• cümə, 29 Mart, 06:18
  • Baku Bakı 5°C

"Gənclərimizin problemlərinin həlli Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir"

02.02.19 15:08 439
"Gənclərimizin problemlərinin həlli Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir"
Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında nitq söyləyən Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən gənclər siyasətinin konseptual əsaslarından danışaraq bu siyasəti milli inkişafımızı təmin edən mühüm istiqamət kim səciyyələndərdi. 1994–cü ildə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasətin Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin etməklə onların ictimai, siyasi, mədəni və iqtisadi həyatımızın bütün sahələrində bugünkü vacib yerini və rolunu müəyyən etdiyini bildirərək hazırda da gənclər siyasətinin diqqət mərkəzində olduğunu vurğuladı.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, əslində dövlətimizin başçısının səsləndirdiyi fikirlər Azərbaycan gəncliyinin ötən illər ərzində keçdiyi inkişaf yolunun qısa xülasəsi olmaqla, həm də ümummilli tərəqqi yolunda nə qədər mühüm yol qət etməsinin göstəricisi idi. Prezident İlham Əliyev dövlət müstəqilliyimizdən danışaraq bunun necə böyük sərvət olduğunu diqqətə çatdırdı. İqtisadi və siyasi müstəqilliyi biri-birini tamamlayan iki mühüm amil kimi izah edərək gənclərimizi milli maraqlarımız üçün iqtisadi və siyasi müstəvidə fəal olmağa çağırdı. Bildirdi ki, əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşayıb. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə? Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olub. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. "Düşünürəm ki, bu fikirlər Azərbaycan gəncliyinin mənəvi kodeksi kimi qiymətləndirilməli, hər bir Azərbaycan vətəndaşının həyat və fəaliyyətinin fəlsəfəsini müəyyən etməlidir. Bu gün müasir Azərbaycanın idman, mədəniyyət, musiqi, sosial həyat, elm, təhsil sahələrində əldə etdiyi bütün uğurların əsasında məhz Azərbaycan gəncliyinin nailiyyətlərinin durduğunu bildirən Prezident İlham Əliyev hərbi sahədə də əldə etdiyimiz qələbələrin qazanılmasını məhz Azərbaycan gəncliyinin fədakarlığı ilə izah etdi. Bildirdi ki, biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olub. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir. Bu fikirlər Azərbaycan gəncliyinin əslində nələrə qadir olmasının bir sübutu olmaqla, həm də onların gələcəkdə ərazi bütövlüyümüzün təminatçıları olduğunun göstəricisidir. Buna görə də gənclərimizin rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev onların bütün problemlərinin həllinin daim dövlətin diqqətində olacağına işarə etdi. Ümumilikdə bu görüş həm də gənclərin bundan sonrakı fəaliyyətlərinin cazibə mərkəzində milli maraqlarımızın müəyyənləşməsi baxımından ciddi siyasi və ideoloji təşviq hadisəsi kimi yadda qaldı ki, bu da ölkəmizin gələcəkdə də davamlı inkişafının təmin olunması baxımından çox əhəmiyyətlidir”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
banner

Oxşar Xəbərlər