• cümə axşamı, 25 aprel, 05:10
  • Baku Bakı 19°C

“Gənclərimizin təhsili bizim üçün prioritetdir”

22.08.14 16:14 2612
“Gənclərimizin təhsili bizim üçün prioritetdir”
Fazil Həsənov 11 mart 1956-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji və Tbilisi Sosial İqtisad universitetlərini bitirib. Əmək fəaliyyətinə orta təhsil ocaqlarında müəllim kimi başlayıb. Sonralar rayon və şəhər partiyasında şöbə müdiri, Marneuli rayon icra başçısının müavini vəzifələrində çalışıb. Sistematik şəkildə yerli özünüidarəetmə orqanlarına deputat da seçilib. Bununla yanaşı, Alman-Gürcüstan “İntertreyd” və Gürcüstan-Azərbaycan “Evrika” şirkətlərinin direktoru işləyib. 2004-cü ildən bu günədək Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) İdarə Heyətinin sədridir. Azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasındakı xidmətlərinə görə “Qızıl buta”, “Qobustan” mükafatlarına, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Azərbaycan - Gürcüstan dostluğunun möhkənləndirilməsi istiqamətində, eləcə də Gürcüstanda yaşayan azərbaycanlıların inkişafı və cəmiyyətə inteqrasiyası sahəsində apardığı uğurlu fəaliyyətə görə “Tərəqqi” medalına layıq görülüb. Tbilisi Bizness və Hüquq Universitetinin fəxri doktorluq adına layıq görülən F.Həsənov hazırda Dünya Azərbaycanlılarının Əlaqələndirmə şurasının üzvüdür. Tərcümeyi-haldan da göründüyü kimi “Kaspi” qəzetinin bu dəfəki müsahibi AMM İdarə Heyətinin sədri, dəyərli el oğlumuz F.Həsənovdur.
- Fazil müəllim, ilk öncə rəhbərlik etdiyiniz Mərkəzin fəaliyyəti barədə qısa məlumat vermənizi istərdim. AMM Gürcüstanda nə zamandan yaradılıb və əsas fəaliyyəti, məqsədi, hədəfləri nədən ibarətdir?
- Azərbaycanlıların Mədəniyyət Mərkəzi 2004-cü ildən qeydiyyatda olsa da əsas fəaliyyətinə 2006-ci ildən başlayıb. Təşkilatın məqsədi Gürcüstanda yaşayan azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiya etmələrinə kömək etməkdir. İnteqrasiyanın isə yolları çoxşaxəlidir. Əsas işimiz gənclərin maarifləndirilməsindən ibarətdir. Bura Gürcüstan dovlət dilinin dərindən öyrənilməsi, eyni zamanda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi, mədəniyyətimizin gürcü cəmiyyətində təbliği daxildir. Bu istiqamətdə bir çox layihələr həyata keçirilir.
- Bir çox layihələrin həyata keçirildiyini qeyd etdiniz. Həmin layihələr çərçivəsində görülən işlər hansılardır?
- Məmnuniyyətlə. Gənclərimizin təhsili bizim üçün əsas prioritetdir. AMM-in təşkilatçılığı ilə 2006-ci ildən bu günədək Tbilisinin ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr üçün stimul verici təqaüdlər ayrılır. Təqaüd proqramı bir sıra Azərbaycan dövlət qurumlarının və özəl şirkətlərinin dəstəyi ilə həyata keçirilir. Bundan başqa İslam İnkişaf Bankı və AMM arasında imzalanan memoranduma əsasən “Təhsilə faizsiz kredit” proqramı həyata keçirilir. Bu proqram çərçivəsində imkansız tələbələrin təhsil haqqları ödənilir və onlara təqaüdlər verilir. Prioritet sahələr həkimlik, muhəndisslik, iqtisadiyyat və kənd təsərufatı üzrə peşələrdir. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə Gürcüstanın azərbaycandilli məktəblərində dərslərdən əlavə gürcü dil öyrətmə kursları təşkil olunub. Kurs məzunlarının 80 faizi ali məktəblərə qəbul olublar. Bundan başqa DİDK-nin və AMM-nin xətti ilə 18 nəfər gəncimiz Şimali Kiprin Yakın Doğu Universitetində təmənnasız təhsil alma şansını qazanıb. Onların bir çoxu artıq universiteti fərqlənmə ilə bitirib ölkəmizə qayıdıblar. Mədəniyyətimizin təbliği istiqamətində isə AMM-in nəzdində “Sarvan” folklor ansamblı fəaliyyət göstərir. Ansamblda rəqs qrupu, aşıqlar və musiqiçilər qrupu mövcuddur. Ansambl dəfələrlə Azərbaycan xalq rəqslərinin nümayişi ilə Gürcüstanda, eləcə də ölkədən kənarda keçirilən beynəlxalq müsabiqələrdə Qran Pri və digər mükafatların sahibi olub. Bütün bunlarla yanaşı, bölgədə informasiya qıtlığını aradan qaldırmaq məqsədilə Azərbaycan dilində “Regionpress” qəzeti, hər iki xalqın mədəniyyəti və ədəbiyyatı haqqında materiallar dərc edən yeganə rəngli, “Meydan” jurnalı, və elmi-kütləvi “Qarapapaqlar” dərgisi çap olunur. Eyni zamanda, AMM-in kitabxanası da fəaliyyət göstərir ki, burada sistemli olaraq yazarlarımızın yeni kitablarının təqdimatı keçirilir, tariximizə, ədəbiyyatımıza və ənənələrimizə aid olan kitablarımızın nəşrinə köməklik göstərilir.
- Bildiyim qədər, AMM-in Gənclər şöbəsi də var. Bu şöbə azərbaycanlı gənclərlə işini hansı səviyyədə qurur?
- Əvvəlki suallara cavabımdan da aydın olduğu kimi, bizim işlərimizin əksəriyyəti gənclərə yönəlir. Gənclər şöbəsi AMM-in daxilində olsa da tam müstəqil hərəkət edir. Şöbənin rəhbəri Nərgiz Əliyevadır. Müəyyən layihələr həyata keçirilir. Gənclər müxtəlif klub və dərnəklərə cəlb olunurlar. Gənclərlə müntəzəm görüşlər keçirilir, onların problemləri dinlənilir, müxtəlif mövzularda müzakirələr aparılır, sistematik şəkildə kurslar, seminarlar təşkil olunur. Yay aylarında Azərbaycana və Gürcüstanın bir sıra bölgələrinə ekskursiyalar təşkil olunur. Məktəblilərimiz DİDK tərəfindən “Virtual məktəb” layihəsinə qoşulur və burada Azərbaycan tarixi, dili və ədəbiyyatı öyrənilir. Gənclər şöbəsi Azərbaycan həqiqətlərinin Gürcüstanda təbliği ilə bağlı ilboyu müxtəlif aksiyalar, tədbirlər həyata keçirir. “Xocalıya Ədalət” kampaniyasının ilk dəfə Gürcüstanda rəsmi şəkildə həyata keçirilməsi çərçivəsində bu il ölkəmizin bir sıra regionlarında, şəhərlərində, paytaxt Tbilisidə gürcü gənclərinin iştirakı ilə aksiyalar, tədbirlər keçirildi. Bukletlər və məlumat kitabçaları şəhər sakinlərinə paylanıldı, filmlər nümayiş olundu. Belə aksiyalar tələbələrimiz tərəfindən də sistematik şəkildə həyata keçirilir. Bu yaxınlarda isə AMM Gənclər şöbəsinin təşkilatçılığı ilə “Azərbaycan-gürcü gənclərinin gözü ilə və Gürcüstan- Azərbaycan jurnalistlərinin gözü ilə” adlı layihə həyata keçirildi. İlkin mərhələ Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutdu. Bir qrup gürcü gənci və jurnalistlər Azərbaycanın bəzi bölgələrinə, o cümlədən paytaxt Bakıya səfər edərək, xalqımızın mədəniyyəti, tarixi və həqiqətləri ilə tanış oldular. Eyni tipli layihə bu ayın 1-dən 4-dək Gürcüstan Gənclər və Uşaqların İnkişafı Fondunun maliyyə dəstəyi ilə reallaşdı. Azərbaycanlı gənc jurnalistləri Gürcüstana səfər edərək bu ölkə ilə yaxından tanış oldular. Bundan başqa şöbə istedadlı gənclərə dəstək, müxtəlif konsertlərin təşkili, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində də işlər görür. Şöbənin Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərlə də sıx əlaqəsi, əməkdaşlıq planları var.
- Sizin təşkilat azərbaycanlıların kompakt yaşadığı bir ərazidə fəaliyyət göstərir. QHT rəhbəri olaraq hazırda Gürcüstan azərbaycanlılarının ictimai-siyasi, sosial-iqtisadi durumunu necə qiymətləndirirsiniz?
- Gürcüstandakı ictimai siyasi prosseslərində azərbaycanlıların iştirakı yüksəlmək üzrədir. Hazırda azərbaycanlılar demək olar ki, ölkənin bütün aparıcı partiyalarında təmsil olunublar. Bunu biz yerliözünüidarə etmə orqanlarına seçkilər zamanı da müşaidə etdik. Siyasi baxışların müxtəlifliyi və insanlarımızın seçki prosseslərində fəal iştirak etməsini bu sahədə inkişafın göstəricisi kimi giymətləndirmək olar. Təəssüflər olsun ki əhalinin iqtisadi durumu arzu olunan səviyyədə deyil. Çox zaman gənclərimizin əksəriyyəti iş dalınca qonşu ölkələrə üz tutular.
- Azərbaycanlı jurnalistlər Marneuli rayon icra hakimiyyətində görüşdə olarkən Gürcüstan Prezidentinin milli azlıqlar üzrə müşaviri Sofiya Şamanidi Gürcüstan azərbaycanlıları ilə bağlı əsas problemin gürcü cəmiyyətinə inteqrasiya olduğunu diqqətə çatdırdı. Sizcə, inteqrasiyaya mane olan amillər hansılardır?
- Təbii ki, inteqrasiyaya mane olan amillər hələ də mövcuddur. Lakin bu istiqamətdə proses artıq başlayıb. Əhalinin əksər hissəsinin dövlət dilini bilməməsini, nəşr olunan qazet və jurnalların aztirajlı olmasını, məktəblərdə kadr çatışmaazlığını və digər problemləri bu sıraya aid etmək olar. Ünsiyyət problemi, yeni qanunların əhaliyə gec çatması, yeni informasiyaların yayımı və sair kimi problemlər də inteqrasiyaya mane olur. Bunun üçün dövlət də bizim kimi fəaliyyət göstərən təşkilatlar da müəyyən addımlar atmaqdadırlar. Misal üçün, orta məktəblərdə dövlət dilinin tədrisinin effektli aparılması üçün yeni dərs metodikaları tətbiq olunub, dərs saatları artırılıb, bilinqval tədris proqramları və könüllülər cəlb olunublar. Əhaliyə pulsuz gürcü dilini tədris edən, azərbaycanlı ailələrdə yaşayan könüllülər azərbaycanlıların yaşadıqları ərazilərə göndəriliblər.
- Gürcüstanda azərbaycanlı şagirdlərin orta təhsil aldığı məktəblərdə kadr çatışmazlığı özünü göstərməkdədir. AMM bu problemin həlli məqsədilə dövlət qarşısında hansısa təkliflə çıxış edibmi?
- Bu sahədə doğrudan da müəyyən problemlər mövcuddur. Əsas problem isə sırf orta təhsillə bağlıdır. Azərbaycandilli məktəblərdə kadr problemi hələ də mövcuddur. İxtisaslı mütəxəssislərimiz olduqca azdır. Gənc kadrlar çatışmır. Bu problemin həlli üçün biz də öz tərəfimizdən müəyyən təkliflər irəli sürmüşük. Problemin həllini ali təhsil ocaqlarında Azərbaycan dili və ədəbiyyatı fakultələrinin açılmasında, yaxud tələbələrin Azərbaycanda təhsil almasında görürük. Bunun üçün isə hər iki Təhsil və Elm Nazirlikləri arasında razılıq olmalı, hər iki ölkə bu məsələ ilə bağlı birgə səy göstərməlidir. Ümid edirik ki, bunun üçün müəyyən addımlar atılacaqdır. Vaxtilə orta təhsil müəssisələrinin yararsız vəziyyətdə olması da ciddi problem kimi özünü göstərməkdə idi. Amma artıq məktəblərin tikintisi və təmiri ilə bağlı ümidverici addımlar atılmaqdadır. Kvemo Kartli regionunda demək olar ki, bir neçə məktəblər təmir olunur. Bir sıra regionlarda Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyəli orta məktəb binalarının tikintisi və əsaslı təmiri həyata keçirilir. Çox acınacaqlı vəziyyətdə olan məktəblər dövlət tərəfindən də yenidən qurulur və təmir olunur. Buna baxmayaraq, hələ də yenidən tikilməyə və təmirə ehtiyac duyulan məktəblər çoxluq təşkil edir.
- Əgər son illərin statistikasını nəzərə alsaq, azərbaycanlı gənclərin ali məktəblərə qəbul olma göstəricisini necə qiymətləndirərdiniz?
- Bu istiqamətdə vəziyyət qənaətbəxş sayıla bilər. 2006-ci ildə təqaüd proqramına başlayanda Gürcüstan üzrə tələbələrin sayını müəyyənləşdirirdik, vəziyyət çox acınacaqlı idi. Təsəvvür edin, o zaman Gürcüstanın dövlət universitetlərində təhsil alan azərbaycanlı tələbələrin ümumi sayı cəmi 17-nəfər idi. Bu problemin həlli yollarını düşündük. Dövlət rəhbərliyinə təklif məktubu ilə müraciət etdik. Təklifimiz Gürcüstanda yaşayan azərbaycanlılar və digər az sayılı xalqlar üçün 1+4 proqramının tətbiqi ilə nəticələndi. İndi tələbələr ana dillərində imtahan verərək universitetlərdə təşkil olunan hazırlıq bölümünə daxil olurlar, 1 il ərzində gürcü dilini mənimsəyirlər və təkrar imtahan verərək ali təhsil ocaqlarına vəsiqə qazanırlar. Hər il yüzlərlə azərbaycanlı dövlət hesabına bu proqramndan yararlanır. Bu proqram tətbiq olunduqdan sonra ali təhsil ocaqlarında təhsil alan tələblərimizin sayı maksimal dərəcədə artıb. Bu gün Gürcüstanın Akreditə Olunmuş Ali Təhsil Ocaqlarında təhsil alan azərbaycanlı tələbələrimizin ümumi sayı 1500nəfərdən çoxdur.
- Ali təhsil almaq bir məqsəddirsə, ikinci məqsəd ixtisasın üzrə iş tapa bilməkdir. Gürcüstanda yaşayan azərbaycanlı gənclərin bu mənada hansı qayğıları var? Ali təhsil aldıqdan sonra onlar özlərinə iş tapa bilirlərmi?
- İşsizlik problemi bir çox ölkələrdə, o cümlədən Gürcüstanda da mövcuddur. Digər vətəndaşlar kimi, azərbaycanlı gənclər də bu problemlə üzləşirlər. Yüksək potensiala malik olan, bir neçə dili mükəmməl şəkildə mənimsəyən kadra hər yerdə etiyac vardır. Ali təhsilini bitirən gənclərimizin işlə təmin olunma prosesi artıq başlayıb. Gənclərimiz bank sahəsində, tibbi müəssisələrdə, özəl şirkətlərdə və dövlət qurumlarında işlə təmin olunurlar. Amma ümumən çox təəssufedici haldır ki, əksər gənclər ali məktəbi bitirdikdən sonra işsizliklə qarşılaşır.
- Səhv etmirəmsə, 1990-cı illərin əvvəllərindəki qarmaqarışıq vaxtlarda Gürcüstanda azərbaycanlılar yaşayan bir sıra yaşayış məntəqələrinin adları dəyişdirildi. Bununla bağlı bir çox dövlət qurumlarına, həmçinin Gürcüstan prezidentinə də müraciətlər oldu. Hazırda bu məsələ ilə bağlı vəziyyət nə yerdədir?
- Bu məsələ ilə vaxtaşırı müzakirələr olunub. Ümid edirik ki, Avropa ailəsinə qoşulacaq ölkəmizdə yaxın vaxtlarda bu məsələnin həlli istiqamətində də müsbət irəliləyiş müşahidə olunacaqdır.
- Artıq iki ilə yaxındır ki, Gürcüstanda yeni hakimiyyət fəaliyyətdədir. Ötən müddətdə azərbaycanlıların yaşadığı ərazilərdə müsbətə və ya mənfiyə doğru nələr dəyişib, hansı işlər görülüb?
- Gürcüstanın hərtərəfli inkişafı bizə də öz müsbət təsirini göstərir. Gürcüstanın tamhüquqlu vətəndaşı olaraq bu ölkədə tətbiq olunan yeniliklərdən biz də yararlana bilirik. İnsanların hüquqlarının qorunması, problemlərinin həll edilməsi istiqamətində konkret addımların atılması, kənd təssərrüfatına diqqət və dəstək az bir zamanda hiss olunur. Bir çox kəndlər və şəhərdaxili küçələr asfaltlaşıb və abadlıq işləri aparılır. Azərbaycanlı gənclərin dövlət idarəetmə orqanlarında təmsil olunması üçün müəyyın işlər olunur.
- Ukrayna və Moldova kimi Gürcüstan da Avropa İttifaqı ilə Assosiasiya sazişini imzaladı. Sizcə bu sazişin imzalanması, Avropa İttifaqı ilə yaxınlaşma bütövlükdə Gürcüstana, o cümlədən orada yaşayan soydaşlarımıza nə verəcək? Onların həyatında nələri dəyişəcək?
- Gürcüstanın Avropaya inteqrasiya prosesi neçə ildir ki, davam edir. Bu il bu istiqamətdə sazişin imzalanması mühüm hadisə oldu. Sazişin imzalanması Gürcüstana bir çox müsbət imkanlar açır. Bunlara misal olaraq, Gürcüstan vətəndaşlarının Avropaya vizasız səyahət etməsini, Gürcüstan vətəndaşlarının ölkədə istehsal olunan malları gömrük rüsumu ödəmədən Avropaya ixrac edə biləcəyini, öz məhsullarını 500 millyon əhalisi olan bazara çıxara biləcəyini göstərmək olar. Eyni zamanda ölkəmiz Avropa İttifaqının layihələrinə qoşulacaq, əmək şəraiti yaxşılaşacaq, təhsilin keyfiyyəti yüksələcək, sosial müdafiə sistemi təkmilləşəcək, kənd təssərrüfatı məhsullarının emal edən yeni müəssisələr açılacaq, gürcü məhsullarının keyfiyyəti artacaq, su sistemi, enerji təhslükəsizliyi təmin olunacaq, bir sıra mühüm sahələr inkişaf edəcəkdir. Bütün bunlardan Gürcüstan vətəndaşı olan azərbaycanlılar da bəhrələnəcəklər.
Rufik İSMAYILOV
Gürcüstan, Marneuli
banner

Oxşar Xəbərlər