• cümə, 19 Aprel, 08:02
  • Baku Bakı 13°C

Gənclər üçün yaxşı təcrübə

08.07.15 17:43 1782
Gənclər üçün yaxşı təcrübə
Avropa üçün xüsusi əhəmiyyət daşıyan və ilk dəfə Bakıda keçirilən Avropa Oyunlarına artıq yekun vurulub və Azərbaycanın bu mötəbər idman yarışına ev sahibliyi etməsi tariximizə qızıl hərflərlə yazılıb. Məlumdur ki, sözügedən yarışlar ölkəmiz üçün bir çox aspektlərdən yadda qalan oldu. Amma bu oyunların həm də gənclər üçün xüsusi əhəmiyyət daşıdığını söyləsək, yanılmarıq. Belə ki, yarışların təşkilinə minlərlə gəncin könüllü və ya ödənişli əsaslarla cəlb olunması onların təkcə bu günü üçün önəmli hesab olunmur və burada qazandıqları təcrübənin gələcək işlərində də əhəmiyyətli rol oynayacağı şübhə doğurmur. Bu haqda fikirlərini bizimlə bölüşən Prezident yanında Gənclər Fondunun icraçı direktoru, I Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev dedi ki, gənclər paytaxtımızda baş tutan bu mötəbər tədbirin öhdəsindən uğurla gəlməyi bacardılar: “Hesab edirəm ki, ilk Avropa Oyunları həm Avropa, həm də dünya idmanı tarixinə yazılmış ən uğurlu layihələrdən biri oldu. Yarışlar istər infrastruktur, nəqliyyat, idman qurğuları, istərsə də gənclər siyasəti baxımından uğurlu keçdi. Burada könüllülərin fəaliyyəti vurğulanmalıdır. Prezident İlham Əliyev də, təşkilat komitəsinin sədri Mehriban xanım Əliyeva da onların zəhmətlərini yüksək qiymətləndirirlər. Onların yarışlar boyu sərgilədikləri canfəşanlıq birbaşa vətənpərvərlik hislərinin göstəricisidir. Vətənə sevgisi olmayan gənclər belə sınaqdan uğurla keçə bilməzdilər”.
F.Hacıyevin fikrincə, bu yarışlar gənclərin gələcək karyeralarında da əhəmiyyətli olacaq: “Avropa Oyunların Əməliyyat Komitəsinin 2500 əməkdaşı var idi ki, onlardan 2000-dən çoxu yerli mütəxəssislər idi. Bu şəxslərin 80 faizi isə gənclərdən ibarət idi. Onlar dünyanın ən məşhur ekspertlər və mütəxəssisləri ilə birgə çalışdılar, yaxşı təcrübə əldə etdilər. Bu yarışlardakı təcrübələri ilə onlar dünyanın istənilən nöqtəsində keçirilən beynəlxalq tədbirdə əməkdaş kimi çalışa bilərlər. Avropa Oyunları gənc nəslimizi dünyaya tanıtdı. Hamı gördü ki, onlar yüksək potensiala, savada malikdirlər. Azərbaycan gəncliyi dünyadakı həmyaşıdlarından fərqli olaraq, daha çox vətənpərvər olduğunu da nümayiş etdirdi”.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov da yarışların bir çox önəmli məqamları qabartması ilə yanaşı, gənclərin öz dövlətini, vətənini necə sevdiyini də ortaya qoyduğunu bildirdi: “Bakı 2015” Avropa Oyunları tarixdə sadəcə, Birinci Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl oyunlar kimi qalacaq. Təşkilatçılıq işində gənclərin rolunu xüsusi vurğulamaq yerinə düşərdi. Onlar gərgin iş qrafiki ilə könüllü kimi çalışır, Əməliyyat Komitəsinin tapşırıqlarını icra edir, sosial şəbəkələrdə istənilən məsələyə münasibət bildirir, ölkəmizə qarşı qaldırılan uydurma iddiaların cavablarını əsaslandırılmış şəkildə verirdilər. Bu isə yalnız vətənpərvər insanlara məxsus xarakterdir”.
M.Seyidov 9-10 may tarixində birlik üzvlərinin yürüş edərək “Heydər zirvəsi”ni fəth etdiklərini xatırlatdı: “Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə 1 iyun 2015-ci il tarixindən etibarən DO! – Dostlarla Oyunlara kampaniyasına start vermişdik. Hesab edirəm ki, təşkilatımız yarışlar boyu öhdəsinə düşən işləri layiqincə yerinə yetirdi”.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov da rəhbəri olduğu təşkilatın işlərin öhdəsindən uğurla gəldiyini düşünür. Onun fikrincə, ATGTİ-nin oyunlarda aktiv iştirak edən qurum olması təbiidir. Çünki bu təşkilat təhsil müəssisələrinə bağlı qurumdur. Oradakı şəxslərin əksəriyyətinin gənclər olması isə şübhəsizdir: “Ölkəmiz üçün belə əhəmiyyəti olan hadisədən kənar qala bilməzdik. Avropa Oyunlarında göstərdiyimiz köməyə görə Əməliyyat Komitəsi bizə xüsusi təşəkkür məktubu göndərmişdi. Biz işləri icra edərkən heç bir təmənna gözləmirdik. Sadəcə, vətənimiz, dövlətimiz üçün çalışırdıq. Biz öz dövlətimizlə və dövlətinə, millətinə bağlı olan gənclərimizlə fəxr edirik. Mehriban xanımın da dediyi kimi, bu işlərin reallaşmasında könüllü gənclərin rolu böyükdür. Təxminən, iyirmi minə yaxın gənc yarışlara könüllü kimi qatılmışdı. Belə vətənpərvər gənclərimiz olduqca, biz bütün işlərin öhdəsindən uğurla gələcəyik”.
Həmsöhbətimiz vurğuladı ki, gənclərimizin özlərini avropalılara yaxşı tərəfdən göstərmələri, heç bir dünya gəncindən geri qalmadıqlarını nümayiş etdirmələri ən qürur verici məqamlardan biridir: “Gənclər bacarıqlarını, qabiliyyətlərini tam olaraq ortaya qoydular və onlarla çalışan xaricilər buna şahid oldular. Fərəh hiss keçirərək deyirəm ki, ölkənin yarışlarda iştirak edib əlindən gələni etməyə qərar verən vətənpərvər gəncləri ilə fəxr edirəm. Təbii ki, bu, onların özü üçün də faydalı oldu, müəyyən təcrübə qazandılar. Ölkədə başqa beynəlxalq mötəbər tədbirlər də baş tutacaq. O zaman bu təcrübədən faydalanacağıq”.
Hər kəsin könüllülərə minnətdar olduğu bir zamanda Avropa Oyunları könüllüsü olan bir şəxslə söhbətləşməyə, təəssüratlarını öyrənməyə bilməzdik. Baku 2015 Açılış və Bağlanış Mərasimi könüllüsü olan Fatimə Mənəfli “Kaspi”yə açıqlamasında söylədi ki, belə bir mötəbər yarışda pay sahibi olduğuna görə qürur hissi keçirir: “Bu oyunların Azərbaycanda keçirilməsi təkcə ölkənin beynəlxalq imicinə deyil, gənclərin sosial həyatına da müsbət təsir etdi. Gənclər könüllülük işində əsil birlik və həmrəylik nümayiş etdirərək dövlətlərini vacib işdə tək qoymadılar. Könüllülük fəaliyyəti gənclərə komanda işinin qurulmasını, müxtəlif millətlərlə ünsiyyət qurulmasını, müxtəlif ölkələrdən olan mütəxəssislərlə eyni mühitdə işləməyi praktik şəkildə öyrətdi. Hesab edirəm ki, bu, gənclərin gələcəkdə fəaliyyətlərini uğurlu şəkildə qurmalarına yardım edəcək. Avropa Oyunlarının Açılış və Bağlanış mərasimi könüllüsü olaraq deyə bilərəm ki, ən məsuliyyətli və çətin iş bizim komandanın üzərində idi. Azərbaycanın mədəniyyəti, tarixi, bacarıq və potensialını dünyaya nümayiş etdirmək üçün əlimizdən gələni etdik. Məncə, aylarla çəkdiyimiz əziyyət yerdə qalmadı və hər şey gözləniləndən də uğurlu alındı. Bakı 2015 biz könüllülərə yüzlərlə xarici gənclə ünsiyyət qurmaq mühiti yaratdı. Bunun nəticəsində yeni dostlar qazandıq, onlara ölkəmiz haqda lazımi məlumatları verdik. Nə yaxşı ki, ilk Avropa Oyunları könüllüsü oldum”.
Qeyd edək ki, ilk Avropa Oyunlarına yalnız könüllü kimi deyil, ödənişli əsaslarla cəlb olunan gənclərin də sayı az olmayıb. Məcid Musayev belə gənclərdəndir və o, yarışlarda hava limanı üzrə akkreditasiya meneceri kimi çalışıb. O, bizimlə söhbətində dedi ki, ümumiyyətlə, bu cür mötəbər tədbirdə iştirak etməyin özü bir uğurdur: “Biz hər şeydən öncə, vətənimizin adını yüksəltməyi və xarici dövlətlər önündə qürurla təmsil etməyi düşünürdük. Bundan əlavə, təcrübə qazanmaq istəyirdik ki, Azərbaycan növbəti dəfə beynəlxalq tədbirlərə ev sahibliyi edəndə xarici mütəxəssislərə ehtiyac qalmasın və özümüz hər işin öhdəsindən gələk. Düşünürəm ki, yarışlar təkcə ölkə gəncliyi üçün əhəmiyyətli olmadı. Hətta azyaşlı uşaqlar da bunun faydasını gördülər. Belə ki, tanıdığım nə qədər valideyn uşaqlarını müxtəlif idman növlərinə yazdırdılar. Əminəm ki, onlar da böyüyüb mötəbər yarışların qalibi olacaq, Azərbaycan adını yüksəklərə qaldıracaqlar”.
M.Musayev yarışlarda iştirak edə bilmədiyinə təəssüflənsə də, fərəh duyduğu başqa məqam var: “Hava limanı üzrə məsul işçi olduğuma görə ölkəyə gələn xarici vətəndaşlarla, idmançılarla ünsiyyətdə olmaq fürsətim var idi. İlk dəfə hava limanına enəndə içlərində ölkəmiz haqda müsbət düşünməyənlər var idi. Elələri var idi ki, bunu heç gizlətmirdi də. Biz onlarla vətənlərinə döndükləri zaman da ünsiyyətdə olduq. Bu dəfə fikirləri tamam başqa idi. Hər şeydən gözləmədikləri qədər razı qaldıqlarını etiraf edirdilər. Hətta onlar 2019-cu ildə yarışların bu səviyyədə təşkil olunacağına inanmadıqlarını bildirirdilər. Xaricilərə vətənimizi sevdirən hər bir şəxsə, xüsusən könüllülərə təşəkkürümü bildirirəm. Çünki ən çox “hər bir şəxsə xüsusi diqqət və qayğı göstərirdilər” kəlməsini eşidirdik. Bu isə bir daha nə qədər qonaqpərvər və vətənini sevən millət olduğumuzu bir daha ortaya qoydu”.
Millət vəkili Musa Urud isə dedi ki, Avropa Oyunlarında ən çox idmançılarımızın çıxışları ilə fəxr edib və onların bayrağımızı qaldırıb himnimizi səsləndirməsi onun üçün ən həssas məqam olub: “Məncə, bu yarışlar ölkəsini sevən hər bir vətəndaş üçün önəmli idi. Amma gənc nəsil bundan daha çox fayda gördü, onlarda özünəinam hissi aşılandı. Hər birimiz ölkə gənclərinin nəyə qadir olduğunu gördük. Burada işçi kimi çalışıb əmək haqqı alan gənclərə də təşəkkür düşür. Amma könüllülərin işi xüsusi nəzərə çatdırılmalıdır. Könüllülərimiz köhnə qiymətlə desəm, “5” aldılar. Bəlkə də, onlarsız bu yarışlar belə uğurlu alınmazdı. Avropa Oyunlarından sonra əhalinin idmana marağı daha da artdı, nə qədər adam uşağını idmana yazdırdı. İdman sağlamlıq və mənəviyyatla bağlı məsələdir. Məncə, idmanla məşğul olan şəxs pis adam ola bilməz. Camaat arasında idmana bu həvəsi, sevgini yaradan idmançılarımıza təşəkkür edirəm. Onlar yalnız Rusiya kimi böyük dövlətdən geri qaldılar və bütün Avropanı qabaqladılar. Bu, ölkədə idmana göstərilən qayğının nəticəsidir. Əməyi keçən hər kəsə minnətdaram və onlarla fəxr edirəm”.
Avropa Oyunlarında ölkəmizi uğurla təmsil edən idmançılarımızdan biri, Azərbaycana 5-ci qızıl medalı qazandıran Ayxan Mamayev də idmançılarımızın nəticəsini uğurlu hesab edir: “Hər birimiz Azərbaycanın adını ucaltmaq üçün əlimizdən gələni etdik. Heç kim nəticənin necə olacağını əvvəlcədən bilmir. İdmanın gözəlliyi də elə bundadır. Amma bizim hədəflərimiz var idi, daha çox medal götürmək istəyirdik. Çox sevinirəm ki, bu uğura imza ata bildim. Hələ ki, vətənimizdə keçirilən yarışlarda məğlub olmamışam. Birinci Avropa Oyunlarının da ölkəmizdə keçirilməsi mənə çox böyük stimul verdi. Bu vaxta kimi çox yarışlarda olmuşam, amma belə bir yarış, belə azarkeş axını, bu cür dəstək görməmişdim. Kimlərsə fikirləşə bilər ki, yarışlar Azərbaycanda keçirilirdi deyə qalib olduq. Qətiyyən razı deyiləm. Nə əldə etdiksə, öz zəhmətimlə qazandıq. Vətəndə qalib olmaq gözəl hissdir. Bunu hər idmançıya arzulayıram. Fürsət düşmüşkən, əla səviyyəli təşkilatçılığa görə prezident və xanımına minnətdaram. Orada ünsiyyətdə olduğumuz bütün xarici idmançılar və digər şəxslər də yaradılan şəraitdən razı idilər”.
Şəfa Tapdıq
Yazı “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün verilir.
banner

Oxşar Xəbərlər