• cümə axşamı, 18 aprel, 10:56
  • Baku Bakı 12°C

Gənclər ikili standarlara etiraz edir - Yenilənib

11.06.15 15:30 939
Gənclər ikili standarlara etiraz edir - Yenilənib
İyun ayının 11-də Azərbaycanın bir qrup gənclər təşkilatları Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçiriblər.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin qarşısında keçirilən aksiyada gənclər bu qurumun ölkəmizə qarşı ikili siyasətinə etiraz ediblər. Aksiyada qeyd edilib ki, Avropa İttifaqı Azərbaycana qarşı ikili siyasət yürüdür, ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir: “Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. Avropa İttifaqı, Avropa Parlamenti bundan danışmır, əvəzində 2-3 məhbusun müdafiəsi ilə məşğuldur”.
Gənclər həmçinin Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə etiraz ediblər. Onlar Avropa İttifaqını Azərbaycandakı bir milyon qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən pozulan hüquqlarını tanımağa, pozulan haqlarını müdafiə etməyə çağırıblar. Gənclər qeyd ediblər ki, Avropa İttifaqı və onun qurumları Avropa Oyunlarını siyasiləşdirirlər, bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.
Aksiyada “Rədd olsun Martin Şults, yaşasın Azərbaycan!”, “Avropa Parlamenti, dağıtmağa yox, qurmağa xidmət et!”, “Avropanın dostuyuq, bizi düşmən saymayın!”, “Azərbaycanı sərbəst buraxın!”, “Bəlkə təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq edəsiniz?”, “Rədd olsun neoimperialistlər” və digər şüarlar səsləndirilib.
Daha sonra gənclər Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında piket keçiriliblər. Polisin müdaxiləsi ilə aksiyanın qarşısı alınıb.
Piketdən sonra aksiyanın təşkilatçıları jurnalistlərə açıqlama veriblər. Demokratik Azərbaycan Naminə İctimai Birliyinin sədri Elməddin Behbud bildirib ki, Azərbaycan dövləti idmanı sülhün, həmrəyliyin, inkişafın bir mərhələsi kimi qəbul edir: “Lakin bir çox sahələrdə olduğu kimi, Azərbaycan idman sahəsində də ikili standartlarla üz-üzədir. İlk öncə bəziləri Azərbaycanın I Avropa Oyunlarına qısa müddət ərzində hazırlaşa bilməyəcəyini düşünürdülər. Amma ölkəmiz oyunlara vaxtında hazırlaşa və Avropa Oyunlarının standartlarını müəyyənləşdirə bildi. Bundan sonra həmin qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyasına başladılar. Çox təəssüf olsun ki, bu sırada ABŞ və Avropa İttifaqına daxil olan bir sıra ictimai institutlar xüsusi fəallıq göstəriblər. Biz, müasir Azərbaycan gəncliyinin təmsilçiləri kimi, Qərb dairələrinin bu fəaliyyətinə etirazımızı bildiririk. Bu çirkin “qara piar”a qarşı biz haqq səsimizi qaldırırıq. Həmçinin Azərbaycanla enerji sahəsində əməkdaşlıq edən Böyük Britaniyanın bəzi institutları da bu çirkin kampaniyada yer alır. Ölkəmizin hesabına gəlirlərini artıran həmin qurumların maliyyələşdirdiyi bir çox qeyri-hökumət təşkilatları Azərbaycan əleyhinə fəaliyyət göstərirlər. Biz I Avropa Oyunlarının siyasiləşdirilməsinə öz etirazımızı bildiririk. Həmçinin dünya Azərbaycanın uğurlarını həzm etməli və ölkəmizə qarşı ədalətli davranmalıdır”.
Gənc fəal Asif Əsgərli qeyd edib ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları öncəsi Qərb dairələri ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıb: “Qərb dövlətlərinə daxil olan bir çox ictimai institutlar, mətbuat orqanları Azərbaycana qarşı “qara piar”a start veriblər. Onlar ölkəmizi nüfuzdan salmağa çalışırlar. O cümlədən Böyük Britaniyanın dövlət strukturları da bu qarayaxma kampaniyasına dəstək verir. Bu məsələdə Böyük Britaniya mediası xüsusi fəallıq göstərir. Bu da Azərbaycan ilə Böyük Britaniya arasında olan əlaqələrə mənfi təsir göstərir. Lakin bu kampaniyalar heç bir nəticə verməyəcək. Azərbaycan xalqı, dövləti Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşıb. Qərb dairələrinin ölkəmizə qarşı olan çirkin kampaniyası heç bir nəticə verməyəcək”.
Digər gənc fəal Niyaməddin Orduxanlı bildirib ki, aksiya təkcə Azərbaycan gəncliyinin deyil, həmçinin Azərbaycan xalqının da etiraz səsidir: “Xalqımız ölkəmizə qarşı olan bütün kampaniyaları izləyir və buna kəskin etiraz edir. I Avropa Oyunları ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə oluna bilməz. Azərbaycan dövləti müstəqil siyasət yürüdür və təzyiqlərə baxmayaraq, ölkəmiz bu siyasi xətti davam etdirəcək. Qərb dövlətləri Krımı ilhaq edən Rusiyaya qarşı sanksiya tətbiq edir. Lakin 20 faiz torpaqlarımızı işğal edən Ermənistan dövlətinə qarşı Qərb dövlətləri heç bir tədbir görmür. Azərbaycan xalqı da bu ədalətsizliyə, qeyri-obyektivliyə öz etirazını bildirir”.
Sənan Əhliman

banner

Oxşar Xəbərlər