Gənclər özlərini necə inkişaf etdirməlidirlər? - Araşdırma
Rəqabət
hər sahədə artır, elə kadrlar arasında da. Çünki tələb budur. Artıq yaxşı kadr
daha yaxşı olmağa, daha yaxşısı da daim özünü inkişaf etdirməyə çalışır. Bu rəqabət
fonunda "özünü inkişaf etdirmək” ifadəsini son vaxtlar daha çox eşidirik.
Karyerasında müəyyən nailiyyətləri olan şəxslər uğurların əldə edilməsi və
davamlı olmasında hər zaman bu faktoru vurğulayır və gənclərə də bunu məsləhət
görürlər.
Gənclərin
bir qismində bu enerjini də görürük, dil öyrənirlər, müxtəlif kurslara, təlimlərə
gedirlər, öz inkişafları üçün lazım olan kitabları seçib oxuyurlar. Amma bunu
heç də hər kəs bacarmır, seçilən yol yanlış olanda isə nəticə istənilən kimi
olmur. Bəs doğru istiqamət nədir? Gənclər özlərini necə inkişaf etdirməlidirlər?
Davamlı özünüinkişaf necə getməlidir?
Məktəb illərindən
başlamalı
ADA Universitetinin Karyera Mərkəzinin direktoru Gülnur İsmayıl deyir
ki, bu gün hər sahədə sürətli inkişaf getdiyi üçün
kadrların bilik və bacarıqları da kifayət qədər uyğun və aktual olmalıdır: "Güc bilikdə, informasiyadadır. İnkişaf dedikdə,
ümumi yanaşmaq lazımdır, çünki bu, hansısa formal təhsillə yekunlaşmır.
Universitet təhsilini davam etdirmək, elmi dərəcələr almaqla yanaşı, eyni
zamanda informasiya mənbələrindən məlumat toplamaq, oxumaq, digər yeni biliklərə
də açıq olmaq lazımdır. Araşdırmalar aparmaq, ədəbiyyat oxumaq da böyük bir
inkişafdır, beyni zənginləşdirir. Digər tərəfdən, ruhun inkişafına kömək edir”.
G.İsmayılın
sözlərinə görə, gənclər məktəb illərindən öz üzərlərində işləməyə
başlamalıdırlar: "Özlərini tanımalı, maraq dairələrini müəyyənləşdirməli, seçəcəkləri
ixtisasla bağlı özləri üçün məlumat formalaşdırmalı və s. Amma bunlarla iş
bitmir, məktəb vaxtı olan bütün imkanlar çərçivəsində tədbirlərə qatılmaları,
sosial layihələrdə iştirak etmələri onlara bilik və bacarıqlarının inkişafına
böyük kömək edə bilər. Özlərini tanıyıb, maraqlarını müəyyənləşdirdikdə və məktəb
illərindən qeyd etdiyim istiqamətdə aktivlikləri olsa, ixtisas seçimini etmək
onlar üçün rahat olacaq”.
İlk kursdan
aktiv olmağa çalışmalı
Sonra
orta ixtisas və ali təhsil həyatı başlayır. Müsahibimiz deyir ki, burda elə ilk
kursdan aktiv olmağa çalışsınlar: "Tələbə klublarında, universitetdə müxtəlif
layihələrdə iştirak etsinlər. Universitetlərdə və müxtəlif mərkəzlərdə təlim
imkanları var, onlardan da yararlansınlar. Azərbaycanda və xarici ölkələrdə
keçirilən yay məktəblərində iştirak da çox faydalı olur. İxtisası öyrənmək önəmlidir,
amma kadr kimi işə qəbul olunmaq üçün əlavə bacarıq və keyfiyyətlər də tələb
olunur. Şifahi və yazılı ünsiyyət bacarıqları, komanda ilə işləmək qabiliyyəti,
liderlik xüsusiyyəti və s. Bunlar da müəyyən qədər könüllü və sosial fəaliyyət,
tələbə klublarında görülən işlər üzərindən formalaşa bilər. Bu kimi təlim və tədbirlərə
qatılanda insanın şəxsi keyfiyyətləri formalaşır. İstənilən halda komanda işində
dürüstlüyü, bütövlüyü də öyrənir. Bəzən hansısa layihədə iştirak edəndə insan
hiss edə bilər ki, onda liderlik qabiliyyəti var və onu inkişaf etdirər. Təhsildənkənar
təcrübə proqramlarında iştirak etsinlər. İş bazarı, şirkətlər, sənaye, müxtəlif
sektorlar haqqında bilikləri formalaşır və onlar sonra iş həyatına daha məlumatlı
addım ata bilərlər. Tələbə vaxtı özünüinkişaf üçün atılan bu addımlar həm də gənclərin
əlaqələrini genişləndirir, yeni insanlar tanıyırlar, onların içərisində daha təcrübəli,
nümunəvi və nəsə öyrəniləcək şəxslər də olur”.
Cəmiyyət
onları nə qədər doğru yönləndirir?
Ekspert İsa Qasımovun sözlərinə görə, gənclər özlərini inkişaf etdirməkdə
maraqlıdır, ancaq bu işin "amma”sı var: "Dünyada texnosahibkarlıq inkişaf edir,
xüsusilə internet imkanlarına əsaslanan xidmətlər ortaya qoyan, yaxud
internetin imkanlarından istifadə edərək böyük müştəri və istifadəçi kütləsinə
çıxış imkanları əldə edən qlobal sahibkarlar elə işlər görürlər ki, gəncləri və
yeniyetmələri özlərinə daha asan cəlb edirlər, dolayısı ilə onların vaxtlarını
çox alırlar. Qlobal şirkətlər yeniyetmə və gənclərə potensial müştəri kimi
baxdığı üçün onların fərdi inkişaflarında deyil, daha çox öz müştərisi kimi
hazırlamaqda maraqlıdırlar. Bu aspektdən baxdıqda, qeyd etmək olar ki, gənclər
vaxtlarını harda daha çox sərf edirlərsə, deməli, həmin məqamlardan daha çox təsirlənirlər.
Mən suala dolayısı ilə cavab verdim. Amma fərdi inkişafa gəldikdə, qeyd etməliyik
ki, bunu bütün gənclər istəyir. Nə qədər doğru yolda olduqlarına gəldikdə isə
bunun ciddi araşdırma mövzusu olduğu qənaətindəyəm. Fikrimcə, bu prosesdə cəmiyyətin
ciddi şəkildə rolu var. Cəmiyyət onları nə qədər doğru yönləndirir? Burada
KİV-in, ailənin, təhsil müəssisələrinin də rolu var, küçədə, ictimai nəqliyyatda
gedərkən və ya digər yerlərdə görüb-götürdüklərinin də. Hamısı rol oynayır”.
Hədəfsizlik, plansızlıq, həvəssizlik də ciddi şəkildə
mövcuddur
İ.Qasımov
deyir ki, hazırda dünyada proseslər, tələb və təkliflər çox sürətlə dəyişir. Bu
sürətli dəyişiklikdən müsbət mənada nəticə çıxara bilmək üçün cəmiyyətin güclü
olması önəmlidir: "Gənclər istəyə bilər, ancaq onlar buna nə qədər nail ola
bilirlər? Məsələ burasındadır. Bir qrup gənc var ki, çox yaxşı nəticə sərgiləyirlər,
onların bəzi məqamlarda ənənəvi yanaşmalarla razılaşmamaları da təqdirəlayiqdir.
Fikrimcə, bu, həmin gəclərin təşəbbüskarlığından irəli gəlir. Bu çox müsbət
haldır. Bütün bunlara baxmayaraq, qeyd edirəm ki, gənclərin fərdi inkişafı cəmiyyətin
ümumi inkişafında mühüm rol oynayır və bu milli konsepsiyalar nəzərə alınmaqla
baş verməlidir. Bununla belə, gənclər arasında hədəfsizlik, plansızlıq, həvəssizlik
də ciddi şəkildə mövcuddur. Bu, bəzən heç nə ilə məşğul olmamaqla müşahidə
olunsa da, bəzi hallarda isə onların doğru işlərlə məşğul olmadıqlarından da irəli
gəlir”.
İngilis dilini bilmək bir üstünlük yox, norma
olmağa başlayıb
İnsan Resursları üzrə Mütəxəssis Kəmalə Eynullayeva bildirdi ki, gənclər əvvəlcə, öz hədəflərini müəyyənləşdirməli,
gələcək həyat yolları barədə düşünməlidirlər. Daha sonra inkişaf barədə
danışmaq olar: "Çünki hara getdiyini bilmirsənsə, necə getdiyin əhəmiyyət
daşımır. Dəqiq hədəfləri olan gənclər bu hədəfə çatmaq üçün hansı yönləri üzərində
çalışmalı olduqlarını daha yaxşı anlayırlar. Bu da o yönləri inkişaf etdirmək
üçün ayrı bir motivasiya olur. Texnologiyanın davamlı inkişafı fonunda gələcəyin
iş dünyasında işçilərdən gözlənilən kompetensiyalar da fərqlənəcəkdir. Şirkətlər
işçilərdə kompleks problemlərin həll edilməsi, yaradıcılıq, insan idarəetmə,
emosional zəka, mühakimə və qərar vermə və s. kompetensiyaların olmasını istəyəcəklər.
İş üçün müraciət edən gənclər müxtəlif sosial layihələrdə, təcrübə
proqramlarında, təlimlərdə iştirak edərək iş təcrübəsi qazanmalı və ən əsası da,
peşəkar ünsiyyət kompetensiyalarını inkişaf etdirməlidirlər. Şəxsi inkişaf sahəsində
oxuyacaqları kitablar da onlara əminlik baxımından çox kömək edəcəkdir. Hazırda
ingilis dilini bilmək bir üstünlük yox, norma olmağa başlayıb. Hansı peşədə
olursa-olsun, günlük işində istifadə etməsə belə, dünyadakı inkişafdan xəbərdar
olmaq üçün ingilis dilini bilmək mütləqdir. Regional və sosial iqtisadi səbəblərlə
rus dilini yaxşı bilmək də hər zaman işə yaraya bilər”.
Gənc öz maraq dairəsinə uyğun olanı seçib
oxumalıdır
Gənclərin
özlərini inkişaf etdirməsində kitabların rolu böyükdür. Bəzən gəncləri kitab
oxumamaqda, bəzən isə lazımlı kitabları seçib oxuya bilməməkdə qınayırlar. Bəs
burada qızıl orta nədir? Gənclərin işgüzar inkişaf yazarı, "Gəncsən? Başla” kitabının müəllifi Nadir Adilov deyir ki, kitab
oxumaqla bağlı gənclərin tənqid olunmasının haqlı və haqsız tərəfləri var. Amma
o bildirdi ki, gənclər özlərinə lazım olanı seçib oxumaqda çox haqlıdırlar və
onlar bunu bacarırlar: "Gənc öz maraq dairəsinə uyğun olanı seçib oxumalıdır.
50 il əvvəlin gəncləri hansısa məlumatı mütləq kitabdan alırdısa, indi gənclər
o bilikləri internetin imkanları sayəsində də əldə edə bilirlər. Bu gün gənclərin
nələrisə oxuma, informasiya əldə etmə imkanları daha çevikdir. Sovet dövründə
ensiklopedik biliklərə sahib olmaq şərt idisə, müasir gənc məşğul olduğu sahə
ilə bağlı daha çox oxuyur. Yəni, müasir gəncə çoxlu informasiyadansa, tətbiq edə
biləcəkləri informasiyaları, bilikləri oxumaq daha faydalıdır. Bu da təbii ki,
onların müasir biliklərə uyğun kadr olaraq inkişaf etməsinə gətirib çıxarır. Əgər
gənc, biznes sahəsindədirsə, satışla bağlı kitablar oxuyur. Misal üçün, müasir
gəncə, poetik mütaliə duyğusal müştərinin ruhunu xoş etmək üçün lazımdır.
Müasir dövrün gənci daha praktiktdir. İndiki gənc özünə lazım olanı, fərdi
inkişafına təkan verəni oxuyur”.
Kitab bir
telefon qədər gəncə yaxın deyilsə...
N.Adilov
deyir ki, indiki gənclərin bədii əsərləri az oxumasının səbəblərini də axtarmaq
lazımdır: "Yəqin ki, bu amil ondan irəli gəlir ki, biz orta yaş nəsil onlara
roman oxumağın şəxsi inkişafa necə təkan olduğunu izah edə bilməmişik. Gənclərə
izah etməliyik ki, roman oxumaqla natiqlik qabiliyyətin formalaşacaq, daha çox
misal gətirə biləcəksən, daha savadlı olacaqsan və s. Bu halda, onları oxumağa
cəlb edə bilərik, nəinki məcbur və ya tənqid etməklə. Bəzən gənci tənqid edirlər
ki, sən niyə filankəsin kitabını oxumayıbsan? Gənci məcbur etmək olmaz. Gənclər
bazarın ürəyidir, onlar passivdirsə, oxumursa, günah tək onlarda da deyil. Bəlkə
yazarlar gənclərin nəbzini tutmur? Hər zaman hesab etmişəm ki, bizədək və bizdən
sonrakı bütün əsrlərin yeni trendləri həmin dövrün gəncləri olub və bundan
sonra da belə olacaq. Gənclər ictimai rəydir, tələbdir. Elə bir tələb ki, gərək
bizlər bütün təklifləri bu tələblərə uyğunlaşdıra bilək. Gəncləri öz dövrümüzə
çəkib aparmaq əvəzinə, onları daha məqsədli, işıqlı sabahlara motivasiya edək”.
N.Adilov
qeyd etdi ki, gənclər məlumatı daha çevik və qısa formada əldə etmək istəyir və
onların müasir dövrümüzdə bunun üçün geniş imkanları var. O başqa məsələ ki,
biz onlara daha geniş imkanlar verməliyik: "Bəzən gənc hansısa kitabları
oxuyub, müəyyən nailiyyət əldə etmiş insanın verdiyi müsahibəni oxumaqla da çox
şey öyrənmək mümkün olduğunu deyir. Gəncin fikrini bilmədən ona istədiyimizi məcbur
etmək məntiqsizlikdir. Gənclərimiz elektron və ya səsli kitablar istəyə bilər.
Bizim kitab bazarında səsli kitablar demək olar ki, yoxdur. Rusiya bazarında bu
sahə yüksək səviyyədə inkişaf edib. Gənclər kitab oxumursa, əvəzində, onların
elektron resurslar, səsli kitablara çıxış imkanları barədə düşünək. Xüsusən bu
kitabları, istənilən yerdə dinləmək olur. Kitab bir telefon qədər gəncə yaxın
deyilsə, o gənc kitabı oxumayacaq. Amma kitab, bir telefon qədər gəncə yaxın
olsa, o, istədiyi, vaxtı olan an bu kitabı dinləyir”.
Aygün Asimqızı