• cümə, 29 Mart, 16:46
  • Baku Bakı 14°C

Gənclər təşkilatlarının inkişafı ilə bağlı yeni xidmətlərə start verilib

17.06.17 12:15 710
Gənclər təşkilatlarının inkişafı ilə bağlı yeni xidmətlərə start verilib
Azərbaycanın ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) 2017-2018-ci illər üçün yeni strateji məqsədlər müəyyənləşdirib.
ŞuradanAZƏRTAC-a bildiriblər ki, bunlar gənclərin dövlət və yerli özünüidarəetmə orqanlarının işində iştirakını genişləndirmək, onların aktual olan məsələlərin həllində iştirakını stimullaşdırmaq, həmçinin regionlarda və kəndlərdə yaşayan gənclərin əməkdaşlıq imkanlarını artırmaqdır.
Ölkəmizdə 124 gənclər təşkilatını və minlərlə gənci sıralarında birləşdirən GTMŞ yeni fəaliyyətlərlə ilə yanaşı, gənclər təşkilatları üçün 2015-ci ildən etibarən məlumat turları keçirir. Bu məlumat turları gənclər təşkilatları arasında böyük marağa səbəb olub. Məlumat turlarının məqsədi təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infrastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasıdır. Məlumat turlarının daimi iştirakçısı "Avropa Hüquqşünas Tələbələr Assosiasiyası” Bakı İctimai Birliyinin sədri Məhəmməd İsmayılov deyib: "Birliyimiz 2009-cu ildən Gənclər Təşkilatları Milli Şurasının üzvüdür. Üzv olduqdan sonra müxtəlif məlumat turlarında, bu ilin yanvarında keçirilən Davosa Doğru Bakı Forumu, "QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihələrində fəal iştirak etmişik. Şuranın xidmətləri bizim üçün əsas maraq sahəsidir. Məlumat turları olduqca maraqlı və vacib məkanlara təşkil olunur”.
"Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin sədri Vüsal Əhmədov isə turlar barədə danışarkən qeyd edib: "Təşkilatımız 2016-cı ildə Şuraya üzv olub. Cari ildə "Azərbaycan Könüllülük Xidməti: Yay məktəbi” "Davosa doğru Bakı” forumunda iştirak etmişik. Xüsusi ilə qeyd etmək istərdik Şuranın təşkil etdiyi məlumat turları çox maraqlı keçirilir.”
Şuranın təşkilatçılığı ilə bu günədək Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi, Quba Soyqırım Memorial Kompleksi, "Sağlam Ailə” klinikası, ADA Universiteti, Xalça Muzeyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Milli Məclis, 5 saylı Bakı "ASAN xidmət” mərkəzi, Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi, "Azərkosmos” ASC, Mərkəzi Seçki Komissiyası, "YARAT” Müasir İncəsənət Mərkəzi və "Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodları, Vergilər Nazirliyi, SOCAR, "Bakı Metropoliteni” QSC, Mədəniyyət və Turizm Nazirliyi, "Azərbaycan Dəmir Yolları” QSC, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Fonduna məlumat turları təşkil olunub.
Şura üzv təşkilatların inkişafı və fəaliyyətlərinin istiqamətləndirilməsi naminə bir sıra xidmətlər və imkanlar təklif edir. Üzv təşkilatlar üçün ARGTMŞ Gənclər Evinin təlim zalı, görüş otaqları, wi-fi sahəsi və kitabxanası açıqdır. Gənclər təşkilatlarının fikirlərini və təkliflərini toplayaraq, onları müxtəlif kampaniyalar, ictimai vəkillik fəaliyyəti, konfranslar və ictimai platformalarda təmsil olunması vasitəsilə maraqlı tərəflərə təqdim edir. Xidmətlər çərçivəsində, həmçinin elektron xidmət olaraq domen adları, E-Gənclər xəritəsi, E-Gənclər təqvimi və bildiriş sistemi təklif edilir.
GTMŞ tərəfindən üzv təşkilatlar üçün yeni fəaliyyətlər olan daxili təlimləndirmə, konsultasiya xidmətlərinə start verilib. Belə ki, üzv təşkilatlar onların fəaliyyət istiqamətində çətinlik çəkdikləri və ya çatışmazlıqlar olduğunu düşündükləri sahələr üzrə ödənişsiz təlimlərdə iştirak edəcəklər. Konsultasiya xidməti çərçivəsində Şura üzv təşkilatlara gənclər siyasəti, qeyri-hökumət təşkilatlarının idarə olunması, bu sahədə qanunvericilik, beynəlxalq əlaqələr, layihələrin yazılması və idarə olunması və digər məsləhət xidmətləri təşkil edir.
Bundan başqa, Şura üzv təşkilatların rəhbərləri arasında əlaqələrin gücləndirilməsi istiqamətində yeni fəaliyyət olan "Çay məclisi”nə start verib. Bu görüş çərçivəsində Şura və üzv təşkilatlar birgə fəaliyyətlərin və əməkdaşlığın daha da gücləndirilməsi, həyata keçirilən layihələrdə təşkilatların rolunun artırılması və digər mövzularda səmimi müzakirələr aparırlar.
banner

Oxşar Xəbərlər