• cümə, 19 Aprel, 10:25
  • Baku Bakı 13°C

Gənclərimiz qriplə necə mübarizə aparır? - Diskussiya

20.01.17 10:30 2012
Gənclərimiz qriplə necə mübarizə aparır? - Diskussiya

Son vaxtlar çoxlarının əziyyət çəkdiyi qrip virusları artıq hamı üçün qorxulu yuxuya çevrilib. Belə ki, iynə-dərman və ənənəvi üsullar bu xəstəliyin qarşısında aciz qalıb. Pisi də odur ki, virusa yoluxan bir çox insanlar işə gedir, valideynlər xəstə halda uşaqlarını məktəbə və bağçaya yola salır. Gənclərimiz necə düşünür, xəstə olarkən gündəlik həyatımıza davam etməliyikmi? Yoxsa, bir müddət ev, yaxud xəstəxana şəraitində tam sağaldıqdan sonra işimizə qayımalıyıq? Gigiyena qaydalarına əməl etməklə virusun qarşısını ala bilərikmi?
Görək, gənclərimizin qrip barədə bilgiləri nə qədərdir?

Yanımda spirt gəzdirirəm
Nərgiz Absalamova, tələbə

Nərgiz deyir ki, əgər gigiyenik qaydalara riayət etsək və özümüzü qorusaq, qrip olmarıq: "Bu xəstəlik artıq psixoloji hala çevrilib. Artıq hər kəs ondan can qurtarmağın qeyri-mümkün olduğunu düşünür. Bu isə xəstəliyin daha da geniş arealda yayılmasına saəbəb olur. Amma mən belə düşünümürəm. Yəni gigiyenik qaydalara riayət etsək, qoruyucu maskalardan istifadə edib, sağlam bəslənsək, özümüzü qripdən müdafiə edə bilərik. Gündəlik olaraq istifadə etdiyimiz ictimai nəqliyyatda diqqətli olmalıyıq. Çünki virusun ictimai yerlərdə yayılma ehtimalı daha çoxdur”.
Həmsöhbətim deyir ki, gigiyena qaydalarına hər kəs mütləq əməl etməlidir: "Gigiyena qaydalarına əməl etmək hər kəsin gündəlik borcudur. Bunu təkcə qrip olarkən deyil, hər gün etməliyik. Amma qrip olarkən bu məsələyə daha həssas yanaşmaq lazımdır. Əsas məqamlardan biri də budur ki, qrip olarkən əllərimizi tez-tez yumalıyıq. Əlimizi yumadan yemək yeməməliyik. Amma təəssüflər olsun ki, günümüzün çox vaxtı çöldə keçdiyinə görə, bu qaydaya əksər hallarda əməl edə bilmirik. Həmçinin ən əsası, evin temperaturunu normada saxlayıb, evdə çox qalın geyinməyib, çölə çıxanda qalın geyinməliyik. Mən adətən yanımda spirt gəzdirirəm, əlimi tez-tez spirtləyirəm. Düzdür, adətən ətrafımdakılar buna görə mənə gülür. Amma hər şey mikroblardan müdafiə üçündür”.

Təkcə gigiyena qaydaları ilə kifayətlənmək olmaz
İslam Qədirli, tələbə
İslam düşünür ki, sadəcə, bədəni deyil, istifadə etdiyin və olduğun yeri də təmiz saxlamaq, gigiyena qaydalarına əməl etmək lazımdır: "Düzdür, hər asqıran, öskürən, burnu axan adam qrip deyil. Eyni xüsusiyyətlər qriplə yanaşı, soyuqdəymə adlandırdığımız xəstəlikdən də qaynaqlana bilir ki, belə qrip və qrip bənzəri xəstəliklərə gətirib çıxaran bir çox virus var. Bu virusların da yaranması, yayılması üçün müəyyən şərait lazımdır. İnsan bədəninin immuniteti zəifdirsə və ya özünü soyuq və rütubətdən kifayət qədər qorumursa, xəstəliyin yayılması üçün xəstənin və ətrafındaki insanların gigiyenaya uymaması kifayət edir. Əslində gigiyena sağlam yaşamaq üçün görülən tədbirlərin, alınan önləmlərin toplusunu əhatə edən termindir. Ona görə də sağlamlıqla birbaşa bağlıdır”.
İslam deyir ki, bir xəstə insan onlarla insanı da xəstələndirə bilər: "Öskürək zamanı havaya sıçrayan və 1,5 metrə qədər məsafəyə yayılan qrip virusları o məsafədəki əşyaları çirkləndirir. Bu zaman hətta qrip xəstəsi olan insanların toxunduğu və ya istifadə etdiyi əşyalar belə, çirklənmiş hesab olunur. Bu xüsusiyyətlər digər bir çox xəstəliklərə də aid ola bilər və həmin mühitdəki havayla tənəffüs edən, və ya həmin əşyaları təmizləmədən onlardan istifadə edən insanlar da infeksiyaya tutulur. Lakin təkcə gigiyena qaydaları ilə kifayətlənmək olmaz. İmmuniteti zəif olan insanlar daha diqqətli olmalıdırlar. Vitaminli qidalardan daha çox istifadə olunmalı, meyvə şirələrinə üstünlük verilməlidir. Düzdür, immunitet zəifliyinin kökündə bəzən genetik səbəblər də dayanır. Amma istənilən halda, qeyd etdiklərim xəstəliyin qarşsıını almaqda müəyyən qədər yardımçı ola bilər”.

Əlləri tez-tez yumaq lazımdır
Fərizə Əhmədova, jurnalist
Fərizə deyir ki, qripdən qorunmağın müxtəlif üsulları var: "Havanın soyuması ilə qripə yoluxma halları da artır. Bildiyiniz kimi, günlərlə keçməyən və bütün bədənə təsir edən qrip epidemiyalarında ən çox rast gəlinən quru öskürək, boğazda quruluq və yanma, bəzi hallarda qızdırma və tez-tez asqırma hallarıdır. Qripdən qorunmaq üçün vacib şərtlərdən biri gündəlik həyatımızda gigiyenik qaydalara əməl etmək və bunu uşaqlarımıza da vərdiş etdirməkdir. İnfeksiyaların yayılmasının qarşısını almağın ən təsirli yolu, heç şübhəsiz, əlləri tez-tez yumaqdır. Çünki əllər gün ərzində etdiyimiz müxtəlif fəaliyyətlər səbəbindən gözlə görülməyən yüzlərlə növ və sayda bakteriya, parazit və virusla örtülür. İnfeksiya qaynağı olan bu mikroorqanizmlər həm özümüz, həm də ətrafımızdakı insanlar üçün risk yaradır. Bu səbəbdən də əlləri, barmaqları, biləkləri azı 15 saniyə bol su və sabunla yaxşıca yuyun. Ortaqda istifadə edilən əşyalara toxunmazdan əvvəl silərək infeksiyanın yayılmasını azalda bilərik. Məsələn, iş yerində ortaq istifadə edilən masaları, qələmləri və kompyuter klaviaturalarını təmizləyərək, infeksiyadan qoruna bilərik. Qapı dəstələrini tez-tez təmizləmək, idman salonlarındakı alətlərdən istifadə etməzdən əvvəl onların tutacaq yerlərini antiseptik məhlul və ya dəsmallarla təmizləmək də bizi infeksiyalardan qoruyar”.
Fərizə deyir ki, su və sabunla yuyulmadan istifadə edilən mətbəx əşyaları da virus və bakteriyaların yayılmasında iştirak edir: "Bu səbəbdən başqa şəxslərin istifadə etdikləri stəkan, çəngəl və qaşıq kimi əşyaları təmizləmədən istifadə etmək də xəstəliklərə çox tez yoluxmağa səbəb olur. Buna görə də ortaq əşyaları istifadə etməzdən əvvəl mütləq yumalıyıq. Öz su stəkanımızı istifadə etmək ağız yolu ilə infeksiyaya yoluxma riskini azaldır. Qripdən qorunmağın ən mühüm detallarından biri də maskalardan istifadə etməkdir. Soyuq havalarda qapalı məkanlarda daha çox vaxt keçiririk. Havada olan bakteriya və viruslar da tənəffüs yolu ilə asanlıqla keçə bilir. Bu isə soyuqdəymə, qrip, sətəlcəm kimi yuxarı və aşağı tənəffüs yolu infeksiyalarına yol açır. Odur ki, mümkün qədər bağlı məkanlarda qalmamağa çalışmalıyıq. Məcbur olduğumuz hallarda isə ağız və burnumuzu bağlayan maska taxmalıyıq. Bununla infeksiyadan qorunmamız üçün qabaqlayıcı tədbir görmüş olarıq. Son zamanlar əhali arasında qripin geniş yayılmasının səbəbləri müxtəlifdir. Biri budur ki, insanlar xəstələndikdə, həkimə getmədən özləri-özlərini müalicə etməyə çalışırlar. Halbuki, həkimə getmək ən doğru addım olar. Bir də qripdən qorunmaq üçün immun sistemini gücləndirməli, qidalanmamızda meyvə-tərəvəzə üstünlük verməli, bol C vitamini qəbul etməliyik. İdmana da vaxt ayırmaq lazımdır. Daimi məşqlər bədənin müdafiə sistemini gücləndirdiyi üçün ən azı, yağış yağmayan günlərdə açıq havada piyada gəzmək lazımdır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər