AZE | RUS | ENG |

Gənclər mərasimlərdəki israfçılıq haqqında nə düşünür? - Polemika

Gənclər mərasimlərdəki israfçılıq haqqında nə düşünür? - Polemika
Son zamanlar ölkəmizdə geniş müzakirələrə səbəb olan mövzulardan biri də toy və yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlıdır. Bəs gənclər nə düşünür? Onlar öz toylarını necə təsəvvür edirlər? “Görüm sənə hər həftə toy dəvətnaməsi gəlsin” Arzu Ömərova, müəllimə Arzu düşünür ki, mərasimlərdə israfçılığa hər kəs neqativ yanaşır. Lakin heç kim cah-cəllallı mərasimlərə qarşı çıxa bilmir: “Eqo, prinsip, qonşudan geri qalmama, reklam, özunu təsdiq, məntiqsiz qınaqdan yayınma səyləri kimi hələ də qüvvədə qalan stereotiplər üzündən millətimiz xeyli borc-xərcə düşür. Qohumdan borc alan kim, evini pul krediti qarşılığında banka yatıran kim. Bu, xüsusən də toylarımızda müşahidə olunur. Xaricdə yalnız yaxınların dəvət edildiyi mərasimə biz bir dəfə salam verdiyimiz, acıq vermək istədiyimiz və özümüzü yuxarı təbəqədən biri kimi təqdim etməyə çalışdığımız insanları yığırıq. Hətta, gəlmək istəmədiklərini bilə-bilə bunu edirik. Toya yazılan pullar mövzusuna isə ayrıca toxunmaq olar. Belə ki, bəzən qonaqlar da özünü fərqli, imkanlı göstərmək və ya nə vaxtsa onlara edilən hansısa yaxşılığın əvəzini çıxmaq üçün əyləşdikləri masanın qiymətindən 2-3 dəfə artıq pul ödəyirlər. Yəni anlaşılan həm ev yiyəsi, həm də qonaq bu durumdan narazı qalır. Lakin biz yenə də susuruq. Məhz bu kimi hallara görə el arasında “görüm sənə hər həftə toy dəvətnaməsi gəlsin” kimi zarafatla deyilən qarğışlar istifadə olunur. Bu kimi qarğışlar da onu göstərir ki, hər kəs bu israfçılığa qarşıdır, lakin tənqid etdiyimiz, bizi narahat edən məqama qarşı çıxa bilmirik”. Öz toyunu necə keçirmək istədiyi haqqında məlumat verən müsahibimiz deyir ki, açıq havada, yaxtada keçirilən və maksimim 150 nəfər qonaqdan ibarət səmimi toy mərasiminin arzusundadır: “Düşünürəm ki, belə əlamətdar gündə insan ətrafına məhz yaxın bildiklərini yığmalı və heç bir təzyiq, sıxılma olmadan səmimi şəkildə əylənməlidir. Uzun-uzadı nitqlər, yeyilməyən 10 cürə yemək və qulaqbatırıcı fasiləsiz mahnıları isə məmnuniyyətlə ixtisar edərdim. 00:00 dan sonra hətta məkanı dəyişib yalnız gənclərin zövqündə olan bir əyləncə də təşkil etmək olar. Evlənənlərin, xüsusən gəlinin adətdən dolayı ciddi, sakit görüntüsünü və sanki məcburi rəqs edirmiş halını deyil, illər sonrası xatirəmdə bolluca zövq aldığım unudulmaz anların istiliyini yenidən yaşamaq istərdim. Ümumiyyətlə, səmimiyyət və istilik başlıca şərtdir. Amma bundan da başlıcası toyun məkanı, xərci deyil, həyatını səni tamamlıyacaq biri ilə bağlamaqdır”. Həmsöhbətimiz düşünür ki, mərasimlərdəki israfçılığı tənzimləmək üçün hökumətin qanun qəbul etməsini gözləmək lazım deyil. Buna ilk olaraq hər kəs öz ailəsindən başlamalıdır: “Mərasimlərdəki israfçılığın inzibati yolla həll edilməsi çox gözəl ideyadır. Amma sadəcə ideyadır. Xalq bunu özü anlamalı və hökumət müəyyən dərəcədə yardım etməlidir. Əsas diqqət ilk olaraq yas mərasimlərinə ayrılıb. Həqiqətən də son zamanlar yas mərasimlərimizdəki “inkişaf” texnalogiya inkişafına meydan oxuyur. Ölünün fonunda təbəqə nümayişi utancverici bir durumdur və kənardan sanki nəyi isə qeyd edirmiş kimi təəssüratı yaradır. Qonşudan geri qalmaq istəməyən və ya qınaqdan çəkinən insanlar da öz növbələrində əzizlərinə “layiqli” yas tutmaq üçün xeyli xərc çəkirlər”. “Filankəslər nə deyər?” Rövşən Nəcəfov, ictimai fəal Rövşən düşünür ki, gənclər mərasimlərdə baş tutan israfçılıqda o qədər də maraqlı deyillər. Müsahibimizin sözlərinə görə, bu ənənə valideynlərimizin, qonşularımızın və qohumlarımızın istəklərinə uyğunlaşaraq həyata keçirilir: “Xalqımız xoş günlərini də, yas günlərini də daha yaxşı keçirmək və bunu tarixə çevirmək istəyirlər. Cəmiyyətdə “filankəslər nə deyər” kimi formalaşmış stereotiplər yaranıb. Düşünmürük ki, bununla heç nə dəyişmir. Gənclər bu israfçılıqda o qədər də maraqlı deyillər. Onlara toyları valideynlər edir və valideynlər də mərasim keçirərkən qonşuların və qohumların tələbləri və istəklərinə uyğun hərəkət edirlər. Mən bu ənənələrin tezliklə ləğv edilməsinin tərəfdarıyam və gələcək nəsil üçün belə bir ənənənin vərəsə qoyulmasını istəməzdim”. Rövşən deyir ki, qədim toy adətləri ona daha maraqlı gəlir: “Çox dəbdəbəli təşkil olunmuş toylarda, mən şəxsən özümü narahat hiss edirəm. Qərb ölkələrində keçirilən toy mərasimləri daha sadədir. Bizim qədim toy adətlərimiz var. Bu sahədə tarixçilərimiz maraqlı faktlar təqdim edə bilərlər. Mən isə bu adətləri müxtəlif filmlərimizdən görmüşəm. Filmlərdən gördüyüm qədim toy adətləri mənə daha maraqlı gəlir”. Problemin inzibati yolla həllinə gəldikdə isə, həmsöhbətimiz düşünür ki, bu, bir qədər çətin olacaq: “Problemi həll etmək üçün ilk növbədə maarifləndirmə işlərini gücləndirmək lazımdır. Xüsusən televiziyaların diqqətini bu istiqamətə yönləndirmək gərəklidir. İctimai qınaq olarsa və maarifləndirmə sistemli şəkildə həyata keçirilərsə, bu problemi aradan qaldırmaq mümkündür. Yoxsa, bu problemi köklü şəkildə həll etmək çətin olacaq. İnsanların ən xoşbəxt və ya ən həssas günündə hər hansı bir inzibati addımlar birmənalı qarşılanmayacaq. Hökumət artıq bununla bağlı addımlar atır, qərarlar verir. Bu addımların və qərarların təbliğatı ilə məşğul olunmalıdır. Hər kəs anlamalıdır ki, təqdim olunan yeni və sadə model hər kəs üçün yararlıdır. Biz, gənclər olaraq, cəmiyyətimizin daha sağlam mühitə hazırlanmasında birbaşa iştirakçı olamlıyıq və müxtəlif nümunələri təqdim etməliyik. Yəni birinci addımı biz atmalıyıq”. “Ölü yiyəsi ölüsü üçün üzülmək əvəzinə plov dalınca düşür” Rufanə Günəş, jurnalist Rufanə deyir ki, toy sahibləri pullarını gənclərin gələcəyinə xərcləsələr, daha yaxşı olar. Mərasimlərin inzibati yolla tənzimlənməsinə gəldikdə, müsahibimiz düşünür ki, insanların mənəvi dəyərlərini inzibati yolla tənzimləmək olmaz: “İsrafçılığın insanlara olan zərərlərini onlara anlatmaq lazımdır. Mərasimlərə xərclədiyimiz pulları kasıblara, körpələr evinə, internatlara versək, daha yaxşı olar. Bəzən pulumuz olmur, borc alırıq ki, süfrədə hər şey olsun. Düşünmürük ki, borca girəndə rəhmətə gedənin ruhu şad olmur. Ya toyda artıq yemək verəndə kiməsə xeyiri olurmu? Təbii ki, yox. Artıq elə vəziyyətə gəlmişik ki, insan bir yaxını öləndə onun üçün üzülmək əvəzinə, plov, bozbaş hayına düşür”. Rufanə də sadə toy mərasimlərinin keçirilməsinin tərəfdarıdır: “Öz toyuma insanların yalnız yemək məqsədilə gəlməsini istəmirəm. Türkiyədə deyildiyi kimi, “kır düyünü” etməyi arzulayıram. Təbiət qoynunda yad adamların əvəzinə, ailəmin, dostlarımın, sevdiklərmin ətrafımda olmasını istəyirəm”. Aygün ƏZİZ

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917