• çərşənbə axşamı, 19 mart, 14:00
  • Baku Bakı 8°C

Gənclər hansı mahnılara qulaq asırlar? - Diskussiya

30.12.16 12:00 4237
Gənclər hansı mahnılara qulaq asırlar? - Diskussiya
Yəqin ki, sərnişin avtobuslarında, bazarlarda, avtodayanacaqlarda "valehdici” musiqi sədalarını eşitmisiniz. Xüsusilə, yeniyetmələr arasında sevilən və yayılan bu mahnıları kimisi bayağı, kimisi də ara mahnıları adlandırılır. Amma həqiqət odur ki, bəyənmədiyimiz bu mahnıların baxış sayı "youtube”da digərlərindən daha çox olur.
Bəs gənclər hansı mahnılara qulaq asır? Musiqi zövqünü formalaşdırmaq üçün nə etməliyik? Bu sualın cavabını musiqi sahəsində peşəkarlaşan tələbələrlə müzakirə etmək qərarına gəldik və Azərbaycan Milli Konservatoriyasına yollandıq.

Pərvanə Əliyeva:
- Hər bir dinləyəcəyi musiqini seçməkdə sərbəstdir. Müasir gənclərin musiqi zövqü o qədər də təəccüblü olmamalıdır. Çünki dövrümüzə uyğundur. Hansı istiqamətə getsək, bu mahnıları eşidirik. Amma peşəkar baxımından məsələyə yanaşsaq, vəziyyət yaxşı deyil. Biz gənclər daha çox peşəkar, klassik musiqilərə maraq göstərməliyik. Motsartın əsərlərinə qulaq asdıqdan sonra insanın musiqi duyumu istər-istəməz inkişaf edir.

Fatma İmanova
- Peşək musiqi deyəndə, ancaq klassikanın nəzərdə tutulması fikri ilə razı deyiləm. Peşəkar musiqi müxtəlif janrlarda ola bilər. Hər şeyin keyfiyyətlisi və ən gözəli olmalıdır. Bizim qulaq asdığımız mahnıların əksəriyyəti plagiat, bir harmoniya üzərində qurulmuş keyfiyyətsiz improvizələrdir. Ona görə də bir müddətdən sonra musiqilər eyniləşir. Sözlər dəyişir və sənə elə gəlir ki, bu mahnını nə vaxtsa dinləmisən. Peşəkar musiqi deyəndə keyfiyyətli və düzgün harmoniya edilmiş musiqiləri nəzərdə tuturam. Fərqi yoxdur, bu musiqi klassikadır, ya yox.

Riyad Cəbrayılov:
- Fikrimcə, musiqi hər bir ölkədə və o cümlədən, Azərbaycanda milli-mənəvi dəyəri əks etdirən məfhumdur. İstənilən janrı biz kütləyə sevdirmək istəyiriksə, birinci onun düzgün təbliğatını aparmalıyıq. Əgər biz Rəşid Behbudovun Milli vokal texnikasını gənclərə düzgün təbliğ etmiriksə, gənclər bundan heç nə anlaya bilməyəcəklər. Səmimi etiraf etmək lazımdır ki, günümüzdə xalqın musiqi zövqü istədiyimiz kimi formalaşmayıb. Azərbaycan musiqisini təbliğ edənlər təkcə bu sahə ilə məşğul olanlardan ibarət deyil. Hər şey xalqdan başlayır. Xalq özü nə istəyirsə, onu da etməlidir. Cəmiyyətin böyük hissəsi bayağı musiqiyə qulaq asırsa, bu, bizim məğlubiyyətimizdir. Nə qədər ki, bayağı musiqilər yaddaşlarda qalacaq və ictimai nəqliyyatlarda səslənəcək, gənclər onu yaddan çıxarmayacaq.

Zabitə Aşurova:
- Elə xalq mahnıları var ki, onlar improvizə edilir və klassika kimi səslənir. Amma bayağı musiqiləri qəbul etmirəm. O fikirlə razı deyiləm ki, gənclər klassik əsərlərə qulaq asaraq, musiqi zövqünü inkişaf etdirə bilərlər. Gənclərin musiqi zövqünü inkişaf etdirmək üçün gərək hər şeydən əvvəl universitetlərdə musiqi dərnəkləri yaradılsın. Hər bir gəncin hansısa musiqi alətinə həvəsi varsa, onu öyrənsin. Ən azından gənclər bunu hobbi kimi edə bilərlər.

Sənubər Abdullazadə:
- Azərbaycanda yalnız musiqi təhsili alan tələbələr Motsartın, Bethovenin əsərlərini dinləyib, başa düşə bilirlər. Lakin musiqidən kənar olan şəxslər bu bəstəkarların əsərlərini anlamırlar. Çünki onlar bayağı musiqidən daha çox zövq alırlar. Bayağı musiqilərə qulaq asdıqda gənclər heç nə öyrənmir.
Pərvanə:
- Əslində dövrümüzə uyğun pop musiqilər daha çox inkişaf edib. Pop musiqisinin də həm aşağı, həm də yuxarı səviyyələri var. Aşağı səviyyədə olan musiqilərə qulaq asılmasına qəti razı deyiləm. Belə mahnıların sözləri də mənasız olur. Amma elə pop mahnıları var ki, onlara hər kəs zövqlə qulaq asır. Klassik musiqilərə gəldikdə isə onu musiqiçilər başa düşür. Musiqini başa düşən hər insan özünü sakitləşdirmək üçün və fiziki yorğunluğunu aradan qaldırmaq üçün klassik musiqiyə qulaq asır. Çünki musiqi ruhun qidasıdır.

Elşən Məmmədov:
- Mən də Riyadın fikri ilə razıyam. Musiqi ifadə edilə bilməyəcək qədər böyük xoşbəxtlikdir. Hər bir musiqiçini elə musiqiçi başa düşür. İndi musiqilər səviyyəsinə görə müxtəlif qruplara bölünür. İnsanların daha çox hissəsi bayağı musiqilərə çox meyllidir. Lakin bu, anlaşılandır. Çünki musiqiçi olmayan bir şəxs həmin təfəkkürdə fikirləşir. Ona görə də bunu haradasa normal qəbul etmək olar. Peşəkar musiqiçinin bayağı musiqilərə meyl etməsi isə düzgün deyil. Amma təəssüf ki, biz bu gün efirdə bunu görürük.?Riyad:
- Azərbaycanda 9 milyondan çox insan var. Gənclərin böyük əksəriyyəti - təxminən 70 faizinin musiqi düşüncəsi elitar musiqiçilərin istədiyi formada formalaşmayıb. Hər kəs opera dinləyə bilməz, hər kəs caz sevə bilməz. Şərt deyil ki, hər kəs belə mahnılara qulaq assın. Amma insanın zövqünü aliləşdirəcək musiqilərə qulaq asmaq vacibdir. İnsan musiqidən həzz almalı, bədiiləşməlidir. Musiqi insanı formalaşdırır.
Fatma:
- Qədim dövrlərdən musiqilər bir neçə növə bölünür. Sayaçı musiqilər, əmək musiqiləri və məişət musiqiləri. Bu, ondan xəbər verir ki, musiqi insan həyatında o qədər vacib amil olub ki, belə bir bölgü aparılıb. Bayağı musiqilərin daha çox dinlənilməsinin səbəbi belə musiqiləri yayanların daha çox olmasıdır. İstər sosial şəbəkələrdə, istər radioda bu, belədir. Mən hələ radioda Bethovenin "Ay sonatası”ndan başqa klassik musiqiyə qula asmamışam. O da bu sonatanın çox məşhur olmasına görədir. Əslində isə insanlar sonatanın özünü və müəllifini yox, sadəcə musiqisini, melodiyasını tanıyırlar. "Youtube” kanalında ancaq yeni çəkilmiş kliplər yerləşdirilir. Bəzən heç belə kliplərdə peşəkarlıq da olmur.
Pərvanə:
- Musiqi zövqünü inkişaf etdirmək üçün canlı konsertlər verilməlidir. Milli musiqini canlı ifada dinləmək ayrı zövq verir. İnkişaf etmək üçün bu, çox vacibdir.
?
Riyad:
- İnsanların çoxluq təşkil etdiyi ictimai yerlərdə musiqinin düzgün təbliğatı aparılmalıdır. Avropa ölkələrinə baxsaq, görərik ki, küçə musiqisi adlı bir anlayış var. Küçə musiqisi vasitəsi ilə peşəkar musiqini gənclərə sevdirə bilərik. Amma onları düzgün yönləndirmək şərtdir. Məsələn, Avstriyada saksofon ifaçısı küçədə musiqi ifa etməklə həm insanları əyləndirir, həm də öz maddi ehtiyacını qarşılayır. Bu cür aksiyalar bizdə də olmalıdır.

Pərvanə:

- Bizdə belə bir fikir var ki, tar, kaman kimi alətlər küçədə ifa oluna bilməz. Əslində saksafon da bir ölkənin milli musiqi alətidir. Bəs onda bu, bizdə niyə olmasın? Gənclərin milli musiqidən zövq alması üçün belə şeylər lazımdır. Bunun layihəsi formalaşdırılmalıdır. Küçə musiqisi deyəndə bayağı musiqi göz qabağına gəlir. Amma küçə musiqisi təkcə bayağı musiqidən ibarət deyil.
Riyad:
- Hər bir insan öz peşəsində etdiyi səhvə görə cinayət məsuliyyətinə cəlb olunur. İncəsənət sahəsində isə bu, belə deyil. Bu, bizim ən yaralı yerimizdir. Bizim tariximiz və mədəniyyətimiz var. Problemi kiçiltsək, getdikcə bayağı musiqiyə qulaq asanların sayı artacaq və musiqi zövqümüz korlanacaq. Daha ciddi fikirləşsək və problemin həlli ilə bağlı tədbir görsək bu, bizim qələbəmiz olar. Əvvəla, ictimai nəqliyyatlarda səslənən musiqini dəyişməkdən başlamalıyıq. Bu, çox vacibdir. Çünki insanların həm beyni yorulur, həm də musiqi zövqü korlanır.

Zabitə:
- Əgər bu sahədə oxumasaydım, mən də yəqin ki, bayağı musiqiyə qulaq asardım və əsl musiqinin nə olduğunu bilməzdim. Düşünürəm ki, bütün universitetlərdə belə dərnəklər olarsa və ciddi musiqiləri təbliğ edəriksə, gənclərdə musiqi zövqünü inkişaf etdirə bilərik. Gənclər daha çox xarici musiqiyə üstünlük verirlər. Hansı restorana getsək, hər yerdə ancaq Avropa musiqisi təbliğ olunur. Amma xalq mahnılarımızı təbliğ edən yoxdur.

Riyad:
- Problemin həlli üçün çox işlər görülməlidir. Əsl Azərbaycan musiqisini istər caz, istər estrada, istərsə də milli vokal - bütün janrlarda düzgün təbliğ etmək lazımdır. Səsi olan da, olmayan da, musiqi təhsili alan da, almayan da efirdədir. Məsələ burasındadır ki, həmin insanlar musiqinin necə təbliğ olunması haqda danışır. Onda bizə heç bir yer qalmır. Əslində problem çox ciddidir. Musiqinin ictimai yerlərdə - restoranda, kafedə, ictimai nəqliyyatda düzgün təbliğatı vacibdir.
Elşən:
- Musiqi istedadı Allahın insana verdiyi töhfədir. Hər kəs bu xoşbəxtliyi əldə edə bilmir. Kütlənin çoxunun bayağı musiqiyə qulaq asmasının günahı özlərindədir. Çünki onlar özləri belə mahnıları daha çox yayırlar. Mənim ixtisasım xanəndəlik olsa da, klassik musiqi təhsili də almışam. Hər bir ifaçı istənilən bir alətdə ifa etməyi bacarmalıdır. Bu, musiqiçinin peşəkarlığından irəli gəlir.

Riyad:
- Biz nəyi istəsək, onu da reallaşdıra bilərik. Xalq özü problemi bilir, amma onu həll etmək istəmir. Çünki bayağı musiqilər onların zövqünü oxşayır. Musiqi sahəsində senzuranın olması çox yaxşı olardı.
Pərvanə:
- Son 2-3 il ərzində gənclər arasında peşəkar musiqiyə qulaq asanları görürəm, amma bir güllə bahar olmaz. Ona görə də bu sayı artırmaq üçün səy göstərməliyik. Universitetlər peşəkar musiqi təhsili verən məktəblərlə əlaqələndirilməli və canlı konsertlər təşkil edilməlidir.
Aygün ƏZİZ
Şəbnəm MEHDİZADƏ
banner

Oxşar Xəbərlər