• cümə, 29 Mart, 00:47
  • Baku Bakı 7°C

Gənclər ölkə Prezidentinin qayğısını yüksək dəyərləndirir

13.09.13 10:27 2942
Gənclər ölkə Prezidentinin qayğısını yüksək dəyərləndirir
Ölkənin ictimai-siyasi həyatında siyasi partiyaların əhəmiyyətli rolu danılmazdır. Hakim Yeni Azərbaycan Partiyası da dövlətin gələcək inkişafının təminatı üçün konkret addımlar ataraq həm də perspektivli gənclərin sağlam mühitini formalaşdırır. Hazırda ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti bunu deməyə əsas verir ki, Azərbaycan gənclər ölkəsidir. Bu siyasət artıq ölkənin bütün bölgələrinə sirayət edib. Azərbaycan hökumətinin həyata keçirdiyi gənclər siyasəti və qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev “Kaspi”yə verdiyi müsahibədə maraqlı detallara toxunub:
- Naqif müəllim, Siz Yeni Azərbaycan Partiyası rayon-şəhər təşkilat rəhbərləri arasında, eləcə də icra strukturunda çalışan ən gənc kadrlardan biri hesab olunursunuz. Bu, mənada ilk sualımı da istərdim gəncliklə bağlı verəm. Siz Azərbaycan dövlətinin gənclər siyasətini necə xarakterizə edərdiniz?
–Ulu öndər Heydər Əliyevin müdrik siyasi kursunun Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilməsi həyatımızın bütün sahələrində sürətli yüksəliş, tərəqqi ilə xarakterizə olunur. Müstəqilliyimizin ilk illərində yaradılan ilk dövlət qurumlarından biri Gənclər və İdman Nazirliyi olub. Dövlət gənclərə özlərini təsdiq etmək üçün dəstəyini əsirgəməyərək dövlət qurumu yaradırsa, demək, onun strateji düşüncələri, gələcəyi gənclərlə bağlıdır. Ölkə başçısının 2005-ci ilin avqust ayında təsdiq etdiyi “Azərbaycan gəncliyi 2005-2009-cu illərdə” Dövlət Proqramı dövlət gənclər siyasətinin ən mühüm tərkib hissəsi, ölkəmizdə gənclərə qayğının əyani təzahürü oldu.
Ötən dövr qısa zaman olsa da, görülən işlər bu müddətdə çox böyükdür. 2007-ci ilin “Gənclər ili” elan edilməsi isə həyatımızda bir çox hadisələrlə yadda qaldı. “Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə 2007-2015-ci illər” Dövlət Proqramının təsdiq edilməsi, 2009-cu il 20 noyabrda “Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyinin təsis qurultayının keçirilməsi tələbə-gənclərin həyatında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi, 2012-ci ildə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, gənclər paytaxtı seçim turuna başlanılması, ölkə Prezidentinin sərəncamı ilə 2012-ci ilin “İdman ili”, 2013-cü ilin “İnformasiya və Kommunikasiya Texnologiyaları ili” elan edilməsi gənclərə göstərilən etimadın bariz nümunəsidir.
Bu gün gənclər fəxr edirlər ki, müstəqil, özünün intibah dövrünü yaşayan demokratik, hüquqi, dünyəvi, dərin tarixi köklərə malik olan sivilizasiyalı bir ölkənin gəncləridirlər. Dövlət gənclər siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi, gənclərin hərtərəfli qayğı ilə əhatə olunması onların nəinki respublikamızda, həmçinin beynəlxalq miqyasda fəaliyyətinə geniş imkanlar açmışdır.
–Gənclərin problemlərinin həlli istiqamətində Gəncə şəhərində hansı tədbirlər həyata keçirilir?
–Gəncə bu gün dünyanın ən müasir və gözəl şəhərləri ilə bir sıradadır. Geniş abadlıq-quruculuq işlərinin, sürətli inkişafın fövqündə gənclər öz potensiallarını ortaya qoymaq imkanlarını qazanmışlar. Cənab Prezidentimiz İlham Əliyevin həyata keçirtdiyi gənclər siyasəti Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən də uğurla icra olunur. 2011-ci ildə Gəncənin “Gənclər Paytaxtı” müsabiqəsinin qalibi olması, 2016-ci il Avropa Gənclər Paytaxtı müsabiqəsində finala çıxaraq qalib gəlmək iddiasında qalması, dünyanın beynəlxalq gənclər forumlarının Gəncədə keçirilməsi, beynəlxalq mötəbər məclislərdə gənclərimizin iştirak etməsi, XXX London Olimpiya Oyunlarında gəncəli Toğrul Əsgərovun ilk qızıl medal qazanması, bu günlərdə gənc boksçumuz Nəsrəddin Məmmədovun Avropa çempionu pilləsinə yüksəlməsi, son iki ildə C.Naxçivanski adına Ali Hərbi Məktəbə 55 nəfərin qəbul olması, gənclərin dövlət dəstəyi ilə xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almaları, şəhər rəhbərliyinin təşəbbüsü ilə idarəetmə strukturlarında ən məsul vəzifələrə irəli çəkilməsi deyilənlərin bariz nümunəsidir.
Sentyabr ayında istifadəyə veriləcək 400 hektar ərazisi olan Heydər Əliyev Parkında yerləşən möhtəşəm Heydər Əliyev Mərkəzi və Gənclər Sarayı da bizə ən qiymətli töhfələrdəndir.
–Qarşıdan prezident seçkiləri gəlir. Yeni Azərbaycan Partiyası Gəncə Şəhər təşkilatı bu seçkilərə necə hazırlaşır?
–YAP Gəncə şəhər Təşkilatı bu gün öz sıralarında 30 min nəfər üzvü birləşdirir. Onların 40 faizdən çoxu gənclər, 60 faizə qədəri isə qadınlardır. Təşkilatın Qadınlar Şurası və Gənclər Birliyinin fəal partiya üzvləri hesabına yeni tərkibi seçilmiş, onların fəaliyyəti daha da genişləndirilmişdir.
Bu il oktyabr ayının 9-da ölkəmiz üçün mühüm və taleyüklü siyasi kampaniya - Azərbaycan Respublikası Prezidentliyinə növbəti seçkilər keçiriləcəkdir. Yerli və xarici ekspertlərin Azərbaycanda prezident seçkiləri ilə bağlı apardıqları təhlillərin nəticələri qarşıdakı ümumxalq kampaniyasının əvvəlkilərlə müqayisədə daha yüksək seçici fəallığı ilə müşayiət olunacağını, ictimai-siyasi sabitlik şəraitində baş tutacağını əminliklə söyləməyə əsas verir.
Respublikamızın hər yerində olduğu kimi, Gəncədə də 9 oktyabr 2013-cü il Prezident seçkilərinin azad, demokratik və şəffaf keçirilməsi üçün ciddi hazırlıq işləri aparılmışdır.
Bu günə qədər YAP Gəncə şəhər Təşkilatı prezident seçkilərinin keçirilməsi ilə əlaqədar müəyyənləşdirdiyi proqrama uyğun olaraq bütün vəzifələri yerinə yetirib. Cənab İlham Əliyevin namizədliyi irəli sürüldükdən sonra partiya fəallarımız tərəfindən çox qısa müddətdə namizədin qeydə alınması üçün imzalar toplandı və imza vərəqləri partiyanın Seçki Qərargahına təqdim edildi. YAP Gəncə şəhər Təşkilatında məşvərətçi səs hüquqlu nümayəndələrin, müşahidəçilərin iştirakı ilə bir neçə dəfə treninqlər keçirilmişdir, hazırda bu işlər davam etdirilir. MDB Parlamentlərarası Assambleya Şurası ekspert qrupu bu günlərdə YAP Gəncə şəhər Təşkilatında olmuş, görülən işlərlə bağlı razılıqlarını bildirmişlər. Azərbaycanın iqtisadi inkişaf təcrübəsi, özünəməxsus inkişaf modeli dünyanı ciddi şəkildə maraqlandırdığı kimi, seçki sahəsində əldə olunan nailiyyətlərimiz də beynəlxalq müstəvidə yüksək dəyərləndirilir.
Bütün gəncəlilər, partiya fəalları və gənclər ölkə Prezidentinin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirir. Daha firavan, parlaq gələcəklərinin qarantı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək Yeni Azərbaycan Partiyasının qələbəsinə nail olmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirirlər. Partiyamız ənənəvi olaraq, bu mühüm siyasi kampaniyanı da qələbə ilə qeyd etmək əzmindədir.
–Sizcə Prezident İlham Əliyev başda olmaqla Azərbaycan iqtidarı son 10 ildə hansı uğurlara imza atıb və qarşıda duran hədəflər hansılardır?
–Azərbaycan ötən on il ərzində siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək milli dövlətçiliyini inkişaf etdirmiş, demokratik dəyərlərə yiyələnmiş, liberal prinsiplərə əsaslanan unikal iqtisadi modelini yaratmışdır. Bu baxımdan Azərbaycanın perspektiv inkişafının mühüm hədəf və istiqamətlərini müəyyənləşdirən və 2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin icrası xalqımızın və dövlətimizin gələcək taleyi üçün mühüm əhəmiyyətə malikdir. Prezident cənab İlham Əliyev tərəfindən təsdiqlənmiş konsepsiya bu ali məqsədlərə nail olunması üçün ciddi elmi əsaslara söykənən innovativ idarəetmə üsullarının tətbiqini tələb edir və strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsinə istiqamətləndirir. Sənəd qarşıdan gələn yeddi il ərzində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin daha da artırılmasını, regionların sosial-iqtisadi inkişafını, ölkədə insan kapitalının inkişafı ilə mükəmməl sosial müdafiə sisteminin bərqərar olunmasını, dövlət idarəetmə sistemində zəruri islahatların həyata keçirilməsini və digər aktual məsələləri əhatə edir.
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu, çevik və uzaqgörən sosial-iqtisadi siyasət son on il ərzində Azərbaycanın davamlı inkişafını təmin etməklə yanaşı, ölkəmizin etibarlı tərəfdaş, bir sıra qlobal məsələlərdə strateji müttəfiq kimi mövqelərini xeyli möhkəmləndirmişdir. O da yaxşı məlumdur ki, 2011-ci ildə dünya birliyi Azərbaycan Respublikasının namizədliyini dəstəkləyərək onu BMT-nin Təhlükəsizlik Şurasına üzv seçmişdir. Bu fakt dövlətimizin beynəlxalq miqyasda artan nüfuzunun, bir sıra qlobal məsələlərdə strateji tərəfdaş kimi güclənən mövqeyinin bariz göstəricilərindən biridir. Fərəh və qürur doğuran haldır ki, bu gün dünyanın aparıcı dövlətləri regiona məhz Azərbaycan kontekstindən yanaşır, rəsmi Bakının mövqeyi və qərarı ilə hesablaşırlar.
–Hazırda 20-yə yaxın şəxs prezidentliyə iddialıdır. Onlar arasında Prezident İlham Əliyevə ciddi rəqib ola biləcək şəxslər varmı?
–Dövlət başçısı postuna müxtəlif ictimai-siyasi təşkilatlar və ya müstəqil şəkildə irəli sürülən xeyli sayda namizəd arasında hazırkı dövlət başçısı cənab İlham Əliyevə alternativ şəxs görmürəm. Bu alternativsizlik özünü ilk növbədə, ümumxalq etimadında və dəstəyində, ölkə vətəndaşlarının ona etibarında göstərməkdədir. 2008-ci ildə keçirilmiş prezident seçkilərində təqribən 3 milyon 200 min nəfər seçici İlham Əliyevə səs vermiş, onun dövlət başçısı postuna namizədliyini fəal müdafiə etmişdir. Bu sayda seçicini onun sabit, dəyişilməz elektoratı hesab etmək olar. Mərkəzi Seçki Komissiyasının son rəsmi məlumatına əsasən, hazırda Azərbaycanda seçki hüququna malik vətəndaşların ümumi sayı 4 milyon 986 min 296 nəfərdir. Onların təqribən bir milyon 318 min nəfəri gənclər - yaşı 19-dan 30-dək olan seçicilərdir. Prezident İlham Əliyevin ölkənin iqtisadi-siyasi potensialının gücləndirilməsinə, beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə, dövlətimizin ərazi bütövlüyünün bərpasına, əhalinin rifah halının daha da yüksəldilməsinə yönəldilmiş davamlı siyasəti, o cümlədən müsbət nəticələrini verən uğurlu gənclər siyasəti qarşıdakı seçkilərdə də onun tərəfdarlarının sayının nəzərəçarpacaq dərəcədə artacağını söyləməyə əsas verir.
Xalqımız və Gəncəlilər Cənab İlham Əliyevə inanır. Bu inama əsas verən amil Azərbaycanın son on ildə qazandığı uğurlardır. Bu fakt ölkəmizdə keçirilən sorğular nəticəsində də öz təsdiqini tapır. Bir neçə gün bundan öncə keçirilən sorğuların nəticəsinə görə, yenə də seçicilərimizin mütləq əksəriyyəti birmənalı şəkildə cənab İlham Əliyevi dəstəkləyirlər.
–Prezident seçkilərinə hakim partiya ilə yanaşı, müxalif siyasi təşkilatlar, onların təmsil olunduğu birliklər də hazırlıq görürlər. Buna misal olaraq radikal müxalifətçilərin “Milli Şura” yaratmasını, kinorejissor Rüstəm İbrahimbəyovun, ardınca Cəmil Həsənlinin namizədliyini irəli sürməsini göstərmək olar. Sizin müxalifət düşərgəsində olan gənclərə sözünüz nədir?
–Azərbaycan gənclər ölkəsidir. Bu gəncliyin potensial qüvvəsini istiqamətləndirmək, onların sağlamlığını qorumaq, asudə vaxtlarını səmərəli təşkil etmək, Vətənə layiq vətəndaş kimi formalaşdırmaq üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev tarixi əhəmiyyətli sərəncamlar imzalayır, genişmiqyaslı tədbirlər həyata keçirilir. Bunları yüksək dəyərləndirmək, etimadı layiqincə doğrultmaq, doğma Vətənin, xalqın şərəfini qorumaq, ölkəmizdə gedən inkişafa, tərəqqiyə gördüyü işlərlə töhfə vermək hər bir gəncin vətəndaşlıq borcudur. Mən bütün gəncləri bu amallar uğrunda birliyə səsləyirəm.
Gənclərimiz dağıdıcı müxalifətin təxribatçı çıxışlarının qarşısını almalı, müstəqilliyimizin ən böyük nailiyyəti olan ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərən qüvvələrə qarşı mübarizə aparmalı, dövlətçiliyimizin qorunmasına və sarsılmazlığına xələl gətirənlərin qol-qanad açmasına yol verməməlidirlər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər