• şənbə, 20 Aprel, 06:00
  • Baku Bakı 14°C

Gənclər mətbuatı necə qiymətləndirir? - Polemika

05.08.14 09:44 2522
Gənclər mətbuatı necə qiymətləndirir? - Polemika
İnsanlar daim nə isə öyrənməyə, nədənsə xəbər tutmağa can atır. Belə informasiyaları kimisi mətbuat, kimisi də internet vasitəsilə əldə edir. Bəs müasir mətbuat gənclərin tələblərinə cavab verirmi? Onlar informasiyanı haradan alırlar? Bu suallarla gənclərə müraciət etdik.
“Mətbuat gənclərin tələblərinə cavab vermir”
Elşən Həmzəyev, tələbə
Elşən deyir ki, ölkəmizdə xəbər saytlarının sayı gündən-günə artır və bu da informasiyanın yayılmasında, ötürülməsində mühüm rol oynayır. Həmsöhbətimizin sözlərinə görə, daha çox son yeniliklərlə bağlı xəbərləri oxumağa üstünlük verir: “Mənim əsas informasiya mənbəyim internetdir. Ən son məlumatları da daha çox saytlardan, sosial şəbəkələrdən alıram. Televiziya və radio da gündəlik informasiya almağımda böyük rol oynayır. Daha çox ən son baş verən yeniliklərlə bağlı mədəniyyət xəbərlərini oxumağa üstünlük verirəm. İncəsənətdə baş verən yenilikləri qaçırmamağa çalışıram”.
KİV-in başlıca funksiyası cəmiyyəti, ilk öncə gənc nəsli tərbiyələndirməkdir. Odur ki, mətbuat orqanları bu funksiyanı oxucularını, dinləyicilərini və seyrçilərini məlumatlandırmaqla və maarifləndirməklə gerçəkləşdirir: “Lakin bu gün maarifçi adlandıra bildiyimiz çox az sayda mətbuat orqanımız var. Bu da məncə, az-çox elə qəzetlərdə qalıb. Düşünürəm ki, bu gün jurnalistikanın qayda-qanunu az da olsa qəzetlərdə qalıb. Son illərdə informasiya məkanının üstünlüklərindən sui-istifadə bir çox KİV-lərdə, xüsusilə, televiziya efirlərində milli-mənəvi dəyərlərimizə, türk və islam mənəviyyatına və əxlaqına zidd, türkcəmizi kobud şəkildə təhqir edən, zövqsüzlük və mənəviyyatsızlıq aşılayan səviyyəsiz verilişlərin kütləvi hal almasına gətirib çıxarıb. Bəzi informasiya portallarının reklam məqsədi ilə yerləşdirilən xəbər başlıqlarının sadəcə adı belə insanda ikrah doğurur. Bu gün media orqanlarımızın böyük bir qismi başlıca təyinatlarının informasiya vermək və maarifləndirmək olduğunu unudaraq, kütləvi və bayağı şəkildə əyləndirməklə, oxucunun və seyrçinin əxlaqi dəyərlər sisteminə kobud və yolverilməz müdaxilə ilə məşğul olurlar”.
Mətbuatın gənclərin tələblərinə cavab verməsi məsələsinə gəldikdə isə, Elşən arada mətbuat səhifələrinə də nəzər saldığını deyir. Onun fikrincə, mətbuatda gənclərə çox az yer verilir. Onun sözlərinə görə, gənclər haqqında məlumatlar daha çox sosial şəbəkələrdə qeyd olunur: “İnternet dövründə yaşadığımız üçün gənclər öz fəaliyyətlərini daha çox sosial şəbəkələrdə yayırlar. Mətbuatda gənclərə bağlı xəbərlərin, layihələrin həyata keçirilməsi, əlbəttə xoşdur. Lakin bu, çox az hallarda baş verir. Ümumiyyətlə, xəbər saytlarında gənclərin fəaliyyətlərinə həsr olunan rubrikaların, bölmələrin sayının çox olması sevindirici hal olardı. Amma təəssüf ki, müasir dövrdə mətbuat gənclərin tələblərinə cavab vermir. Gənclərlə bağlı müzakirələrin əvəzinə şou-biznes və kriminal xəbərlərinə üstünlük verilir. Kriminal xəbərlər saytlarda elə təqdim edilir ki, insan bu cəmiyyətdə yaşadığına utanır”.
Həmsöhbətimiz sonda vurğuladı ki, bu gün gənclərin mətbuata marağı onların fikirləri, maraq dairəsi nəzərə alınmadığı üçün azalıb: “Mətbuatda gənclərlə bağlı müzakirələrin tez-tez aparılmasının tərəfdarıyam. Bir çox mətbu orqanlarla müqayisədə “Kaspi” qəzetini gənclərə önəm verdiyi və onların fikirlərini daim diqqət mərkəzində saxladığı üçün bəyənirəm. Xüsusilə də polemika rubrikasını maraqla izləyirəm. İnanıram ki, gələcəkdə digər qəzetlərdə gənclərin varlığını dərk edəcəklər”.
“Gənclərin tələblərini ödəmək qeyri-mümkündür”
Fatma Cabbarlı, müxbir
Fatmanı isə Azərbaycan mətbuatında narahat edən əsas məsələ xəbərlərə qoyulan başlıqlardır. O deyir ki, xəbər başlıqları çox vaxt xəbərin özəyindən məlumat vermir: “Mətbuatda xəbərin oxunma sayını artırmaq üçün əlaqəsiz sərlövhələr qoyulur. Bəzən bu başlıqlar çox gülünc alınır. Sərlövhəyə baxdıqdan sonra xəbəri oxuduqda isə insan məyus olur. Xüsusilə saytlarda gedən belə başlıqların əksəriyyətinin xəbər mətni ilə əlaqəsi yoxdur. Onlar reytinq xatirinə insanları aldadır, vaxtını alırlar. Bu səbəblərdən Azərbaycan mətbuatının bugünkü vəziyyəti məni qane etmir”.
Başlıqları onu qane etməsə də, informasiyanı əsasən saytlardan aldığını deyən müsahibimizin sözlərinə görə, texnologiya əsri olduğu üçün gənclərin mətbuata marağı azalıb: “İnformasiya əsrində gənclərin tələblərini ödəmək, məncə, qeyri-mümkündür. Texnologiya inkişaf etdikcə, televiziyaya, radiyoya maraq azalır. Bu gün gənclərin əksəriyyəti televiziyalara baxmırlar. Çünki, internet onlara televiziyanın verdiyi hər şeyi verir. Sosial şəbəkələrdən, saytlardan artıq istədiyimiz informasiyanı ala bilirik”.
Fatma deyir ki, bu qədər saytın yaranması qəzetlərin ağırlığına, varlığına zərbə vura bilməz: “Qəzet deyəndə, mənim ağlıma gələn ilk fikir jurnalistikasıdır. Məhz jurnalistika əsasən qəzetçiliklə qoyulub və istər xəbər başlıqlarında, istərsə də araşdırmalarında qəzetin üstünlüyü danılmazdır. Bu səbəbdən inanmıram ki, qəzetçilik ənənəsi nə vaxtsa tənəzzül etsin”.
Müsahibimiz sonda vurğuladı ki, heç olmasa, ənənələrə sadiq qalan qəzetlər gənclərlə bağlı məsələləri diqqət mərkəzində saxlasın: “Belə olduğu təqdirdə düşünürəm ki, gənclər 20-ci əsrin əvvəllərindəki kimi qəzetlərə bağlı olacaqlar və gələcək nəsil jurnalistikanın mahiyyətini dərk edəcək”.
“Araşdırma jurnalistikasının inkişafına ehtiyac var”
Məğrur Salmanov, icraçı direktor
Məğrur deyir ki, uzun müddətdir ki, Azərbaycan televiziyalarını izləmir. Onun sözlərinə görə, televiziyalarda insanların tələblərinə cavab verən o qədər də faydalı və maraqlı veriliş yoxdur: “İnformasiyanı əsasən qəzetlərdən, saytlardan, xəbər portallarından oxuyuram. Özüm internet televiziyanın məsul işçisi olduğum üçün gündəlik informasiyaları izləmək, hadisələrdən vaxtında xəbər tutmaq mənim üçün çox vacibdir”.
Jurnalistikanın müasir vəziyyətini dəyərləndirən Məğrur düşünür ki, Azərbaycan jurnalistikasında araşdırma jurnalistikası çox zəifdir: “Azərbaycan jurnalistikasında xəbər xidmətini normal qiymətləndirirəm. Lakin araşdırma jurnalistikası çox zəifdir. Bu gün istər sosial, istərsə də siyasi mövzularda maraqlı araşdırma yazılara mətbuatda rast gəlmək olmur. Düşünürəm ki, jurnalistikanın bu sahəsinin inkişafına ehtiyac var”.
Müsahibimiz bizimlə söhbəti əsnasında vurğuladı ki, Azərbaycan mediası gənclərin maraqlarını yetərincə təmin etmir: “Azərbaycan mediasında gənclərə yönəlmiş, ictimai və ya əyləncəli, intellektual verilişlər çox azdır. Yayımlanan verilişlər də fəal gənclərin maraqlarını yetərincə təmin etmir. Bir gənc olaraq deyim ki, mütəmadi izlədiyim hər hansı veriliş və saytlarda gənclərlə bağlı rubrika yoxdur”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər