• çərşənbə, 24 Aprel, 22:56
  • Baku Bakı 23°C

Gənclər və karyera quranlar bir araya gəldi - Reportaj

15.05.15 08:02 2176
Gənclər və karyera quranlar bir araya gəldi - Reportaj
Gənclər üçün biznes forumda seçilmiş 200 gənc iştirak etdi
AIESEC Azərbaycan təşkilatı “Youth to Business Forum”u ilə 200 azərbaycanlı gənci bir araya gətirdi. ADA Universitetində düzənlənən forum dünya üzrə 50-dən çox ölkədə keçirilən beynəlxalq layihələrdən biridir. Tədbirdən yazı hazırlamaq üçün biz də iştirakçılar sırasına qatıldıq.
Qeyd edək ki, “Youth to Business Forum”unun əsas məqsədi iştirakçıları oxumaqla əldə edə bilməyəcəkləri biznes sirləri və uğur hekayələri ilə tanış etmək idi.
Onu da deyək ki, tədbirin təşkilatçısı AIESEC 113 ölkədə təmsil olunan, 80000-dən çox üzvü olan dünyanın ən böyük gənclər təşkilatıdır. AİESEC qlobal, gəlir güdməyən, gənclər tərəfindən idarə olunan qeyri-hökumət və qeyri-siyasi təşkilatdır. AİESEC 64 illik təcrübəsi ilə yüksək potensiallı tələbələrə və yeni məzun olmuş insanlara inkişaf etmək üçün imkan yaradır. Təşkilat 4000-dən çox şirkət və 2000-ə yaxın universitetlə əməkdaşlıq edir. Beləliklə, foruma keçid alaq…
“Qiymətsiz biliklər”
Gənclər və lektorlar böyük bir zala toplaşdıqdan sonra tədbir açıq elan edildi. ADA Universitetinin prorektoru qonaqları salamlayaraq gənclərin yeni bilik qazanıb bunları təcrübədə tətbiq edəcəklərinə inandığını bildirdi.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rüstəm Abdullayev burada gənclər tərəfindən iri şirkətlərin əsasının qoyulacağına inandığını dedi.
Golden Pay Şirkətinin yaradıcısı və rəhbəri Fərid İsmayılzadə vaxtilə sakit, bir kənara çəkilib oturan, utancaq oğlan olduğunu bildirdi. 15 il AİESEC-də çalışdığını və dəyişməsində 70 faiz sözügedən təşkilatın rolunun olduğunu etiraf etdi. O, gənclərə üzünü tutaraq, təlim zamanı əldə etdikləri təcrübənin şirkətlərdə işləyərkən onlar üçün qiymətsiz (çox qiymətli – L.M.) olacağını vurğuladı.
AİESEC-in Azərbaycan üzrə rəhbəri Məryəm Məcidova gənclərin burada praktiki biliklər əldə edəcəyinə və təlimi bəyənəcəklərinə ümid etdiyini dedi.
“Bu qədər müraciət gözləmirdik”

Tədbirin təşkilat komitəsinin rəhbəri Ayxan Quluzadə 5 aydır layihə üzərində necə çalışdıqlarından söz açdı. O, forumda iştirak etmək üçün 650 nəfərin müraciət etdiyini bildirdi: “Biz onların arasından ən uğurlu 200 nəfəri seçdik. Forumda iştirak üçün bu qədər müraciətin gəlməsi həqiqətən həm mənim, həm də AIESEC Azərbaycan üçün qürurverici bir hal idi. Bu, gənclərimizin nə qədər inkişafa yönümlü olduqlarını sübut edir”.
“Güclüsənsə, liderlik gəlib səni tapacaq”

Daha sonra forumun oratoru, GRBS Şirkətlər Qrupunun rəhbəri Bəhram Qurbanov gənclərə xitabən çıxış etdi. O, gənclərin nəsə əldə etməsi üçün mütləq müəyyən bacarıqlarının olmasının vacibliyindən danışdı. Bildirdi ki, bacarıqlar ali təhsildən də güclüdür: “Siz kosmos, başqa planetlərdə Azərbaycanın məntəqələri, qadağan olunsa belə nüvə silahı haqqında düşünməlisiniz. Böyük bir düşüncəyə malik fikirlərlə yaşamalıyıq ki, həyatımız uğurla davam etsin. Əzələni məşq etdirmək üçün idman zalı kifayətdir. Beyini məşq etdirmək üçün isə fərqli fikirlər istehsal edilməlidir”.
B.Qurbanov gənclərə beyinlərində qorxunu məhv etməyi və güclü olmağı məsləhət gördü: “Əgər güclüsənsə, liderlik gəlib səni tapacaq, zəifsənsə, liderliyi unut. İlk növbədə özünə qarşı çox tələbkar ol. İkincisi, düşünmə ki, hər şey çox rahat olacaq. Dostlardan belə, xəyanət görəcəksiniz. Siz uğurlu iş adamı olmaq istəyirsinizsə, özünüzü ictimai xadim, dövlət xadimi kimi görürsünüzsə, bunlar olacaq. Əsas sizin vəzifəniz deyil, missiyanızdır. Mənim missiyam maarifləndirməkdir. Mən adımı maarifçi kimi tarixə qızıl hərflərlə yazacam”.
Arator həyatda problemin deyil, məsələnin olduğunu dedi: “Məsələni də həll edirlər. Ambisiyalı olduğunuz üçün çoxsaylı məsələlərlə rastlaşacaqsınız. Hədəflərinizi indidən müəyyənləşdirin və sonra üzərində işləyin. Hədəflərinizi əldə etmək üçün düşüncələr, bacarıqlar, fikirlər olmalıdır”.
Kimlər lektorluq etdi?

Aratorun çıxışından sonra təlimdə iştirak edən 200 gənc sahibkarlıq, biznes innovasiyası və strateji marketinq qruplarına bölündü. Hər bir qrup da özlüyündə 2 qrupa - ingilis və rus dili qruplarına ayrıldı. Onlara Golden Pay şirkətinin yaradıcısı və icraçı direktoru Fərid İsmayılzadə, “Prosper İT Services”in rəhbəri Vüqar Səfərov, Yüksək Texnologiyalar Parkının şöbə rəisi Ülvi Aslanov, “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai, EF Azərbaycanın ölkə üzrə rəhbəri Umut Çağatay, Paşa Bankın İctimai əlaqələr və Marketinq departamentinin müdiri Sona Abbasova, SAP Representative in Azerbaijan Şirkətinin nümayəndəsi Sərxan Həşimov təlim keçdilər. Mövzular üzrə təlimlər ayrı-ayrı otaqlarda düzənləndi.
3 panel üzrə bölgü

“Biznes innovasiyası” mövzusunu seçənlər gənc nəslin nə kimi yeniliklər edə biləcəyi və bu yeni ideyaları gələcək cəmiyyətin ehtiyaclarını necə qarşılaya biləcəkləri barədə öyrəndilər.
“Strateji marketing” panelinin iştirakçıları gənc nəslin gündəmdə qalmaq üçün hansı məhsullar və servislərə investisiya etməli olduqlarını araşdırdılar.
“Sahibkarlıq” panelini seçənlərlə isə “problemləri fürsət” kimi görmələri üçün həll yolları tapmaq və cəmiyyətdə dəyər yaratmaları barədə danışıldı.
Hər üç paneldə gənclər sözügedən sahələr üzrə uğur qazanmış insanlarla söhbətləşmək, onlara sual vermək imkanı qazandılar.
Nahar fasiləsindən sonra bütün təlimçilər və gənclər bir araya gəldi. Təlimçilər gənclərin suallarını cavablandırdı.
“Arzularımıza çatmaq üçün öyrəndiklərimiz…”

Təlimin sonunda tələbələrlə söhbətləşib nələr əldə etdiklərindən danışdıq.
Universitet tələbəsi olan Nəzrin Abbaszadə gələcəkdə öz biznesini yaratmaq istədiyini dedi: “Arzularımıza çatmaq üçün təlimdə bizə bəzi bacarıqları öyrətdilər”.
İqtisadiyyat Universitetinin tələbəsi Nurlan Şahidli neft-maşınqayırma sahəsində sahibkar kimi fəaliyyət göstərmək istədiyini bildirdi: “Bunun üçün əvvəlcə hansısa şirkətdə çalışaraq aldığım maaşla öz büdcəmi formalaşdırmağı planlaşdırıram. Açılış mərasimində Bəhram Qurbanovun nitqi məni ruhlandırdı. Daha sonra sahibkarlıqla bağlı 1-ci təlim keçirildi, bu təlimdən daha ciddi gözləntilərim var idi. İkinci təlimdə təlimçi Fərid İsamyılzadə tərəfindən bu gözləntilərim qarşılandı və ümidləndim”.
İkinci kurs tələbəsi Günel Nəsibli “Youth to Business Forum”un indiyədək qatıldığı ilk təlim olduğunu dedi: “Təlimdə heç vaxt, hətta haradasa uğursuzluğa düçar olsan belə, geri çəkilməməyi öyrəndim. Uğur qazanmaq üçün isə mütləq bacarıqların olmalıdır. Bunun üçün bir gənc olaraq öz gələcəyimizi indidən inşa etməliyik. Yalnız ali məktəbdə aldığımız təhsillə kifayətlənməməli, bacardıqca aktiv fəaliyyətə can atmalı və özümüzü təkmilləşdirməliyik”.
Sonda forumda biliklərini artıran gənclərə sertifikatlar təqdim edildi.
Lalə MUSAQIZI
İsmayıl MƏMMƏDOV

banner

Oxşar Xəbərlər