AZE | RUS | ENG |

“Gənclərimizin çoxu şirin xəyallarla yaşayır, ayılanda 40-45 yaşları olur” – Gənclərə örnək

“Gənclərimizin çoxu şirin xəyallarla yaşayır, ayılanda 40-45 yaşları olur” – Gənclərə örnək
Nadir Bədəlovun fikrincə, arzularımızdan muğayat olmalıyıq ki, bizi başqa yerə aparıb çıxarmasın

Kəndirbazların kəndirin üstündə gəzdikləri vaxt əllərində tutduqları çubuq nə onları, nə də balansı saxlayır. Deyir ki, kəndirbaz gözünü bir nöqtəyə zilləyir: "Bax, həmin nöqtə onu saxlayır. Gözünü o nöqtədən çəksə, həmən yıxılacaq. O nöqtə məsləkdir, istəkdir. O nöqtə səni istədiyin yerə sağ-salamat aparacaq. Amma gündə bir nöqtəyə baxacaqsansa, əlbəttə, tez-tez o yan-bu yana əyiləcək və yıxılacaqsan”.
Müsahibimiz sənədli filmlər müəllifii, kino redaktoru, televiziya aparıcısı Nadir Bədəlovdur.
 
- Sizi televiziyalarda intellektual verilişlərin aparıcısı kimi tanımışıq. Hazırda hansı layihələr üzərində çalışırsınız?

- Hazırda "Kultura plus” internet televiziyasında işləyirəm, burada əsasən multikulturalizmlə bağlı verilişlər hazırlanır. Bir də "Region” televiziyası ilə birgə, əsasən Şəki bölgəsi ilə bağlı maraqlı filmlər edirik. 
 
- Sənədli filmlər üzərində işləməkdən daha çox zövq alırsınız, yoxsa müəllif proqramlarından?

- Mən bir çox şeylərdən zövq alıram. Əvvəllər "Ədalət” qəzetinə köşə yazıları yazır, bundan zövq alırdım. Sırf ədəbiyyat, mədəniyyət, incəsənət yönümlü qəzetlər var ki, onlara da yazmaq mənə zövq verir. Hərdən tərcümə ilə də məşğul oluram. Bu da sevdiyim işdir. Müəllif verilişlərinə gəlincə, əlbəttə, yaxşıdır. Çünki sizin kimi gənclər məni müəllif verilişlərindən tanıyırsınız. Amma müəllif verilişlərində balaca bir məhdudiyyət var. Özün danışmırsan, danışdırırsan. Çox vaxt mənə irad tuturdular ki, sən dəvət elədiyin ekspertlərə danışmağa imkan vermirsən. Əslində mən standart müsahibə deyil, dialoq olmasını istəyirəm. İstəyirəm ki, müsahibim yeni bir söz desin. Ümumiyyətlə, sual verəndə orada cavab gizlənir. Bəzən görürdüm ki, müsahibim sualı eşitmir, ona görə məcbur qalıb saxlayırdım.
Əlbəttə, müəllif proqramları olduqca maraqlıdır. Filmlər də həm maraqlı, həm çox məsuliyyətlidir. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə şəhidlik zirvəsi haqqında sənədli film hazırlayırıq. Filmdə əsasən gənclərlə oturub söhbət edirəm. Torpağını qoyub Suriyada vuruşan, yaralanan, qayıdanda həbs olunan, yaxud orada vəfat edən, sorağı bura gəlib çıxan radikallar barədə silsilə filmlər hazırlamağa başlamışıq. Çox maraqlıdır.
 
- Hazırladığınız sənədli filmlərin mövzusunu kim müəyyənləşdirir?
- Əksəriyyəti sifariş kimi gəlir. Bu baxımdan müəllif verilişlərinin yaxşı cəhəti var ki,  mövzunu seçməkdə sərbəstsən. Televiziya ilə əlaqədar onu deyə bilərəm ki, bu il ANS-də bir neçə layihəm var idi, o da bağlandı. 
 
- ANS-ə təqdim etdiyniz layihələri başqa telekanallara təqdim etmək fikriniz var?
- Yox. İntellektual verilişlər adətən reytinq gətirmir. Reytinq gətirməyən verilişlər televiziya rəhbərləri üçün maraqlı deyil. Çünki reklam gəlməlidir. Hazırda dünya çapında çox maraqlı fəlsəfi əsərlər oxuyuram. Ağır intellektual əsərlərin isərisində şou görürəm. Şou təkcə səthi movzularda olmamalıdır. Eyni zamanda fikrin özü də cəlb etməlidir, içində oynaqlıq, dramatizm yer almalıdır. Bunu da biz verilişimizdə edirdik və doğrudan da reytinq gətirirdi.
 
- Sizcə, Azərbaycan telekanalları tamaşaçını arxasınca aparır, yoxsa tamaşaçılar telekanallarımızı?

- Nə o aparır, nə də bu. Mənə elə gəlir ki, üçüncü bir qüvvə var. Bu üçüncü qüvvə bütün dünyada var və televiziyanı istədiyi kimi yönəldir. Sovet televiziyasında reklam olmurdu. Siyasi ideyalara, ideologiyaya xidmət edirdi və bu ideologiyaya xidmətin içərisində bəzi müəlliflər fəndgirlik, hiyləgərlik edib, eyni zamanda öz sözünü deyirdi. Nəticədə istər televiziya, istər kino, istərsə də teatrda ortalığa nəhəng sənətkarlar çıxırdı. Kapitalizmi aldatmaq isə çox çətindir, çünki o özü səndən də hiyləgər, fəndgirdir. Buna baxmayaraq, aldadırlar. Yəqin Azərbaycanda da vaxt gələcək, kapitalizmi aldada bilən müəlliflər ortaya çıxacaq.
 
- Azərbaycan televiziyalarında nəyi görmək, nəyi görməmək istərdiniz?

- Televiziyalarımızda qəşəng Azərbaycan dilini eşitmək istərdim. Yaxşı gənclik görmək arzumdur. Demirəm yoxdur, var. Amma daha çox olması yaxşıdır. İstəməzdim bəsit verilişləri, pis dublyajları, natamam intellektual meyilli verilişləri görüm. İstərdim ki, aparıcılarımızın tərəf müqabilini danışdırmaq qabiliyyəti olsun. Çünki insanların çox vaxt özünü qorumaq, müdafiə etmək üçün hazır çıxışları, sözləri olur. Çıxış edərkən sənin sualından asılı olmayaraq hazır mətnləri danışırlar. Yeni heç nə. Bax o hazır qəlib var ha, jurnalist onu sındırmağı bacarmalıdır. Müsahibənin əvvəlində müsahibindən nə istədiyini özü üçün müəyyən etməlidir.
 
-  İş görəndə detallarına kimi gedirsiniz?

- Bu məktəb elədir ki, bəzən həddən artıq detalına gedirik. Tutaq ki, 19-cu əsrin maarifçisi, yazıçı və yaxud şairi nəsə bir söz deyib. Bu sözü nəyə görə, harada dediyini, nəyə xidmət etdiyini tapmalıyam. Hər şeyin arxasında mütləq mənada böyük bir siyasət durur. O siyasəti tapmaq bir az vaxt aparsa da, mən tapıram. Bəlkə də bu mənim çatışmazlığımdır. Amma mən arxayın olmalıyam ki, mövzunu tam araşdırmışam, hər hansı qaranlıq nöqtəsi qalmayıb və mənə bununla bağlı verilən hər bir sualı rahatlıqla cavablandıra bilərəm. Verilişimə çağırdığım insanın da buna hazır olmasını tələb edirəm. O, hazır olmayanda, mən onun sözünü kəsmək məcburiyyətində qalıram.
 
- Bəs həyatda necəsiniz, xırdalığa varansınız?

- Həyatda tərki-dünyayam. Bəzən xırdaçılıq edib deyingən qocaya çevrilməkdən qorxur, ehtiyat edirəm. Buna görə də detallara əhəmiyyət vermirəm. Öz problemlərim ancaq içimdə olur. Mənimlə tez dil tapmaq mümkündür. Ünsiyyətə tez girə bilirəm.
 
- Nadir müəllim, məhsuldar, daha yaxşı işləmək üçün sizə nə stimul verir?
- İndiki dövrdə vaxt. Çünki getdikcə vaxt daralır. Düşünürəm ki, belə mövqe gənclikdə də olmalıdır, çünki vaxt azdır. Elə düşünürlər ki, hələ cavandırlar, vaxt var. Amma vaxt azdır, gecikmək olmaz.
 
- Həyatdan umacağınız, istəyiniz nədir?
- Bir-iki yaxşı layihəm var, onların həyata keçməsini istəyirəm. Mənim də hamı kimi öz ailə arzularım var. Övladım üçün lazım olanı etmişəm, imkanım olacaqsa, bundan sonra da edəcəyəm. Bir qızım, bir nəvəm var. Yaşamaq, həyatı duymaq, bir də sizin kimi gənclərin doğru yol tutduğunu görmək və bundan fərəh duymaq istəyirəm.
Deyirlər, özünlə bağlı arzularda bir az ehtiyatlı ol, çünki bəzən düz çıxır. Çox gözəl atalar sözü var – "niyyətin hara, mənzilin ora”. Bəzən istədiyimiz kimi olmayanda, deyirik, görəsən, niyə belə oldu? Lakin həmin situasiyanın arxasınca geri getsək, baxıb görəcəyik ki, onun müəllifi elə özümüzük. Özümüz belə istəmişik, o da baş verib. Bu atalar sözü elə-belə deyilməyib, arxasında elmi həqiqət dayanır. Çox psixoloqları, dünya psixoanalitiklərini oxumuşam, görürəm ki, bunun kökündə insanın arzusu, istəyi dayanır. İstəyi insanı bəzən yanlış yerə apara bilir. Bu baxımdan həyatda tam mənada nə istədiyinizi dəqiq bilin və o yola doğru gedin. Bu dünya elə bil, bir ipdir. Biz ipin üstündə yeriyirik. Bir kəndirbaz tanışım var. Deyir, kəndirbazların kəndir üzərində gəzdikləri vaxt əllərində tutduqları çubuq nə onları, nə də balansı saxlayır. Sən sadəcə, gözünü bir nöqtəyə zilləyirsən. Bax həmin nöqtə səni saxlayır. Gözünü o nöqtədən çəksən, həmən yıxılacaqsan. O nöqtə məsləkdir, istəkdir. O nöqtə səni istədiyin yerə sağ-salamat aparacaq. Amma gündə bir nöqtəyə baxacaqsansa, əlbəttə, tez-tez o yan-bu yana əyiləcək və çox zaman yıxılacaqsan.
 
- Övladınız da sizin kimi yaradıcı sahədədir?
- Bir qızım var. Nəvəm bu il birinci sinfə getdi. Qızım Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Hazırda Trend.az saytında, beynəlxalq şöbədə iqtisadiyyat üzrə jurnalistdir.
 
- Nadir müəllim, sənədli filmlər hazırlayırsınız, verlişlərinizin əksəriyyətində hansısa mövzunun araşdırılması yer alır. Nəyə görə elmi dərəcə barədə düşünməmisiniz?
- Buna vaxtım olmayıb. SPACE-də, AzTV-də, ANS-də çalışmışam, çox layihələrə imza atmışam. Televiziya verilişləri tez yaddan çıxır. Televiziya adamdan çox şey alır, adamın enerjisini sorur. Dələ düşüb çarxın içində fırlandığı kimi, biz də o şəkildə qaçırıq, qaçırıq…  Amma elm sahəsi, kino və digər bir çox sahələrdə sən müəyyən qədər özündən verir, əvəzində çox şey alırsan. Televiziyanın dvidenti azdır. Rejissor çəkdiyi bədii filmi 10 illərlə qoltuğuna vurub festivallarda iştirak edir, qəzetlərdə, saytlarda müsahibələr verir. Amma həmin müddət ərzində mən 70 veriliş hazırlaya, ona 70 dəfə çox enerji xərcləyə bilərəm.  Nəticə isə belədir: elədin-elədin də. Bununla da hər şey bitdi. Amma buna baxmayaraq, televiziya maraqlı sahədir.
 
- Bizdə incəsənət çox nadir hallarda pul qazandırır. Necə düşünürsünüz, kinodan, tamaşadan, kitabdan, rəsm əsərindən, qəzetdən, saytdan pul qazanmağı bacarmırıq, yoxsa insanlarımız sənətə dəyər vermir?  

- Bizdə istər televiziya, istər kino, istərsə də teatrda menecer azdır. Ədəbiyyatda isə, ümumiyyətlə, yoxdur. Bu yaxınlarda İkinci Beynəlxalq Teatr Festivalı keçirildi. Oraya Ukrayna, Gürcüstan və başqa ölkələrdən nümayəndələr gəlmişdi. Teatrların menecerləri də iştirak edirdi. Hiss edirdin ki, bu ölkələrdə menecerlər teatrların döyünən ürəyidir, onlarsız teatrlar fəaliyyət göstərə bilməz. Təəssüflər olsun ki, bizdə bu sahənin adamları yoxdur. Əsərlər yazılır, kitabları bir-iki dost-tanışa paylamaqla iş bitmiş sayılır. İnsanlar oturub sənin kitabını gözləmir ki... Kimsə bunun reklamını təşkil etməli, PR-nı aparmalıdır. Qəşəng yazı olur, amma menecersiz onu sanki gözəl bir daş kimi uçuruma atırsan, hara getdi, getdi... Bu gün incəsənət sahəsində təşkilatçıya, menecerə çox ehtiyacımız var.
 
- Bir müddət Mədəniyyət və İncəsənət Universitetində dərs demisiniz, elə indi də gənclərlə ünsiyyətiniz olur. Yeni nəsillə aranızda yaradıcılıqla bağlı fikir müxtəlitfliyi çoxmu olur?
- Özüm cavan olanda eşitmişdim ki, gənclərə hörmətlə yanaşanda, onlar da sənə hörmət edir. Bu, o demək deyil ki, gənc gələndə ayağa durmalısan ki, gəl otur. Xeyr. Sən onun gəncliyinə hörmət elə. Axı o da bu dəqiqə bilmir, öyrənmək istəyir, axtarır. Gənclərimizlə ünsiyyət zamanı əvvəl onların nə istədiyi ilə maraqlanıram. İşinə məsuliyyətlə yanaşan, can yandıran gənclərimiz mənlikdir. Onlarla dialoqumuz alınır. Müəllim odur ki, tələbənin nə istədiyini bilsin.
Gənclərimizn çoxu şirin xəyallarla yaşayır, ayılanda 40-45 yaşları olur. Artıq bu yaşa qədər çox şeylər olmalı idi. Bu baxımdan, gənclərimizi daha çox realist görmək istərdim. Özüm müəyyən qədər xəyalpərəstəm. Xəyalpərəstliyin yaxşı bir cəhəti var ki, reallıq bizim düşündüyümüzdən fərqlidir, amma xəyalla bəzən ora gedib çıxmaq olur. Xəyal elə bir şeydir ki, sən bu reallığı görmək üçün onun görünməyən tərəfinə gedib çıxırsan. Bir az fəlsəfi məqamdır.
 
- Gənclikdə qurduğunuz xəyallarınız sizi istədiyiniz yerlərə gətirib çıxarıb, yoxsa?...
- Müəyyən qədər gətirib çıxarıb. Yəqin ki, belə bir şey istəyirdim. Bir də insanın öz  bacarığının da müəyyən limiti, həddi var. Onu aşmaq olmur. Bəzən aşırıq, aşmaq lazımdır da... Mən durum deyim ki, hansısa böyük seçkilərdə gedib iştitrak edim. Bilirəm ki, buna mənim imkanım çatmayacaq. İmkanla da məhdudlaşmaq olmaz. Ona görə deyirəm ki, yəqin arzular, xəyallar sonda bizi gətirib bura çıxarıb. Buna görə də onlardan muğayat olmaq lazımdır ki, sizi başqa yerə aparmasın.
Lalə MUSAQIZI
 




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8752
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1433
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1733
CHF 1 1 İsveçrə frankı 1.7072
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2883