• cümə, 19 Aprel, 09:00
  • Baku Bakı 13°C

Gənclər “Son zəng”i necə qeyd edirlər? - Polemika

30.05.14 09:58 7435
Gənclər “Son zəng”i necə qeyd edirlər? - Polemika
Hər bir insanın həyatında dərin izlər buraxan anlar olur. Belə günlərdən biri də “Son zəng”dir. Çalınan zəngin sədalarından sonra məzunlar doğma məktəblərindən, qayğısız illərindən ayrılırlar. Bu günü yadda qalan etmək üçün isə onlar əllərindən gələni edirlər. Həmin gün yaşananlar sonralar kimlər üçünsə xoş, kimlər üçünsə kədərli xatirəyə çevrilir. Biz də rubrikamızda bir neçə il öncə bu günü yaşayan gənclərlə söhbətləşmək və onları həmin illərə aparmaq qərarına gəldik. Onlara “son zəng” xatirinizdə necə qalıb?” sualı ilə müraciət etdik.
11 illik təhsil ilinin ən şıltaq günü

Anar Həsənov, aşpaz
Anar son zəngi 11 illik təhsil ilinin ən şıltaq günü hesab edir. Deyir ki, dərs zamanlarında yayın istisində, qışın soyuğunda sübh tezdən yuxudan durub məktəbə getməyin ağrı-acısını məhz bu gündə çıxarmaq mümkündür: “Son zəng elə bir gündür ki, o gün sən məktəbdə ən hörmətli adam olursan. Bir vaxtlar dərsini yaxşı öyrənmədikdə sənə “2” yazan müəllimlərlə həmin gün bir stolda dostcasına söhbət edirsən. Son zəng müəllimlərlə şagirdlər arasında münasibətləri tənzimləyən, onları bir-birinə valideyn-övlad kimi sevdirən bir gündür. Mən şəxsən dərsə 5 dəqiqə gecikəndə məni danlayan müəllimlərimin dəyərini məhz o gün bildim. Məhz o gün bilirsən ki, onlar həmin günəcən nə ediblərsə, yalnız sənin yaxşılığın üçün ediblər. Buna görə son zəng məni həmişə danlayıb aşağı qiymət yazan İbrahim müəllimin bizi nə qədər çox sevməsini etiraf etməsilə yaddaşımda qalıb”.
Anarın sözlərinə görə, məzun olduğu 2006-cı ilin son zəngi ilə bu günün son zəngi arasında heç bir fərq yoxdu: “Son zəng elə son zəngdir. Fərq bircə onda ola bilər ki, əvvəllər son zəngi əvvəldən axıracan, yəni səhərdən axşamacan məktəbdə qeyd edirdilər. Amma indi son zəngin açılışı məktəbdə, mərasimləri isə restoranda olur”.
“Son zəng yeni bir həyata başlanğıcdır”

Züleyxa Ağayeva, tələbə
21 yaşlı Züleyxanın fikrincə, son zəng həyatın unudulmaz bir parçasıdır. Onun sözlərinə görə, istənilən məzunun xatirələrində bu gün ən gözəl günlərdən biri kimi yadda qalır: “Son zəng xatirələrimi yada salanda, ixtiyarsız gülürəm. Deməli, məktəbin həyətində bütün uşaqlarla fikirləşdik ki, bu günü qeyri-adi bir şeylə yaddaşlarda saxlamaq üçün nə isə edək. Hərə bir ideya fikirləşdi. Mən də öz ideyamı həyata keçirmək üçün sinifə getdim. Sinifin pəncərəsindən bütün uşaqların çantalarını onların başına atmağa başladım. Mənim belə edəcəyimi gözləmirdilər. Buna görə, birinci çantadan sonra hamı əllərini göyə açıb çanta tutmaqla məşğul idilər. Bu zaman bir oğlan sinif yoldaşımın çantası elə göydəcə açıldı. İçindən qız üçün üzük, sep, qolbağı, sırğa yerə düşdü. Sonra hamımız oğlanı dövrəyə aldıq ki, bu zinət əşyaları kimin üçündür? Məlum oldu ki, oğlan sinif yoldaşım bir qız sinif yoldaşımı sevirmiş. Elə ordaca onların sanki nişan mərasimini qeyd etdik. Hazırda onlar nişanlıdırlar. Təsəvvür edin, mən bunu etməsəydim, bəlkə də onlar hələ də xəbərsiz bir-birlərini sevəcəkdilər”.
Züleyxanın sözlərinə görə, insan kollektiv, ailə mühitinə alışdıqda, ondan ayrılmaq nə qədər çətin olsa belə, həyat bunu da insana öyrədir: “Son zəng insanın yeni bir dövrə qədəm qoyduğu həyəcan zəngidir. Düşünürəm ki, çalınan bu sədalar heç də sonuncu zəng deyil. Əslində, bu zəng yeni bir həyatın başlanğıcıdır. Bu zəng mənə yeniyetməlik vaxtımda həyatın qaydalarına alışmağı, həyatda ayrılmağın yollarını öyrətdi. Ayrılığa dözməyi, alışmağı öyrətdi. Çünki, hələ həyat qabaqdadır. Həyatımızın sonuncu zəngi çalınanda istəsək də, istəməsək də bu həyatdan məcbur ayrılmalı olacağıq”.
Son dəfə bir yerə yığışdığımız gün

Fərid Əliyev, fizik
Fəridin fikrincə son zəng emosional hisslərin paylaşılması və bölüşdürülməsi üçün gözəl vasitədir. Onun sözlərinə görə, son zəng ən əsası küsülü sinif yoldaşların barışması üçün səmərəli gündür: “Son zəng elə bir gündür ki, hamı kövrəlir, hamı o gün yaxşı insan olmağa çalışır. Buna görə həmin gün insanların fitri hissləri ortaya çıxır. Hətta dalaşıb küsən uşaqlar da o gün yumşalır, barışırlar. Həmin gün qohum, dost-tanış, zəng edib təbrik edir və s. Məhz buna görə, mən son zəngi orta məktəbin Novruz bayramı adlandırardım”.
1998-ci ilin məzunu olan Fərid deyir ki, son zəng yaddaşımızda maraqlı bir olayla qalıb: “Son zəngdə təmtəraqlı bir məclis keçirməyi qərara aldıq. Amma alacaqlarımıza sonda pul çatmadı. Məcbur olub vinetkaya yığılan pullardan bir hissəsini götürdük. O pullara isə mən cavabdeh idim, çünki sinif nümayəndəsi mən idim. Sonda elə oldu ki, fotoqraf pulu səhv hesabladı və mən də “bankrot”dan azad oldum”.
Fəridin sözlərinə görə, indiki son zənglər onun dövründəkindən heç də fərqlənmir: “Mən hazırda neçə ildir ki, liseydə müəllim işləyirəm. Liseyin son zəngi tam şablondan uzaqdır. Liseydəki son zəng ssenari, quruluş, müxtəliflik cəhətdən tam başqadır. Bəlkə də bu qeyri-adilik elə liseydəki son zəngi unutmağa qoymaz. İndiki son zənglər də o vaxtkı son zənglərdən, fikrimcə, yalnız son zəngin qeyd olunduğu müəssisəyə görə fərqlənir”.
Fərid deyir ki, son zəng sinif uşaqlarının kollektiv şəkildə bir məkana toplaşdığı sonuncu gündür: “Son zəng uşaqların sonuncu dəfə bir yerə yığışdığı gündür. O gündən sonra hamının bir yerə yığışması mümkün deyil. Düzdür, şadlıqlarda görüşmək mümkündür, amma kollektiv şəkildə deyil. Məhz buna görə son zəng mənə uşaqlarla kollektiv şəkildə sonuncu dəfə salamlaşmağı və vidalaşmağı öyrətdi”.
Səid QƏRİB
banner

Oxşar Xəbərlər