AZE | RUS | ENG |

Gənclər hardadırsa, biz də ordayıq

Gənclər hardadırsa, biz də ordayıq
Əziz gənclər, siz qurun, yaradın, biz də gəlib yazaq

Nəyəsə başlamaq, səhv etmək, təkrar cəhd etmək, alınmayanda bir daha etməkdən bezməmək, uğursuzluqlarından nəticə çıxarmaq və s. bu kimi şans və imkanların daha çox olduğu dövrdür, gənclik illəri. Bir Afrika atalar sözündə deyilir ki, cavanlıqda odun yığsan, qocalıqda üşüməzsən. Bəs bizim gənclər bu qızıl dövrlərindən necə bəhrələnirlər? Qəzetimizin artıq 4 ildir ki, həftədə bir dəfə yayımlanan "Gənclik qəzeti” əlavəsi də məhz gənclərin fəaliyyətlərinə işıq salır.

4 ildir bu yoldayıq və artıq 169-cu nömrəmiz işıq üzü görür. 20-dən artıq fərqli istiqamətdə rubrikamız var və zamanla yeniləri də əlavə olunur. "Gənclik qəzeti” təsis olunan gündən indiyə qədər yayımlanan rubrikalarımızdan biri "Uğur hekayəsi”dir. Bu rubrikada nəinki Azərbaycanda, eləcə də xarici ölkələrdə çalışan, öz karyerasında uğurlu nəticə əldə edən gənclərimizdən müsahibələr edirik. Hətta tez-tez eşidirik ki, bu qədər uğurlu gənci hardan tapırsınız?

"Azərbaycanda iş qurmaq mümkün deyil” fikrini doğru hesab etməyən, bunu öz əməlində sübut edən gənclərimizi də nəzərə almışıq. "İş adamı” və "Biznes” rubrikalarında öz işlərini qurmağı bacaran gənclər təcrübələrini bölüşürlər.

"Keçmişdəki mən” rubrikamızda həyatda təcrübə qazanan şəxslərlə keçmişə səyahət edirik, gənclərə məsləhətlərini yazırıq. "Gör-götür”də isə görüb-götürüləcək təcrübələri olan şəxslərlə söhbətləşirik.

Gənclərin fərqli mövzularda fikirlərini cəmiyyətə təqdim etmək üçün "Polemika” və "Diskussiya”mız var.

Gənclər hardadırsa, biz də ordayıq. Onlara maraqlı olan məkanlardan, təlimlərdən, tədbirlərdən reportajlar hazırlayırıq. Gənclərin daha çox olduğu ünvan həm də gənclər təşkilatlarıdır. Bunu nəzərə alaraq "Gənclər təşkilatında bir gün” rubrikası açdıq. Hər dəfə fərqli bir təşkilatda oluruq, iş rejimlərindən yazırıq, orada çalışanlarla həmsöhbət oluruq.

Gənc ailələri də unutmamışıq. Onlar sevgi tarixçələri, ailə təcrübələrini "Ailə” rubrikasında, övlad böyütməklə bağlı təcrübələrini "Mənim balam”da paylaşırlar. Baba və nənələr isə "Mənim nəvəm”də öz şirin-şəkər nəvələrindən danışırlar.

Alimlər, ixtiraçılar, xaricdə oxuyan, fəaliyyət göstərən, maraqlı hobbisi olan, sadə peşə sahibləri və s. istiqamətlərdə fərqli rubrikalarla da gənclərimizin fəaliyyətlərini oxuculara təqdim edirik. İncəsənət, idman sahəsində çalışan gənclərimizi də unutmamışıq. Ölkəmizdə yaşayan, çalışan, təhsil alan əcnəbi gənclərin də fərqli baxışlarını təqdim edirik.

Demək olar ki, bütün sferalardakı gənclərlə təmasda oluruq. Rubrikalarımızı hazırlayarkən, gənclərin təcrübələrini öyrənərkən əmin oluruq ki, çalışan, cəhd edən, təşəbbüskar və ağıllı riskləri bacaran gənclərimiz çoxdur.

Əziz gənclər, siz qurun, yaradın, biz də gəlib yazaq. Gənclərdən yazmaq, onlarla çalışmaq, rəngarəng mühitlərində olmaq "Gənclik qəzeti” olaraq bizim üçün xoşdur.
 
Aygün Asimqızı


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000