Gənclər Vətənin keşiyində ayıq-sayıq dayanmağa söz veriblər
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına
uyğun olaraq, 2019-cu il yanvarın 1-dən
etibarən ölkəmizin hər yerində olduğu kimi, Şamaxı rayonunda da gənclərin
həqiqi hərbi xidmətə çağırışı başlayıb.
Yanvarın
11-də Şamaxıda təşkil olunan çağırışçıların
həqiqi hərbi xidmətə
yolasalma mərasimində rayon icra hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin şəxsi
heyəti, idarə və təşkilatların,
eləcə də hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ağsaqqallar,
gənclər, müharibə veteranları, valideynlər iştirak ediblər.
Mərasim
iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək
dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Dövlət
Himninin ifası ilə başlayan tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Pərviz Feyzullayev
hərbi xidmətə yola düşən gəncləri təbrik edib. Vətəni göz bəbəyi tək qorumağın
müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdırıb.
Rayon
icra hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, Vətənin keşiyini çəkmək
şərəfli bir işdir. Qeyd edib ki, bu gün
Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində
məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan
ordusu dünyanın ən güclü ordularından birinə çevirilib.
Yolasalma
mərasimində çıxış edənlər gənclərə hərbi xidmətdə ayıq-sayıq olmağı, hərbi sirlərə
və texnikaya mükəmməl yiyələnməyi, komandirlərin tapşırıqlarını məsuliyyətlə
yerinə yetirməyi tövsiyə ediblər.
Gənclər
də öz növbələrində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə
qoruyacaqlarına söz veriblər.
Sonda
çağırışçı gənclər üçrəngli bayrağımızı öpərək ordu sıralarına yola düşüblər.