• çərşənbə, 17 Aprel, 01:19
  • Baku Bakı 14°C

Gənclər könüllü işləməyə necə baxır? - Polemika

15.04.14 11:16 2846
Gənclər könüllü işləməyə necə baxır? - Polemika
Hər bir insan müəyyən yaşa gəldikdən sonra pul qazanmaq, iş-güc sahibi olmaq istəyir. Xüsusilə orta məktəbi və ya universiteti bitirdikdən sonra iş tapmaq artıq məcburiyyətə çevrilir. Kimisi karyera qurmağı qarşısına məqsəd qoyur, kimisə də yalnız pul qazanmağı. Lakin çox az insan işini öyrənmək üçün könüllü olaraq pulsuz işləməyi qəbul edir. Müasir dövrümüzdə mediada, ictimai təşkilatlarda və eləcə də gündəlik həyatımızda könüllülük haqqında fikirlərə tez-tez rast gəlirik. Könüllük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Könüllü - müəyyən səbəblərdən başqalarının xeyri üçün ödənişsiz olaraq işləyən şəxslərdir. Lakin əvəzi ödənilməsə də, istər iş təcrübəsi baxımından, istərsə də gələcək karyera baxımından gənclərə böyük imkanlar yaradır. Bu fikir ölkəmiz üçün yeni olsa da, artıq 2009-cu ilədən “Könüllük fəaliyyəti haqqında” qanun qəbul edilib. Qanun fiziki və hüquqi şəxslərin ictimai volontyorluq (ödənişsiz) fəaliyyətini tənzimləmək məqsədi daşıyır. Bəs Azərbaycan gəncləri pulsuz işləməyə necə baxır?
“Armud biş, ağzıma düş”
Günel Kərimova, həkim
Günel düşünür ki, insan hədəflərinə çatmaq üçün hər əziyyətə qatlaşmağı bacarmalıdır. Onun sözlərinə görə, bu gün gənclər “armud biş, ağzıma düş” prinsipi ilə hərəkət edirlər: “Nədənsə çox vaxt daxili aləmimizdə saxladığımız, xəyalları ilə bütünləşdiyimiz hədəfləri söyləməkdən çəkinirik. Bəzənsə onların utopik çərçivədən çıxmayacağını fikirləşib birdəfəlik unutmağa qərar veririk. Halbuki böyük nəticəyə gedən yolun ilk addımı böyük hədəfdir. Hədəflərə çatmaq üçün də hər əziyyətə qatlaşmaq lazımdır. Buna pulsuz şəkildə, heç bir təmənna güdmədən çalışmaq da daxildir. Mən də təhsilimi bitirdikdən sonra uzun müddət təcrübə qazanmaq məqsədilə pulsuz şəkildə işləmişəm. Çünki, çox yaxşı təhsil ala bilərsən, amma təcrübə qazana bilməsən, işini uğurla icra edə bilmərsən. Bu təcrübəni qazanmaq üçün də əsas məqsəd bu işi bilənlərin yanında çalışmaq və onlardan nə isə öyrənməkdir. Sənə sənəti öyrədən insanlarla çalışmaq pul qazanmaqdan daha önəmlidir. Mən qazandığım təcrübələr sayəsində hədəfimə çatmışam və bu gün müəllimlərimlə çiyin-çiyinə çalışıram”. Günelin sözlərinə görə, gənclər hər zaman nəyi hədəf seçdiklərini bilməli və ona doğru getməlidirlər: “Düşünməyin ki, maaş azdır, düşünməyin ki, üç ay və ya 1 il pulsuz könüllü kimi işləyəcəksiniz, əsas nəticədir. Çünki, siz hərəkət edəcəksiniz”.
Boş-boş gəzməli, ya pulsuz işləməli?
Vüsal Əliyev, gənc fəal
Vüsal da tələbəlik illərindən etibarən könüllü kimi çalışıb. O deyir ki, insan nə qədər tez işləməyə başlasa, əməyə öyrəşsə, bir o qədər çalışqan olur: “İnsan sevdiyi sənətin ardınca getməlidir. İlk işə başlayarkən onun üçün maddiyat ikinci planda olmalıdır. Çünki, sevdiyin işi maddiyata görə yox, sevərək etdikdə, daha çox uğur qazanmaq mümkündür. Düzdür, mən təhsilimə görə işləməyə gec başlamışam. Amma hər zaman hədəfim idman jurnalisti olmaq olub. Bunun üçün də əlimdən gələni edirdim. Hələ tələbə olarkən təhsilimlə bərabər bu işin mətbəxindən də yararlanmaq istəyirdim və niyyətimə də çatdım. Könüllü şəkildə və heç bir təmənna güdmədən üçüncü kursda oxuyarkən idman jurnalistlərinin əksəriyyətinin məktəbi olan “Komanda” qəzetində işləməyə başladım. Burada çalışdığım müddətdə kollektivdə işləməyi öyrəndim. Bir sözlə əziyyət çəkdim, amma bunun nəticəsində həyatımı dəyişdim. Öz həmkarlarım arasında tanınmağa başladım. Bundan gözəl nə ola bilərdi? Bəs işləməsəydim? Bəzi tələbələrimiz, gənclərimiz kimi o kafe sənin, bu kafe mənim, hər gün çay, domino, avara həyat... Bununla heç nə etmək olmazdı. Hədəflərinə çatmaq zəhmət tələb edir və o hədəfə öz alın tərinlə çatdıqda da bu sənə daha doğma olur”. Vüsal deyir ki, gələcəkdə uğur qazanmağın başlıca yolu əziyyət çəkməkdir. Onun sözlərinə görə, müasir dövrdə əziyyət çəkmədən nə isə əldə etmək mümkün deyil: “Bəzən həmyaşıdlarımız “iş tapa bilmirəm” deyəndə onları qınayıram. Çünki bu gün gənclərimizin əksəriyyəti əziyyət çəkmədən pul qazanmaq istəyir. İş axtararkən önəm verdikləri əsas məsələ maaş olur. Onlar az maaşa belə qane olmurlar. Hətta pulsuz işləməkdənsə, boş-boş gəzməyi üstün bilirlər. Belə düşünən həmyaşıdlarımız dərk etmirlər ki, bu həyatda əziyyətsiz məqsədinə çatmaq mümkün deyil. Hədəfinə çatmaq üçün uzun müddət pulsuz işləməyi də gözə almaq lazımdır”.
“Pul qazanmayacaqsansa niyə əziyyət çəkirsən?”
Ülviyə Mustafayeva, ASAN xidmət könüllüsü
Ülviyə artıq 2 aydır ki, ASAN xidmət mərkəzində könüllü kimi fəaliyyət göstərir. O deyir ki, tələbəlik illərindən başlayaraq heç bir təmənna güdmədən könüllü şəkildə çalışmağa başlayıb: “Könüllü kimi çalışaraq pul qazana bilməsək də, burada rəhbərliklə necə münasibətlər qurmağı, vətəndaşlarla ünsiyyət qurmağın incəliklərini öyrənirik. Gələcək iş yerimizdə burada öyrəndiklərimiz bizə çox kömək olur. Çünki bu gün işçi tələb edilən yerlərin əksəriyyətində iş təcrübəsi tələb olunur. Biz də burada pulsuz çalışaraq ən azından iş təcrübəsinə malik oluruq”.
Könüllülük fəlsəfəsinin hələ ölkəmizdə qəbul olunmamasından şikayətlənən müsahibimiz deyir ki, gənclərin çoxu pulsuz işləməyə müsbət yanaşmırlar: “Pulsuz işləmək bəzilərinə gülməli gəlir. Hətta bəzilər “nə üçün pulsuz işləməliyəm?”, “kimə borcum var?” kimi sözlərlə bu fikrə tam qarşıdırlar. Amma könüllü kimi çalışmaqdan qorxmaq lazım deyil. Düzdür, təmənnasız çalışmağın insana maddi yardımı dəymir, amma mənəvi olaraq çox kömək olur. İlk növbədə iş prosesini dərindən öyrənir, cəmiyyət içində necə davrana biləcəyimizi bilirik. Bu mənada hesab edirəm ki, könüllük də bir məktəbdir və gələcəkdə uğur qazanmaq üçün bu məktəbdən hər kəs keçməlidir”. Həmsöhbətimizin sözlərinə görə, o, könüllü işləməkdən zövq alır və bununla fəxr edir: “Vətəndaşlara xidmət etdiyim zaman onların simalarında yaranan gülüş mənə çox böyük mənəvi qazanc verdi. Burada çalışaraq özümə güvən hissini daha da formalaşdırdım. Könüllü şəkildə işə başlayanda mənə çox dostum gülürdü, “pul qazanmayacaqsansa, niyə əziyyət çəkirsən?” kimi fikirlərlə mənə təzyiq göstərirdilər. Lakin mən bunların heç birinə məhəl qoymadım, qərarımı müstəqil şəkildə verdim və peşman da deyiləm”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər