• cümə, 29 Mart, 06:26
  • Baku Bakı 5°C

Gənclərin arzularını reallaşdıran fond – Ad günü

29.12.14 09:35 1715
Gənclərin arzularını reallaşdıran fond – Ad günü
Gənclər fondunun 3 yaşı oldu
“Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”. Bu sözlər ulu öndər Heydər Əliyevin gənclərə dəstək olmasının və onların daim arxasında durmasının bariz nümunəsidir.
1999-cu ildə Heydər Əliyev tərəfindən “Dövlət Gənclər Siyasəti haqqında” Fərman imzalandı. Fərman gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edirdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 19 dekabr 2011-ci il tarixli, 542 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradıldı. Bu müddət ərzində gənclərə dəstək olan və uğurlu layihələrə imza atan fond bu həftə 3 yaşını qeyd etdi. Biz də fondun 3 il ərzində gördüyü işlər, gənclərin buna münasibəti ilə maraqlanmaq üçün kiçik bir araşdırma aparmaq qərarına gəldik.
3 illik fəaliyyət
Bu illər ərzində Fondun gördüyü işlərə nəzər saldıqda, doğrudan da, uğurlu və dinamik bir inkişafın şahidi oluruq. Belə ki, Gənclər Fondu tərəfindən 3 il ərzində 6 qrant müsabiqəsi həyata keçirilib. Müsabiqələr yerli, beynəlxalq, fərdi, səfər qrantları və təşkilati inkişaf layihələri olmaqla 5 kateqoriya üzrə baş tutub. Həmçinin qurum ölkədə ilk dəfə elektron müraciət sistemi yaratmaqla gənclərin Fond ilə əməkdaşlığını daha asan və maraqlı edib. Müsabiqələrdə qalib olmuş və icra edilmiş layihələr Azərbaycanın bütün bölgələrini əhatə edib. Qrant müsabiqələri ilə yanaşı, gənclər il boyu fondun səfər qrantı kateqoriyasına müraciət edərək xarici ölkələrdə keçirilən təlimlərə, seminarlara, tədbirlərə qatılmaq imkanı əldə edə bilirlər. Səfər qrantı kateqoriyası üzrə artıq 102 gənc xaricdə keçirilən tədbirlərdə iştirak şansı qazanıb. Gənclər Fondu ölkəmizdə ilk dəfə olaraq gənclərin layihələrini internet vasitəsilə qəbul edib.
İlk qrant müsabiqəsində fonda 165, sonuncu 6-cı qrant müsabiqəsində 1249 layihə daxil olub. Hazırda Fondun saytında 304 gənclər təşkilatı və 3842 fərdi gənc qeydiyyatdan keçib. Müxtəlif sosial şəbəkələrdə Fondun səhifələri on minlərlə gənc tərəfindən izlənilir.
“Əngəllər aradan qalxıb”
Gənclər Fondunun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov qəzetimizə açıqlamasında 3 illik fəaliyyətlərini dəyərləndirərkən bildirdi ki, fond ölkədə ilk dəfə olaraq təşkilatlanmamış, lakin yaradıcı, fəal gənclərin və tələbələrin fərdi qaydada layihələrinin reallaşmasını həyata keçirib: “Ölkə başçısının fondun yaradılması ilə bağlı fərmanı çox əhəmiyyətli və tarixi hadisədir. Məhz fərmanın imzalandığı gündən etibarən gənclər, gənclər təşkilatları öz sosialyönlü ideya və layihələrini həyata keçirə bilirlər. Bu yolla hökumətlə gənclər arasında mümkün ola biləcək maneələr, bürokratik əngəllər aradan qaldırılıb, münasibətlər daha da yaxınlaşıb. Buna görə də cəmiyyətin ən aktiv təbəqəsi olan gənclər fondun yaradılmasını və fəaliyyətini müsbət qiymətləndirirlər. Çünki fond onların dövlətçilik işində daha aktiv iştirak etmələrinə şərait yaradır, cəmiyyətə, vətənə olan bağlılıqlarını aydın şəkildə ifadə edə bilmələri üçün fürsət tanıyır”.
“Həyatım kökündən dəyişdi”
Fondun qrant müsabiqələrindən birinin qalibi olan Rövşən Abdürrəhmanlı deyir ki, müasir Azərbaycan gəncinin həyatında bu qurumun rolu əvəzsizdir: “Gənclər fondunun fəaliyyət göstərməsi gənclərə verilən yüksək diqqət və qayğının göstəricisidir. Fondun həyata keçirdiyi və dəstək verdiyi layihələrin sayəsində bacarıqlı və savadlı gənclərin bir araya gəlməsi, müxtəlif səpkili mövzularda müzakirələrin aparılması ümumilikdə cəmiyyətin inkişafına töhfə verir desəm, yanılmaram. Birbaşa Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyim “Zəka Savaşı” jurnalistlər arasında intellektual oyun çərçivəsində 50-dən çox jurnalist bir araya gəldi. Öz intellektlərini nümayiş etdirməklə yanaşı, yeni biliklərin əldə olunması baxımdan da bu layihənin müsbət faydası oldu. Bununla yanaşı, layihənin sayəsində jurnalistlərin fikir mübadiləsi aparması üçün də kiçik bir platforma yarandı və jurnalistikanın bütövlükdə bir cəmiyyətin güzgüsü olduğu prizmasından yanaşsaq, bütün bunların cəmiyyətə nə kimi xeyirli olması haqda danışmaq yəqin ki, lüzumsuzdur”.
Həmsöhbətimizin sözlərinə görə, layihə onun həyatını kökündən dəyişib: “Layihə həyatımda bir sıra dəyişikliklərə səbəb oldu. Ən azından yeni həmkarlarımla tanış oldum, bilmədiklərimi öyrəndim, bildiklərimi isə təkrar etdim. Mən vətənimizin daha parlaq gələcəyi üçün Gənclər Fondunun fəaliyətini təqdir edir və inanıram ki, fondun 2015-ci ildə əldə etdiyi uğurlar, gənclər sektrouna verə biləcəyi xeyir daha çox olacaq”.
Gənclər siyasətində yeni addım
Əligül Ağayev fondun həyata keçirdiyi bir çox layihələrdə iştirak edib. O, deyir ki, fondun yaradılması ilə gənclər siyasətinin yeni mərhələsinə qədəm qoyuldu: “ Gənclərin inkişafı üçün onların öz potensialının istifadə olunması və bu dəstəyin birbaşa dövlət tərəfindən verilməsi dünya təcrübəsində olan azsaylı nümunələrdən biridir. Keçirilən layihələrin mövzuları, əhatə dairəsi bütün Azərbaycan gəncliyinin Fonddan yararlandığını göstərir. Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən bir çox layihələrdə iştirak etmişəm. Fondun dəstəyi ilə gerçəkləşdirdiyim “erkən nikahlara” bağlı layihəm sayəsində onlarla gənci məlumatlandırdım. Bu, vətəndaşlarımızın və mənim inkişafım üçün vacib olan məqamlardan biri idi”.
Məlumat üçün bildirək ki, fond önümüzdəki ildə fəaliyyətini daha da genişləndirməyi planlaşdırır. Növbəti ildə müxtəlif telekanallarda intellektual televiziya layihələri, daha geniş miqyaslı və əhatəli gənclik və idman layihələri, sosial çarxlar çəkiləcək, müsabiqələr, gənclər arasında ixtiraçılığın inkişafına dəstək verən layihələr həyata keçiriləcək.
P.S : «Gənclik qəzeti» Gənclər Fondunu təbrik edir və gənclərə daim dəstək olduqları üçün minnətdarlığımızı bildiririk.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər