• cümə, 29 Mart, 13:59
  • Baku Bakı 14°C

Gənclərin əmək bazarına daxil olması üçün yeni fürsət

23.04.19 09:30 813
Gənclərin əmək bazarına daxil olması üçün yeni fürsət
Günümüzdə gənclərin yaşadığı ən böyük problemlərdən biri də işsizlikdir. Gənclərin əksəriyyəti təcrübəsiz olduqlarına görə, əmək bazarından kənarda qalırlar. Xüsusilə də özəl sektorun əsas tələblərindən olan "təcrübə” tələbi gənclər üçün iş həyatına addım atmağa əngəl törədən faktorlardandır. Məsələnin aktuallığını nəzərə alan bəzi dövlət qurumları bu sahədə problemlərin həlli istiqamətində bir sıra addımlar atır. Qeyd edək ki, ölkə gənclərinin hərtərəfli inkişafı, üzləşdikləri problemlərin həll edilməsi, o cümlədən, onların layiqli məşğulluğunun təmin edilməsi ölkə başçısı cənab İlham Əliyevin hər zaman diqqət mərkəzindədir.Gənclərsiyasəti haqqında Qanun və "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda gənclərin məşğulluğunun artırılması dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir.
Bununla əlaqədar, Gənclər Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birlikdə 29 yaşına qədər olan orta-ixtisas təhsil müəssisələri və ali təhsil müəssisələrinin məzunları üçün Gənclərin Məşğulluğu Proqramına start verib. Layihə haqda məlumat verən Bakı şəhər Məşğulluq İdarəsinin rəis müavini Fatimə Ələkbərovanın sözlərinə görə,Gənclərin Məşğulluğu Proqramınınməqsədi gənclərin uğurlu karyera planlaşdırmasına (ixtisas üzrə iş tapmaq), əlavə iş (xüsusilə də regionlarda) yerlərinin yaradılmasına, iş üçün müraciət edən gəncin ilk iş təcrübəsi qazanmasına, əmək bazarında rəqabətin artırılmasına dəstək verməkdir: "Ali və orta-ixtisas təhsili müəssisələrinin 29 yaşına qədər olan məzunlarıProqram çərçivəsində işə cəlb olunacaqlar. Onlarla minimum 1 illik əmək müqaviləsi bağlanacaq və müəyyən müddətə əmək haqqının birqismi Fond tərəfindən maliyyələşdiriləcək. Gənclər üçünGənclər Fonduvə Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil ediləcək karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı da yaradılıb. Proqramın icrası zamanı sosial cəhətdən həssas kateqoriyalardan (əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, məcburi köçkünlər və s.) olanlara, regionlarda yaşayanlara, iş təcrübəsi olmayanlara üstünlük veriləcək. Proqrama ilk qəbul 15 aprel - 30 may tarixlərini əhatə edəcək. Proqrama müraciət edən gənclərdən, iş tapılmasında çətinlik yaranan şəxslər olduqda, onların siyahısı Fond tərəfindən tərtib edilərək Dövlət Məşğulluq Xidmətinə təqdim olunacaq və Xidmət tərəfindən onların məşğulluğu təmin ediləcək. Proqramın icrası prosesi il boyu davam etdiriləcək, təklif olunan vakansiyalar mütəmadi olaraq yenilənəcək. Həmçinin işə qəbul olunan gənclərin əmək fəaliyyətinə Gənclər Fondu tərəfindən davamlı olaraq monitorinq həyata keçiriləcək. İştirak etmək istəyən gənclər Fondun internet səhifəsindəqeydiyyatdan keçib, elektron xidmətlər bölməsindən onlayn qaydada müvafiq vakansiya üzrə müraciətlərini göndərə bilərlər”.
Həyata keçirilməsi planlaşdırılan layihənin gənclərin iş həyatına necə müsbət təsir edəcəyini, hansı üstünlükləri olacağını öyrənməyə çalışdıq.
İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd etdi ki, iki qurumun birgə həyata keçirdiyi bu layihə gənclər üçün çox mühüm və günün tələblərinə uyğun bir addımdır: "Hazırda gənclərin qarşılaşdığı ən ciddi problemlərdən biri işsizlikdir. Təəssüflər olsun ki, özəl sektorda fəaliyyət göstərən bir sıra şirkətlər təcrübəsi olmayan gəncləri işə götürməkdə maraqlı deyillər. Yəni düşünün ki, hansısa bir gənc universiteti yeni bitirib və ya sonuncu kursda oxuyur, kifayət qədər bilikli, potensiallı olmasına baxmayaraq, şirkətlər onları işə qəbul etməkdən imtina edirlər. Səbəb kimi də iş təcrübələrinin olmamağını göstərirlər. Gənclər Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu layihəsi son dövrlər gənclər siyasəti sahəsində atılan ən mühüm və əhəmiyyətli addımlardan biridir. Bu, həqiqətən ölkə gənclərinin işlə bağlı probleminin həllinə yardım edəcək. Məndə olan məlumata görə, özəl şirkətlərdə ilkin olaraq 80-ə yaxın vakansiya var və bu say genişlənməkdədir. Bu layihə işsiz gənclərin sayının azalmasına, onların əmək bazarına daxil olmalarına, öz bilik və bacarıqlarını nümayiş etdirməsinə vəsilə olacaq. Digər tərəfdən, bu, gənclərdə müsbət istiqamətdə psixoloji-mənəvi dəyişikliyə səbəb olacaq. Çünki gənclər hər dəfə hansısa şirkətə iş üçün müraciət edəndə iş təcrübələri olmadığı üçün "yox” cavabı onları məyus edirdi, ruh düşkünlüyü yaradırdı. Amma bu layihədən sonra situasiya tamam fərqli olacaq. Əmək haqqının bir hissəsinin də Fond tərəfindən qarşılanması olduqca təqdirəlayiqdir”.
Sosioloq Əhməd Qəşəmoğlu vurğuladı ki, ideya yaxşıdır, ümid edirik nəticələri də uğurlu olar: "Amma layihədə ən mühüm məsələ onun həyata keçirilmə mexanizmidir. Bu layihədə hələ ki, qarşıya qoyulan işlərin həyata keçirilmə mexanizmi tam aydın deyil. Digər tərəfdən, iş üçün müraciət edən şəxslərin bu barədə təsəvvürü yoxdur. Məşğulluqla bağlı işlər uzun müddətdir aparılır. Lakin şirkətlərin işə yanaşması formal xarakter daşıyır. Bir çox gənc məşğulluq idarələrində qeydiyyatdan keçsə də, sonda həmin işdə işləməsi barədə kiçik bir kağız parçası alır. Amma bizə lazımdır ki, əsl mütəxəssis yetişsin. Düzdür, bu layihə müəyyən mənada işsizliyin aradan qalxmasına kömək edəcək, lakin məsələni daha fundamental şəkildə həyata keçirmək lazımdır. Düşünürəm ki, ilk olaraq müəyyənləşdirmək lazımdır ki, hansı sahədə işçiyə daha çox tələbat var. Həmin sahələri müəyyən edib, gəncləri o istiqamətdə yetişdirmək vacibdir. Məsələn, günümüzdə xidmət, turizm və sosial iş sahədə mütəxəssislərə daha çox ehtiyac var. Hesab edirəm ki, bu məsələyə Təhsil Nazirliyi və başqa strukturların da cəlb edilməsi daha yaxşı olardı. İstənilən halda, ideya yaxşıdır, nəticələrinin uğurlu olmasını ümid edirik”.
Günel Azadə
banner

Oxşar Xəbərlər