• cümə axşamı, 25 aprel, 17:24
  • Baku Bakı 23°C

Gənclər siyasəti gənclərin iştirakı ilə formalaşdırılır

05.02.15 12:23 1421
Gənclər siyasəti gənclərin iştirakı ilə formalaşdırılır
Bu gün Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na həsr olunmuş iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev Azərbaycanda gənclərlə bağlı görülən işlərdən söz açıb, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın gənclər üçün əhəmiyyətindən danışıb.
Gənclər və idman naziri A.Rəhimov “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın rəmzi və əməli dəyərinin çox böyük olduğunu söyləyib: “Strategiya 10 il bundan sonrakı Azərbaycanın gənc vətəndaşlarını təsvir edir. İlk növbədə diqqət çəkmək istəyirəm ki, Strategiya “dövlət gənclər siyasətinin inkişaf strategiyası” deyil, “Azərbaycan gənclərinin inkişaf strategiyası”dır. Strategiyada qarşıya qoyulan 32 vəzifənin həyata keçirilməsi tək Gənclər və İdman Nazirliyinin deyil, digər nazirliklərin və gənclər təşkilatlarının üzərinə qoyulur. Strategiyanın həyata keçirilməsi ilə bağlı ildə ən azı bir dəfə dövlət başçısına məlumat verilməlidir. Strategiya təşəbbüskar və məsuliyyətli gənclərin yetişməsi istiqamətində mühüm yol göstərir”.
Azərbaycan prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, Azərbaycanda heç bir peşə bayramı Gənclər Günü kimi qeyd edilmir. F.Hacıyev “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın həyata keçirilməsi istiqamətində təkliflərlə çıxış edib.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov kəndlərdə yaşayan gənclərə ev tikintisi üçün ipoteka kreditlərinin verilməsini, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov Tələbə Gənclər Gününün qeyd edilməsini, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov məcburi köçkünlər üçün yeni tikilmiş qəsəbələrdə məcburi köçkün gənclər üçün İnkişaf mərkəzləri yaradılmasını təklif edib.
Mövzu ilə bağlı Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat Muzeyinin Gənc Alimlər Şurasının sədri Nəzmiyyə Yiğitoğlu çıxış ediblər. Tədbirdə səslənən təkliflər Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında deyib ki, bu gün yürüdülən gənclər siyasətinin ümummilli lider Heydər Əliyev tərəfindən əsasının qoyulmasından bizi 20 il ayırır: “1995-ci ildə ilk Gənclər Forumu keçirilib və gənclər siyasətinin təməli qoyulub, 1997-ci ildə 2 Fevral - Gənclər günü elan edilib. 25 oktyabr 2011-ci ildə isə prezident İlham Əliyevin iştirakı ilə 6-cı Gənclər Forumu keçirilib. Əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Gənclər siyasəti, bu sahədə qəbul edilən proqramlardan, Gənclər Fondunun yaradılmasından söz açan Ə.Həsənov ötən dövrdə Fond tərəfindən 1865 layihəyə dəstək verildiyini, 608 gənclər təşkilatının, 1197 fərdi gəncin layihəsinə maliyyə ayrıldığını qeyd edib: “Yaxın vaxtlarda gənclər mərkəzlərinin sayı 50-ni keçəcək. Bu gün iclasında iştirak etdiyimiz İctimai Şuranın toplantısı göstərir ki, dövlətimiz gənclər siyasətini bilavasitə gənclərin iştirakı ilə formalaşdırır. Azərbaycan dövləti həm gənc nəslə etibar edir, qayğıları ilə məşğul olur, həm də gənclərin təkliflərini strategiyalara çevirir. Prezident dəfələrlə bəyan edib ki, siyasətimiz vətəndaşlara xidmət, onların problemlərinin həlli üzərində qurulub. Bu siyasətin mərkəzində insan amili durursa, bunun da əsasında gənclər dayanır. Heç bir Azərbaycan vətəndaşı demir ki, valideynləri, dostları üçün yaşayır, deyir ki, övladları üçün yaşayır. Dövlətin gənclər siyasəti də bu əsasda qurulub”.
Ə.Həsənov gəncləri Strategiyanı təhlil etməyə çağırıb: “Bu gün burada yaxşı təkliflər səsləndi. Əminəm ki, bu təkliflər əsasında fəaliyyət planları hazırlanacaq və 10 il sonra yeni Strategiya qəbul edərkən bu Strategiyanın uğurla həyata keçdiyini qeyd edəcəyik”.
banner

Oxşar Xəbərlər