• cümə, 19 Aprel, 03:30
  • Baku Bakı 18°C

Gənclər oruc tuturmu? - Polemika

07.07.14 10:14 2045
Gənclər oruc tuturmu? - Polemika
Bütün müsəlman aləminin səbirsizliklə gözlədiyi Ramazan ayı artıq təşrif buyurub. Bu ayda insanlar oruc tutur, ibadət edir və digər insanları pisliklərdən uzaq olmağa çağırırlar. On bir ayın sultanı olan bu ayda insanlar Allahın adı ilə bir-birlərinə vasitəçi olaraq yaxınlaşır, sevinclərini, kədərlərini, aclıqlarını və toxluqlarını bir-birləri ilə bölüşürlər. Bəs gənclər nə düşünür? Onlar üçün Ramazan ayı nə ifadə edir? Oruc tuturlarmı?
“Oruc tutan insanın nəfsi tərbiyələnir”
Gülnarə İsrafılqızı, gənc yazar
Gülnarə üçün orucluq ayı nur, bərəkət, sevgi, sayğı, barış, şəfqət, vicdan, namus, qeyrət, mərhəmət ayıdır. Həmsöhbətimizin sözlərinə görə, hər kim ömrünün bu ayını sevgiyə-sayğıya kökləyərsə, o insanda üstü örtülmüş vicdan baş qaldırar və insan olaraq formalaşar: “Bu ayın vacibliyini insanlara çatdırmaq üçün cənabi-Allah belə buyurur: “Oruc mənim üçündür və onun mükafatını özüm verəcəm”. Əslində Allah-təala öz bəndələrini necə yaratdığını çox gözəl bilir. Ona görə də vacib buyurduğu şeylər insanların insan olaraq formalaşmasına xidmət edir. Lakin insanın unutqanlığı çox vaxtı onu sevgidən-sayğıdan, insanlıqdan belə çıxara bilir. Bəziləri bir-iki yaxşılıq etməklə, bəziləri oruc tutmaqla, bəziləri də bir ailəyə yardım etməklə vəzifəsini bitmiş hesab edir. İnsan ömrü boyu hər dəqiqə, hər an qarşısındakı insana dəstək olmalıdır”. Gülnarə deyir ki, bəzi insanlar oruc tutmağı ac qalmaqla səhv salırlar: “Ramazan ayı əslində on bir ayın sultanı, həm də ilboyu etdiyin günahların bağışlanacağı bir aydır; bir şərtlə ki, həmin günahları bir daha təkrar etməyəsən. Bu ayda insanın mənəvi dünyası paklanır. Bir insan bədəninin paklanmasını istəyirsə, ac qalmaqla yanaşı, günün iki pay yeməyini yeyib, günorta yeməyini ac qalan insanlara verməlidir. Oruc tutduğu müddət həm qulağını əxlaq normalarına sığmayan sözlərdən qorumalı, dilinə onun kimi sözlər gətirməməlidir. Ac qalıb başqasının qeybətini edirsənsə, bu, oruc hesab olunmur”.
Müsahibimiz artıq 8 ildir ki, oruc tutur. O, oruc tutmağın vacibliyini namaza başladıqdan sonra dərk edib: “Allah insanlara xeyirli şeyləri vacib, zərərli şeyləri haram buyurub. Bu ayda oruc tutmaq irqindən, dinindən asılı olmayaraq hər bir insan üçün vacibdir. 8-ci ildir ki, oruc tuturam, ona qədər bu ayın vacib olduğunu bilmirdim. Namaz qıldıqdan sonra bu ayın vacibliyini dərk etdim və oruc tutmağa başladım”. Ölkəmizdə gənclərin əksəriyyətinin bu ayda oruc tutmamasından gileylənən müsahibimizin sözlərinə görə, bunun əsas səbəbi valideyn tərbiyəsi və gənclərin savadsızlığıdır: “Bu problem yalnız gənc nəsildə deyil, bütün təbəqələrdə rast gəlinəndir. Bunun əsas səbəblərindən biri ailə tərbiyəsidir. Din başqadır, dindar başqa. Mən gənclərimizə, o cümlədən bütün yer üzündə yaşayan insanlara islam dinini “açıq başla” öyrənməyi tövsiyə edirəm. Əgər dini öyrənsələr, orucluğun insan üçün necə böyük faydaları olduğunun şahidi olarlar. Digər səbəblərdən biri də, cəmiyyətdə mövcud olan dəyərlərimizin aşağı dərəcəyə enməsidir. Üçüncü səbəb isə gənclərin savadsız olmasıdır”.
Sonda oruc tutmağın faydalarından danışan müsahibimiz vurğuladı ki, oruc tutan insanın nəfsi tərbiyələnir və mal-dövlətini paylaşmağı öyrənir: “Oruc tutduqda insan orqanizmində qan dövranı yaxşılaşır. Qidalardan az istifadə etməklə yeni qan yaranır. Bununla yanaşı, ölmüş hüceyrələr yenidən bərpa olunur. İnsan 10-15 il cavanlaşır. Gözün görmə qabilyəti güclənir. Səhər tezdən edilən imsak az olduqda, insan gün boyu özünü daha gümrah hiss edir. Üz dərisində qırışlar azalır. Ruh paklaşır, aclardan xəbərdar olur. Ən önəmlisi isə nəfis tərbiyələnir və mal-dövlətini paylaşmağı öyrənir. O, Allahın verdiyi nemətlərin qədrini bilməyə, Allahın əzəmət və sonsuz qüdrətini dərk etməyə başlayır”.
“Gənclər ac qalmaqdan qorxurlar”
Polad Poladov, dindar
Polad Ramazan ayını çox sevir. Onun üçün bu ay pis əməllərdən çəkinmək, ona tərəf yönəlmək və ibadətlə məşğul olmağı ifadə edir: “Mən 12 yaşımdan oruc tutub, namaz qılıram. Bunun birinci səbəbi budur ki, Allah Quranda buyurub: “Sizə və sizdən öncəkilərə oruc vacib olmuşdur. Başqa bir yerdə də qeyd olunub ki, “Oruc mənə aiddir. Onun əcrini və savabını özüm verəcəm”. Bu səbəbdən mən Allaha olan ibadətimi hər zaman yerinə yetirirəm”. Poladın sözlərinə görə, insanların əksəriyyətinin oruc tutmamasının səbəbi ac qalmaqdan qorxmalarıdır: “Mənim fikrimcə, bizim gənclərin əksəriyyəti ac qalmaqdan qorxduqları üçün oruc tutmurlar. Onlar əslində bu işin məsuliyyətli və ağır olduğunu bilirlər. Amma mən deyərdim ki, oruc tutmaq insanı əksinə, daha da yüngülləşdirir və gümrah hiss etdirir. Çünki, oruc tutan insanın orqanizmində müəyyən xəstəliklər olmaz, ruhu ilə birlikdə bədəni də sağlam qalar”.
“Dini ocaqlara möhtəşəm abidələr kimi baxıram”
Sabina Mövlamova, tələbə
Səbinə yuxarıda söhbətləşdiyimiz gənclərdən fərqli olaraq, nə oruc tutur, nə də namaz qılır. Həmsöhbətimiz, ümumiyyətlə, dinlə maraqlanan insan deyil. O, deyir ki, inanclı insanlara hər zaman hörmətlə yanaşıb: “Sözün düzü, mən oruc tutan və namaz qılan, ümumiyyətlə, dinlə maraqlanan insan deyiləm. Ancaq inanclı insanlara hər zaman hörmətlə yanaşmışam. Bu hörmət təkcə müsəlman dininə mənsub olan şəxslərə deyil, katoliklərə, provaslavlara, yəhudilərə, hətta buddislərə də aiddir. Mən dini ocaqlara daha çox möhtəşəm abidələr kimi baxıram və bu məsələni əsas tutaraq onları ziyarət edirəm”.
Səbinə oruc tutmasa da, Ramazan ayının xüsusiyyətlərini təqdirəlayiq hesab edir: “Dində olan bu ayini alıqışlayıram. Bu, insanının özünə, öz nəfsinə qalib gəlməsi ilə yanaşı, onun səhhəti üçün də xeyirlidir. Bildiyimiz kimi, bu il Ramazan ayının əsas hissəsi isti iyul aylarına təsadüf edir. Bu da ondan xəbər verir ki, bu zaman oruc tutmaq digərlərinə nisbətdə daha çətin olacaq. Günlərin uzun olması insanın daim maye qəbul etməsi istəyi və s. oruc tutmağı çətin edən prosesdir. Öz inancları naminə bu çətinliklərə dözən insan isə inanıram ki, ən yüksək hörmətə layiqdir. İnsan bu orucluğun sonunda səhhətində inkişaf və xeyir görməklə mükafatlandırılır”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər