• cümə, 29 Mart, 09:51
  • Baku Bakı 5°C

Gənclərə böyük dəstək - Fotolar

20.04.18 20:35 933
Gənclərə böyük dəstək - Fotolar
Bakcellin dəstəyi ilə növbəti sosial layihə həyata keçirilib. Belə ki, "SOS Uşaq Kəndləri-Azərbaycan” İctimai Birliyinin icra etdiyi "Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsində öz biznes planları ilə fərqlənən gənclərin bizneslərinin rəsmi açılışı olub. Layihənin ötən il həyata keçirilən birinci mərhələsində "SOS Uşaq Kəndləri-Azərbaycan”ın himayəsində olan 15 gənc "Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Qiymətləndirmə nəticəsində ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsini Bakcell şirkəti maliyyələşdirib.
Bu biznes layihələri Bakı şəhərində "Floristika gül dükanı” və "Çay evi”, Gəncə şəhərində isə "Meyvə bazarı” layihələridir. Və aprelin 20-də bu layihələrdən biri olan "Floristika gül dükanı”nın açılış mərasimi oldu. Açılışda Bakcell şirkətinin, "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi. Gül dükanı biznes layihəsinin müəllifi Seymur Kazımlı uşaq vaxtından gül mağazasında köməkçi kimi fəaliyyət göstərib. Və 7 ildir ki, işçi kimi gül biznesi ilə məşğuldur. Hazırda mağazasını açan Seymur bu işdə ona dəstək olan hər kəsə öz minnətdarlığını bildirir: "Bizim üçün belə bir fürsətin yaradıldığını biləndə, mən də öz şansımı yoxlamaq qərarına gəldim. Və öz biznes layihəmi hazırlayıb təqdim etdim. Mənim layihəmin bəyənilməyinə və maliyyə dəstəyi ayrılmağına görə çox şadam. Burada "Məzun evi”ndən məndən başqa iki nəfər də işləyir. Növbəli şəkildə çalışıb öz evimizə çörəkpulu aparırıq. Bu biznesimizi bir az da böyütməyi düşünürük. Və çalışacağıq ki, bizim kimi gənclərə öz dəstəyimizi göstərək. Bu layihədə mənə kömək olan hər kəsə öz təşəkkürümü bildirirəm”.
"Məzun Evi”nin direktoru Rüxsarə Axundova Seymurun bu layihəsini yüksək qiymətləndirdiyini qeyd etdi: "Seymur istedadlı gəncdir. Düşünürəm ki, o, bu işdə kifayət qədər uğur qazanacaq. Gül dükanında işləmək yaradıcılıq tələb edir. Hər kəs güllərə həssaslıqla yanaşıb, gözəl buket bağlaya bilməz. Bunun üçün gərək yaradıcılıq qabiliyyətin olsun. Əgər Seymur iddialı bir gənc kimi uğur qazanmağı qarşısına məqsəd qoyarsa, buna nail olacaq. Bu işdə bizim də üzərimizə böyük iş düşür. Bu gənclərə əlimizdən gələn qədər dəstək olmalıyıq”.
"SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının direktoru Rəşad Hüseynov öz çıxışında bildirdi ki, bu, Bakcell ilə birlikdə həyata keçirdikləri ilk layihə deyil: "Bizim gənclərə dəstək olduğuna və bu kimi digər təşəbbüslərinə görə Bakcell şirkətinə təşəkkür edirəm. 2009-cu ildən bizim bir neçə bu tipli layihəmizin reallaşmasında öz dəstəyini göstərib. Seymura gəlincə isə, onu qeyd edim ki, biz bu layihəyə başlayanda Seymur çox həyəcanlı idi. Bu işi bacarıb-bacarmayacağına tərəddüd edirdi. Amma nəticə olaraq o, bunu bacardı və artıq öz biznes layihəsi olan gül dükanını açdı. Düşünürəm ki, bu, həqiqətən də uğurlu layihədir. Və hesab edirəm ki, bu işi daha da genişləndirəcək. Mən həm öz, həm də rəhbərlik etdiyim birliyin adından hər cür yardımı göstərməyə hazır olduğumuzu bildirirəm”.

Bugün bura yığışmağımızın səbəbi Seymurun uğurudur deyən Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya departamentinin rəhbəri Süheyla Cəfərova bildirir ki, bu işi bacarmaq, belə bir layihəni hazırlamaq böyük ürək tələb edir: "Rəşad bəyin də dediyi kimi, bizim şirkətlə "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının bir çox bu tipli layihəsi baş tutub. Mən hesab edirəm ki, bu layihə ilk olmağına baxmayaraq, kifayət qədər uğurlu oldu. Hətta gözlədiyimizdən də yaxşı nəticələr əldə etdik. Düşünürəm ki, bu cür layihələrimiz davamlı olacaq. Biz daim gənclərə dəstək olmağa, onlara öz yardım əlimizi uzatmağa hazırıq. Bu işi ərsəyə gətirən, bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm”.

Günel Azadə




banner

Oxşar Xəbərlər