• cümə axşamı, 25 aprel, 05:27
  • Baku Bakı 19°C

Gəncləri Vətənə, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər

27.11.19 20:15 2354
Gəncləri Vətənə, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər
Erməni lobbi təşkilatları tərəfindən maliyyələşən qurumlar ölkəmizdə azad internetin mövcudluğundan xəbis məqsədləri üçün istifadə edirlər

Ötən gün Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilib. Mərasimdə iştirak edən Prezident İlham Əliyev geniş nitq söyləyərək bəzi tarixi prosesləri, mövcud reallıqları dilə gətirib. Azərbaycanda tərbiyə işinin yeni müstəviyə qalxmasının zəruriliyini vurğulayıb. Prezident deyib ki, Azərbaycanın uğurlarını istəməyən qüvvələr, o cümlədən erməni lobbi təşkilatları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan, ölkəmizdə azad internetin mövcudluğundan istifadə edir: "Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik. Gənclər özləri də bilməlidirlər, tarixi yaxşı bilməlidirlər”.

Azərbaycan Prezidenti İlham Əliyev məlum dairələrin yalanı real fakt kimi təqdim edib gənclərin beyinlərini zəhərləmək istədiyini xüsusi vurğulayıb. Dövlət başçısının bu fikirlərinin "Kaspi” qəzetinə şərh edən Azər Həsrətbildirib ki, ölkə rəhbərinin hər bir çıxışı, çıxışlarında səsləndirdiyi fikirlər özəlliklə gənclər üçün mayak rolunu oynayır. Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan Prezidenti ölkəmizin həm müasir tarixini, həm də keçmişini çox yaxşı mənimsəmiş biridir: "Bu səbəbdən də ölkə başçısı İlham Əliyev zərərli mərkəzlərin və güclərin Azərbaycan gənclərini hədəf almasını görür, bunun hansı nəticələrə səbəb olacağını anlayır. Cənab Prezident burada həm də yeni texnologiyalardan sui-istifadə edib gənclərin beynini zəhərləmək istəyənlərlə bağlı həyəcan təbili çalır. Düşünürəm ki, bizim hər birimiz Prezident İlham Əliyevin bu cür çıxışlarını diqqətlə təhlil edib gənclərə çatdırılmasına öz töhfəmizi verməliyik. Biz, gənclərimizin beyinlərinin zərərli güclər tərəfindən zəhərlənməsinə yol verə bilmərik. Bu işdə də öndərimiz Prezident İlham Əliyevdir, ona güvənirik”.

Hüquq müdafiəçisi Əhməd Şahidov hesab edir ki, gənclər internetin imkanlarından, şəxsi əlaqələrindən yararlanaraq beynəlxalq platformalara çıxış əldə etməli, ölkəmizin təbliğatçısına çevrilməlidirlər: "Prezident İlham Əliyev gənclərə xitabən çox doğru qeyd elədi ki, gənclər azad internetdən, açıq mənbələrdən istifadə edərkən çox diqqətli olmalı, hansı məlumatın doğru, hansı informasiyanın yalan olduğunun fərqinə varmalıdırlar. Bunu ayırd etmək üçün isə hər bir gənc öz ölkəsinin tarixini, coğrafiyasını, ümumilikdə dünya tarixini, ictimai-siyasi prosesləri bilməli, izləməlidir. Tarixi təhriflərin nə zaman, kim tərəfindən, hansı formada təhrif edildiyini anlamaq üçün qeyd olunan bilgilərlə "silahlanmaq” mütləqdir. Çünki, düşmənlərimiz, ermənilər və onların dəstəkçiləri beynəlxalq platformalarda Azərbaycan əleyhinə təbliğat aparır, ölkəmizin, o cümlədən Dağlıq Qarabağın tarixini saxtalaşdırmağa, ərazi bütövlüyümüz, reallıqlarımız barədə qərəzli, qeyri-obyektiv məlumatlar yaymağa cəhdlər edirlər. Dünyadakı erməni lobbiləri Dağlıq Qarabağ haqqında "faktlar” təqdim edərək tarixi Azərbaycan ərazisi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə saxta arqumentlər gətirir, onları ictimailəşdirərək beynəlxalq ictimai rəyi çaşdırmağa çalışırlar. Bu məqsədlə çoxsaylı tədbirlər təşkil edirlər. Bu yolla dünya ictimaiyyətində yanlış təsəvvür formalaşdırmaq istəyirlər. Bütün bunlar üzərindən isə Azərbaycana qarşı əsassız ərazi iddiaları ortaya qoyulur”.


Ə.Şahidov deyib ki, beynəlxalq ictimaiyyətinin heç də hamısı dünya dövlətlərinin hər biri, onların ərazisi və tarixi barədə yetərli, dolğun məlumata sahib deyil. Onun sözlərinə görə, hətta dünyada, o cümlədən Avropada ciddi siyasətçi kimi tanınan bəzi şəxslər də dünya tarixini, xüsusən də Cənubi Qafqazla bağlı tarixi reallıqları, o cümlədən Azərbaycan tarixini bilmirlər: "Bu boşluqdan istifadə edən erməni diaspor təşkilatları, erməni fəalları, "alimləri” dünya ictimaiyyətinə, qeyd etdiyimiz məlumatsız siyasətçilərə öz yalanlarını sırıyır, onları aldatmağa çalışırlar. Bu kimi çoxsaylı səbəbləri nəzərə alsaq, Azərbaycan gəncliyi savadlı, ayıq, istedadlı, dünyagörüşü zəngin olmalı, xarici dillər bilməli, beynəlxalq təmaslara can atmalı, dünyada cərəyan edən prosesləri düzgün qiymətləndirməyi bacarmalıdır. Azərbaycan gəncləri beynəlxalq platformalarda çıxış etməklə öz Vətənini layiqincə təmsil və təbliğ etməyə, zərurət olduqda müdafiə etməyə çalışmalıdır”.

Hüquq müdafiəçisi qeyd edib ki, dünyadakı erməni yalanlarına qarşı daxildə və xaricdə qətiyyətlə mübarizə aparılmalıdır: "Xarici əlaqələri zəif olan, ümumiyyətlə belə əlaqələr qurmağı bacarmayan Azərbaycan gəncləri isə sosial şəbəkələrdə son dərəcə vətənpərvər olmalı, milli-dövlətçilik maraqlarımızın təəssübçüsü rolunda çıxış etməlidirlər. Bu gün internet zəmanəsidir. Azərbaycanın ən ucqar dağ kəndində yaşayan gənc də bu təbliğatı apara, ölkəyə, Vətənə fayda verə bilər. Prezident İlham Əliyevin BDU-nun yubileyində etdiyi çıxışdan da belə qənaətə gəlmək olar ki, bu yöndə əsas iş gənclərin üzərinə düşür. Çünki, onlar enerjili, informasiya kommunikasiya texnologiyalarının gətirdiyi yeniliklərdən son dərəcə məlumatlıdırlar. Bu baxımdan, ölkə başçısının səsləndirdiyi fikirləri gənclər üçün yol xəritəsi kimi də qiymətləndirmək mümkündür”.
"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı da hesab edir ki, Prezident İlham Əliyev BDU-nun yubiley mərasimində çıxış edərkən gənclərlə bağlı çox mühüm məqamlara toxunub. Onun fikrincə, sosial media artıq çoxdan sosiallıqdan uzaqlaşıb və maraqlı siyasi dairələrin əlində müxtəlif ölkələrə qarşı alətə çevrilib: "Bəlli güc mərkəzləri, siyasi dairələr sosial şəbəkələri siyasi, ideoloji təbliğat, müzakirə, təbliğat platformasına çeviriblər. Hətta sosial mediadan "yumşaq güc” kimi də yararlanırlar. Bu yolla dövlətlərə təzyiqlər edilir, ölkələrin daxilində qarışıqlıq yaradır, təxribatlar törədirlər. Yaxın Şərqdə baş verən proseslərdə biz bunun nümunəsini açıq şəkildə gördük. Ona görə də sosial şəbəkəyə boş vaxtımızı keçirəcək meydan kimi deyil, daha ciddi məkan kimi yanaşmalıyıq. Bəzi xarici ölkələrin jurnalistika fakültələrində sosial şəbəkə - sosial media ayrıca fənn kimi tədris olunur. Qardaş Türkiyədə sosial media ilə əlaqəli onlarla kitab, dərslik var. Hətta universitetlərin hər birində sosial media ayrıca kafedra kimi fəaliyyət göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, sosial mediaya yanaşma dəyişməli, ona münasibət ciddi xarakter almalıdır. Bu platformadan yararlanarkən bilgili olmalı, məsələlərə akademik yanaşma ortaya qoyulmalı, ölkəmizin təbliğatını ən üstün səviyyədə aparmalıyıq. Bunun üçün müasir üsul və formalardan istifadə etməliyik. Çünki, ənənəvi təbliğat formaları müasir dünya insanı üçün keçərli deyil. Dünya ilə onun anlayacağı dildə danışmaq gərəkdir. Sosial medianın imkanlarından faydalı şəkildə istifadə etməklə bizim üçün aktual olan mövzu və problemləri ictimailəşdirə, qısa zamanda bütün dünya əhalisinin diqqətinə çatdıra bilərik”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər