• çərşənbə, 24 Aprel, 06:51
  • Baku Bakı 13°C

Gənclər Dövlət Bayrağının tarixi ilə daha yaxından tanış olublar

11.11.14 12:12 1176
Gənclər Dövlət Bayrağının tarixi ilə daha yaxından tanış olublar
Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycan Dövlət Bayrağı Günü münasibəti ilə üzvü olan gənclər təşkilatları üçün Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə məlumat turu təşkil edib. ARGTMŞ mətbut xidmətindən “Kaspi”yə bildirilib ki, tədbir gənclər və gənclər təşkilatları arasında dövlət rəmzlərinə qarşı rəğbət hisslərinin gücləndirilməsi və dövlət rəmzlərinin tarixi barədə məlumatlılığın artırılması məqsədi ilə təşkil olunub.
Tədbir zamanı iştirakçılara Dövlət Bayrağının tarixi, müasir Azərbaycan və Ermənistan ərazisində yerləşən qədim dövlət və xanlıqların bərpa olunmuş bayraqları ilə Azərbaycanın qədim dövlətçilik ənənələri haqqında məlumat verilib. Azərbaycanın qədim tarixini əks etdirən ştamplar, pul vahidlərinin nümunələri, fotoşəkil və sənədlərlə tanış olmaq imkanı əldə edən iştirakçılar tədbirin gedişatı zamanı Azərbaycan və Dövlət Bayrağının tarixi ilə bağlı suallarına da cavab tapıblar.
Tədbirdə iştirak edən ARGTMŞ-nın sədri Şahin Seyidzadə gənclərin dövlət rəmzlərinə rəğbətinin artırılması üçün onların bu rəmzlərin tarixi haqqında məlumatlılığının artırılmasının zəruri olduğunu vurğulayıb: “ARGTMŞ artıq 19 ildir fəaliyyət göstərir və Azərbaycanın ən böyük gənclər platforması kimi gənclər və gənclər təşkilatlarını Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirir. Məhz bu, təşkilatın əsas ideoloji əsası kimi, adı və loqosunda öz əksini tapır. Təşkilat daima beynəlxalq gənclər platformalarında Azərbaycanın maraqlarını təmsil edir, üzvləri ilə birgə gənclərin vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində fəaliyyət göstərir. Sözsüz ki, vətənpərvərlik çox geniş anlayışdır, onun göstəricilərindən biri də dövlət rəmzlərinə hörmət və rəğbətdir. Əlbəttə, gənclər və gənclər təşkilatlarının dövlət rəmzlərinə rəğbət hissinin gücləndirilməsi üçün onların bu rəmzlərin tarixi ilə bağlı məlumatlılığının artırılması zəruridir”.
R.İSMAYILOV

banner

Oxşar Xəbərlər