• cümə, 29 Mart, 14:55
  • Baku Bakı 14°C

Gənclər nə üçün avtoşluq edir? - Polemika

06.05.14 09:28 2434
Gənclər nə üçün avtoşluq edir? - Polemika
Son zamanlar insanları narahat edən məqamlardan biri də sürücülərin, xüsusilə də gənc sürücülərin yol-hərəkət qaydalarını pozaraq avtoxuliqanlıq etməsidir. Avtoxuliqanlarla mübarizə məqsədiylə müəyyən cəza tədbirləri görülsə də, sirr deyil ki, yollarda at oynadan “avtoşların” qarşısını almaq mümkün deyil. Demək olar ki, hər gün neçə-neçə ailələr bu cür faciələrin qurbanı olurlar. Bəs gənc sürücülər nə düşünür? Avtoşluq onlar üçün nə ifadə edir və bunun qarşısını almaq üçün nə etmək lazımdır?
“Avtoxuliqanlar qızların diqqətini çəkir”
Cəfər Cəfərov, “Anar” idman klubunun mətbuat katibi
Cəfər avtoşlar üçün xüsusi məkanların ayrılmasının tərəfdarıdır. O, deyir ki, belə yerlər olsa, avtomobil qəzalarının da sayı azalar: “Avtoşluq etmək pis bir şey deyil. Nə qədər avtomobil var, o qədər də avtoşlar olacaq. Çünki, hər insanın müəyyən hobbisi olduğu kimi, sürüclərin bir çoxunun da hobbisi avtoşluqdur. Düzdür, insanların çoxluq təşkil etdikləri yerlərdə, küçələrdə avtoşluq etmək düzgün deyil. Avtoxuliqanlığın qarşısını almaq üçün Avropa ölkələrində olduğu kimi, bizdə də gənclərin rahat maşın sürmələri üçün şəhərdən kənarda xüsusi yerlər ayrılmalıdır. Belə olduqda, avtoşlar başqa insanlara təhlükə yarada bilməzlər. Şəhərin mərkəzlərində belə hərəkətlər bəzilərinin “gözünü oxşasa” da, həm sürücünün özü, həm də digər vətəndaşlar üçün təhlükə yaradırlar”. Həmsöhbətimiz deyir ki, gənclərin çoxu özlərini qızlara göstərmək üçün avtoşluq edirlər. Onun sözlərinə görə, qızların avtoşluq edən oğlanlardan xoşları gəlir:
“Bu gün qızlar arasında sorğu keçirsək, görərik ki, belə oğlanlar onların diqqətini çəkir. Nəticədə oğlanlar bəzən məhz özlərini qızlara sübut etmək üçün sürət həddini aşırlar ”.
Həmsöhbətimiz özü də 18-20 yaşlarında avtoşluq edib. Bir müddət sonra marağı azaldığı üçün artıq avtoşluğa adi bir şey kimi baxır: “Maşını yüksək səsli musiqi sədaları altında sürətlə sürdükdə stress atırdım. Bu zaman insan hər şeyi unudur, sanki adrenalin alır. Bu baxımdan avtoşları başa düşürəm və onlar üçün xüsusi yerlər ayrılmasının tərəfdarıyam. Şəhərin mərkəzi küçələrində avtoşluq etmək həm həyat üçün təhlükəlidir, həm də insanlar tərəfindən söyülürlər”.
“Cəzanı sərtləşdirməklə problemin həlli mümkün deyil”
Nurlana Qəribova, tərcüməçi
Nurlana artıq 6 ildir ki, sükan arxasındadır. Həmsöhbətimiz maşın sürmək həvəskarı olsa da, çox nadir hallarda sürət həddini aşıb. Onun sözlərinə görə, avtoxuliqanlar normal sürücüyə belə təhlükə yaradırlar: “Mən maşın həvəskarı olsam da, avtoşluğa yaxşı baxmıram. Çünki, sürət həddini aşmaq sürücülərə zövq versə də, insan həyatı üçün təhlükəlidir. Avtoşluq edən gənc özünü düşünməsə də, valideynlərini, əzizlərini düşünməlidir. Sabah o şəxsin başına bir iş gəlsə, ilk növbədə valideynləri əziyyət çəkəcək. Valideyn övlad böyüdür, sonra ona maşın alıb verir, o da gedib belə oyunlardan çıxır. Heç kimin ixtiyarı yoxdur ki, başqaları üçün təhlükə yaradıb, onları narahat etsin”.
Avtoxuliqanlıq edən qadınlarla da rastlaşdığını deyən müsahibimizin sözlərinə görə, bu tendensiyanın qarşısını almaq üçün avtoşluq edən gənc sürücülərə xüsusi yerlər ayrılmalıdır: “Cəza tədbirləri sərtləşdirilsə də, bu, heç bir nəticə vermir. Əgər sürət həddini artırmaq, adrenalin yaşamaq sürücünün hobbisidirsə, ona hansı cəza tətbiq edilsə də, bunu tərgitməyəcək. Düşünürəm ki, bəzi gənclər enerjisi çox olduğundan bu enerjini çıxarmaq üçün avtoşluq edir. Bəziləri qudurğanlıqdan, bəziləri stress atmaq və özlərini göstərmək üçün avtoşluğa əl atırlar. Bunun qarşısını almaq üçün yalnız avtoş sürücülərin istifadə edə biləcəyi xüsusi yerlər tikilməlidir”.
“VAZ” markalı maşınların istehsalı dayandırılmalıdır”
Əli Cəfərov, bir vaxtlar avtoşluq edən gənc
Əli də bir zamanlar digər maşın sürən həmyaşıdları kimi avtoşluqdan həzz alırdı. Onun sözlərinə görə, sürət həddini aşdıqda həm qızların, həm də ətrafındakı gənc nəslin yanında diqqət mərkəzində olursan: “Uşaqlıqdan adrenalini xoşlayırdım. Musiqi sədaları altında sürət həddini aşmaq da mənə xüsusi zövq verirdi. Bununla yanaşı, avtoşluq yaşlı nəsil tərəfindən pis qarşılansa da, gənclərin xüsusi marağına səbəb olur. Dost-tanış arasında bacarıqlı insan sayılırsan və bu zaman diqqət mərkəzində olmaq mənə xüsusi zövq verirdi”.
Əli deyir ki, avtoxuliqanlıq səbəbindən 15 günlük cəza aldıqdan sonra həbsxanada düşünmək imkanı olub və əslində avtoşluğun insanın əcəli ilə oynamaq olduğunun fərqinə varıb: “15 gün həbsdə olduğum müddətdə insan həyatının hər şeydən önəmli olduğunun fərqinə vardım. Doğurdan insan cəzalandırılmasa, öz günahını başa düşə bilmir. Əgər mən sürət həddini aşarkən kiminsə həyatına son qoysaydım, cəzamı çəksəm belə, vicdan əzabından xilas ola bilməzdim. Çünki insan düşünür ki, sənin müvəqqəti həzz almaq üçün etdiyin şey bir ailənin həyatını söndürə bilər. Mən bu zaman avtoşluğun əslində nə qədər mənasız hobbi olduğunu başa düşdüm”.
Həmsöhbətimizin sözlərinə görə, o, həbsxanadan çıxarkən maşınına yaxın gedə bilmirdi: “Hətta əyləci yerindən dartıb çıxarmaq istəyirdim. Çünki insanın dəmir barmaqlıqlar arasında deyil, azadlıqda olması hər şeydən önəmlidir. Yaxşı dost da, yaxşı qız da səni yaxşı mənada dəstəkləyən, hansısa səhv hərəkətində səni başa salandır”.
Avtoşluğun xəstəlik olduğunu söyləyən müsahibimiz deyir ki, bunun qarşısını almaq üçün “VAZ” markalı avtomobillərin satışı və istehsalı dayandırılmalıdır: “Çox insanlar deyir ki, avtoşluğun qarşısının alınması üçün avtoşlara məxsus xüsusi məkanlar ayrılmalıdır. Lakin mən bu fikirlə razı deyiləm. Çünki bir çox gənc avtoşluğu diqqət mərkəzində olmaq, özünü təsdiq etmək, kimlərəsə göstərmək üçün edir. Düşünürəm ki, belə yerlər ayrılsa belə, insanların çox olduğu mərkəz yerlərdə avtoşluq edənlər yenə də öz işlərini görəcəklər. Bunun qarşısını almaq üçün avtoşluğa daha çox yararlı olan “VAZ” markalı maşınların istehsalı dayandırılmalıdır”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər