• cümə axşamı, 25 aprel, 17:54
  • Baku Bakı 23°C

Gənclər dövlət idarəçiliyində irəli çəkilir

20.03.14 09:05 2515
Gənclər dövlət idarəçiliyində irəli çəkilir
Azərbaycan dövlətinin əsas prioritetlərindən biri də uğurlu gənclər siyasətidir. Gənclərə diqqət və qayğının göstərilməsi prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən birinə çevrilib. İllər keçdikcə gənclərə dövlət dəstəyi gücləndirilir, onlara hərtərəfli diqqət və qayğı göstərilir. Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu kontekstdə gənclərin dövlət idarəetməsində irəli çəkilməsi işləri də xüsusi vurğulanmalıdır. Son vaxtlar bu istiqamətdə nəzərəçarpacaq addımlar atılmaqdadır. Prezident seçkilərindən sonra Nazirlər Kabinetinin formalaşdırılması zamanı bu məqama xüsusi diqqət yetirildi. Hökumətin tərkibi təsdiqlənəndən sonra da mühüm dövlət postlarına yeni-yeni gənc kadrlar cəlb olunur.
Məsələn, martın 17-də iqtisadiyyat və sənaye nazirinin 4 yeni müavini təyin edilib. Onlardan 2-i - Sahil Babayev və Sahib Məmmədov gənc kadrlardır. Onlardan birincisi 1980-ci il təvəllüdlü, digəri 1978-ci il təvəllüdlüdür.
Bundan öncə ictimaiyyətin böyük rəğbətini qazanan ASAN Xidmət Mərkəzinin rəhbəri postuna gənc İnam Kərimov təyin olunmuşdu. Hazırda öz üzərinə qoyulan vəzifələri yüksək peşəkarlıqla yerinə yetirən bu strukturun əksər vəzifəli şəxsləri məhz gənclərdir. Məsələn, Prezident İlham Əliyevin sərəncamı ilə agentliyin sədr müavini vəzifəsinə yeni təyin olunan Ülvi Mehdiyevin cəmi 29 yaşı var.
Ülvi Mehdiyev 2012-ci ildən başlayaraq Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində fəaliyyət göstərib.
Prezidentin sərəncamı ilə Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə təyin edilən Elman Mehdiyev də bacarıqlı gənc kadrlardan hesab olunur. Qısa müddət öncə prezident əmək və əhalinin sosial müdafiəsi nazirinə müavinlər təyin edərkən də gənclərin irəli çəkilməsi faktorunu unutmamışdı. Nazirin müavinlərindən biri 35 yaşlı Mətin Kərimovdur.
Hesablama Palatasına rəhbər vəzifəsinə gətirilən Vüqar Gülməmmədov da 1971-ci il təvəllüdlüdür.
Təhsil naziri Mikayıl Cabbarovun təyinatından sonra nazirlikdə müxtəlif postlara aparılan təyinatlarda da gənclərin xüsusi çəkisi çox böyükdür.
Gənc kadrların dövlət işində irəli çəkilməsi təkcə mərkəzi dövlət strukturunda reallaşdırılmır. Bu iş paralel olaraq regionlarda da həyata keçirilir. Məsələn, keçən il 1983-cü il təvəllüdlü Naqif Həmzəyev Kəpəz rayon icra hakimiyyəti başçısının müavini təyin edilib. Bir müddət sonra bu şəxs həm də ölkənin ikinci böyük şəhərində Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının sədri seçilib. Keçən ilin sonlarından etibarən respublikanın demək olar ki, bütün rayonlarında icra hakimiyyəti başçılarının müavini postuna gənclər təyin edilməyə başlayıb. Onlardan biri Binəqədi rayon icra hakimiyyətinin başçısının müavini təyin edilən Aygün Əliyevanın cəmi 25 yaşı var.
Bu təyinatlara baxarkən diqqət yetirilən kriteriyalar da kifayət qədər vacibdir. Vəzifələrə bir qayda olaraq, yaxşı təhsil almış, fəaliyyət göstərdiyi sahədə özünü təsdiqləmiş, yaxşı reputasiyası olan gənclər irəli çəkilir. Vəzifələrə təyin edilən gənc kadrların əksəriyyətinin xaricdə təhsil alması da diqqətdən yayınmır.
Yeni təyinat alan gənclərin tərcümeyi-halına diqqət yetirəndə bütün bu kriteriyaları orada tapmaq mümkündür. Məsələn, iqtisadiyyat və sənaye nazirinin müavini təyin edilən Sahil Babayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər" sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.
1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.
2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.
2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.
Onunla eyni gündə təyinatı təsdiqlənən Sahib Məmmədov isə 1978-ci ildə anadan olub. 2000-ci ildə Kiyev Dövlət Universitetində "Beynəlxalq hüquq" fakültəsində bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 2001-ci ildə Belçika Krallığında Avropa Məsləhətçilər Təşkilatında Avropa İttifaqı TACIS layihəsində köməkçi kimi başlayıb.
2002-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə ekspert, 2003-2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində informasiya üzrə məsul şəxs, 2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləyib.
2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini təyin olunan Mətin Kərimov da bu vəzifəyə qədər Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəhbəri olub. O, 1995-1999-cu illərdə Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr, 1999-2002-ci illərdə isə Fransanın Strasburq Universitetində (o zaman Robert Şuman Universiteti) Avropaşunaslıq üzrə magistr təhsili alıb. Almaniya və İtaliyada uzunmüddətli peşəkar tədris və təlim proqramlarında iştirak edib. 2005-ci ildə Xarici İşlər Nazirliyində, 2008-2011-ci illərdə Brüsseldə NATO-nun Beynəlxalq Katibliyində və Azərbaycanın NATO yanında Nümayəndəliyində çalışıb. Daha sonra Harvard Kennedi Məktəbində təhsil alaraq, peşəkarlığını artıb.
Ümumilikdə hökumətdə gənc kadrların önə çəkilməsi, onlara yüksək etimad göstərilməsi prezident İlham Əliyevin siyasi iradəsini ifadə edir. Hökumət bir növ keçmişə hörmət, gələcəyə qiymət prinsipini rəhbər tutaraq, fəaliyyət göstərir.
Dövlətin gənclərə qayğısı təkcə onların dövlət işində irəli çəkilməsi ilə məhdudlaşmır. İldən-ilə gənclərin inkişafı, dövlətin imkanlarından bəhrələnməsi üçün yeni-yeni rıçaqlar düşünülür. Buna misal olaraq Gənclər Fondunun təsis edilməsi, Prezidentin Gənclər mükafatının təsis edilməsini qeyd etmək olar. Bütün bunlar gənclərin Azərbaycanın gələcəyi olması haqqında söylənilən fikirlərin əməli işlə təsdiq edilməsidir.
Fuad Qəhrəmanlı
banner

Oxşar Xəbərlər