələcəyini quraq, daxili, xarici siyasətimizi həyata keçirək, daxildə, xaricdə dostlarımızın sayını artıraq, gələcəklə bağlı bütün problemləri aradan qaldıraq”.
PA rəsmisi Fondla bağlı bir neçə təkliflərini də diqqətə çatdırdı: “Çox istərdim ki, fondun təşkil etdiyi bu təqdimatların dairəsi genişlənsin, tək Bakıda deyil, respublikanın müxtəlif regionlarında, rayonlarında həyata keçirilsin. Həm də bu təqdimata cəlb olunan gənclərin sayı təkcə qrant alan gənclərin və yaxud da gənclər təşkilatının sayına bərabər olmasın. Bu təqdimatlara qrant almaq imkanı olan və Azərbaycan gənclər siyasətinə, Azərbaycan gənclik cameəsinə dəstək verə, xeyir gətirə biləcək insanların sayı getdikcə artsın. Yəni biz bu təqdimatları bundan sonra daha böyük zallarda, saraylarda keçirək. Gənclərin şəxsi inkişafına yönəlmiş cəmiyyət və dövlətin üçün onların əhəmiyyət kəsb edən layihələrinin maliyyələşdirilməsi fərqləndirilməlidir. Yəni layihə maliyyələşdirilərkən bir tərəfdən onun fəaliyyətinin dövlət, cəmiyyət üçün maraqlı nüansları müəyyən edilib dəstəklənməli, digər tərəfdən bu layihələrin əsas məqsədlərindən biri həm də fərd olaraq gənclərin inkişafına xidmət etməsidir. Əgər ətrafınızda potensialı çox yüksək olan bir gənc varsa, onun inkişafı üçün Gənclər Fondu və Gənclər və İdman Nazirliyinin imkanlarından istifadə edilməlidir. Biz bir gənci, bir fərdi liderləşdirməklə və bu liderin imkanları çərçivəsində dövlətimizin, millətimizin bu və ya digər problemləri həll edə bilərik. Bir lider bir dövləti xilas edir, bir xalqın inkişafını təmin edir. Təsəvvürünüzə gətirin ki, biz hər il müxtəlif sahələr üzrə 5-10 belə lider tapsaq, onları qrantlar varsitəsilə inkişaf etdirmək lazımdır”.
Nə etmək lazımdır?

Ə.Həsənov bildirdi ki, layihələri fond tərəfindən maliyyələşən gənclərin sayını artırmalıyıq: “Əminəm ki, dövlət tərəfindən dəstəklənməsinə ehtiyac olan gənclərin sayı bu gün maliyyə dəstəyi alan, qrant alan gənclərin sayından qat-qat çoxdlur. Nə etmək lazımdır? Deməli, təmsil olunan təşkilatlar ətraflarına baxmalı və bunların sayını getdikcə artırmalıdır. Bu layihələrə onların cəlb edilməsini asanlaşdırmalıdır. Fond tərəfindən layihəsi maliyyələşdirilən gənclərdən Toğrul çıxışında qeyd etdi ki, “daha çox pul, daha az bürokratiya”. Yəni qrantları almağı asanlaşdırmaqla daha çox kontingent cəlb etmək olar, imkan çərçivəsində qrantların miqdarını da artırmaq olar. Əsas odur ki, heç bir təşəbbüs kənarda qalmasın, hər bir təşəbbüs dəstəklənsin”.
PA rəsmisinin sözlərinə görə, bu gün fundamental elmin ən çətin, daha çox maliyyə tələb edən sahələri ilə böyük dövlətlər və onların mərkəzləri məşğul olur: “Biz də məcburuq ki, tibdə də, iqtisadi fəaliyyətdə də Qərbin ortaya qoyduğu texnologiyalardan istifadə edək. Bütün bunlara baxmayaraq, Qərbin əsası olmadan təlqin elədiyi bu və ya digər dəyərlərdən, bəzən gəncliyi, mətbuatı, ayrı-ayrı jurnalistləri, cüzi qrant verməklə öz xalqına, öz dövlətinə qarşı istifadə etməsindən və digər bu kimi təhlükələrdən xilas olmaq lazımdır. Bir gəncin hansısa anti-Azərbaycan qüvvəsinin hansısa layihəsinə dəstək verib, oradan 2-3 min manat alıb, müəyyən ehtiyacını ödəməsindən xilas olmaq vaxtımızdır. Bizim buna imkanımız da var. Gəncləri xarici mənfi təsirlərdən azad etmək hər birimizin borcudur”.
Bundan sonra da dəstək verməyə hazırıq

Ə.Həsənov iki illik fəaliyyət çərçivəsində fondun kifayət qədər müsbət işlər gördüyünü bildirdi: “Bu qədər fəal, təşəbbüskar və intellektli gənclər ortadadır və hər birinin arxasında bir təşkilat dayanır. Çalışmaq lazımdır ki, bu fəaliyyət davam eləsin. Bundan sonra da bir dövlət olaraq bu işə dəstək verməyə hazırıq. Azərbaycan Respublikasının Prezidenti bu il yenidən dövlət başçısı seçildi. Bu seçkilərdə gənclərin rolunu xüsusi qiymətləndiririk. Seçkidən əvvəl gənclərlə keçirdiyimiz görüşlərdə gənclik birmənalı şəkildə prezident İlham Əliyevi dəstəklədi. Bir sözlə siz Azərbaycan dövlətinin irəli sürdüyü bütün təşəbbüslərdə dəstək verməklə dövlətin həyatında iştirak etməlisiniz”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər