• şənbə, 20 Aprel, 04:41
  • Baku Bakı 15°C

Gənclər təşkilatına sədr seçə bilməyən partiya prezident seçkilərinə gedir…

04.09.13 08:34 1360
Gənclər təşkilatına sədr seçə bilməyən partiya prezident seçkilərinə gedir…
Bəlli olduğu kimi ötən günlərdə Müsavat Partiyası gənclər təşkilatının yeni sədrinin müəyyən edilməsi üçün partiyanın rəhbər strukturları və orada təmsil olunan fəal gənclər arasında seçkilər keçirildi. Belə ki, partiyanın qərarına görə, Tural Abbaslının yerinə digər şəxslərin seçilməsi üçün iddialılar öz namizədliklərini irəli sürdülər. Lakin gözlənildiyi kimi, bu seçkilər də aparılan digər müzakirələrdən fərqli olmayaraq qarşılıqlı ittihamlar, inamsızlıq və rüsvayçı olaylarla müşahidə olundu. Görünür, ambisioz iddiaların və bir-birlərinin xeyrinə geri addım atmamaq kimi amillərin nəticəsidir ki, Müsavat Partiyası gənclər təşkilatına keçirilmiş 26 avqust seçkilərinin nəticələrini ləğv etmək məcburiyyətində qalıb. Artıq bu informasiya öz təsdiqini tapıb. Bu barədə mətbuata Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı məlumat verib.
Ancaq Tural Abbaslının bu məlumatı özündə heç bir həqiqəti əks etdirməyən “əsaslara” söykənib ki, həmin “əsasları” təhlil edərkən bir daha əsil gerçəklik, həqiqi reallıq üzə çıxır. Məsələn, onun sözlərinə görə, seçkilərdə müəyyən «texniki səhvlər» baş verdiyindən, nəticələr ləğv edilib və Divan yeni seçkinin keçirilməsi barədə qərar qəbul edib:
“Partiyanın təşkilat şöbəsi tərəfindən seçkilərin nəticələrini araşdırma komissiyası yaradılmışdı. Komissiya sədrliyə keçirilən seçkilərdə bəzi texniki səhvlər (?-R.) olduğunu aşkarlayıb. Səsvermə siyahısında müəyyən qarışıqlıq (!-R.) olub. Belə ki, bura müəyyən adamların adı düşmüşdü, bəzilərinin adları isə yox idi. Yəni hamı seçkidə iştirak edə bilməmişdi. Hamılıqla iştirakın təmin olunması və siyahıların dəqiqləşdirilməsi baxımından seçkilərin yenidən keçirilməsi barədə qərar verildi”.
Tural Abbaslı onu da qeyd edib ki, seçkinin keçiriləcəyi tarix hələ açıqlanmayıb. Bu faktor isə ilkin mülahizələrdə belə qənaətə gəlməyə əsas yaradır ki, gənclər təşkilatına seçiləcək şəxs (əgər seçkilər keçiriləcəksə) məhz Müsavat Partiyasının rəhbərlik strukturlarının sifarişinə, rəyinə əsasən keçiriləcək. Daha dəqiq desək, ortada heç bir demokratik seçki mühiti və azad səsvermə üsulu mövcud deyil. Çünki bunu partiyanın gənclər təşkilatının keçmiş sədri öz dili ilə etiraf edib. Bu zaman sual yaranır – necə ola bilər ki, səsvermə siyahısında müəyyən qarışıqlıq olsun? Axı bu seçkilər kütləvi, yaxud da digər böyük instansiyalara keçirilən seçkilər deyil. Bu seçkilər bir təşkilatın kiçik bir qoluna olan seçkiləridir ki, burada hər hansı qarışıqlığın baş verə biləcəyini düşünmək absurddur. Yox, əgər qarışıqlıq baş verərsə, onda bu partiya srtrukurunun öz günahıdır. Demək belə söyləmək mümkündür ki, Müsavat Partiyası özünün kiçik bir təşkilatına doğru-dürüst seçkilər keçirmək iqtidarında olmayan siyasi təşkilatdır.
Başqa tərəfdən vurğulamaq olar ki, Müsavat daxilində hər zaman hərc-mərcliklər hökm sürüb. Partiyadaxili iddialar, qarşıdurmalar rəhbərliyin avtoritar idarəçilik fonunda daha kəskin xarakter alıb. Ona görə də söyləmək olar ki, avqustun 26-da keçirilən seçkilərdə yaşanan qarşıdurmalar, seçkilərin nəticələrinə qarşı baş qaldıran kəskin etirazlar məhz Abbaslının da etiraf etdiyi kimi, siyahılara adamların adlarının düşməməsi, hamının seçkidə iştirak edə bilməməsi ilə əlaqəli olub. Yəni burada hər hansı texniki problemlərdən danışmağın yeri yoxdur. Burada bilavasitə partiya başqanı İsa Qəmbərin müdaxiləsi göz qabağındadır.
Digər tərəfdən, adicə gənclər təşkilatına sədr seçəndə «texniki» səhvlərə yol verən Müsavatdan obyektiv seçki və siyasi mədəniyyəti necə gözləmək olar?
Eyni zamanda onu da demək olar ki, müxtəlif bəhanələrlə qurultayını keçirə bilməyən, başqanlıq seçkilərini keçirməyən Müsavat Partiyasında belə hadisələri müşahidə etmək təəccüb doğurmamalıdır. Çünki gənclər təşkilatının sədrini dəyişə bilməyən partiyanın başqanını nizamnaməni pozaraq fəaliyyətinə davam etməsi təbiidir.
Rövşən
banner

Oxşar Xəbərlər