AZE | RUS | ENG |


Gənclər gələcəyə baxır

Gənclər gələcəyə baxır
"Bir məktəbin tarixi” təhsil ocağının müxtəlif siniflərində oxuyan şagirdlərin arzu və istəkləri ilə tanış olub 
 
 
 
Astronom olub kainatı kəşf edəcəm

X "b” sinif şagirdi Rauf Cəfərov gələcəkdə  astronom  olacaq. Çünki kosmos aləmi ona maraqlı gəlir: "Gecələr göyə baxıram. Televizorda ulduzları gördüm və vuruldum. Astronom olub planetlərdə hansı proseslərin baş verdiyini öyrənmək istəyirəm. Bilirəm ki, o planetlərə qalxmaq çox çətindir. Ancaq mən arzularımın ardınca gedəcəyəm. Astronomiya haqqında oxuyuram, çoxlu filmlərə baxıram. Astronom olub kainatı kəşf edəcəm. Düşünürəm ki, hələ də insanlara məlum olmayan bir planet var. O planeti də mən kəşf edəcəyəm. Bayrağımızı həmin planetdən asacağam. Bütün fənləri sevirəm”. R.Cəfərov boş vaxtlarında riyaziyyatla məşğul olur, bədii əsərlər oxuyur, şahmat oynayır: "İki ildir ki, yarışlara qatılır və qalib oluram”.
 
 
 
Həkim olmaq istəyirəm

V "b” sinif şagirdi Fatimə Abbasova da məktəbin əlaçıları sırasındadır. Azərbaycan və ingilis dilini, riyaziyyat fənnini çox sevir. Dərslərinə böyük önəm verdiyini bildirir: "Böyüyəndə həkim olmaq istəyirəm. Nənəmlə babam xəstədirlər. Həkim olub onları sağaltnaq istəyirəm. Çünki mən onları çox istəyirəm. Sağlam olsunlar ki, onlarla oynaya bilim”. Fatimə boş vaxtlarında musiqi dinləyir, kinolara baxır, filmlərdə səslənən mahnıları sevir: "Anam mənə nağıl kitabları alır. Onları bitirdiyim üçün anam mənə "Don Kixot”u alacaq. Xarici nağılları daha çox bəyənirəm. İnternetə daxil olmağa anam icazə vermir. Dərsimdən 5 alanda evdə kinoya baxmağa icazə verirlər”.
 
 
 
 
Ucqar bğlgələrdə işləyəcəyəm

VI "d” sinfində oxuyan Nəcibə Allahverdiyeva isə ingilis dili müəllimi olmaq istəyir: "Mən adi müəllim olmayacam. İndi kimi danışdırırsan, həkim olmaq istəyir. Bu, yaxşı haldır. Ancaq uğurlu gələcəyi yalnız müəllimlər yetişdirir. Bir şərtlə müəllim olacağam ki, şəhərdə işləməyim. Ən ucqar bölgələrimizdə dərs vermək arzusundayam. Çünki orada olan təhsil paytaxtdan daha aşağı səviyyədədir. Hamı kimi olmaq istəmirəm. Oradakı uşaqlarımız ingilis dilindən zəifdir. Azərbaycan ədəbiyyatını, riyaziyyat və ingilis dilini sevirəm”. Evlərində nə kompyuter, nə də planşet olduğunu deyən Nəcibə bildirir ki, boş vaxtlarında uşaq oyunları oynayır, mütaliə edir və toxuculuqla məşğul olur. "Yerli müəlliflərin əsərlərini oxumağı xoşlayıram. Xarici əsərlərdə absurd dərəcəsində şişirtmələr olur”.
 
 
 
 
Hədəflərim kiçik deyil

VI "b” sinif şagirdi Röya Həsənova da bu məktəbin seçilən şagirdlərindəndir. Məktəbin tədbirlərində iştirak edir, rəqs etməyi sevir. "Uzundərə”, "Naz eləmə” rəqslərini sevərək ifa edir. Fənlərdən isə riyaziyyat və Azərbaycan dilini həvəslə oxuyur: "Hüquqşünas olmaq istəyirəm.  Beynəlxalq hüquqşünas olacağam və xalqımın hüquqlarını beynəlxalq arenalarda müdafiə edəcəm. Elə hesab edirəm ki, bizim istedadlı diplomatlara ehtiyacımız var. Özümüzü müdafiə etməsək, heç kəs bizim hüquqlarımızı müdafiə etməyəcək. Xaricdə təhsil almaq istəyirəm ki, bütün hüquqları daha dərindən öyrənim”. Röya deyir ki, riyaziyyat çətin olsa da, ona bir oyun kimi yanaşır: "İl ötdükcə düsturlar da çətinləşir. Ədəbiyyata xüsusi bir marağım var. Xarici əsərləri daha çox sevirəm. Detektiv janrlı əsərlər diqqətimi çəkir. Əgər hüquqşünas ola bilməsəm, jurnalist olacam. Ölkəmin həqiqətlərini dünyaya çatdıracam. Hədəflərim kiçik deyil. Bilirəm ki, bunun üçün də çox çalışamlıyam”. 
 
 
 
 
Proqramlar kəşf etmək istəyirəm

VIII "c” sinif şagirdi Emil Rüstəmli isə ötən il "Təhsil  siması” adlı  riyaziyyat üzrə yarışmada 1-ci yeri qazanıb. Gələcəkdə kompyuter mütəxəssisi olmaq istəyir. Fizikaya və  riyaziyyata böyük  marağı var. Deyir ki, kompyuter mütəxəssisi olmaq ona maraqlı görünür: "Çünki bu sahədə açılmayan sirlər çoxdur. Texnologiya ilə bundan da artıq şeylər etmək mümkündür. Müəyyən  proqramlar kəşf etmək istəyirəm. Çalışıram ki, Azərbaycan markası olan bir proqram hazırlayım, dünya da bizim oyunları oynasın. Riyaziyyat çox çətindir, qarışıqdır. Maraq olanda insan hər şeyi bacarır. Bütün fənlərdən yaxşı nəticələr əldə edirəm. Buna baxmayaraq, hədəfimdən də dönən deyiləm. Bu sahədə peşəkarlar azdır. Mən bu məqsədimdə qazanc güdmürəm. Əgər sahəmin peşəkarı olsam, əlbəttə ki, qazana bilərəm. Baxın, peşəkar həkim, peşəkar usta da yaxşı qazanır. Onlara müraciət edənlərin sayı çox olur. Ona görə bu sahənin gəlir gətirib-gətirməyəcəyi haqqında düşünmürəm. İşimin necə peşəkarına çevriləcəyim haqqında düşünürəm”. 1-ci sinifdən "Kembric” ingilis dili kitabları keçdiyini deyən Emil o vaxtdan xaricdəki təhsil sistemi ilə maraqlandığını bildirir: "İngiltərədə informasiya-kommunikasiya texnologiyaları çox güclü inkişaf edib. Buna görə o ölkəyə getmək və təhsil almaq istəyərəm. Xaricdə oxumaq üçün ingilis dilini yaxşı bilirəm. Məktəbimizə hər hansı əcnəbi qonaq gələndə onu gəzdirib, qarşılaya bilərik. Evdə asudə vaxtlarımda "Android” proqramı üzrə işləyirəm. "Android” proqramlı telefonlar xarab olanda təmir edə bilirəm”.
 
 
 
 
Sosial şəbəkələrdən istifadə etmirəm

IX "a” sinif şagirdi Məhəmməd Əkbərli nümunəvi şagirdlərdəndir. O, ötən il biologiya üzrə məktəblərarası yarışda birinci yerə layiq görülüb. Gələcəkdə həkim olmaq istəyir. Biologiyanı yaxşı bilir: "Elmi işlə məşğul olan, insan orqanında hər hansı yenilik edə bilən bir həkim olmaq istəyirəm. Əslində texnologiya o qədər inkişaf edib ki, indiki zamanda çox şey etmək olar. Mən xəstəni müayinə edib, ona resept yazmaq istəmirəm. Beyin üzrə mütəxəssis olmaq fikrindəyəm. Çünki insan orqanizmində ən sinirli yer beyindir. Daxili orqanların yenilənməsi üzrə də çalışmaq istəyirəm. Sosial şəbəkələrdən istifadə etmirəm. "İnstagram”dan nə yenilik gözləyə bilərəm ki? Sosial şəbəkələri vaxt itkisi hesab edirəm. Cek Londonun əsərlərini oxuyuram və onun yazı üslubu diqqətimi çəkir”. 
 
 
 
 
"Çətin olan hər şeyi sevirəm”

X "b” sinif şagirdi Gülbəniz Qasımzadə məktəbin birinciləri sırasındadır. O, kimya fənni üzrə  məktəblərarası olimpiadada 3-cü yeri qazanıb. Məktəbdə Azərbaycan dili-ədəbiyyat üzrə iki dəfə 1-ci, bir dəfə 2-ci yeri əldə edib. 9-cu sinif attestat imtahanından ən yaxşı göstərici sərgiləyən 10 "b” sinif şagirdi məktəblərarası yarışda məntiqə görə dördüncü yerə çıxıb. Gülbəniz gələcək hədəflər üçün çox iddialıdır: "Gələcəkdə ürək-damar cərrahı olmaq istəyirəm. Bunun üçün çox çalışıram. Almaniyada təhsilimi davam etdirmək niyyətindəyəm. Hədəflərimə çatandan sonra öz klinikamı açacağam. Sosial şəbəkəni vaxt itkisi hesab etdiyimə görə, burada o qədər də aktiv deyiləm. Daha çox dərslərimə yönəlmişəm. Boş vaxtlarımda xarici ədəbiyyat oxuyuram. Fənlərin içərisində kimya, biologiya və riyaziyyatı sevirəm. Çətin olan hər şeyi sevirəm. Digər fənləri də oxuyuram, amma sevmirəm”.
 
 
 
 
Bu günün ən gənc alimləri
 
X "b” sinif şagirdi Firudin Əlizadə və XI "a” sinif şagirdi Firavan Əlizadə
Məktəbin tanınan şagirdlərindən olan bacı-qardaş Firudin və Firavan "Sabahın alimləri” Respublika müsabiqələrində iştirak edir və hər dəfə müvəffəqiyyət əldə edirlər: "Burada hər bir şagird yeni bir kəşfini irəli sürməli idi. Biz də bu sahəni seçdik. İtburnudan mürəbbə, kompot hazırlanır və oradan tullantı çıxır. Biz o tullantını atmırdıq. Ondan yağ əldə edirdik. Bu yağdan da kosmetik vasitə və qidalandırıcı maddə kimi istifadə edirdik. Lap sona qalan tullantını isə quşların yemləmlənməsinə sərf edirdik. Bu işimizə  görə 2015-ci ildə respublika üzrə qalib seçildik”.
 
Bu il yenə müsabiqədə iştirak etdiklərini deyən bacı-qardaş bu dəfə ayrı mövzuda - şirin biyan bitkisinin antoksial xüsusiyyətləri üzrə iş görüblər: "Əsas işimiz onkoloji diabet xəstəliklərinin müalicəsi üçün istifadə yolları idi. İstədiyimizə nail olduq. Nəticədə təhsil nazir Mikayıl Cabbarov işimizi bəyəndi və bizi respublika üzrə qalib elan etdi. Gələn il də bu müsabiqəyə qatılacağıq. Bu dəfə isə biologiya sahəsində özümüzü sınayacağıq. Hazırda bu istiqamətdə çalışırıq”. Firudin və Firavan "Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsinin də qalibləri olub, fənlər üzrə müxtəlif sahələrdə qalib gəlib, həmçinin şahmat üzrə məktəblərarası yarışlarda qələbə qazanıblar. Onlar hazırda Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinin 5-ci sinsində təhsil alırlar. Firudin tarda, Firavan isə kamançada ifa edir. Firavan hüquqşünas, Firudin isə həkim olmaq istəyir. Bacı-qardaş, həmçinin uşaq yaşlarından Azərbaycan Televiziyasının müxtəlif uşaq proqramlarında - "Hər birimiz bir çiçək”, "Biləyən”, "Çoxbilmişlər”, "Pəncərə” kimi verilişlərdə aparıcı kimi iştirak ediblər.
 
Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6586
GBP 1 İngilis funt sterlinqi 2.2843
TRY 1 Türk lirəsi 0.4459
KWD 1 Küveyt dinarı 5.6297
SEK 1 İsveç kronu 0.2022
EUR 1 Avro 2.0116
CHF 1 İsveçrə frankı 1.7266
USD 1 ABŞ dolları 1.7001