• cümə, 19 Aprel, 02:32
  • Baku Bakı 18°C

“Gənclərimiz apreldə erməni işğalçıları üzərində parlaq hərbi qələbə qazanıblar”

15.09.16 14:35 943
“Gənclərimiz apreldə erməni işğalçıları üzərində parlaq hərbi qələbə qazanıblar”
"Bizim gənclərimiz müstəqilliyimizi qoruyurlar. Bizim gənclərimiz bu ilin aprel ayında erməni işğalçıları üzərində parlaq hərbi qələbə qazanıblar. Şəhidlər vermişik. Ancaq bizim gənclərimiz bu ilin aprelində Azərbaycanın dövlət bayrağınıAğdərə,Füzuli,Cəbrayılrayonlarının bir hissəsində qaldırıblar”.APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidentiİlham ƏliyevBakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində çıxışı zamanı bəyan edib.
Dövlət başçısı qeyd edib ki, bu böyük parlaq qələbəni gənc əsgər və zabitlərimiz qazanıblar, bütün xalq, ordumuz qazanıb: "Amma əsas özünü qabağa verən, şəhidlik zirvəsinə ucalan bizim gənclərimizdir. Bizim gənclərimiz bayrağımızı Rio Olimpiya Oyunlarında qaldırıblar. Biz medalların sayına görə dünya miqyasında 14-cü yerdəyik. Bu, tarixi qələbədir. Müsəlman aləmində birinciyik. Yenə də bunu gənclər edib”.
Prezidentİlham Əliyevgənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə almasının xüsusi əhəmiyyət daşıdığını da qeyd edib. Bildirib ki, dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır. Ona görə, Azərbaycan cəmiyyəti bundan sonra da çox möhkəm, milli, mənəvi dayaqlar əsasında inkişaf etməlidir: "Bu gün bizim siyasətimizin təməlində milli maraqlarımız, milli dəyərlərimiz, Azərbaycan dəyərləri dayanır. Bu dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün hər şeydən üstün olmalıdır. Elə etməliyik ki, gələcək nəsil də bu istiqamətdə inkişaf etsin. Ona görə, vətənpərvərlik, Vətənə olan bağlılıq, milli mənəvi dəyərlər məktəblərdə mütləq geniş vüsət almalıdır, müəllimlər də bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Xüsusilə nəzərə alsaq ki, xalqımız çox istedadlı xalqdır, dünya xəzinəsinə çox böyük töhfələr verib, tarix boyu bizim görkəmli nümayəndələrimiz dünya üçün böyük işlər görüblər”.
Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan dövləti güclü dövlətlər sırasındadır. O, bu il Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinin qeyd ediləcəyini və nəticələrin göz qabağında olduğunu vurğulayıb: "Bu gün biz bütün istiqamətlər üzrə inkişafdayıq, güclü iqtisadiyyat qurmuşuq, güclü sosial sahə yaratmışıq, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana – bütün bunlar Azərbaycan dövlətinin gördüyü işlərdir. Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, öz daxili imkanlarına arxalanaraq irəliyə gedir. Biz heç bir yerdən yardım almırıq, buna ehtiyac da yoxdur, öz hesabımıza yaşayırıq və dünyada öz hesabına yaşayan ölkələrin sayı o qədər də çox deyil. Ona görə, hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr etməlidir ki, müstəqil dövlətdə yaşayır. Bu gün bizim taleyimiz öz əlimizdədir. Biz əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq və o dövrü indiki dövrlə müqayisə edəndə görürük ki, ən sürətli inkişaf dövrü müstəqillik dövrüdür. Nəyə görə? Çünki taleyimiz öz əlimizdədir”.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan öz gələcəyini qurur, qabağa gedir. Onun sözlərinə görə, bu müsbət dinamikanı davam etdirmək, inkişafı dayanıqlı etmək üçün vətənpərvərlik, milli dəyərlər, milli ruh xüsusi yer tutur: "Bizim işimizə qarışmaq istəyənlərin sayı da az deyil. Bu illər ərzində müxtəlif dövrlərdə bizim işimizə qarışmaq istəyənlər öz məqsədlərini güdürdülər. O məqsədlər bizim məqsədlərlə üst-üstə düşmür. Bizim məqsədimiz müstəqillikdir, azadlıqdır, xalqın firavanlığıdır. Bəzi xarici dairələrin məqsədi isə tam başqadır - bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, Azərbaycan xalqının iradəsini qırmaq və ondan sonra Azərbaycan kimi qüdrətli ölkədən öz məqsədləri üçün istifadə etməkdir. Bu isə bizim üçün fəlakət olar. Biz başqa ölkələrin təcrübəsini, yaxın tarixini görürük. O ölkələr ki xaricdən idarə olunur, o ölkələr dağıdılır. O ölkələr ki xarici mənfi təsirə qarşı müqavimət göstərmir, o ölkələr, xalqlar məhv olur”.
Dövlət başçısı qeyd edib ki, son 10 il ərzində Yaxın Şərqdə milyonlarla insan həlak olub: "On milyonlarla insan əlil, qaçqın, köçkün olub, ölkələr, bütün infrastruktur dağıdılıb. Bunu edənlər xarici qüvvələrdir. Ona görə, bizim gənclər də, müəllimlər də bu reallığı bilməlidirlər. Bizə təzyiqlər ona görə artır ki, biz öz yolumuzla gedirik, heç kimin qarşısında baş əymirik, özümüzü ləyaqətlə aparırıq, milli maraqlarımızı qoruyuruq, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tuturuq və bu siyasət davam etdirilməlidir. Bu gün bu siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan döndərə bilməz. Mən istəyirəm ki, burada, bu mərasimdə iştirak edən gənclər də gələcəkdə bu yolla getsinlər. Çünki gələcəkdə ölkəmizi gənclər idarə edəcəklər. Ölkələrin inkişafını şərtləndirən onun insanlarıdır. Ölkəni hansı insanlar idarə edirlərsə və xalq onları dəstəkləyirsə, bax, o siyasət də aparılır. Ona görə, biz həmişə müstəqil olmalıyıq. Heç vaxt müstəqilliyimizi əldən verməməliyik. Müstəqillik deyəndə mən rəsmi atributları nəzərdə tutmuram. Müstəqil siyasət müstəqilliyin əsas amilidir və belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlik şəraitində yaşayacaq, necə ki bu gün yaşayır. Bizim siyasətimiz bundan ibarətdir. Hesab edirəm ki, bizim nümunəmiz bir çox ölkələr üçün də cəlbedicidir. Ona görə, bu gün dünyada Azərbaycanı böyük rəğbətlə qarşılayırlar, bizə inanırlar, sözümüzə inanırlar. Ona görə ki, biz ləyaqətli siyasət aparırıq və xalqın maraqlarını həmişə müdafiə edirik. Mən istəyirəm ki, gənclər də bu istiqamətdə inkişaf etsin. Əminəm ki, belə də olacaq”.
Dövlət başçısı deyib ki, son 10 il ərzində Azərbaycanda üç mindən çox məktəb tikilib və ya əsaslı şəkildə təmir edilib. O, buna rəğmən, hələ də qəzalı vəziyyətdə məktəblərin olduğunu diqqətə çatdırıb. Bildirib ki, həmin məktəblərin də tikintisi, bərpası nəzərdə tutulur və yaxın illər ərzində bir dənə də təmirsiz, qəzalı məktəb olmayacaq. Azərbaycan Prezidenti qeyd edib ki, bu işlər böyük vəsait tələb edir: "Azərbaycan dövləti güclü dövlətdir və sosial sahə, təhsil sahəsi bizim üçün prioritetdir. Ona görə, biz bu məqsədlərə nail olmaq üçün lazımi maliyyə resursları da təmin edirik”.

Təhsilin hər bir dövlətin gələcəyi olduğunu deyən Azərbaycan prezidenti bildirib ki, indi təhsilin keyfiyyəti ön plana çıxır: "Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda, müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır. Müəllimlərin əməkhaqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun”.
banner

Oxşar Xəbərlər