• çərşənbə axşamı, 16 aprel, 13:59
  • Baku Bakı 19°C

Gənclər əcnəbilərlə nikaha necə baxır? - Polemika

27.05.14 09:55 1970
Gənclər əcnəbilərlə nikaha necə baxır? - Polemika
Son illər ölkəmizdə əcnəbilərlə ailə quranların sayı artıb. Əgər 2012-ci ildə xarici vətəndaşlarla Azərbaycan vətəndaşları arasında 1932 nikah bağlanıbsa, ötən il onların sayı 43 faiz artıb. Yəni 2013-cü ildə sözügedən rəqəm 2480-ə qalxıb. Cəmiyyətdə birmənalı qarşılanmayan bu nikahlar xüsusilə yaşlı nəsli narahat edir. Onlar hesab edirlər ki, əcnəbilərlə ailə quranların sayının artması və bunun cəmiyyətdə getdikcə dəb halı alması milli dəyərlərin getdikcə korşalmasına səbəb olur. Bəs gənclər nə düşünür, onlar əcnəbilərlə nikaha necə baxırlar?
“Sevginin təriqəti olmur”
Fərid Talıbov, kimyaçı
Fərid əcnəbilərlə azərbaycanlıların evlənməsinə normal yanaşır. Düşünür ki, ümumiyyətlə, sevgi məsələsində çərçivəli hərəkət etmək absurddur. Xüsusilə söhbət özəl sevgidən gedirsə, çərçivədən danışmağın yeri yoxdur: “Bu səbəbdən hər hansı bir əcnəbi xanım qəlbimə yol tapa və hisslərimə toxuna bilsəydi, onunla böyük məmnuniyyətlə, ailə qurardım. Mənim aləmimdə sevgi müqəddəs bir məfhumdur. Sevginin insan üzərində haqqı da böyükdür. Dinindən, dilindən, irqindən asılı olmayaraq bir əcnəbi xanımı sevsəm, onunla bir ömür boyu xoşbəxt olmaq üçün əlimdən gələni edərdim. Düzdür, bu yolda müxtəlif maneələrlə rastlaşa biləcəyimi də göz önünə alıram, amma hər bir maneə səddini keçmək sevgiyə bir addım daha yaxınlaşmaq deməkdir. Mən, ümumiyyətlə, sevgi barəsində çox həssas insanam. İstənilən sevgi məsələsinə obyektiv yanaşmağın tərəfdarıyam”.
Müsahibimizin sözlərinə görə, valideynləri onun sevgi məsələsinə etiraz edə də bilər: “Təbii ki, əcnəbi bir xanımla ailə qurmağıma ailəm razı olmayacaq. Çünki bizim ölkədə bu baxımdan qınaq obyekti var. Xüsusən, ata, ana övladını nədənsə özü evləndirmək istəyir. Bəlkə də, bu, övladlarını çox istəmələrindən irəli gəlir. Həm də yaşlı nəsil bu mövzuda çox radikaldır. Bu da yəqin onların dövründə əcnəbilərlə nikaha o qədər də yaxşı baxılmamasından irəli gəlir. Amma ailə elə nəsnədir ki, bir ömür boyu o xanımla birgə yaşayacaqsan. Buna görə ömürlük birgə yaşayacağın xanımı özün seçməlisən. Yəni ata-ana övladlarının xoşbəxtliyini istəyirsə, gərək onları öz sevgiləri ilə baş-başa buraxsınlar”.
Bütün dünyanın məhz sevgi xəmirindən yoğrulduğunu söyləyən Fərid qeyd etdi ki, hələ ilk insan cütlüyü olan Adəm və Həvvanın sevgisi buna nümunədir: “Sevgi hisslərin öz ciddiyyətini isbat etdiyi dönəmdir. Belə bir zamanda insanın düşüncəsi sabit qərara köklənir. Bu üzdən bütün etirazlara, qınaqlara baxmayaraq, sevdiyim insanı itirməzdim. Mənim aləmimdə sevginin təriqəti olmur. Sevgi bölünməzdir. Amma sevdiyim əcnəbi xanımı öz bəyəndiyim dini qəbul etməyə məcbur yox, dəvət edərəm”.
“ Əgər bir əcnəbi oğlanı sevsəm...”

Vüsalə Allahverdiyeva, psixoloq
Vüsalənin də fikrincə, əcnəbi ilə ailə qurmaq heç də qorxulu deyil. Şəxsən özünə gəlincə, deyir ki, onun üçün dünyagörüşü əsasdır: “Sevdiyim insanın dünyagörüşü mənim dünyagörüşümə uyğun olsa, razılaşaram. Çünki biz nə deyiriksə, deyək, azərbaycanlıların özünəməxsus dünyagörüşü, mentaliteti var. Ailə isə kiçik bir dövlətdir. Bu dövlətdə sözün əsl mənasında bir ömür boyu yaşayacağın insanı seçmək üçün yüz ölçüb bir biçməlisən”.
Həmsöhbətimiz düşünür ki, ailəsi onun sevdiyi əcnəbi oğlanı yaxından tanımalıdır: “Ailəm sevdiyim insanla ailə qurmağıma maneə yaradarsa, ilk olaraq onları görüşdürərəm. Ailəmlə sevdiyim oğlanın ailəsinin də yaxından tanış olmasına şərait yaradaram. Çünki mənim üçün həm sevdiyim insanın ailəsinin, həm də öz ailəmin bu sevgiyə razılığı önəmlidir”.
Vüsalənin fikrincə, insan sevgidə azaddır. Amma onun üzərində valideynlərinin də haqqı var: “Əgər bir əcnəbi oğlanı sevsəm, onunla ailə qurmağa hazırlaşsam, yaxınlarım mənə maneə olarsa, seçim qarşısında qalsam belə yenə öz sevgimi seçərəm. Amma ailəmin qəlbini qırmadan onları razı salaram. Çünki valideynlərin övladlarının ailə qurmasına mütləq rizası olmalıdır”.
Şərq ölkəsində yaşadığımızı qeyd edən müsahibimiz onu da bildirdi ki, dəyərlərimizdə də şərqli olmağımız özünü göstərir: “Məncə, müsəlman qeyri-müsəlmanla ailə qura bilməz. Amma əgər sevdiyim oğlan məni həqiqətən sevsə, qeyri-müsəlman olsa belə mənim dinimi qəbul edər. Onu da deyim ki, evlilikdə tələsmək düzgün deyil. Öncə evləndiyin şəxsə olan sevgindən əmin olmalısan. Ən əsası isə ailə qurmazdan əvvəl öz-özünə böyük bir imtahan verməlisən ki, bu məsuliyyətin öhdəsindən gələ biləcəksənmi?”.
“Öz xanımlarımızı qoyub əcnəbiylə evlənmək düz deyil”
Elvin Eynullaoğlu, tələbə
Elvin də əcnəbilərlə nikaha normal baxır. Amma əks tərəfin hansı dinin daşıyıcısı olmasından çox şey asılıdır. Deyir ki, əcnəbi xanımla o zaman evlənər ki, həmin əcnəbi xanım müsəlman olsun. Onun sözlərinə görə, sevgidən də önəmli insana dini olmalıdır: “Mənim üçün əsas insanın daxili gözləlliyidir. Daxili gözəl, əqidəsi düzgün, mövqeyi dəyərli olan bir xanımla sevdiyim təqdirdə, ailə quraram. Ümumiyyətlə, mən sevmədiyim bir kəslə ailə qurmaram. Əcnəbi xanımla da evlənərəm, amma gərək onun dini görüşü mənim dini görüşümlə ziddiyyət təşkil etməsin. Çünki belə hallar cəmiyyətdə çox olub. Evləniblər, sonra dini baxışların ayrı olması səbəbindən bir müddət yaşadıqdan sonra ayrılıblar. Aralıqda qalan isə körpələr olub. Buna görə ailə qurarkən son dərəcə diqqətli olmalısan”.
Elvin onu da qeyd etdi ki, əslində əcnəbi xanımla ailə qurmaq heç vaxt fikirndən keçməyib: “Mən heç ağlıma da gətirmirəm ki, nə vaxtsa əcnəbi xanımla ailə qurum. Çünki o qədər əxlaqlı, tərbiyəli, gözəl azərbaycanlı xanımlarımız var. Məncə, öz xanımlarımızı qoyub əcnəbi ilə evlənmək düzgün deyil. Yəni bu boyda Azərbaycandan bir xanım tapıb sevə bilmədik ki, gedib əcnəbi ilə ailə quraq? Bizim cəmiyyətdə də əcnəbi ilə ailə qurmağa normal baxmırlar. Düzdür, mən pis də baxmıram, amma seçim qarşısında qalsam, öz vətənimdən olan qanı, dili, dini, irqi, milliyyəti mənimlə eyni olan xanımla ailə qurmağa üstünlük verərəm”.
Səid Qərib
banner

Oxşar Xəbərlər