• cümə, 19 Aprel, 07:52
  • Baku Bakı 13°C

Gənclər ictimai yerlərdə sevgi münasibətlərini necə tənzimləməlidir?- Diskussiya

07.04.17 11:30 5597
Gənclər ictimai yerlərdə sevgi münasibətlərini necə tənzimləməlidir?- Diskussiya
Son günlər mətbuatın gündəmini zəbt edən metroda öpüşmə məsələsi ictimaiyyət arasında ajiotaja səbəb oldu. Kimisi ictimai nəqliyyatda belə halın olmasını qınadı, digər qisim isə bunu normal hal kimi qəbul etdi. Sosial şəbəkə istifadəçilərini iki hissəyə bölən hadisəni Bakı Slavyan Universitetinin tələbələri ilə müzakirə etdik.
Bir-birini sevən iki gənc ictimai yerlərdə bir-biri ilə münasibətlərini necə tənzimləməlidir?

Gülnarə Əliyeva düşünür ki, gənclik çılğın olmalı və öz hərəkətləri ilə yaşlı nəsildən fərqlənməlidir.
Bu yaxınlarda metroda bir hadisənin şahidi oldum. Bir oğlanla qız qatara mindi. Hər ikisi geyim baxımından fərqli görünüşə malik idi. Oğlan vaqonun ortasında dayandı və başladı əlində sükan varmış kimi maşın sürməyə. Sonra yanındakı qız da onun arxasında dayanıb "maşın” sürdü. Hər kəs onlara baxırdı və üzlərində gülüş yaranmışdı. İnsan cəmiyyətdə özünü müəyyən qədər sərbəst hiss etməlidir. Təbii ki, ictimai nəqliyyatda yüksək səslə danışmağa, insanları narahat etməyə mən də pis baxıram. Amma müəyyən qədər sərbəstlik də olmalıdır. Lakin bu sərbəstliyin öpüşməyə qədər gedib çıxmasını qınayıram.

Aygün Əlili:
Metroda gənclər bir çox fləşmoblar keçirirlər. Bu fləşmoblar əslində insana xoş gəlir. Amma qız və oğlanın ictimai nəqliyyatda öpüşməsi təbii ki, düzgün deyil. Mən bunu mentalitetlə əlaqələndirmirəm. İnsan özü daxilən düşünməlidir ki, mənim ailəm var. İctimai nəqliyyatda qarşısında yaşlı bir qadın, kişi, yaxud uşaq əyləşib və onların qarşısında bu tip hərəkətlər düzgün deyil. Gözləməməlidir ki, kənardan kimsə buna desin ki, bu, düzgün hərəkət deyil. Öpüşmək üçün kifayət qədər yerlər var. İctimai yerlər öpüş üçün deyil.

Aygün Kərimova:
- Aygünün fikirləri ilə razı deyiləm. Öpüşmək sevginin azad formasıdır. Əgər bunlar istəyirlərsə, niyə də gizli bir yerdə öpüşməlidirlər? O ki qaldı uşaqlara, böyüklərə, indiki uşaqlar çox müasirdirlər. Biz etməsək belə, onlar hər şeyi seriallarda görürlər. İkinci bir tərəfdən isə bunlar xarici bir ölkədə səyahətdə olmayacaqlar? Necə olur ki, avropalının bizim şəhərdə öpüşməyinə normal baxırıq, hətta onları alqışlayırıq. Amma bizim özümüzünkülər öpüşəndə qınayırıq. Əgər bir şey olacaqsa, bu, açıq-aşkar olsun, niyə də gizli olmalıdır? Öpüşmək istəyirsənsə, həqiqətən öpüş. Səma, yer, göy hər yer sənindir. Bu, sənin hissindir. Bunu gizlətməyə dəyməz. Lakin ictimai yerdə o halda öpüş ki, sən onu öz valideynlərinin, böyüklərinin yanında da edə bilərsən. Evdə özümü çox ağıllı, cəmiyyətdə fərqli, sərbəst göstərim, bu, düzgün deyil. Azad insan ruhən azad olmalıdır. Özünü həmişə azad hiss etməlidir. Evdə də, metroda da, öpüşəndə də azad olmalıdır.

Könül Əhmədova:

- Sərbəstliyin yüksək dərəcəsi özbaşınalıqdır. İstənilən halda, çərçivəni qırmaq düzgün deyil. Aygün qeyd edir ki, insan ruhən də azad olmalıdır. Yəni istədiyimiz yerdə istədiyimiz hərəkəti edə bilərik. Amma mən düşünürəm ki, ruhumuzun azadlığı buna icazə verməz ki, biz cəmiyyətdə bu cür hərəkətlər edək. Əgər ailəmizdə bu hərəkətlərə pis baxırıqsa, burada artıq mental dəyərlər öz sözünü deyir. Heç vaxt razı olmarıq ki, özümüz və ya bacımız başqa bir insanın qarşısında öpüşsün və ya yaxın münasibət qursun.

Aygün Kərimova:
- Müasir ailələr bunu normal qarşılayır. Belə ailədə böyüyən qızın kənarda öpüşməsi normal qarşılanmalıdır. Çünki o elə böyüyüb. Amma bizim kimi mental ailədə böyüyən üçün metroda öpüşmək, əlbəttə, düzgün deyil.


Sahib Gülməmmədov:
- Aygünün fikirləri ilə razı deyiləm. Ailə nə qədər normal olsa da, söhbət cəmiyyətdən gedirsə, burada ictimai qınaq qaçılmazdır. Burada artıq mentalitet öz sözünü deyir. Bir sözlə, azərbaycanlı damarımız tutur. Ana, bacı, qonşunun qeyrətini gözləyirik. Hər nə qədər xaricdə böyüyüb Azərbaycana gəlsən də, yenə də qonşunun fikrini düşünəcəksən. Əgər bunu dəyişmək istəyiriksə, bütün cəmiyyət dəyişməlidir.

Rüfət Həşimov:
- Mənə görə hər kəsin öz fikri var və hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma sevgi öpüşdən ibarət deyil. Belə böyük bir hissi biz öpüşmək qədər aciz və kiçicik bir şeyə sığışdırırıqsa, demək, bizim sevgi haqqında fikrimiz yoxdur. Sevgi və öpüşmək ayrı-ayrı mövzulardır. Azərbaycan sərhədləri daxilində bizim xalqın müəyyən bir düşüncəsi var. Bu hərəkət düzgün deyil. Eləcə də ictimai yerdə. Aygün xanım da vurğuladı ki, bu şəxslər Avropaya getməyəcəklərmi, onlar başqa ölkələrdə olmayacaqlarımı? Xeyr, Avropada görmək başqa bir şeydir. Öz ölkəmizdə, torpağımızda görmək tamam başqa bir şeydir. Çünki biz bu cəmiyyətdə yaşayırıq, Avropa cəmiyyətində deyil. Avropada bunu normal qarşılaya bilərlər. Çünki onlar bunu əzəldən norma qəbul ediblər. Amma cəmiyyətimiz bunu heç vaxt görməyib. Çünki belə şeylər özəldir və ictimailəşdirmək doğru deyil. Mən demirəm öpüşmək pis şeydir. Bunu yanlış anlamayın. Sadəcə, bizim cəmiyyətimizdə bunu açıq-aşkar etmək norma deyil. On il sonra da bunu norma qəbul etməyəcəyik. Bunlar, sadəcə, Avropanın bizə təsiridir. Biz Avropaya can atırıq. Amma heç vaxt özümüz ola bilmirik. Biz özümüz olmağı bacara bilsək, özümüzə "kimik” sualını verə bilsək və əslində kim olduğumuzu dərk etsək, Avropa bizdən nəsə götürər. Azərbaycanda yazılmamış qanunlar var. Biz bunu mentalitet adlandırırıq. Bu yazılmamış qanunlara mütləq əməl olunmalıdır. Çünki bu qanunlar bizi əxlaqsızlıqdan qoruyur. Nəyə görə kimsə öpüşəndə mən onu görməliyəm. Avropada heç kəsin fikri heç kəsə maraqlı deyil. Buna görə də rahatlıqla istədiklərini edirlər. Amma Azərbaycanda bu, belə deyil.

Aygün Əlili:
Aygün Əlilini nəinki öpüşmək, ictimai nəqliyyatda oğlanın qızla səmimi münasibəti belə qıcıqlandırır.
- Məni oğlanın qızla səmimi formada dayanması qıcıqlandırır. Düşünürəm ki, həmin oğlan qıza hörmət qoymur. Əgər hörmət qoysa, hamının içində o hərəkəti etməz. Əgər o oğlanın fikri ciddidirsə, qızla o cür hərəkət etməz.

Aygün Kərimova:
- Öpüşməyin sevgi ilə əlaqəsi yoxdursa, onda hər kəs toxunmadan sevsin. Xeyr, sevgilər də müxtəlifdir. Eləsi var ki, toxunmadan sevməyi üstün tutur, eləsi var öpüşməklə, təmasla sevgisini bildirir. Mən demirəm ki, gedin öpüşün. Amma heç kəs öpüşənlərə mənfi reaksiya göstərə bilməz. Bəzi hərəkətlər sizi qıcıqlandıra bilər. Söhbət tək öpüşməkdən getmir. Hər kəs azaddır. Kim istəyər öpüşər, kim istəyər öpüşməz.

Ümid Məmmədov:
- Aygün Əlili deyir ki, metroda nəinki öpüşmək, adi bir yaxınlığa və yaxud da əl-ələ tutmağa qıcıqlanır. Bu, əslində onu qıcıqlandırmamalıdır. Bu, gənclərin azad düşüncəsidir. İstəyər qucaqlayar, istəyər öpüşər. İctimai yerdə öpüşmək mənim də fikrimcə, olmaz. Hər şeyin bir həddi var. Amma məsələn, qucaqlamaq, əlindən tutmaq, bu, normal bir şeydir. Mentalitet müəyyən vaxtda kiməsə sərf edən və ya etməyən amildir. Bizim millət öpüşmək görməyib. Bu səbəbdən qarşı çıxır. Düşüncələrin, fikirlərin dəyişməsi üçün müəyyən vaxt keçməlidir.

Cahid Əliyev:
- Mənə görə sevgi və öpüşmək məhrəm duyğularıdır. Bunu ictimaiyyətə göstərmək düzgün deyil. İkinci bir şey bundan ibarətdir ki, biz ibtidai icma quruluşunda yaşamırıq. Hər şey həddində olmalıdır. Sərbəstlik də, sevgi də, münasibət də...

Arzu Nəsirli:
- Lap qədim dövrlə indiki dövr arasında əxlaqi və mənəvi dəyərlər fərqli formadadır. Zamanla inkişaf etdikcə müəyyən dəyərlər formalaşmağa başlayır. Biz indi şərq xalqı, qərb xalqı deyə ayırırıq. Bu xalqlardakı dəyərlər bir-birindən fərqlənir. Öpüş məsələsində isə böyüdüyüm cəmiyyətə uyğun olaraq, bu hərəkətləri özəl hesab edirəm və düşünürəm ki, cəmiyyətdə açıq-aydın edilə bilməz. Bunu yaşayan insana əxlaqsız kimi baxa bilmirəm. O zaman əxlaqsız kimi baxaram ki, o, etdiklərini sonra dansın. O zaman əxlaqsız ola bilərəm ki, bu hissi bir dəfə yaşayıram, ikinci dəfə yaşayanda birincisini danıram.

Könül Əhmədova:
- Avropaya meylli olsaq da, avropalaşsaq da, Azərbaycanda yaşayırıq. Elə bir cəmiyyətdə yaşayırıq ki, hər şeyə müsbət yanaşa bilmərik. Biz ictimai qınağı nə qədər dansaq da, bu var. Biz soyadımıza, ailəmizə və adımıza görə yaşayırıq. Buna uyğun hərəkət etməliyik.

Aygün Kərimova:
- Azərbaycan mentalitetində öpüşməmək, bunu etmək olmaz deyə bir şey yoxdur. Bunu mentalitetlə əlaqələndirmək olmaz. Ədəbiyyatımızda var idi. Koroğlu dastanının özündə Rövşənlə Nigar necə sevişirdi? Zaur və Təhminə olsun. Yəni bizim mentalitetimizdə eşq, məhəbbət var. Sadəcə, cəmiyyətdəki pis fikirli insanları buna hazır deyillər.

Aygün Əlili:
Əgər oğlanın fikri ciddidirsə, yəni həmin qızla öpüşmək xətrinə münasibət qurmursa, evlənib, evində öpüşsün. Şərt deyil ki, mütləq sevgilinlə öpüşəsən. Əgər qız özünə hörmət qoyursa, arada məsafəni saxlamalıdır.

Natiq Mənsurov:
- Əgər kütləvi öpüşmək parkı yaradılsaydı, inanın ki, bu millətin yarısı ora qaçardı. Söhbət mentalitetdən gedirsə, biz bunu mentalitetlə ölçməyi kənara qoymalıyıq. Çünki burada mentalitetlik bir şey yoxdur. Mentalitet hər millətin özünəməxsusluğudur. Hər bir milləti digərindən fərqləndirən xüsusiyyətdir. Bunu öpüşməklə qarışdırmaq olmaz. Özünə hörmət qoyan şəxs bunu ictimai yerdə etməməlidir. Bu gün cəmiyyətdə gənclər, mentaliteti itirməklə avropalaşmağı qarışdırırlar. Mentalitet budur ki, keçmiş adət-ənənəni qoruyaraq irəli gedəsən. Belə bir söz var; keçmişini unudanın gələcəyi olmaz. Sən keçmişini unudub qabağa gedəcəksənsə, bu zaman sənin gələcəyin olmayacaq. Mentalitet insanı müəyyən çərçivəyə salır və bu, bizim xeyrimizədir. Çünki həqiqətən də ictimai qınaq, mentalitet olmasa, cəmiyyətdə çox hadisələr baş verər.
Cahid:
İndi avropalaşmaqdan danışırıq. Biz Avropanın 60-cı illərdə keçdiyi mərhələni keçmək istəyirik. Bu, həqiqətən yanlış addımdır. 2017-ci ildə yaşayırıq. İş o yerə çatıb ki, Azərbaycan kosmosa peyk göndərir, amma biz durub burda 17-ci əsrdən qalmış mentalitetdən danışırıq. Mentalitet insana şəxsi azadlıq vermir. İnsan öz-özünü tərbiyə etməyi bacarırsa, bəzi insanların buna xoşniyyətli olmadığını anlayacaq.
Aygün ƏZİZ
Günel AZADƏ







banner

Oxşar Xəbərlər