• cümə, 29 Mart, 15:05
  • Baku Bakı 14°C

Gənclər sevgilərini necə etiraf edir?

14.02.14 08:22 4122
Gənclər sevgilərini necə etiraf edir?
Bu gün 14 fevraldır. Bəzi insanlar üçün bu tarix heç nə ifadə etməsə də, dünyanın bir çox ölkələrində sevgililər günü kimi qeyd edilir. Bir çox gənc sevgililər gününü 30 iyun (20 Yanvar şəhidləri İlham və Fərizənin toy günü – A.Ə.) tarixində keçirsə də, hələ də bu tarixi 14 fevralda qeyd edənlər az deyil. Bəs bizim gənclər Sevgililər gününü necə qeyd edirlər və öz sevgilərini qarşı tərəfə necə etiraf edirlər?
“Sevgini bildirməyin tarixi yoxdur”

Nicat Danışkar, aktiv gənc:
Nicat Sevgililər gününün hansısa tarixdə qeyd olunması ilə razılaşmır. Onun sözlərinə görə, sevgini bir günə sığışdırmaq düzgün deyil: “Sevgi məsələsi məni uşaqlığımdan çox maraqlandırıb. Hər zaman düşünmüşəm ki, əsl sevən insan üçün hər gün sevgililər günüdür. Sevgini bir günə sığışdırmaq olmaz, üstəlik bu günü 14 fevralda qeyd etmək heç düzgün deyil. Bu tarix Qərbin insanların beyninə yeritdiyi bir gündür. 14 fevral yalnız hədiyyə satan firmalar üçün maddi gəlir mənbəyi kimi önəmlidir. Fikrimcə, hər kəs «səni sevirəm» dediyi günü yadında saxlamalı və o günü sevgililər günü kimi özəlləşdirməlidir”.
Nicat düşünür ki, sevdiyin insana hədiyyə almağın və ya ona sürpriz etməyin tarixi yoxdur: “Əgər sevdiyinə hədiyyə almaq istəyirsənsə, bunun üçün nə 14 fevralı, nə də 30 iyunu gözləməyə dəyməz. Çünki, sevgi hər gün, hər saat səninlədir. Sən nə vaxt uyğun görsən, sevdiyinə sürpriz edə, onu sevindirə bilərsən və məhz bu gün sizin sevgililər gününüz olar”. Sevgi etirafına gəlincə isə, müsahibimiz deyir ki, etiraf etməsə də, sevən insanın gözündən hər şey oxunur: “Sevdiyim qızla universitetdə oxuyarkən tanış olmuşuq. Amma hərbi xidmətimi başa vurduqdan sonra münasibətlərimiz daha da yaxınlaşdı və “səni sevirəm”, “sən mənim üçün dəyərlisən” kəliməsini ona etiraf etdim. Onsuz da etiraf etməzdən əvvəl hər şey gözlərimdən oxunurdu. Sevmək bu həyatda tanıdığım, bildiyim ən gözəl hissdir. Sonu nə olursa olsun, sevgini yaşamağa dəyər ”. Azərbaycanlı qızların sevgi etirafı etməkdə çətinlik çəkdiyini deyən həmsöhbətimiz onlara çəkinməmələrini məsləhət gördü: “Sevgini etiraf etməkdə əngəl olmamalıdır. Qızlara məsləhətim budur ki, əgər xoşlarına gələn oğlan varsa, cavabları necə olursa olsun, bunu ona etiraf etməlidirlər. Yoxsa, sevgi hissi onlara bir ömür acı çəkdirər...”.
“Geciksən etiraf etmək üçün sevgili qalmaz”

Məhəmməd Türkmən, jurnalist:

Məhəmməd düşünür ki, sevən insan üçün hər gün sevgililər günüdür: “Hər kəsin öz sevdiyi ilə keçirdiyi gün onun sevgililər günüdür. Mənin üçün ayın tarixinin fərqi yoxdur. Həqiqətən sevirsənsə, sənin üçün hər gün sevgililər günüdür. Əgər sevgililər günün keçirəcəyim günü seçmək üçün seçim qarşısında qalsam, 14 fevralı daha məqsədəuyğun hesab edərdim”. Sevgi etirafından danışan həmsöhbətim bildirdi ki, o sevdiyi qıza öz sevgisini birbaşa etiraf edib: “Etirafımı birbaşa söylədim. Sevdiyim xanıma dedim ki, “səni sevirəm”. Hisslərimi etiraf etmək üçün konkret zamanı və ya xüsusi xoş günün olmasını gözləməmişəm”.
Sevgi etirafını gizlətməyin düzgün olmadığını deyən Məhəmməd də digər müsahibimiz kimi azərbaycanlı xanımlarının sevdiyini etiraf etməsinin çox qəliz məsələ olduğunu bildirdi: “Sevgini etiraf etmək mütləq lazımdır. Bu gizlədiləsi bir hiss deyil. Etirafın da bir vaxtı var. Xanımlar da bilməlidirlər ki, gecikdirsən, etiraf etmək üçün sevgili qalmaz. Nəzərə almaq lazımdır ki, bir xanımın sevdiyini etiraf etməsi çox qəliz məsələdir. Onlar həmişə qarşı tərəfin etiraf etməsini gözləyirlər. Bunun səbəbi, düşünürəm ki, əsasən qürurdur. Çünki, onlar rədd cavabı almaqdan çox qorxurlar”.
“Sevgi etirafımı şeirlə etdim”

Günel Şamilqızı, gənc ədib

Günel deyir ki, hər cütlüyün öz sevgililər günü olmalıdır. Müsahibimiz bu günü nə 30 iyun, nə də 14 fevralda qeyd edir. Onun üçün sevgililər gün 16 aprel tarixidir: “Bütün bayramlarda sevindiyim kimi, sevgililər günündə də sevinirəm. Amma biz sevdiyim insanla birlikdə nə 30 iyunu, nə də 14 fevralı təntənə ilə qeyd etmirik. Düşünürəm ki, hər bir cütlüyün öz sevgililər günü olmalıdır. Bizim sevgililər günümüz 16 aprel tarixidir. Biz başqasının özəl günündə yox, məhz özümüzə aid olan müqəddəs gündə, öz bayramımızda daha çox sevinirik. Sevgi elə gözəl hissdir ki, bu özəlliklərdən bütün gənclərimizə arzu edirəm”. Günel sevdiyi insana sevgisini şeirlərlə etiraf edib:
“Mənim gündəliyim “2”siz olub,
Bilmişəm hər “5”in dadı başqadır.
Bircə bilmədiyim bu olub, yəqin
Hərdən “2”lər də elə “5” dadır.
Səni taleyimin “5”i sanırdım,
Artıb, qiymətini qiymətsiz etdin.
Dirildib ömrümün hər sıfırını,
Aparıb arxanca neçə yüz etdin.
Sonra arzuladıq “3” olaq bir gün,
Bəlkə də, “4” olduq, nə bilmək olar?
Hələ “5” də gələr, “6”, “7” də
Hərifli ömrümüz rəqəmlə dolar”.
Sevgini etiraf etməyin gözəl hiss olduğunu vurğulayan Günel bütün qızlara məsləhət gördü ki, əgər həqiqətən sevirlərsə, bunu gizlətməsinlər və etiraf etsinlər: “Sözün bütün mənalarında sevgini etiraf etmək gözəldir, gərəklidir. Fərqi yoxdur, o insan qohumundur, ya dostun. Bir cümləlik etirafı dilə gətirmək o qədər də çətin deyil, amma o “sehirli söz, etiraf” dünyanın ən çətin problemlərini kiçildə bilər...”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər