• cümə axşamı, 28 mart, 15:18
  • Baku Bakı 16°C

“Gənclərə investisiya yatırmaq neft və qazdan daha vacibdir”

18.09.14 16:40 1568
“Gənclərə investisiya yatırmaq neft və qazdan daha vacibdir”
İnterfax-Azərbaycan-ın suallarını Bakıda keçirilmiş Birinci “Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu” və Gənc alimlərin Ümumdünya Bakı Forumunun iştirakçısı, “Keystone Development Trust” şirkətinin direktoru və “Windsor Property Investments”in təsisçisi (Böyük Britaniya) Rayan Uindzor cavablandırır.
-Siz Azərbaycanla əyani şəkildə tanışsınız, burada olmusunuz. Respublikanın gələcəyi ilə bağlı fikrinizi bilmək maraqlı olardı.

- Hesab edirəm ki, Azərbaycanın çox yaxşı iqtisadi perspektivləri var. Respublika güclü neft-qaz sənayesinə malikdir. Bundan başqa, hökumət gənclərə fəal şəkildə investisya yatırır. Bu, nəticə etibarilə neft və qazla müqayisədə iqtisadiyyata daha güclü və uzunmüddətli təsirə malik olacaq.
-Siz mənim zəngin enerji resurslarına malik olan Azərbaycanın Sizin üçün daha nə kimi əhəmiyyət kəsb etməsi barədə sualımı qabaqladınız...

-Mən ilk dəfə Azərbaycanı neft və qaz ölkəsi kimi deyil, zəngin mədəniyyətə malik olan və mehriban, səmimi və çox tolerant xalqı olan ölkə kimi tanıdım. Mən Azərbaycanda, Bakıda iki dəfə səfərdə olmuşam: birinci dəfə Birinci “Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu” və ikinci dəfə isə Gənc alimlərin Ümumdünya Bakı Forumu zamanı. Və hər dəfə elə qonaqpərvərlik hiss etmişəm ki, burada daha artıq qalmaq arzusunda olmuşam. Bundan başqa, hər zaman yeni investisyalar və biznes üçün imkanlar axtaran sahibkar kimi, mənim üçün burada çoxlu sayda ambisiyalı, özünün akademik və ya peşəkar potensialını reallaşdırmağı qarşıya məqsəd qoymuş gəncləri görmək heyranedici idi.
-Yeri gəlmişkən, Avropanın enerji təhlükəsizliyi probleminin həllində Azərbaycanın rolunu necə görürsünüz?

- Əlbəttə, Azərbaycan bu işdə əsas oyunçudur. Bir tədarükçüyə arxayın olmamaq siyasəti alternativ tərəfdaş axtarışı zərurətini diktə edir. Azərbaycanın təcrübəsi, onun mövqeyi və ehtiyatları bunu etmək üçün respublikaya çox yaxşı imkanlar yaradır və bu, artıq baş verir. Enerji mənbələrinin şaxələndirilməsi üzrə yeni müqavilələr bağlanmalıdır, yalnız bir iri müqavilə ilə kifayətlənmək olmaz. Azərbaycan Avropa, Qafqaz və digər regionlar üçün strateji cəhətdən vacib ölkədir. Hesab edirəm ki, bu təsir yalnız regionda boru kəmərlərinin genişləndirilməsi üzrə innovativ planlar hesabına artacaq.
-Böyük Britaniyanın tarixən Cənuibi Qafqazda və xüsusilə Azərbaycanda maraqları olub. Bakıda hətta Azərbaycan Demokratik Respublikasının yarandığı ilk vaxtlarda respublika ərazisində gedən döyüşlərdə həlak olmuş britaniyalı əsgərlərin xatirəsinə memorial var. Bu gün Azərbaycan və Böyük Britaniya bir çox sahələr üzrə strateji tərəfdaşdır. Ölkələrimiz arasında münasibətlərin indiki səviyyəsini necə qiymətləndirərdiniz?

-Düşünürəm ki, hökumət tərəfindən ikitərəfli əməkdaşlığa yüksək qiymət verilir. Britaniya hökuməti Azərbaycanın əhəmiyyətini təsdiq edir və bu əhəmiyyət zamanla yalnız artacaq. Ölkələrimizin tərəfdaş ola biləcəyi müxtəlif potensial əməkdaşlıq istiqamətləri mövcuddur. Hesab edirəm ki, Azərbaycanda insan kapitalına böyük sərmayə qoyuluşları kimi istiqamətlər üzrə əməkdaşlıq daha intensiv olmalıdır.
- Və sonda Azərbaycanın əsas probleminə - ölkə ərazisinin beşdə bir hissəsinin işğalının davam etməsi məsələsinə toxunmaq istərdim. Sizcə, beynəlxalq birliyin bu problemə diqqətinin kifayət qədər olmamasının səbəbi nədir?

- Mən bir çox azərbaycanlılarla bu faciə barədə danışmışam və onların fikirlərini dinləmişəm. Lakin Böyük Britaniyaya qayıdarkən bizim xəbər buraxılışlarımızda bu barədə məlumatın çatışmazlığı ilə üzləşmişəm. Bu məlumat mühümdür və daha çox diqqət tələb edir. Lakin güman edirəm ki, bütün bunlar mövcud vəziyyətdən və dünyada baş verən digər hadisələrdən asılıdır.
banner

Oxşar Xəbərlər