• çərşənbə axşamı, 16 aprel, 15:25
  • Baku Bakı 19°C

Gənclərə nümunə olmalıyıq - Şou-biznes

15.05.15 06:10 1428
Gənclərə nümunə olmalıyıq - Şou-biznes
Namiq Qaraçuxurlu: “Bir vətəndaş olaraq çalışacağam ki, vətənimizə təşrif buyuran turistlərə ölkəmizi layiqincə təqdim edim”
“Gənclik” qəzetinin bu həftəki qonağı gənclərin sevimlisi, meyxanaçı, ifaçı və aktyor Namiq Qaraçuxurludur. Müsahibimiz bizimlə söhbətində gündəmdə olan mövzulardan danışaraq özü ilə bağlı yayılan bütün şayiələrə aydınlıq gətirdi. Bildirdi ki, yaxın zamanlarda xoş xəbərlərlə fanlarını sevindirəcək.
- Namiq bəy, Azərbaycanda “Bakı-2015” Birinci Avropa Oyunlarının keçirilməsinə sayılı günlər qalıb. Bir vətəndaş olaraq siz bu yarışmaya hazırlaşırsınızmı?

- Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bizim üçün böyük uğurdur. Hər birimiz çalışmalıyıq ki, bu oyunlarda az da olsa xidmətimiz olsun. Ulduz səfir seçilən ifaçılara yaxşı mənada paxıllıq edirəm. Onların üzərilərinə böyük bir yük düşür. Belə ki, səfir olduqları idman növü üzrə böyük öhdəliklər daşıyırlar. Heyf ki, bu siyahıda mənim adım yoxdur. Ancaq bir vətəndaş olaraq çalışacağam ki, vətənimizə təşrif buyuran turistlərə ölkəmizi layiqincə təqdim edim. Bu işdə bütün vətəndaşlarımızın üzərinə böyük yük düşür. Unutmayaq ki, kiminsə xırda bir qanunsuz addımı və yaxud da etikadan kənar hərəkəti çəkilən əziyyətə xələl gətirə bilər.
- Tanınmış ifaçısınız və diqqət mərkəzindəsiniz. Adətən gənclər tanınan simalardan daha çox örnək götürür. Bunları nəzərə alırsınızmı?

- Əlbəttə ki, bu çox vacib və incə bir məsələdir. Üzdə olan, tanınan sənətçilər gərək elə hərəkət etsinlər ki, digərləri onlardan örnək götürsün. Təbii ki, bizim də yanlışlarımız, səhv addımlarımız olur. Ancaq bacardığımız qədər onu düzəltməyə çalışırıq. Hər hərəkətimə xüsusi diqqət yetirirəm. Tanınan hər hansı xanım ifaçı geyimində açıq-saçıqlığa, danışığında yersiz sözlərə üstünlük verirsə, yetişən nəsil də onu təqlid edir. Biz belə şeyləri çox görmüşük. Hətta mən seriala çəkiləndə komanda şəklində çalışırdıq elə bir obraz yaradaq ki, gənclər ondan örnək götürsün. Bacardığımız qədər gənclərə nümunə olmağa çalışırıq. Bu bizim üçün vacibdir.
- Siz həm meyxanaçı, ifaçı, həm də aktyorsunuz. Özünüzü daha hansı sahədə sınamaq istərdiniz?

- İncəsənətdən tamam ayrı bir sahədə - özümü idman növündə sınamaq istərdim. Uşaqlıqdan karateyə böyük marağım olub. Kiçik yaşlarımda bu idman növü ilə məşğul olduğum üçün o, beynimin bir küncündə ilişib qalıb. Çox istəyərdim ki, bu sahədə özümü inkişaf etdirim və yarışlarda iştirak edim. Ancaq sağlamlığım imkan vermədiyi üçün bu idman növünün arxasınca getmədim.
- Bəs aparıcı kimi necə, özünüzü sınamaq istərdinizmi?

- Açığını desəm, aparıcılıq etmək üçün çox təkliflər almışam. Aparıcı olmaq istəyərdim, ancaq buna heç cür vaxt çatdıra bilmirəm. Misal üçün, bir mövsüm serialda çəkildim. Gördüm ki, özümə aid olmayan sahədə geriləyirəm. Düşünürəm ki, həftədə bir dəfə veriliş aparmaq üçün gərək bütün zamanımı ona həsr edim. Əgər bu işi üzərimə götürürəmsə, onu məsuliyyətli şəkildə etməliyəm. Bütün zamanımı həmin verilişə sərf etməli və bunun üçün gecə-gündüz çalışmalıyam. Belə olan halda isə əsas sənətim ikinci plana keçəcək. Təəssüf ki, bu gün televiziya sahəsində peşəkar komandalar da azdır. Əgər aparıcılıq etsəm, müğənnilik və meyxanaçılıq sənətim geridə qala bilər. Ona görə də istəyirəm, ancaq “hə” deyə bilmirəm. Seriala çəkiləndə bir də onda ayıldım ki, sənətimə xərcləməli olduğum zamanı başqa sahəyə xərcləmişəm.
- Çoxdandır sizdən klip görmürük. Buna ehtiyac duymursunuz, yoxsa peşəkar rejissor axtarışındasınız?

- Klip çəkilişlərinə ehtiyac duyuram. Uzun müddətdir ki, klip çəkdirmirəm. Düzünü desəm, tərəddüd edirəm, normal qərar verə bilmirəm. Çox istəyərdim ki, “Natiq” ritm qrupu ilə hazırladığımız bir əsərə klip çəkdirim. Amma bu, böyük vəsait tələb edir. Bir də kütlənin ümumi marağında olan sevgi-məhəbbət mövzusunda mahnı var ki, ona da klip çəkdirmək istəyərdim. Ona görə də seçim qarşısında qalmışam. Etiraf edirəm ki, zamanıdır. Klipləri çoxdan çəkməli idik. İndi bir neçə təklif var və onların ətrafında düşünürük.
- Eşitdik ki, Elza Seyidcahanla yeni duet ifa edəcəksiniz. Həmin duetə klip çəkdirəcəksinizmi?

- Uğurlu alınsa, yəqin ki, çəkdirərik. Əslinə qalsa, mən həmin mahnı ilə yaxından tanış deyiləm. Elza xanım qısa da olsa, mahnı haqqında mənə məlumat verib. Maraqlı bir duetə oxşayır. Əgər uğurlu alınarsa, niyə də olmasın?
- Elza xanımla əməkdaşlığınız Aygün Kazımova ilə işbirliyi kimi uzunmüddətli ola bilər?

- Mənim keçmiş duetlərimdə janrların sintezi və bununla bərabər, böyük şou var idi. Ancaq Elza xanımla duetdə şoudan daha çox janr sintezi olacaq. Hər şey dinləyicilərin dueti necə qarşılayacağından asılıdır. Əgər bu duetimiz uğurlu alınarsa, təbii ki, silsilə şəklində ola bilər. Hər şey ola bilər. Elza xanımla layihəni bir il bundan öncə planlaşdırmışıq. Üzərindən bir il keçsə də, qarşı-qarşıya normal oturub duetlə bağlı müzakirə etməmişik. Zamanımız olmadığı üçün bu duet yubanıb. Əgər birinci duetimiz bu qədər yubanıbsa, silsilə məsələsi sual altındadır.
- Özəl həyatınız daim gündəmdədir. Şəxsi həyatınızın gündəmə gəlməsi sizi narahat edirmi?

- Əvvəllər bu məni çox narahat edirdi. Ancaq indi bunu o qədər də özümə problem etmirəm. Sənət adamıyam. Bu belə də olmalıdır. Düzdür, bizə söyləyirlər ki, ifaçıların şəxsi həyatı bizim nəyimizə lazımdır? Ancaq görürük ki, sənətlə bağlı yazılan yazı bir o qədər də oxunmur. İfaçının şəxsi həyatı ilə bağlı yazılan xəbərlər isə daha çox oxunur. Bu da insanın psixoloji durumu ilə bağlıdır. İnsanlar üzdə olan ifaçıların şəxsi həyatı ilə maraqlanırlar. Ya bu sahədə olmamalısan, uzaqlaşmalısan, ya da qəbul etməlisən ki, belədir. Düzdür, son zamanlar bir çox verilişlərə çıxmıram. Çalışıram qalmaqallı verilişlərdən uzaq durum. Bəzi şeyləri qəbul edə bilmirəm. Ona görə də hər şeydən kənardayam. Sağ olsunlar, maraqlanırlar, yazırlar, bu da sevginin bir əlamətidir.
- Gündəmdə olan bu məsələlərə nə üçün son qoymaq istəmirsiniz? Hamının gözü yoldadır...

- İnşallah. Hamının gözü yoldadırsa, mənim ürəyim də intizardadır. İnşallah, yaxın zamanlarda bu məsələni də həll edərik. İşlərdən uzaqlaşmamın səbəblərindən biri də məhz bu məsələdir. Mən də çalışıram ki, bu məsələlərə birdəfəlik nöqtə qoyum.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər