AZE | RUS | ENG |

Gənclər Qurban bayramı haqqında nə düşünür? - Polemika

Gənclər Qurban bayramı haqqında nə düşünür? - Polemika
Qarşıdan İslam dünyasının ən müqəddəs bayramlarından biri Qurban bayramı gəlir. Bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da bu bayram təmtəraqla qeyd olunur. Müstəqilliyimizi əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. Gənclərimiz üçün qurban bayramı nə ifadə edir və bu bayramın savabını nədə görürlər?

“Arzum öz qazancımla qurban kəsməkdir”

Heyran Məcidova, təhsil meneceri


Heyran deyir ki, uşaqlıqdan Qurban bayramı ən sevdiyi bayramlardan olub. Həmsöhbətimizin sözlərinə görə, bu bayramda kasıbları sevindirdikdə, özünü xoşbəxt və işəyarayan hiss edir: “Qurban bayramı islam dinində xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığı durur. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurban ətinin Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevinclərinə şərik olmaqdır. Bu səbəbdən Qurban bayramının mənim üçün rolu əvəzsizdir. Çünki uşaqlıqdan bu bayram sayəsində özümü çox xoşbəxt və işə yarar hiss edirəm”.

Heyran kənddə yaşadığı üçün düşünür ki, bayram mühiti kənddə daha çox hiss olunur. Onun sözlərinə görə, böyük şəhərlərə nisbətən kiçik yerlərdə insanların həyat tərzi hamıya bəllidir, yəni kimin imkansız, kimin imkanlı olduğu bilinir: “Kənddə doğulub boya-başa çatmışam. Elə bu səbəbdən də qonşuluğumuzda yaşayan ailələrin hansı həyat tərzinə malik olduqlarını az-çox bilirəm. Onların içində elə imkansızlar var ki, bəlkə də ildə bir dəfə olsun ət yemirlər. Hər il ailəmin kəsdiyi qurbanlığı böyük həvəs və zövqlə onlara paylayıram. Bu, mənim üçün əvəzsiz duyğudur. Çünki o ailələrdə mənimlə yaşıd olan uşaqlar var ki, onların üzündəki sevinc hər şeyə dəyər”.
Müsahibimiz vurğuladı ki, ən böyük arzusu öz qazancı ilə qurban kəsməkdir: “Peyğəmbərimiz buyurur ki, kəsdiyiniz qurbanlığın tükü qədər savab qazanarsınız. Mən də daxil olmaqla Allah hər kəsə bu hissi yaşamağı, insanları sevindirməyi nəsib etsin”.

“Qurban kəsmək prestij məsələsinə çevrilib”

Tural Səlimli, blogger


Tural hesab edir ki, Qurban insanlıq adına qeyd olunan ən böyük bayramdır: “Bu bayram həqiqətən hərtərəfli humanistlik abidəsidir. Varlı insanların qurban kəsib kasıbların qarnını doyurmasında pis heç nə yoxdur. Kəsilən qurbanların aclara, ehtiyacı olanlara paylanması bu bayramı mənim üçün dəyərli edir”.

Həmsöhbətimiz belə bir bayramın bəzi insanlar tərəfindən səhv anlaşılmasından şikayətlənir. Tural düşünür ki, bəzi insanlar qurban kəsməyi prestij məsələsinə çevirirlər: “Əgər ortada insan oğlu varsa, müqəddəs günlərdə də, əlbəttə, səhvlər olacaq. Bəzilərinin qurban kəsmə anlayışı, ümumiyyətlə, yanlışdır. Belə ki, onlar qurban kəsməyi prestij məsələsinə çevirirlər. “Qonşu kəsib, mən də ondan geri qalmayım” prinsipi ilə qurbanlıq heyvan almağa pul sərf olunur və bayramdan sonra maddi çətinliklər yaşayırlar. Bu, israfçılıqdır. İslam dinində qurbanlıq kəsməyə kifayət qədər pulu olanlar bunu edə bilər, daha qurban kəsib 2 ay kiməsə borc ödəmək düzgün deyil”.

Müsahibimiz qurbanlıq ətin bazarlarda satılmasını düzgün hesab etmir. Tural deyir ki, qurban bayramının keçirilməsində əsas məqsəd həmin azuqənin ehtiyacı olanlara paylanılmasıdır: “Qurbanlıq ət bazarlarda “Qurbanlıq ət”, qiymət 10 manat!” şüarı ilə satılır. Bu nə dərəcədə absurd bir şeydir! Əgər qurban kəsirsənsə, bunda məqsəd həmin azuqənin ehtiyac olanlara paylanılmasıdır. Daha mən bazardan qurban əti alıramsa, bunu bayramla , dinlə nə əlaqəsi qalır, anlamıram”.

“Heyvanlar islama uyğun şəkildə kəsilməlidir”

Nərgiz Hüseynova, gənc yazar


Nərgiz hesab edir ki, Qurban bayramı insanların Allaha olan sədaqətini, Allahın qüdrətini göstərir: “Qurban bayramının rəvayəti də bunu sübut edir. Rəvayətə görə, İbrahim peyğəmbər Allaha söz verir ki, əgər övladı olsa, ona qurban edəcək. Oğlu dünyaya gəlir və müəyyən yaşa çatdıqdan sonra İbrahim peyğəmbər oğlu İsmayıl peyğəmbəri Allaha qurban etmək qərarına gəlir. Bu zaman Allah qoç göndərir ki, onu qurban etsin. Bu Allaha olan sədaqəti və Allahın qüdrətini göstərir. Əsrlər boyu bütün müsəlmanlar bu inanca inanaraq hər il qurban kəsirlər. Mənim üçün Qurban bayramı müsəlmanları bir araya toplayan bayram kimi ifadə olunur”.

Qurban bayramının savabının böyük olduğunu söyləyən müsahibimiz bayramdan sonra yaranan vəziyyətin onu narahat etdiyini bildirdi: “Bayram günü məscidlərdə xüsusi bayram namazı qılınır, dəvə, mal-qara, davar qurban kəsilir, vəfat etmiş əziz adamların xatirəsini yad etmək əlaməti olaraq evlərdə və qəbiristanlıqlarda dua oxunur, ehsan verilir. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Bayramın və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Bayram günündə imkanlı insanların qurban kəsib kasıblara paylaması, onları sevindirməsi, hər evdə qazan qaynaması çox gözəldir.

Lakin qurban kəsimindən sonra ölkəmizdə yaranan vəziyyət məni narahat edir. Qurbanlıq heyvanların yanlış kəsimi, dini qaydalara düzgün əməl olunmaması, kəsilən heyvan cəmdəklərinin yolboyu “sərgi”si, natəmizlik hər il bayram ərəfəsində gündəmə gətirilsə də, nəticə qənaətbəxş olmur. Bunun səbəbi də ondan ibarətdir ki, o “müsəlmanlar” Qurban bayramını Allah və onun ehtiyaclı bəndələri üçün deyil, öz nüfuzunu, zənginliyini nümayiş etdirmək üçün edirlər. Üstəlik, bıçaq altındakının da can olduğunu unudurlar”.

Kütləvi heyvan kəsiminə gəldikdə isə, həmsöhbətimiz düşünür ki, qurbanda nəzərdə tutulan heyvanlar nəsli tükənməkdə olan heyvan olmadığı üçün heyvan kəsiminə normal baxır: “Lakin heyvanları da islama uyğun şəkildə kəsmək lazımdır. Vicdan sahibi olan hər kəs İslama yaraşmayan, gözəl dinimizə ləkə salan görüntülərdən və vəhşilikdən uzaq olmalıdır. İbadət adı altında heyvanları diriykən qarmaqdan asan, qaçmasın deyə qabaqcadan yaralayan, uyğun olmayan yerlərdə kəsən naşı, rəhmsiz qəssablar Allah qəzəbindən qorxmalıdırlar”

Aygün ƏZİZ

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202