• çərşənbə, 24 Aprel, 07:00
  • Baku Bakı 13°C

Gənclərə özünütəsdiq üçün meydan açan fond

23.12.14 10:12 1651
Gənclərə özünütəsdiq üçün meydan açan fond
“Gənclər Fondunun keçən 3 il ərzində gördüyü işləri olduqca müsbət qiymətləndirir, fəaliyyətini yüksələn alqoritmik inkişafla xarakterizə edirəm. Belə deməyə yaradıldığı gündən ölkə daxilində və xaricində fondun vəsaiti hesabına baş tutmuş çoxsaylı uğurlu layihələr əsas verir. Layihələrin icrası, hesabatı mərhələlərində əldə etdiyimiz məlumat, dəyərləndirmə və monitorinqlər göstərir ki, qarşıya qoyduğumuz məqsəd və hədəflərimizə çatmağı bacarırıq”. Bu sözləri qəzetimizə açıqlamasında Gənclər Fondunun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov fondun 3 illik fəaliyyətini dəyərləndirərkən dedi. Bildirdi ki, fond ölkədə ilk dəfə olaraq təşkilatlanmamış, lakin yaradıcı, fəal gənc və tələbələrin fərdi qaydada layihələrinin reallaşmasına səbəb olub: “Ölkə başçısının fondun yaradılması ilə bağlı fərmanı çox əhəmiyyətli və tarixi hadisədir. Məhz fərmanın imzalandığı gündən etibarən gənclər, gənclər təşkilatları öz sosialyönlü ideya və layihələrini həyata keçirə bilirlər. Bu yolla hökumətlə gənclər arasında mümkün ola biləcək maneələr, bürokratik əngəllər aradan qaldırılıb, münasibətlər daha da yaxınlaşıb. Ona görə də cəmiyyətin ən aktiv təbəqəsi olan gənclər fondun yaradılmasını və fəaliyyətini müsbət qiymətləndirirlər. Çünki fond onların dövlətçilik işində daha aktiv iştirak etmələrinə şərait yaradır, cəmiyyətə, vətənə olan bağlılıqlarını aydın şəkildə ifadə edə bilmələri üçün fürsət tanıyır. Qeyd edim ki, indiyə qədər fondun maliyyə vəsaiti hesabına Azərbaycan gənclərinin 5 qitədə, 70-dən çox ölkədə 125 beynəlxalq səviyyəli tədbirdə iştirakı təmin olunub, səfər xərcləri qarşılanıb”.
O.Ərəbov qeyd etdi ki, 2011-2014-cü illərdə fond tərəfindən 6 qrant müsabiqəsi elan olunub və müsabiqələr zamanı 1865 layihə fondun qərarverici orqanı olan Müşahidə Şurası tərəfindən maliyyələşdirilib: “Maliyyələşmiş layihələrin 70-i beynəlxalq səviyyəli olub. Onu da deyim ki, müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələrin davamlılığı və icra mexanizmi daim fondun əməkdaşları tərəfindən nəzarətdə saxlanır və resipiyentlərə lazımi məsləhətlər verilir, yardımlar göstərilir. Məncə, hər hansı bir layihə və ya təşkilatı fərqləndirmədən bütün layihələrimizin uğurlu olduğunu söyləmək mümkündür. Müşahidə və təhlillərimiz göstərir ki, fonda daxil olan layihələr ildən-ilə təkmilləşərək yeni sosial gənclər qruplarını əhatə edir. Fürsətdən istifadə edib gənclər və gənclər təşkilatlarını onlar üçün yaradılmış fondun növbəti ildə elan edəcəyi qrant müsabiqələrində maraqlı və lazımlı layihələrlə iştirak etməyə dəvət edirəm”.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov da fondun ölkə gənclərinin inkişafında müstəsna rolu olduğunu, onlarda özünəinam hissini formalaşdırdığını vurğuladı: “Bilirsiniz ki, bu fond gənclərin ən böyük dostu və dəstəkçisi olan prezident tərəfindən yaradılıb. Sözügedən fond üç il ərzində 2000-ə yaxın layihəni maliyyələşdirib ki, bundan həm gənclər, həm də dövlət özü məmnun qalıb. Amma təbii ki, əsas məqsəd gənclərin inkişafına səbəb olmaq, onların özünütəsdiqi üçün meydan açmaqdır. Hər bir reallaşan layihə onlarla, yüzlərlə aktiv gənc deməkdir. Ona görə də fond tez-tez müsabiqələr elan edir, onlara layihələrini gerçəkləşdirmək üçün şərait yaradır. Xatırladım ki, indiyə qədər 6 dəfə müsabiqə keçirilib. Sevindirici haldır ki, qaliblər arasında bizim də adımız var. Təkcə bizim həyata keçirdiyimiz layihələrdə iştirak edən gənclərin sayı 1000-dən çoxdur. Göründüyü kimi, Gənclər Fondunun yaradılması xeyli sayda gəncin aktiv şəkildə layihə ilə məşğul olmasına səbəb olub. Təbii ki, bu siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün yeni məzmunda və uğurla davam etdirilir. Ölkəmizdəki gənclər siyasəti bütün dünyaya nümunədir. Hesab edirəm ki, artıq Ulu öndərin arzuladığı Azərbaycan gəncliyi formalaşıb”.
İ.Orucovun fikrincə, gənclərin formalaşmasında, aktiv təbəqəyə çevrilmələrində Gənclər Fondunun özünəməxsus rolu yaranıb: “Fond hər zaman obyektivliyini qoruyur və layihələr qiymətləndirilərkən bu amil diqqətdən yayınmır. Çünki obyektivlik onlar üçün birinci meyardır. Doğrudan da, onlar layihələri qiymətləndirərkən ədalətsiz davransalar layiqli gənclər kənarda qalar, bu isə haqlı narazılığa səbəb olar. Belə demək olar ki, fondun obyektiv qərarları gənclərin inkişafında yeni bir mərhələ açıb”.
Müsahibimiz onu da dedi ki, fondun özəlliyi həm yerli, həm də beynəlxalq layihələri gerçəkləşdirməsidir: “Gənclər Fondu yeganə fonddur ki, Azərbaycanda fəaliyyət göstərən gənclərlə yanaşı, xaricdə yaşayan gənclərin də ölkəmizlə bağlı layihələrini reallaşdırılır. Bu, yeni imkanlar deməkdir. Yəni, xaricdə Azərbaycanla bağlı layihələr gerçəkləşdirilir, ölkəmizin təbliğatı aparılır, Azərbaycan həqiqətləri dünyanın diqqətinə çatdırılır. Hesab edirəm ki, müəyyən sahələrə mütləq gənclər cəlb olunmalı, sanki, yeni nəfəs gətirilməlidir. Onların bilik və bacarıqlarından uğurla istifadə olunmalıdır. Yəqin elə bu səbəbdəndir ki, fond nəinki Bakıda, regionlarda yaşayan gəncləri də dəstəkləyir, onlarda özünəinam hissləri aşılayır. Təbii ki, bu işlər hamısı ölkə başçısının nəzarəti və tapşırığı ilə həyata keçirilir. Fond qarşısına məqsəd qoyub ki, şəffaf şəkildə bütün gənclərə bərabər imkanlar yaratsın”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər