• cümə, 29 Mart, 14:13
  • Baku Bakı 14°C

Gənclər telekanallarımız haqqında nə düşünür? - Polemika

13.10.14 11:14 1747
Gənclər telekanallarımız haqqında nə düşünür? - Polemika
Müasir dövrdə televiziya cəmiyyətin psixoloji tərbiyəsində başlıca yer tutur. Bu günün gəncini və ya yeniyetməsini, uşağını telekanallara baxmadan yaşamasını təsəvvür etmək çətindir. Bu səbəbdən TV-nin bizim həyatımızda əhəmiyyəti böyükdür. Bəs gənclər nə düşünür? Bu gün televiziyamız üzərinə düşən vəzifənin öhdəsindən gələ bilirmi?
“Televiziyalar insanı terroristə çevirə bilər”
Reyhan İbrahimova, müəllimə
Reyhan televiziyalarımızın cəmiyyətə mənfi təsir etdiyindən gileyləndi. O deyir ki, televiziyalarda, xüsusilə, uşaqlar üçün tərbiyəvi mövzuda heç bir veriliş yoxdu: “Bir gənc kimi istərdim ki, telekanallarımızda həm dünyagörüşümü artıran, həm də psixoloji təsir gücü olan televiziya proqramları olsun. Biz də belə proqramlar olmadığından məcburən ya internetdən, ya da xarici telekanallardan istifadə edirik. Bizim televiziyalar isə vaxtını ya mənasız seriallar, ya da şou-biznes əhlini efirə çıxarıb boş-boş çalıb-oynamaqla doldurur. Çox istərdim, məsələn, Ramazan ayı boyunca sırf bu mövzuda televiziya proqramları, verilişlər hazırlansın. Amma demək olar ki, heç bir kanal bu cür mövzulara yer ayırmağa meylli deyil”.
Bu gün telekanallarımızda yayımlanan seriallara gəldikdə, Reyhan deyir ki, Azərbaycan seriallarını izləmir: “Xarici serialların yerli kanallarda yayımı dayandırılarkən çox sevinmişdim. Düşünürdüm ki, artıq bizdə də keçmişdə çəkilən filmlərimiz kimi keyfiyyətli filmlər çəkiləcək, bu sahədə inkişaf olacaq. Amma təəssüflər olsun ki, gözlədiyimin əksi oldu. Hazırda çəkilən serialların əksəriyyəti, demək olar, plagiatdır. Üstəlik, təbiilikdən əsər-əlamət yoxdur. Bəzi seriallarımız isə yetkinlik yaşında olan uşaqlara çox pis təsir edir. Bəlkə də biz bunun fəsadlarını həmin serialları izləyən uşaqlar böyüdükdən sonra görəcəyik. Çünki televiziya vasitəsilə insan psixologiyasına təsir etmək çox asandır. Mətbuat, xüsusilə televiziyalar insan psixologiyasına təsir edərək onu terroristə də, cəmiyyətə faydalı şəxsiyyətə də çevirə bilər. Bunun qarşısını almaq üçün tərbiyələndirici, maarifləndirici verilişlərin sayını artırmaq, uşaq telekanalları açmaq lazımdır. Seriallarda insanları həyata bağlayan, qarşılaşacaqları problemin həlli yollarını göstərən mövzular seçilməlidir. Ən əsası, maarifləndiricilik önə çəkilməlidir. Yəni gənc nəsil bu seriallardan bir örnək götürməlidir. Eyni zamanda tarixi mövzulara da müraciət etmək olar. Ümumiyyətlə, tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi əks etdirən seriallara həmişə ehtiyac var”.
“Televiziya kanallarımızda hər şey “gözəldir”
Sahib Əsədbəyli, müxbir
Sahib deyir ki, uzun müddətdir televiziya proqramlarına baxmır. Həmsöhbətimizin sözlərinə görə, özünə lazım olan bütün informasiyaları internetdən alır: “Ən son məlumatları daha çox saytlardan, sosial şəbəkələrdən alıram. Televiziya və radioya gəldikdə isə maraq dairəmdə olan verilişlər əsasən maarifləndirici verilişlərdir. O da bizim televiziyalarda barmaqla sayılacaq qədərdir”.
Müsahibimizin sözlərinə görə, bu gün televiziyalarımız maarifləndirmə və informasiya vermə prinsipindən uzaqlaşıb daha çox əyləncəyə üstünlük verməklə fəaliyyətlərini davam etdirirlər: “Məramnaməsi bəlli olmayan ölkə telekanallarının hansına keçid alırsansa, ekrandan bir müğənni boylanır. “Gözəl” səsi, əndamı, səhnə mədəniyyəti, performansı ilə evlərimizə “gözəl” nəğmə çələngi gətirir. Əlini oynada-oynada, silikon dodaqlarını açıb-yumur. Gözəlliyin özü istisna olmaqla hər şey “gözəldir”. Veriliş bir çox efir aparıcılarının eybəcər nitqi ilə başa çatır. Ardınca proqram yerini ailə-məişət problemləri mövzusuna həsr olunmuş verilişə ötürür və yenə də efirdə gözəl “sənətkarımızdır” . Bu dəfə ekspert qismində əyləşib, camaatdan məsləhətlərini əsirgəmirlər. Vay-şüvənlə keçən efir vaxtı sona yetir və hələ də kimin nə demək istədiyi, məsələnin nəyin ətrafında cərəyan etdiyi məlum deyil. Təəssüf etdiyim məqam ondan ibarətdir ki, adətən saatlarla davam edən bu cür verilişlərin tamaşaçı auditoriyası da az deyil. Böyük həyəcanla efiri izləyən insanlar yüz minlərlədir”.
Televiziyada yayımlanan seriallarımıza gəldikdə isə həmsöhbətimiz deyir ki, Azərbaycan serialları ilə, ümumiyyətlə, maraqlanmır: “Son baxdığım serial bir vaxtlar Xəzər televiziyasında yayımlanan "Küləklər şəhəri" idi. Aktyor oyunu, rejissor işi o dərəcədə primitiv idi ki, ssenarisi komediya deyil, tam fərqli janrda olsa da, mən o seriala gülmək üçün baxırdım”.
Müsahibimiz sonda vurğuladı ki, xarici filmlərin nümayişi ilə boşluğu doldurulan və yekun vurulan televiziyanın gündəlik proqramında bir dənə də olsun elmi, sağlam ictimai-siyasi, ədəbi müzakirəyə yer verilmir.
“Seriallarımız milli-mənəvi dəyərlərə uyğun çəkilir”
Aytən Məmmədova, tələbə
Aytən digər həmsöhbətlərimizdən fərqli olaraq telekanallarımızı izləyir və yayımlanan proqramları, serialları bəyəndiyini söyləyir. Onun sözlərinə görə, əvvəlki illərə nisbətəm telekanalların vəziyyəti müsbət mənada dəyişib: “Əvvəllər, xüsusilə rayon yerlərində telekanallarımızı tanıyan yox idi. Hamı türk kanallarına, türk seriallarına baxırdı. Bizim televiziya kanallarında isə xəbərlərdən başqa heç nə izlənilrmirdi. İndi isə vəziyyət dəyişib. Artıq bizim telekanallardakı verilişlərin, serialların da izləyici kütləsi var. Bunun nəyi pisdir ki?”.
Aytən düşünür ki, ölkəmizdə çəkilən seriallar çox maraqlıdır. Həmsöhbətimiz deyir ki, xarici seriallarla müqayisə etdikdə, öz seriallarımız daha əxlaqlı, milli-mənəvi dəyərlərimizə uyğun çəkilir: “Əslində neçə illərdir, əcnəbi seriallara baxaraq, “təcrübə” qazanan Azərbaycan tamaşaçısı üçün yeni doğulan yerli serialların zəif görünməsi normal idi. Amma artıq biz o etapı keçmişik. Öz seriallarımız da maraq baxımından əcnəbi seriallardan geri qalmır. Əvvəllər insanlar bir yerə yığışanda hansısa əcnəbi serialı müzakirə edirdilərsə, indi öz seriallarımızdan danışılır. Üstəlik, öz seriallarımız daha əxlaqlı formada çəkilir. Bir ailə oturub rahat şəkildə seriala baxa bilir”.
Aytən hesab edir ki, seriallarımız cəmiyyətə yaxşı mənada mesaj verir və insanlar bundan nəticə çıxarırlar.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər