• cümə, 29 Mart, 19:28
  • Baku Bakı 14°C

Gənclər məktəbli sevgisinə necə baxır? - Polemika

18.05.15 05:37 4217
Gənclər məktəbli sevgisinə necə baxır? - Polemika
Məktəb illəri... Ömrün ən şirin, qayğısız, sevgi dolu günləri... Bu illər hər kəsin xatirəsində müəyyən izlər qoyur. Kimi bu illərdə dost qazanır, kimi bilik, savad, kimisi də öz sevgisi ilə yaddaşlarda qalır. Bəs gənclərimiz məktəb illərində sevgiyə necə baxırlar?
Saf sevgi
Əfsanə Salehova, jurnalist
Əfsanə məktəbli sevgisinin əleyhinə deyil. O, düşünür ki, məktəb illərində formalaşan sevgi daha saf, səmimi, möhkəm təməl üzərində qurulur: “Kiməsə sevgini etiraf etmək əslində xoş hissdir. İlk dəfə ürəyin tez-tez döyünür. “Görəsən, o nə deyəcək” sualı beynində dolaşır. Həmçinin kimdənsə sevgi etirafı eşitmək də insanda özgüvən hissinin formalaşmasında böyük rol oynayır. Mənim nənəmlə babam məktəb vaxtından bir-birlərini sevib ailə həyatı qurublar. Onların məktəb illərindəki macəralarını biz həmişə maraqla dinləyirdik”.
Həmsöhbətimiz deyir ki, məktəbli sevgisi bəzi hallarda pis nəticələr göstərsə də, bu, onun gözəlliyinə, saflığına xələl gətirmir. Əsas odur ki, münasibətlər çərçivədən çıxmasın: “Bəzi hallarda məktəb vaxtı bu hallar yaxşı nəticələnmir. Məsələn, dərs zamanı artıq hərəkətlər edirlər və dərslərə olan maraq getdikcə azalır. Yəni müəyyən çərçivələrdən kənara çıxmaq hər zaman pis nəticələnir. Hər şey o çərçivə daxilində olduğu müddətdə gözəl olur. Kinolardakı hansısa baş qəhrəmanın həyat tərzini örnək alıb onların həyatını təqlid etməyə çalışırlar. Buna görə valideynlər həmin vaxt uşaqlarla tez-tez ünsiyyətdə olmalı, onları düzgün istiqamətləndirməyi bacarmalıdırlar. Lazım gələrsə, hətta peşəkar psixoloq yardımı da alınmalıdır. Çünki həmin dönəmlərdə yeniyetmələrdəki psixoloji gərginlik öz fəsadlarını kəskin şəkildə büruzə verir. Bəzən intihar kimi faciəvi sonluqlarla da nəticələnir”.
Əfsanə məktəb vaxtı böyük sevgi yaşamasa da, xoşuna gələn oğlan olub: “Mənim məktəb vaxtı sevdiyim deyil, hansısa müsbət xüsusiyyətinə, yaxud bacarığına görə xoşuma gələnlər olub. Buna bir növ heyranlıq da deyə bilərik. Hətta həmin vaxt anama danışırdım ki, filan oğlan çox gözəl rəssamlıq, yaxud da şeir demək qabiliyyətinə malikdir. Ailə səmimi münasibəti hər zaman saxlamalıdır ki, uşaq mənim kimi gəlib sevinə-sevinə “mən filankəsə aşiq olmuşam” deyə bilsin. Yəni mənim fikrimcə, ailə qarşında deyil, yanında olmağı bacarmalıdır”.
“Məktəblilər sevginin nə olduğunu dərk etmirlər”
Qoşqar Bəylərov, tələbə
Qoşqar isə azyaşlı uşaqların əks cinsə qarşı hiss etdiklərini sevgi hesab etmir. O düşünür ki, məktəblilər sevginin nə olduğunu dərk etmirlər: “Məktəb illərində yaşananlar sevgidən çox simpatiya hissidir. Səbəb isə məktəblilərin hələ dünyanı və insanları tam anlamda yaxşı dərk etməməsidir. Lakin simpatiya da olsa, bunun bir çox mənfi cəhətləri var. Məsələn, bir məktəbli (cins fərqi yoxdur) hələ adını belə düz dərk etmədiyi hissə görə dərslərindən yayına bilər. Bu isə onun birbaşa gələcəyinə təsir göstərir. Başqa bir misal. Normalda məktəbli forması ilə məktəbə gələn uşaq artıq bu hissi yaşadıqdan sonra bir növ özünü göstərmək, daha fərqli görünmək psixologiyası ilə məktəbli formasından belə imtina edə bilər. İndiki yeniyetmələr guya məktəbə dərs öyrənməyə gedirlər. Amma əslində məktəbdə hərəsi özünə bir sevgili tapıb, dərsdən kənarda qalıb. Məndən soruşsalar ki, erkən yaşda sevgi olarmı, deyərəm olmaz!!! Məktəbli uşaq sevgidən nə anlaya bilər axı? Bu, böyük səhvdən başqa bir şey deyil. İstər qız olsun, ya da oğlan, məktəb yaşlarında ciddi münasibət qurula bilməz. Çünki o yaşda olan qız və ya oğlanlar sağlam qərarlar qəbul edə bilməzlər. Çünki onlar uşaqdırlar. Bu dırnaqarası sevgi, çox heyf ki, yeniyetmələri səhv addım atmağa sürükləyir. İnsan məktəbli olarkən hələ də uşaq olduğunu hiss etmir. Amma gənc olarkən çox vaxt etdiyi səhvləri anlayır və peşman olur”.
Qoşqar məktəb illərində bu hissləri yaşamayıb. O deyir ki, hər zaman ağlının göstərdiyi yolu seçib: “Məncə, insan bəzi şeylərdə ürəyi deyəni yox, ağlı deyəni etməlidir. Məhz mən də ağlın yolunu seçib, dərslərimlə məşğul olmuşam”.
“Məktəb illərində yaşanan sevgi möhkəm və unudulmazdır”
Cəmilə Quliyeva, müəllimə
Cəmilə məktəbli sevgisini saf sevgi hesab edir və bu hissləri normal qarşılayır. O düşünür ki, ailənin məlumatı və dəstəyi olarsa, bu, daha yaxşı hisslərə çevrilə bilər: “Məktəb vaxtı yaranan sevgi əslində normaldır. Lakin ailənin razılığı ilə yaşanmalıdır. Hər münasibətə də sevgi demək olmaz. Amma bu o demək deyil ki, məktəb illərində bütün yaşanan sevgilər yalandır. Elə ən möhkəmi və unudulmazı da məktəb illərində yaşanan sevgidir. Ailə bu münasibətlə maraqlanmalıdır. Əgər razılıq yoxdursa, məsələyə hər iki tərəf zərər çəkmədən vaxtında həll yolu tapılmalıdır. Burada valideynlərin üzərinə çox böyük yük düşür. Gərək onlar uşaqlarla dost, rəfiqə olmağı bacarsınlar. Məktəblilərin yanlış addım atmalarının qarşısını məhz bu yolla almaq olar”.
Məktəb illərində sevgi yaşamaq həmsöhbətimizə qismət olmayıb. O deyir ki, bu dövrdə münasibətlərdən uzaq durmağa çalışıb: “Mən məktəb vaxtı hər hansısa münasibətdən mümkün qədər uzaq durmağa çalışmışam. Xarakterimdən asılı olaraq, bilirdim ki, bu mənim təhsilimə, gələcəkdə qurmaq istədiyim həyatıma mane olacaq. Çünki mən adətən fikrimi bir nöqtədə fokuslamağa çalışıram. Əlbəttə, hər şey öz vaxtında gözəldir”.
Aygün ƏZİZ
Şəbnəm MEHDİZADƏ
banner

Oxşar Xəbərlər