• cümə, 19 Aprel, 07:30
  • Baku Bakı 13°C

Gənclərə sözüm var: “Ağıllı olun” – Şou-biznes

05.05.14 10:26 3062
Gənclərə sözüm var: “Ağıllı olun” – Şou-biznes
Şou biznes elə bir aləmdir ki, buraya bir daxil olan sevinir, bir də oradan canını qurtaran. Nədənsə gənclərin şouya marağı getdikcə artmaqdadır. Özü də necə! Onlar bu aləmdə fərqlilik edərək insanların yaddaşlarında qalmağa çalışırlar. Biz isə səhnəyə ilk addımlarını atan ifaçıların fərqli üslublarını gördükcə təəccübümüzü gizlədə bilmirik.
Beləliklə “Gənclik qəzeti”nin bu həftədəki qonağı ifası ilə fərqlənən, mahnıları gənclərin dilindən düşməyən 22 yaşlı Minadır. Mina “Hər şey istəyirəm”, “Qar qız”, “Varlı qadın”, “Gəlin dönək evə”, “Dur hoppan” mahnısı ilə gənclərin sevimlisinə çevrilib.
Redaksiyamızı “partlatmağa” hazırlaşan Mina açıqlamaları ilə bizi çox təəccübləndirdi.

Əslində mən pis insan deyiləm

- Sizin adınız hər kəsdə maraq doğurub. Nə üçün “Mina” adını özünüzə ləqəb götürmüsünüz?

- Bu adı özümə ləqəb götürməmişəm, Mina mənim elə öz adımdır. Bu ad sanki elə səhnə üçün yaradılıb. Adımın mənası partlayış deməkdir. Həyatda Mina adlı insan yoxdur.
- Qeyd etdiniz ki, Mina adlı insan yoxdur. Bəs əsl adınız nədir?

- Adım elə Minadır, belə yaranıb, belə də gedəcək (gülür). Şəxsiyyət vəsiqəmdə də adım elə Mina gedir. Valideynlərim mənə Mina adı veriblər. 1992-ci ildə doğulmuşam və həmin illərin ən məşhur adı idi Mina idi ki, valideynlərim də mənə o ada layiq görüblər.
- Mahnılarınızda biz üsyankar qızcığaz görürük. O qız kimə və nəyə üsyan edir?

- O qız gənclərin arasında baş verən xoşagəlməz hadisələrə üsyan edir, onlara doğru yol göstərməyə çalışır. Gənclərə deyir ki, “ağıllı olun”. İndi gənclərin arasında baş verənləri çılpaq şəkildə tamaşaçılara göstərməyə çalışıram. Əvvəllər cəmiyyətdə baş verən haqsızlıqları şairlər yazaraq xalqa çatdırırdılar. Mən də bir növ onların davamçısıyam. Mirzə Ələkbər Sabir kimi satirik janrda yazıram və onları ifa edirəm.
- Məsləhət vermək üçün yaşınız az deyilmi?
- Əvvəllər tənqidlərə daha çox tuş gəlirdim. Sosial şəbəkədə bir mahnı yerləşdirən kimi onun altından xoşagəlməz sözlər yazırdılar. Amma sonra yavaş-yavaş insanları özümə, mahnılarıma alışdırdım. Əslində mən pis qız deyiləm. Mahnılarımla siz gənclərə düzgün yol göstərmək istəyirəm. Mən insanlara həqiqəti çatdırıram. İnsanlar da yavaş-yavaş məni başa düşürlər və məni olduğum kimi qəbul ediblər.
- Mahnılarınıza dırnaqarası baxanlara necə münasibət bildirirsiniz?
- Onlara çox normal münasibət bəsləyirəm. Çünki hərənin öz şəxsi fikri var, onların da fikirlərinə hörmət edirəm. Məni bəyənən də var, bəyənməyən də. Şərt deyil ki, hamı məni bəyənsin.
Hamı kimi deyiləm
- Sizin “Dur hoppan” mahnınız yaşlı nəslin nümayəndələri tərəfindən böyük qınağa səbəb oldu.
- Mahnımda pisliklərə, haqsızlıqlara «dur hoppan» deyirəm. Biz mahnıda söyüşdən istifadə edə bilmərik. Mənim üçün “dur hoppan” sözü söyüşün ən pik nöqtəsidir. Orada pisliklərə, qızların gördüyü pis əməllərə “dur hoppan” deyirəm. Mahnıya qulaq asan yəqin ki, mənə haqq qazandırar. Mən düz yoldayam və bu yolda mənə dəstək olan hər kəsə minnətdaram.
- Ailəniz mahnılarını dinləyəndə sizə heç irad tuturmu?
- Valideynlərim mahnılarımı dinləyəndə mənə heç nə demirlər. Bircə onu deyirlər ki, imicini tez-tez dəyişmə. Anam mahnılarıma deyil, hər dəfə imicimə irad tutur. Deyir ki, saçların gah uzanır, gah qısalır, gündə bir vidə düşür, çalış dəyişmə (gülür).
- Yazdığınız mahnıları başqa kimsə oxuyurmu?
- Bəli. “Hər şey istəyirəm” mahnısını xalam qızı Elnarə oxuyub.
- Tanınmadığınız vaxtlarda xalanız qızı Elnarənin adından istifadə etmisinizmi?
- Mən bunu niyə danmalıyam ki. Elnarə mənim xalam qızıdır. O mənim əzizim, bacımdır. İlk addımlarımda o mənə dəstək olub. Bunu heç vaxt unutmaram.
- Nə üçün həmişə belə fərqli mahnılar ifa edirsən?
- Çünki özüm də, ruhum da, düşüncələrim də fərqlidir. Bilirəm ki, hamı kimi deyiləm.
- Belə mahnılar oxumaq üçün insanda bir az cəsarət də lazımdır. İçində heç zaman qorxu olmayıbmı?
- Mən Allahdan başqa heç kimdən qorxmuram. Arxamda dağ kimi ailəm durub və onlar mənə hər zaman dəstək olublar. Hamı bilir ki, mən şıltaq gəncəm. Çıxıb oxuyuram, hər kəs də məni normal qəbul edir.
Mina evlənir?
- Sonuncu mahnınız “Eşq oğrusu” idi. Ötən həftə də sosial şəbəkədə gəlinlik libasında şəklinizi paylaşdınız. Bu da insanlar arasında söz söhbətə səbəb oldu.
- Bəli. Əslində ortada heç nə yoxdur. “İncilər” verilişində gəlinlik geyinməli oldum. O, şəkli də sosial şəbəkədə paylaşdıq. Saytlar xəbər yaydı ki, Mina evlənir. Ancaq yaxın 5 il ərzində ailə həyatı qurmaq istəmirəm. “Eşq oğrusu” isə mənim təzə mahnımdır. Mahnının musiqisi Mövludun, sözləri reper Şahruzundur. Heç bir qızın həyatında eşq oğrusunun olmasını arzulamıram. İndi oğlanlara inam yoxdur, qızların saflığından istifadə edib onları aldadırlar.
- Həyatınızda belə bir şey olubmu?
- Xeyr, olmayıb. Dostlarımın başına gəlib. Mən də oxudum ki, qoy qızlar ayılsın. Həmin mahnıya 3D qrafikalı klip çəkdirmişəm. Səviyyəli bir iş olacaq.
- Mina nə vaxt partlayacaq?
- Yəqin ki, “Robot” mahnım efirlərə çıxandan sonra mina yenidən partlayacaq. “Hər şey İstəyirəm” mahnısından sonra Mina artıq partlayıb. İndiyə kimi “Ağabəyovlar”, “Fatma” serialında və “Xoca” filmində çəkilmişəm. Bir neçə seriallar da var ki, onlara da çəkiləcəm. Mina növbəti dəfə də onda partlayacaq. Yeniliklərimlə yenidən partalayacağımı düşünürəm. Belə ki, iyunun 1-də bütün Azərbaycan reperləri ilə və mənim ifamda böyük bir konsert olacaq. Ondan sonra daha böyük konsertlərim gözlənilir. “Cavabsız sevgi” mahnıma Lerikdə klip çəkdirmişəm. Yaxın zamanda həmin klipi təqdim edəcəm. Bundan başqa, hərbi hissələrdə konsert vermək niyyətindəyəm. Reper «Nağd pul» Nadirlə yeni duetimiz olacaq. Onunla birlikdə 12 mahnı düşünmüşük. Rihanna və Timati ilə duet oxumaq istəyirəm. Bu mənim arzumdur.
- Səhv etmirəmsə, Polad Bülbüloğlu ilə də duet oxumusunuz.
- Bəli. Polad Bülbüloğlu az öncə sadaladıqlarımdan artıqdır mənim üçün. “Şən Azərbaycan” mahnısına klip çəkdirdik. Orada köhnə kadrlardan da istifadə etdik.
Ruhən ağır insanam
- “Hər şey istəyirəm” mahnınızdan sonra istəyinizə çatdınız?
- Bəli, onların bir hissəsi həyata keçdi. Misal üçün, orada demişdim ki, “Xəbərçi” də qonaq olum. Artıq oldum. Paparadzelərin hədəfinə tuş gəlim, ulduz olum, bu arzularıma çatdım. Bir tək istəyim var, o da Qarabağ bizim olsun. Orada Polad Bülbüloğlu ilə Zeynəb xanım oxusun, mən də orada iştirak edim. İnşallah, o da olar.
- 10 ildən sonra Mina özünü necə görür?
- Özümü ağır, xanım-xatın, səhnədə sözünü demiş birisi kimi görürəm. İndiki kimi çılğın, qırıb-dağıdan insan kimi görə bilmirəm. Hər yaşın öz gözəlliyi, istəyi, arzuları var. 10 ildən sonra ağır bir qız olacam, bəlkə 10 ildən sonra oxumağı atdım (gülür). Əslində mənim ən böyük arzum məşhur aktrisa olmaqdır. Müğənnilik sənəti də yaxşıdır, ancaq bir yerə qədər. İndiyə kimi 3 serialda, bir filmdə çəkilmişəm. Bundan sonrası da Allah kərimdir.
- Teatr səhnəsində necə, özünü görə bilirsənmi?
- Teatr səhnəsində özümü görə bilmirəm. Orada bir az da pafos lazımdır. Mənim kriteriyalarıma uyğun deyil. Filmlərdə daha çox ağır Azərbaycan xanımı obrazlarında çəkilmək istəyirəm. Hər bir obrazı canlandıra bilərəm. Ağır obrazları da oynaya bilərəm. Ancaq mənfi xarakterli obrazları, açıq-saçıq geyimlərdə, öpüşmələrdə və erotik səhnələrdə oynamaram.
- Ulduz xəstəliyinə tutulmusanmı?
- Ruhən ağır bir insanam. İstəmərəm ki, mənə desinlər ki, bu qız yüngüldür. Ulduz xəstəliyinə tutulmamışam. Ağac nə qədər bar versə də, o qədər də başını aşağı salar. Nə qədər məşhur olsam, bir o qədər sadə olacam. İndi Mina kimi ifaçı varmı? Xeyr, Azərbaycanda Minadan bir dənədir. Həm ad baxımından, həm də ifaçı kimi. Bu yolda özümü tək görürəm. Bu yol asan deyil. Əgər kimsə gənclərdən bu yolu seçsə MİNA kimi həmişə ona dəstək olmağa hazıram.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər